Məhkəmə qərarları › İş №2-2(105)-174/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-174/2025

12.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-174/2025 12.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e2-2(119)-29/2024 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış “Qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli müqaviləyə əsasən icarədar Xızı rayonu, Giləzi qəsəbəsində balansında olan binalar, tikililər, avandalıqlar və istehsal prosesi zamanı istifadə olunan inventarların icarəçiyə müvəqqəti istifadə üçün icarəyə verilməsini öhdəsinə götürmüşdür. Müqavilə müddəti 5 il nəzərdə tutulmuşdur. Müqavilənin 2.2-ci bəndinə görə icarə obyektinin istismarı zamanı yaranan bütün borcları (elektrik enerjisi, qaz, su, əmək haqqı, vergi, DSMF və sair) ödəmək icarəyə götürənin öhdəliyidir. Müqavilənin 3.6-cı bəndinə görə icarəyə götürən öz adından kommunal xidmətləri göstərən təşkilatlarla müqavilə bağlamalıdır.

2. **********3 nömrəli abunə kodu üzrə abunə haqqında saldoya əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilən elektrik enerjisinə görə borc 8850 manat müəyyən edilmiş və həmin borcun ödənilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə xx.xx.2023-cü il tarixli EBCM seriyalı, 384054 nömrəli elektron qaimə göndərilmişdir.

3. Ödəniş tapşırıqlarından və ƏDV sub-uçot hesabından çıxarışlara əsasən elektrik enerjisi sərfiyyatına görə İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 1127 manat ödəniş edilmişdir.

4. Abunə haqqında saldoya əsasən Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən kərpic zavodunda elektrik enerjisindən istifadəyə görə sərfiyyat xx.xx.2022-ci il tarixdə 10050 manat, xx.xx.2022-ci il tarixdə 2700 manat, xx.xx.2022-ci il tarixdə 9750 manat, xx.xx.2022-ci il tarixdə 7200 manat, xx.xx.2022-ci il tarixdə 11100 manat, xx.xx.2022-ci il tarixdə 8850 manat, xx.xx.2023-cü tarixdə 9150 manat, 28 fevral 2023-cü il tarixdə 7950 manat, 31 mart 2023-cü il tarixdə 1500 manat, 30 aprel 2023-cü il tarixdə 1650 manat, 31 may 2023-cü il tarixdə 1200 manat, 30 iyun 2023-cü il tarixdə 300 manat və 31 iyul 2023cü il tarixdə 1950 manat məbləğində olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı və ya MMC) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh və ya ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 56128 (əlli altı min yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyan, 10000 (on min) manat məbləğində mənəvi zərər, 1100 (min yüz) manat məbləğində qiymətləndirmə xərci, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində medasiya xərci və 192 (yüz doxsan iki) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 67640 (altmış yeddi min altı yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən MMC-yə məxsus kərpic zavodunun elektrik enerjisi təchizatı G110/10 kv–luq “Giləzi Dartı” yarımstansiyasından çıxan 10 kv-luq “Kərpic zavod” hava elektrik verilişi xətti vasitəsi ilə həyata keçirilir. xx.xx.2023-cü il tarixdə saat 10:35-də 10 kv-luq “Kərpic zavod” hava xətti guya, istehlak olunmuş elektrik enerjisi borcuna görə yarımstansiyanın 10 kv-luq açarından heç bir xəbərdarlıq edilmədən elektrik enerjisi verilişi dayandırılmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət edildikdən sonra həmin tarixdə saat 16:15-də zavoda elektrik enerjisinin verilişi bərpa edilmişdir. Nəticədə yenisinin qiyməti 87000 ABŞ dolları olan kərpic istehsalı üçün “Karadayı Makina Sanayi VP600 Vakum Pressi” aparatı sıradan çıxmışdır. MMC-yə böyük miqdarda maddi ziyan dəymişdir. İstehlak olunmuş elektrik enerjisinə görə borc aydan-aya keçmir. Sayğac yarımstansiyanın daxilində yerləşir. MMC-nin əməkdaşlarının ora girməyə ixtiyarı yoxdur. MMC-nin əməkdaşları hər ayın axırı göstəricini soruşub ödəyir. Enerji təchizatı müəssisəsi tərəfindən zavodun istifadə olunan elektrik enerjisinə görə xx.xx.2023-cü il tarixə 9091,86 manat məbləğində borcu olduğu göstərilsə də, zavodun borcu 200 manat olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə elektron qaimə verilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən 1127 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixdə elektrik enerjisi verilişinin dayandırılması barədə zavoda xəbərdarlıq edilməmişdir. X7 tərəfindən enerji verilişi dayandırılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci yarımbəndinin tələbləri (enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə) nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 Filialı tərəfindən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi ilə əlaqədar təqsirkar şəxs, X6 nəzarətçi mühəndisi Süleyman Əsədovun haqqında müvafiq protokol tərtib edilmişdir.

7. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq, göstərmişdir ki, iddiaçı iddia ərizəsində elektrik enerjisinin dayandırılması barədə guya ona öncədən xəbərdarlıq edilmədiyini qeyd edir. Halbuki, iddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi kimi elektrik enerjisinin verilişinin dayandırılması xx.xx.2023-cü il tarixdə, iddiaçıya xəbərdarlıq isə xx.xx.2023-cü il tarixdə verilmiş, yəni iki iş günü möhlət verildikdən sonra dayandırılmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıqda iddiaçının 9091,86 manat borcu yarandığının, həmin borcu ödəmədiyi halda xx.xx.2023-cü il tarixdə, saat 12:00-dan etibarən dayandırılacağı barədə məlumat verilmiş və həmçinin xahiş edilmişdir ki, açılma ilə əlaqədar obyektdə texnoloji proseslərin pozulması və qəza hallarının yaranmaması məqsədilə öncədən müvafiq tədbirlərin görülməsi təmin edilsin. Xəbərdarlıqda qeyd edilib ki, əks halda yarana biləcək hər hansı problemlə bağlı məsuliyyətə görə cavabdehlik MMC-nin üzərində qalacaqdır. Etiraza əlavə olunmuş maliyyə arayışından müəyyən olunur ki, MMC-nin enerji təchizatı müəssisəsinə elektrik enerjisindən istifadəyə görə xx.xx.2023cü il tarixə 8581,86 manat qalıq borcu olduğu halda iddiaçı tərəfindən 1127 manat ödəniş edilmiş, xx.xx.2023 tarixinə 7454,86 manat qalıq borcu qalmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildiriş- xəbərdarlıq təqdim edilmişdir. İddiaçı isə həmin müddətdə heç bir ödəniş etmədiyindən enerji haqlarının yığımının 100%-ə çaldırılması məqsədi ilə obyektlərin enerji təchizatı iddiaçı ilə bağlanmış elektrik enerjisinin alqısatqısına dair birtipli müqavilənin tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən dayandırılmışdır. Abonent tərəfindən ödəniş olunmadığı üçün obyektlərin enerji təchizatı dayandırılmışdır. Bu halda obyektın enerji təchizatı dayandırıldıqdan sonra həmin ünvanda hər hansı avadanlığın zədələnməsində enerji təchizatı müəssisəsinin heç bir hüquqi və digər məsuliyyəti ola bilməz. Belə ki, ASC heç bir hüquq pozuntusuna yol verməmiş, iddiaçının hüquqlarını pozmadan, öncədən xəbərdarlıq etməklə, sözügedən Qaydaların tələblərini rəhbər tutaraq öz iş fəaliyyətini həyata keçirmişdir. Müəssisə isə bu halda bu və ya digər qarşısı alınmaz səbəblərdən qəza hallarının və ya obyektlərin texnoloji proseslərinin pozulmasının qarşısını almaq üçün əvvəlcədən tədbirlər (məsələn işıq generatoru ilə təmin etməlidir) görməlidir. İddiaçı ona dəymiş maddi ziyanın sübutu kimi məhkəməyə yalnız müstəqil ekspertin rəyini təqdim etmişdir. Sübut kimi təqdim edilən ekspert rəyində əks olunan şəkillərin mötəbər sübut kimi hüquqi əsasının olmadığını görmək mümkündür. Belə ki, şəkildə göstərilən kərpiclərin və qurğunun kimə məxsus olduğu aydın deyil. Şəkildə göstərilən əksər kərpiclər bütövdür. Qismən kərpic qırıntılarının olması isə istənilən kərpic istehsal edən müəssisələrdə rast gəlinəndir. Şəkildə göstərilən qurğunun da kimə məxsus olduğu mötəbər dəlillə sübut edilməmişdir. Nəticə olaraq, müstəqil ekspertin rəyi ehtimal sübut hesab edilir. Bunlardan əlavə başqa kənar şəxslərin, ASC-nin aidiyyatı əməkdaşlarının iştirakı ilə təsdiq edilmiş aktla dəymiş maddi ziyanı təsdiq edən heç bir rəsmi, mötəbər sübut yoxdur. İddiaçı iddia ərizəsinin əsaslandırıcı hissəsində maddi zərər tələb etsə də, xahiş hissəsində əlavə olaraq 10000 (on min) manat mənəvi zərər dəydiyini iddia etmişdir. İddiaçının mənəvi zərərlə bağlı iddiası da tam əsassızdır. Birincisi o, hüquqi şəxsdir, ikincisi o, hətta ehtimal fiziki şəxs olsa belə, öz iddiasında hansı mənəvi sarsıntı və iztiraba məruz qaldığını, hansı iztirablar keçirdiyini konkret faktlarla əsaslandırmamış, sübuta yetirilmiş hər hansı bir hüquqi qüvvəsi olan dəlillərlə sübut etməmişdir. Qeyd olunanlardan başqa iddia tələbində iddiaçı malların pərakəndə satış qiymətini cavabdehdən tələb etmişdir. Nəzərə alınsa ki, malların topdan satış qiymətləri fərqlidir bu zaman demək olar ki, iddiaçının hazırkı iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir.

8. Cavabdeh tərəfindən etiraza xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu əlavə edilmişdir. Məktubda ünvanlanan istehlakçı "xxxx" ASC göstərilməklə qeyd edilmişdirki, müəssisənin xx.xx.2023-cü il tarixə 9091,86 manat borcu yaranmışdır. Elektrik enerjisinin borcunun xx.xx.2023-cü il tarixinədək ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik Enerjisindən istifadə qaydalarının 9.13 bəndinə əsasən əlavə xəbərdarlıq edilmədən müəssisəyə elektrik enerjisinin verilişinin xx.xx.2023-cü il tarixdə saat 12:00-dan etibarən dayandırılacağı bildirilmişdir. Həmçinin açılma ilə əlaqədar obyektdə texnoloji proseslərin pozulması və qəza hallarının yaranmaması məqsədi ilə qabaqcadan müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, əks təqdirdə yarana biləcək hər hansı problemlə bağlı məsuliyyətə görə cavabdehliyin müəssisəsinin üzərində qalacağı göstərilmişdir. Məktubda göstərilmişdir ki, “abonent imza etməkdən imtina edir”.

9. İddiaçının nümayəndəsi cavabdeh tərəfin etirazına etiraz ünvanlayaraq göstərmişdir ki, cavabdeh barəsində müvafiq quruma müraciət edildiyini bildikdən sonra saxtakarlıq edərək kitabında guya zavoda xəbərdarlıq edilməsi barədə qeydlər etmiş və zavodun direktoru X1 imzasını saxtalaşdırmışdır. Energetika Nazirliyi xidməti araşdırma aparmış, xəbərdarlıqda edilən imzanın Kərpic zavodunun direktoru X2 aid olmadığını müəyyənləşdirdikdən sonra elektrik enerjisini kəsən və saxta xəbərdarlıq tərtib edən cavabdehin nümayəndəsi X6 məsul şəxsi-nəzarətçı-mühəndis Süleyman Əsədovun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin uyğun müvafiq protokol tərtib edilmiş, onun haqqında cərimə cəzası tətbiq edilmişdir. Ümumiyyətlə cavabdeh tərəfindən iddiaçıya heç bir xəbərdarlıq olunmamışdır. Cavabdehin etiraz ərizəsində göstərdiyi kimi 2 iş günü əvvəl iddiaçıya elektrik borcu səbəbindən xəbərdarlıq edilmiş olsa belə, sayğac borcuna görə elektron qaimə göndərildikdən sonra zavodun həmin borcu ödəmək üçün bir ay vaxtı olmuşdur. Yəni cavabdeh elektrik enerjisini dayandırmaqda haqlı olmamışdır. Cavabdehin qanunsuz hərəkəti nəticəsində kərpic istehsal edən “Karaday Makina Sanayi VP-600 Vakum Pressi" aparatı sıradan çıxmışdır. Həmin aparatın işlənmişinin qara bazarda qiyməti 87000 ABŞ dollardır. MMC-yə böyük miqdarda maddi və mənəvi ziyan dəymişdir. Hazırkı günə kimi zavod fəaliyyətini bərpa edə bilmir.

10. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X3 Filialı tərəfindən MMC-yə ünvanlanmış 17 fevral 2023-cü il tarixli məktubda göstərilir ki, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən kərpic zavoduna elektrik enerjisinin verilişinin dayandırılması barədə Energetika Nazirliyinə daxil olmuş müraciət araşdırılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-yə məxsus kərpic zavodunun elektrik enerjisi təchizatı 110/10 kV-luq “Giləzi Dartı” yarımstansiyasından çıxan 10 kV-luq “Kərpic zavod" hava elektrik verilişi xətti vasitəsi ilə həyata keçirilir. 110/10 kV-luq “Giləzi Dartı” yarımstansiyasında əməliyyat jurnalına baxış zamanı xx.xx.2023-cü il tarixində saat 10:35-də X6 nəzarətçi mühəndisi Süleyman Əsədovun sifarişi ilə 10 kV-luq “Kərpic zavod” hava xətti istehlak olunmuş elektrik enerjisi borcuna görə yarımstansiyanın 10 kV-luq açarından elektrik enerjisi verilişi dayandırılmış və sonradan həmin tarixdə saat 16:15-də kərpic zavoduna elektrik enerjisinin verilişi yenidən bərpa edilmişdir. Abonent vərəqi təhlil edilərkən xx.xx.2023-cü il tarixinə kərpic zavodunun istifadə olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsinə 9091,86 manat məbləğində borcu olduğu məlum olmuşdur. Həmin məbləğin 8850 manat hissəsi sonuncu ayda (xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi) istifadə olunan elektrik enerjisinin dəyəri, 241,86 manat hissəsi isə əvvəlki aylarda istifadə olunan elektrik enerjisinin dəyərinin tam ödənilmədiyi üçün yaranmış borcdur. X7 tərəfindən istehlakçıya xx.xx.2023cü il tarixinə 9091,86 manat borcu olduğu və həmin borcun tam ödənilmədiyi təqdirdə xx.xx.2023-cü il tarixdə əlavə xəbərdarlıq edilmədən elektrik enerjisi verilişinin dayandırılacağı barədə yazılı bildiriş (xəbərdarlıq) göndərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində elektrik enerjisinə görə 1127 manat MMC tərəfindən ödənilmişdir. Enerjitəchizatı müəssisəsi tərəfindən kərpic zavodunun elektrik enerjisi verilişi dayandırılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci yarımbəndinin tələbləri (enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə) nəzərə alınmamışdır. Həmçinin bildirilir ki, Qaydaların 9.13-1-ci yarımbəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. Qaydaların 9.13-3-cü yarımbəndinə əsasən elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunanları nəzərə alaraq Qaydaların 9.13-1-ci yarımbəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi ilə əlaqədar X6 məsul şəxsinə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun müvafiq protokol tərtib edilmişdir. Yaranmış bütün mübahisəli məsələlərin həlli ilə əlaqədar Qaydaların 8.35-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

11. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müstəqil ekspert Əhməd Talıblının verdiyi 14 mart 2023-cü il tarixli 1403 HŞ nömrəli Qiymətləndirmə rəyində göstərilir ki, MMC-nin 13 mart 2023-cü il tarixli sorğusuna cavab olaraq Xızı rayonu, Giləzi qəsəbəsi "xxxx" MMC kərpic zavoduna elektrik enerjisinin verilişinin qeyri-qanuni dayandırması səbəbindən istehsal prosesinə və avadanlığa dəyən zərərin dəyərinin 56128 manat (“Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə dəymiş ziyan 43630 manat + yararsız hala düşən 55000 ədəd hazır kərpicin dəyəri 8800 manat + yararsız hala düşən 20400 yarım fabrikat kərpicin dəyəri 2448 manat + itirilmiş iş saatı1günə 70 nəfərin əmək haqqı 1250 manat) təşkil etdiyi bildirilir. Rəydə qeyd olunmuşdur ki, "Karadayı Makina Sanayi VP-600 Vakum Pressi"nin daxilində 25 barel atmosfer yaranır və bu təzyiq nəticəsində avadanlığa daxil olan nəm gil məhlulu hazır kərpic formasında konveyerlə çıxır, istehsalat zamanı elektrik enerjisinin verilişi bir saatdan artıq dayandırıldıqda atmosfer təzyiqi zamanı avadanlığın daxilində gil məhlulu bərkiyərək avadanlığın daxilindəki dişli çarxları və gövdəsini sıradan çıxartmışdır.

12. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi 20 dekabr 2023-cü il tarixli, 37/23 nömrəli “Qiymətləndirməyə dair hesabat”da göstərilir ki, MMC-nin 13 mart 2023-cü il tarixli sorğusuna cavab olaraq Xızı rayonu, Giləzi qəsəbəsi "xxxx" MMC kərpic zavoduna elektrik enerjisinin verilişini qeyriqanuni dayandırması səbəbindən istehsal prosesinə və avadanlığa dəyən zərərin dəyərinin 56128 manat (“Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə dəymiş ziyan 43630 manat + yararsız hala düşən 55000 ədəd hazır kərpicin dəyəri 8800 manat + yararsız hala düşən 20400 yarım fabrikat kərpicin dəyəri 2448 manat + itirilmiş iş saatı 1günə 70 nəfərin əmək haqqı 1250 manat) təşkil etdiyi bildirilir. Rəydə qeyd olunmuşdur ki, "Karadayı Makina Sanayi VP-600 Vakum Pressi"nin daxilində 25 barel atmosfer yaranır və bu təzyiq nəticəsində avadanlığa daxil olan nəm gil məhlulu hazır kərpic formasında konveyerlə çıxır, istehsalat zamanı elektrik enerjisinin verilişi bir saatdan artıq dayandırıldıqda atmosfer təzyiqi zamanı avadanlığın daxilində gil məhlulu bərkiyərək avadanlığın daxilindəki dişli çarxları və gövdəsini sıradan çıxartmışdır.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi göstərmişdir ki, “Karadayı Makina Sanayi VP-600 Vakum Pressi" xarab olduqdan sonra yeni pres almamaq üçün həmin pres qaynaq etdirilib təxminən 10-15 gün ərzində işlədilmişdir. İstehsalat olsa da, həmin dövrdə kərpic satıb xeyir götürmək mümkün olmamışdır. Belə ki, pres xarab olduğu üçün qaynaq edildiyindən kərpic presdən çıxanda qaynaq olunan hissələri qopmuşdur. Buna görə onlar kərpici presdən yumşaq, yəni sulu vəziyyətdə çıxarmaq istəmişlər, lakin kərpiclər presdən sulu vəziyyətdə çıxarılanda əyilərək dağılmışdır. Kərpic zavodu həmin 10-15 gün ərzində işləmiş, həmçinin sobalar da istifadə olunmuşdur. Sobalar iyirmi iki qapıdan ibarətdir. Elektrik enerjisinin verilişi dayandırıldığı vaxt həmin qapılardan on səkkizi dolu olmuş, beş qapıdakı kərpiclər tam bişmiş vəziyyətdə olmuş, dörd qapıdakı kərpiclər isə zay olmuşdur. Qalan qapılardakı kərpiclər bişməmişdir. İddiaçı MMC-yə məhz dörd qapıdakı zay olan kərpiclərlə bağlı ziyan dəymişdir. Bir qapıda 8x19x19 sm ölçülü 13750 ədəd kərpic olmuşdur. Həmin say dörd qapıya vurulduqda 55000 ədəd kərpic edir. Bir kərpicin qiyməti 0,16 manatdan hesablandıqda İddiaçı MMC-yə 8800 manat məbləğində ziyan dəydiyi müəyyən edilir. Bundan əlavə səksən beş stellaj kərpic sıradan çıxaraq zay olmuşdur. Bir stellajda iki yüz qırx ədəd kərpic olur. Səksən beş stellajda ümumilikdə 20400 ədəd kərpic olmuşdur. Həmin kərpicləri maya dəyəri olan 0,12 manatdan hesabladıqda dəymiş ziyan 2448 manat təşkil edir. Yararsız hala düşən kərpiclər çıxarılıb kənara qoyulmuş, iddiaçı tərəf işin məhkəmə qaydasında həll olunmasını istəmədiyi üçün müstəqil ekspertə bir müddət keçdikdən sonra müraciət olunmuşdur. 13 mart 2023-cü il tarixdə müstəqil ekspert 55000 ədəd hazır və 20400 ədəd yarımfabrikat kərpicin yararsız halda olduğunu müəyyən etmişdir. Lakin hazırda həmin kərpiclər saxlanılmadığından onların sayını müəyyən etmək mümkün deyil.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 15 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/8370-9/8378 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, baxış zamanı "xxxx" MMC-yə məxsus kərpic zavodun həyətində içərisində gil qalıqları olan istehsalat avadanlığının istifadəsiz halda hissələrinin olduğu müəyyən edilmişdir. İddiaçı MMC-yə məxsus kərpic zavodun həyətində olan istehsalat avadanlığına dəymiş ziyanın müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil.

15. Sumqayıt Kommersiya Məhkəməsinin 16 fevral 2024-cü il tarixli e-2- 2(119)29/2024 nömrəli qərardadına əsasən təyin edilmiş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 16 iyul 2024-cü il tarixli 9/4488 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, istehsalat avadanlıqlarına dəymiş ziyanla əlaqədar dəymiş ziyanın və səbəbinin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Həmçinin yarımfabrikat və hazır kərpiclərin yararsız hala düşməsinin səbəbinin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Müxtəlif ölçülü kərpiclərin 01 ədədinin topdan satış orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 8x19x19 sm ölçülü - 0,16 manat, m10x19x19 sm ölçülü 0,19 manat,m13x19x19 sm ölçülü - 0,21 manat, 19x19x19 sm ölçülü - 0,32 manat, 29x19x19 sm ölçülü - 0,63 manat. Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Respublikada yerləşən ticarət məntəqələrində, inşaat materialları satışı mağazalarında və yerli internet saytlarında yarımfabrikat kərpiclərin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamışdır.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 10/6320 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyində qeyd olunmuşdur ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən (istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir), xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər istehlak olunmuş elektrik enerjisinə görə borcun xx.xx.2023-cü il tarixədək ödənilməli olduğunu, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən 1127 manat ödəniş edildiyini, elektrik enerjisinin verilməsinin dayandırılmasının enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilmədiyini və elektrik enerjisinin verilişinin ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddət tamam olmadan dayandırıldığını nəzərə aldıqda, “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-1-ci yarımbəndinin (istehlakçıya yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır) və 9.13-3-cü yarımbəndinin (elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir) tələbləri pozulmuşdur. “Gilstone" MMC-yə məxsus kərpic zavoduna ekspertin və tərəflərin nümayəndələrinin iştirakı ilə baxış keçirilərkən zavodda kərpic istehsalat xəttində yeni avadanlıqların quraşdırıldığı, xx.xx.2023-cü il tarixdə saat 10:35-də 10 kV-luq “Kərpic zavod” hava elektrik xəttinin yarımstansiyanın 10 kV-luq açarından açılması nəticəsində yararsız vəziyyətə düşməsi iddia edilən avadanlıqların sökülərək istismardan çıxarıldığı və zavodun ərazisindəki açıq sahəyə atıldığı, hazırkı vəziyyətdə texniki cəhətdən qüsurlu (qopmuş, çatlamış) və istifadə üçün yararsız halda olduğu müəyyən edilir. Ekspertizaya təqdim edilmiş abonent vərəqində aylar üzrə elektrik enerjisi sərfiyyatına görə 2023-cü ilin yanvar ayında zavodun enerji sərfiyyatının (istehsal gücünün) əvvəlki aylara uyğun olduğunu nəzərə aldıqda, 23 yanvar 2023-cü il tarixə qədər zavodda avadanlıqların işlək vəziyyətdə olması qənaətinə gəlmək olar. Belə olan şəraitdə, iddiaçıya məxsus “Kərpic zavod”a elektrik enerjisi verilişinin 23 yanvar 2023-cü il tarixdə saat 10:35-də kəsilməsi nəticəsində istehsalat prosesinin dayanması və təqribən 5 saat müddətində press avadanlığın içərisində olan xammalın (gilin) bərkiməsi səbəbindən avadanlıq işə salınarkən (saat 16.15-də elektrik enerjisi verilişi bərpa edildikdən sonra) yaranan yüksək təzyiqin təsirindən avadanlığın təzyiq altında gərilən, sıxılan və burulan hissələri sıradan çıxa bilərdi.

17. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 16 oktyabr tarixli e-2- 2(119)29/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim: Həlimə Alıyeva).

18. Məhkəmə qeyd etmişdir ki, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən kərpic zavoduna elektrik enerjisinin verilməsi xx.xx.2023-cü il tarixdə dayandırılmasına baxmayaraq iddiaçı tərəfindən müstəqil ekspertə həmin hadisədən 1 ay 20 gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə müraciət edilmiş və müvafiq rəy xx.xx.2023-cü il tarixdə verilmişdir. Bildirilir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi 20 dekabr 2023-cü il tarixli, 37/23 nömrəli Qiymətləndirməyə dair hesabatı da müstəqil ekspert Əhməd Talıblının verdiyi 14 mart 2023-cü il tarixli, 1403 HŞ nömrəli Qiymətləndirmə rəyi ilə eynilik təşkil edir. Müstəqil ekspert Əhməd Talıblı tərəfindən 14 mart 2023-cü il tarixli 1403 HŞ nömrəli qiymətləndirmə rəyi elektrik enerjisinin verilməsinin dayandırılmasından 1 ay 20 gün sonra verilmiş, həmin rəyin verilməsində cavabdehin nümayəndəsi iştirak etməmiş, habelə rəy iddiaçının təqdim etdiyi və göstərdiyi məlumatlar əsasında tərtib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 10/6320 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyi isə press avadanlığının hissələrinə ziyan dəyməsi ilə bağlı hissədə ehtimallara əsaslanmış və rəydə hansı hissələrə ziyan dəyməsi konkret qeyd olunmamışdır. Buna görə göstərilən rəylər və hesabat 23 yanvar 2023-cü il tarixdə elektrik enerjisinin dayandırılması nəticəsində iddiaçıya ziyan dəyməsinin və həmin ziyanın məbləğinin müəyyən olunmasına dair mötəbər sübut kimi qəbul oluna bilməz.

19. İddiaçı “Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə 43630 manat ziyan dəydiyini bildirsə də, həmin məbləğin xərcləndiyini və ya xərclənməli olduğunu, habelə presin sıradan çıxdığını qeyd etdiyi hissələrinin satın alındığını və ya təmir edildiyini təsdiq edən rəsmi sənədlər məhkəməyə təqdim etməmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində "Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə ziyan dəydiyini və avadanlığın sıradan çıxdığını qeyd etsə də, kərpic zavodun abonent saldosuna əsasən elektrik enerjisindən istifadəyə görə sərfiyyat xx.xx.2022-xx.xx.2022-ci il tarixdə 8850 manat, xx.xx.2022- xx.xx.2023-cü tarixdə 9150 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə (28 gün) 7950 manat məbləğində olmuşdur. Göründüyü kimi, elektrik enerjisinin verilməsinin dayandırıldığı 2023-cü ilin yanvar ayı ilə ondan əvvəlki və sonrakı ay arasında elektrik enerjisi sərfiyyatında kəskin fərq müşahidə olunmadığını nəzərə alaraq həmin hadisədən sonra sözügedən avadanlığın işlək vəziyyətdə olması qənaətinə gəlmək olar.

21. İddiaçı 8800 manat dəyərində 55000 ədəd hazır kərpicin və 2448 manat dəyərində 20400 yarım fabrikat kərpicin yararsız hala düşdüyünü qeyd etsə də, məhkəməyə həmin kərpiclərin xx.xx.2023-cü il tarixdə elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində yarasız hala düşməsini təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.

22. Real zərərlə bağlı tələbin bir hissəsini də itirilmiş iş saatı- 1 günə 70 nəfərin əmək haqqı 1250 manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, kərpic zavodda elektrik enerjisinin verilməsinin dayandırılması bir gün deyil, 23 yanvar 2023-cü il tarixdə saat 10:35-dən saat 16:15-ə qədər olmuşdur. Bundan başqa iddiaçı məhkəməyə hadisə baş verdiyi vaxt 70 nəfər işçisinin fəaliyyət göstərdiyini təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı maddi ziyanın mövcud olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bundan başqa məhkəmə araşdırması zamanı elektrik enerjisinin verilməsinin dayandırılması ilə iddiaçıya maddi ziyan dəyməsi arasında səbəbli əlaqə müəyyən edilməmişdir.

23. Məhkəmə hesab etmişdir ki, iddiaçı ona 10000 manat məbləğində mənəvi zərər vurulduğunu bildirsə də, mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Eyni zamanda işin hallarından da həmin əsaslar müəyyən olunmur.

24. Məhkəmə mövqeyini Mülki Məcəllənin 21.2, 385.1, 386.1, 442, 443.1, 1096, 1097.1-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14, 9.13.2, 9.13-1, 9.13-3-cü bəndlərinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

25. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

26. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti iddia ərizəsi ilə eyni əsaslandırılaraq həmçinin qeyd edilmişdir ki, cavabdeh tərəfindən elektrik enerjisinin qanunsuz dayandırılması danılmaz fakt kimi sübut edilsə də, məhkəmə qətnamədə əsassız olaraq cavabdehə borcu olduğu qənaətinə gəlmişdir. İddianı məqsədli olaraq qəsdən təmin etməmək məqsədilə məhkəmə müxtəlif bəhanələr göstərmək, ehtimallar yürütməklə özü-özünü təkzib edən nəticəyə gəlmişdir. Belə ki, qətnamədə göstərilmişdir “müstəqil ekspert Əhməd Talıblı tərəfindən xx.xx.2023-cü il tarixli Qiymətləndirmə Rəyi elektrik enerjisinin verilməsinin dayandırılmasından 1 ay 20 gün sonra verilmiş,həmin rəyin verilməsində cavabdehin nümayəndəsi iştirak etməmiş,rəy iddiaçının təqdim etdiyi və göstərdiyi məlumatlar əsasında tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyi isə press avadanlıqlarının hissələrinə ziyan dəyməsi ilə bağlı hissədə ehtimallara əsaslanmış və rəydə hansı hissələrə ziyan dəyməsi konkret qeyd edilməmişdir.Buna görə məhkəmə qeyd etmişdir ki,göstərilən rəylər və hesabat xx.xx.2023-cü il tarixdə elektrik enerjisinin dayandırılması nəticəsində iddiaçıya ziyan dəyməsinin və həmin ziyanın məbləğinin müəyyən olunmasına mötəbər sübut kimi qəbul oluna bilməz”. Lakin məhkəmə nəzərə almamışdır ki, xx.xx.2023-cü il tarixdə, yəni cavabdeh tərəfindən qanunsuz olaraq elektrik təchizatının dayandırılması günü iddiaçı tərəfindən Azərbaycan Respublikası Energetika Nazirliyinə baş vermiş hadisə barədə məlumat verilmiş, xidməti araşdırılma aparılmış, cavabdehin təqsiri sübuta yetirilmiş, təqsirli şəxs cəzalandırılmışdır. Dəymiş ziyanla əlaqədar çəkilmiş fotoşəkillər danılmaz fakt kimi məhkəməyə təqdim edilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində dəymiş ziyanı tez bir zamanda aradan qaldırmağa çalışıldığından və müsbət nəticə əldə edilmədiyindən,müstəqil ekspertə müraciət etmək məcburiyyətində qalmışlar. Təbii ki,müstəqil ekspert Energetika Nazirliyinin araşdırma nəticələrinə, təqdim etdikləri və gözü ilə müşahidə etdiyi maddi sübutlara əsaslanaraq rəy tərtib etmişdir. Məhkəmə qətnamədə cavabdehin nümayəndəsinin iştirakının rəyə hansı təsirinin ola biləcəyini, həmçinin məhkəmə müstəqil ekspertin rəy verərkən hansı metod və nəzəriyyəyə əsaslanmasını müzakirə etməmiş, iddiaçının təqdim etdiyi və göstərdiyi məlumatlar əsasında tərtib edilməsini qəbahət hesab edərək rəyin ehtimallara dayandığını ehtimal edərək elektrik enerjisinin dayandırılması nəticəsində iddiaçıya ziyan dəyməsinin və həmin ziyanın məbləğinin müəyyən olunmasına mötəbər sübut kimi qəbul etməmişdir. Cavabdehin nümayəndəsinin iştirakı ilə aparılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinin obyektivliyini şübhə altına alacağı halda hesab edir ki,məhkəmə öz təşəbbüsü ilə təkrar ekspertiza təyin edə bilər və onu maraqlandıran suallara cavab ala bilərdi. Məhkəməyə cavabdehin ekspertiza rəyinə qarşı heç bir etirazı daxil olmamışdır. Məhkəmə iddianı rədd edərkən qətnamədə cavabdehin nümayəndəsinin məhkəmədə göstərdiyi hala-hadisə baş verən gündən əvvəlki və sonrakı günlərdə zavodda elektrik sərfiyyatının olmasına əsaslanmışdır. Halbuki məhkəmə iclasında qeyd etdiyi kimi, Pres sıradan çıxdıqdan sonra onu qaynaq edib işlətməyə çalışılmış, lakin standarta uyğun kərpic istehsal etmək mümkün olmamışdır. Fevral ayında 10-15 gün təcrübə aparılmış, yeni pres almaq imkanı olmadığından kərpici yumşaq, bir qədər sulu vəziyyətdə presdən buraxmışlar. Belə vəziyyətdə kərpic əyilmiş, yəni stelajlara yığmaq çətinləşmiş, stelajlara yığılan kərpiclər qurutma zonasına girdikdən sonra parçalanıb dağılmışdır. Beləliklə, kərpicin suyunu hər gün azalda-azalda bu proses aparılmış, lakin nəticə olmamışdır. Standarta yaxın kərpic istehsal edən zaman qaynaq edilən hissə yenidən qopmuşdur.Sonda kredit götürüb presi dəyişməli olmuşlar. Fevral ayında həmçinin söküntü işləri də aparılıb. Onu da nəzərə almaq lazımdır ki, istehsalat yalnız presdən təşkil olunmayıb.İstehsalatda elektrik enerjisi ilə işləyən digər avadanlıqlar:motor və ventelyatorlar da var.Ona görə də cavabdehin təqsirli hərəkəti nəticəsində hadisənin baş verdiyi ayda elektrik sərfiyyatı olmuşdur. İstehsalın dayanması və yeni press aparatı aldıqdan sonra kərpic istehsalına başlamağı sübut edən video çəkilişin və həmin vaxt istehsalata başlamağını təbrik edən şəxsin həmin çəkilişdə təsadüfi çıxışının diskini məhkəməyə təqdim etmişlər. Həmçinin, cavabdehin nümayəndəsinin məhkəmədə göstərdiyi kimi 2 iş günü əvvəl iddiaçıya elektrik borcu səbəbindən xəbərdarlıq olsa belə sayğac borcuna görə elektron qaimə göndərildikdən sonra zavodun həmin borcu ödəmək üçün bir ay möhləti olmuşdur. Yəni cavabdeh elektrik enerjisini dayandırmaqda haqlı olmamışdır.

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 mart tarixli 2-2(105)-17/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilmiş, cavabdehdən vurulmuş maddi ziyana görə 33063 (otuz üç min altmış üç) manat, qiymətləndirmə xərcinin yarısı 550 (beş yüz əlli) manat, hüquqi yardım üçün ödənilmiş məbləğin yarısı 60 (altmış) manat, mediasiya təşkilatına ödənilmiş rüsumun yarısı 50 (əlli) manat, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun yarısı 81 (səksən bir) manat və apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun yarısı 73,3 (yetmiş üç manat otuz qəpik) manat, cəmi 33877,3 (otuz üç min səkkiz yüz yetmiş yeddi manat otuz qəpik) manatın tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin digər hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər: İ.Dəmirov – sədrlik edən və məruzəçi, Z.Məmmədov və M.Hüseynov).

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xəbərdarlıq məktubunda “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci yarımbəndinin tələblərinə zidd olaraq bir aylıq müddət nəzərə alınmamışdır. Bundan əlavə həmin xəbərdarlıq məktubunun istehlakçıya təqdim olunması iş materialları ilə sübut olunmur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi bunun nəticəsi olaraq “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-1-ci yarımbəndinə əsasən elektrik xəttinin qanunsuz olaraq kəsilməsi ilə əlaqədar X6 məsul şəxsi- nəzarətçi-mühəndisi Süleyman Əsədovun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun müvafiq protokol tərtib edilərək, onun haqqında 1.000 manat məbləğində cərimə cəzasının tətbiq olunduğunu bildirmiş, cavabdehin nümayəndəsi isə bunu təsdiq edərək həmin inzibati qərarın qanuni qüvvədə olduğunu bildirmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehə qarşı vurulmuş ziyanın ödənilməsinə dair iddia tələbinin hüquqi əsasları təsdiq olunur. Lakin bununla yanaşı məhkəmə kollegiyası ziyan məbləğinin müəyyən olunmasına dair iddia tələbinin dəlillərini qismən əsaslı hesab etmişdir.

30. Məhkəmə kollegiyası müstəqil ekspert Əhməd Talıblının “Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə dəymiş ziyanın 43630 manat qiymətləndirilməsinə dair rəyini əsalı hesab etmişdir. Belə ki, həmin rəydə zərər dəymiş ehtiyat hissələrinin qiymətləri dəqiq göstərilmiş, cavabdeh tərəfindən rəydə qeyd olunan hansı ehtiyat hissələrinin düzgün qiymətləndirilmədiyi mübahisələndirilməmişdir. Bununla əlaqədar həmçinin qeyd etmək lazımdır ki, işin 1-ci cildinin 224-cü vərəqindəki məktubdan göründüyü kimi “Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin texniki pasportu da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuşdır. Lakin bununla yanaşı press avadanlığın hissələrinə ziyan onların içərisində olan xammalın, gilin bərkiməsi səbəbindən 5 saat 40 dəqiqə sonra avadanlığın yenidən işə salınması ilə əlaqədar olduğundan və iddiaçı tərəfindən bunun qarşısının alınması üçün müvafiq tədbir görülmədiyindən həmin hissədə vurulmuş ziyanın yarısı, yəni 21815( 43630:2) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, yararsız hala düşən 55000 ədəd hazır kərpicin dəyəri olaraq 8800 manat və yararsız hala düşən 20400 ədəd yarım fabrikat kərpicin dəyəri 2448 manat cavabdehdən tutulmalıdır. Bununla əlaqədar birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi Nümayəndə3 işin bu halına aydınlıq gətirərək bildirmişdir ki, kərpic bişirən sobalar 22 qapıdan ibarətdir. Elektrik enerjisinin verilişi dayandırıldığı vaxt həmin qapılardan 18-i dolu olub. 5 qapıdakı kərpiclər tam bişmiş vəziyyətdə olmuş, 4 qapıdakı kərpiclər isə zay olmuşdur. Qalan qapılardakı kərpiclər bişməmişdir. İddiaçı MMC-yə məhz 4 qapıdakı zay olan kərpiclərlə bağlı ziyan dəymişdir. 1 qapıda 8-lik 13750 ədəd kərpic olmuşdur. Həmin say 4 qapıya vurulduqda 55000 ədəd kərpic edir. Bir kərpicin qiyməti 0,16 manatdan hesablandıqda İddiaçı MMC-yə 8800 manat məbləğində ziyan dəydiyi müəyyən edilir. Bundan əlavə 85 stellaj kərpic sıradan çıxıb zay olmuşdur. Qeyd edir ki, bir stellajda 240 ədəd kərpic olur. 85 stellajda ümumilikdə 20400 ədəd kərpic olmuşdur. Həmin kərpicləri maya dəyəri olan 0,12 manatdan hesabladıqda 2448 manat əldə olunur. Bu da həmin məbləğdə yarımfabrikatın zay olması deməkdir.

32. Bununla əlaqədar məhkəmə kollegiyası göstərilən miqdarda kərpiclərin günlük istehsalını ağlabatan hesab etmişdir. Belə ki, həmin istehsal iş materiallarına əlavə edilmiş əmək müqavilələrinə əsasən 70 nəfər işçinin bir günlük cəmi 1250 manat məbləğində əmək haqqına, elektrik enerjisindən istifadə, xammal və s. xərclərə münasibətdə mütənasibdir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işçilərin ödənilmiş 1 günlük əmək haqqının ümumi məbləğini təşkil edən 1250 manat iddiaçıya vurulmuş ziyanın məbləğinə aid edilə bilməz və bu məntiqə uyğun deyildir. Çünki vurulmuş ziyanın qeyd olunan hissədə məbləği yararsız hala düşmüş kərpiclərin ümumi dəyəri ilə müəyyən edilməlidir.

34. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Buna görə iddia tələbi bu hissədə təmin olunmamalıdır.

35. Məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanunvericilik normlarının tələblərini nəzərə almadan və işin hallarının düzgün araşdırmadan iddianı rədd etmiş, bununla da düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1099.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14, 9.13.2, 9.13-1, 9.13-3-cü bəndlərinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına, MPM-in 14.2, 77.1, 88, 119.1, 217.4, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

37. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) kassasiya instansiyası məhkəməsindəki icraat

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(102)- 448/2025 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 18 mart 2025-ci il tarixli, 2-2(105)-17/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iş yenidən yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

39. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, cavabdehin təqsirli şəkildə elektrik enerjisinin verilməsini dayandırması nəticəsində iddiaçıya məxsus kərpic istehsalı ilə bağlı aparatın sıradan çıxması, 55.000 ədəd kərpicin yararsız hala düşməsi və s. ilə bağlı ona maddi zərər dəymişdir. Cavabdeh isə bu iş üzrə onun hər hansı təqsirli hərəkətinin olmamasını qeyd edir.

40. Bu halda, zərərə məruz qaldığını iddia edən iddiaçı zərərin faktiki mövcudluğunu, həmin zərərin məhz cavabdehin elektrik enerjisinin verilməsini dayandırması nəticəsində vurulduğunu, zərərlə bu dayandırma arasında səbəbli əlaqənin mövcudluğunu, eləcə də cavabdehin təqsirli olduğunu sübut etməlidir. Qeyd olunan hallar sübuta yetirildiyi halda, zərərin ödənilməsi tələbi əsaslı sayıla bilər. Həmçinin həmin tələbə qiymət verilərkən Mülki Məcəllənin 21.3-cü maddəsində təsbit olunmuş hallar ilə işin faktiki halları da əlaqəli surətdə nəzərə alınmalıdır.

41. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, elektrik enerjisinin verilməsinin dayandırılması barədə xəbərdarlıq məktubunun istehlakçıya təqdim olunması iş materialları ilə sübut olunmur. Həmin məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi bunun nəticəsi olaraq “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-1-ci yarımbəndinə əsasən elektrik xəttinin qanunsuz olaraq kəsilməsi ilə əlaqədar X6 məsul şəxsi-nəzarətçi-mühəndisi Süleyman Əsədovun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun müvafiq protokol tərtib edilərək onun haqqında 1 000 manat məbləğində cərimə cəzasının tətbiq olunduğunu bildirmiş, cavabdehin nümayəndəsi isə bunu təsdiq edərək həmin inzibati qərarın qanuni qüvvədə olduğunu bildirmişdir.

42. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyənləşdirilmiş hallar ilə cavabdehin qanunsuz olaraq elektrik enerjisinin verilməsini dayandırması hərəkətinin nəticəsində iddiaçıya zərərin dəyməsi arasında səbəbli əlaqənin mövcud olmasını birmənalı şəkildə demək mümkün deyil. Halbuki məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, eləcə də çıxarılmış qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 217.1 və 217.3-cü maddələrinə əsasən).

43. Belə ki, kərpic zavoduna elektrik enerjisinin verilməsi 23 yanvar 2023-cü il tarixində dayandırılmasına baxmayaraq iddiaçı tərəfindən müstəqil ekspertə həmin hadisədən 1 ay 20 gün keçdikdən sonra 13 mart 2023-cü il tarixində müraciət olunmuş və həmin rəyin verilməsində cavabdehin nümayəndəsi iştirak etməmişdir.

44. Həmçinin elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində zərər dəyməsi ilə bağlı tərtib edilmiş 24 yanvar tarixli 2023-cü il aktda da cavabdehin nümayəndəsinin iştirakı təmin edilməmişdir.

45. Halbuki MPM-in 99.1-ci maddəsinə görə ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır.

46. Belə olan təqdirdə adı çəkilən rəy və akt mötəbərlilik və obyektivlik meyarlarından kənarda qalır.

47. O da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 13 sentyabr tarixli 10/6320 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyində də press avadanlığının hissələrinə ziyan dəyməsi ilə bağlı hissədə ehtimallara əsaslanmış və rəydə hansı hissələrə ziyan dəyməsi konkret göstərilməmişdir.

48. Bundan başqa 2024-cü il 8 oktyabr tarixli Sumqayıt Kommersiya Məhkəməsinin iclas protokolundan (bax: iş materiallarında, İİ cild, 2-ci səhifə) görünür ki, iddiaçının qanuni təmsilçisi 2023-cü ilin fevral ayında zavodun fəaliyyətinin tam dayandırılması və yeni avadanlığın 2023-cü ilin mart ayında alınmasını bildirmişdir.

49. Lakin kərpic zavodun abonent saldosuna əsasən elektrik enerjisindən istifadəyə görə sərfiyyat 2022-ci il 30 noyabr - 2022-ci il 31 dekabr dövrü üçün 8 850 manat, 2022-ci il 31 dekabr - 2023-cü il 31 yanvar aralığında 9 150 manat, 2023-cü il 31 yanvar - 2023-cü il 28 fevral dövründə isə 7 950 manat məbləğində olmuşdur. Göründüyü kimi 2023-cü ilin fevral ayında zavodun fəaliyyətinin tam dayandırıldığı bildirilsə də, təqdim olunmuş məlumatlardan aydın olur ki, həmin dövrdəki elektrik enerjisi sərfiyyatı əvvəlki aylarla müqayisədə əhəmiyyətli dərəcədə azalmamışdır. Buna görə də qeyd olunan dövrdə zavodun fəaliyyətinin tamamilə dayandırılması və həmin avadanlığın qeyri-işlək vəziyyətdə olması ağlabatan görünmür.

50. Apellyasiya instansiyası məhkəməsi kərpic bişirən sobalarda zay olmuş kərpiclərlə bağlı hissədə iddianı təmin edərkən də elektrik enerjisinin verilməsinin dayandırılması ilə sobaların kərpici bişirə bilməməsi arasında səbəb-nəticə əlaqəsini əsaslandırmamışdır. Belə ki, iş materiallarında həmin sobaların qazla işləyib-işləməməsi və ya tamamilə elektrik enerjisi ilə fəaliyyət göstərməsi barədə etibarlı və təsdiqlənmiş məlumatlar mövcud deyil və məhkəmə tərəfindən bu məsələnin dəqiqləşdirilərək qiymətləndirilməsi təmin edilməmişdir.

51. Əlavə olaraq o da vurğulanmalıdır ki, iddiaçı kərpic zavodunda generatorun olubolmamasını təsdiqləyən texniki şərti məhkəməyə təqdim etməmiş, eləcə də sözügedən press qurğusunu işlədə biləcək gücə sahib generatorun mövcud olmamasını bildirmişdir. Halbuki Sumqayıt Regional Enerji Təchizatı və Satış İdarəsinin 2025-ci il 14 fevral tarixində apellyasiya instansiyasına ünvanladığı məktubdan görünür ki, zavoddakı pressin ümumi gücü 255 Kvt təşkil edir və həmin pressi qidalandırmaq üçün 400-500 Kvt gücündə generatorun quraşdırılması məqsədəuyğundur.

52. İş materiallarından göründüyü kimi kərpic istehsalı prosesi dövri xarakter daşımaqla yanaşı istehsalın hər bir mərhələsi fasiləsiz şəkildə həyata keçirilir. İddiaçının təqdim etdiyi məlumatlara əsasən istehsal prosesində istifadə olunan əsas qurğu elektrik enerjisi ilə işləyir. Belə olan halda, iddiaçı öz təsərrüfat fəaliyyətinin fasiləsizliyini təmin etmək və mümkün risklərin təsirini minimuma endirmək məqsədilə elektrik enerjisinin verilməsinin dayandırılması və kəsilməsi ehtimallarını diqqətdə saxlayaraq ağlabatan ehtiyatlılıq göstərməklə alternativ enerji mənbəyindən istifadə imkanını nəzərdə tutmalı idi. Belə tədbiri görməklə iddiaçı ona dəymiş zərərin artmasının qarşısını ala bilərdi.

53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ağlabatanlıq meyarlarına cavab verməməklə yanaşı, onun şübhə altına alınmasına əsas verir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

54. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edib, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(102)-448/2025 nömrəli qərarında olan göstərişləri nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilmədən, birinci inistansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 55.Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, nümayəndəi məhkəmə iclasında iştirak etməmiş. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

56. Maddə 21. Zərərin əvəzinin ödənilməsi Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.1. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.2. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda aşağıdakılar nəzərdə tutulur:

57. 8.14-cü bəndi. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 9.13.2-ci bəndi. Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə dayandırır. 9.13-1-ci bəndi. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. 9.13-3-cü bəndi. Elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

58. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

59. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(102)- 448/2025 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 18 mart 2025-ci il tarixli, 2-2(105)-17/2025 nömrəli qətnaməsi iddia tələbinin təmin edilmiş - cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən vurulmuş maddi ziyana görə 33063 (otuz üç min altmış üç) manat, qiymətləndirmə xərcinin yarısı 550 (beş yüz əlli) manat, hüquqi yardım üçün ödənilmiş məbləğin yarısı 60 (altmış) manat, mediasiya təşkilatına ödənilmiş rüsumun yarısı 50 (əlli) manat, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun yarısı 81 (səksən bir) manat və apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun yarısı 73,3 (yetmiş üç manat otuz qəpik) manat, cəmi 33877,3 (otuz üç min səkkiz yüz yetmiş yeddi manat otuz qəpik) manat tutularaq İddiaçınə ödənilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən cavabdehin nümayəndəsini dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(102)-448/2025 nömrəli qərarında olan göstərişləri yerinə yetirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Belə ki, iddiaçı bildirir ki, cavabdehin təqsirli şəkildə elektrik enerjisinin verilməsini dayandırması nəticəsində iddiaçıya məxsus kərpic istehsalı ilə bağlı aparatın sıradan çıxması, 55.000 ədəd kərpicin yararsız hala düşməsi və s. ilə bağlı ona maddi zərər dəymişdir. Cavabdeh isə bu iş üzrə onların hər hansı təqsirli hərəkətinin olmamasını qeyd edir.

62. İddiaçının tələb etdiyi etdiyi real zərər üç hissədən ibarətdir: “Karadayi Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə dəymiş ziyan 43.630 manat; yararsız hala düşən 55000 ədəd hazır kərpicin dəyəri 8800 manat və yararsız hala düşən 20.400 yarım fabrikat kərpicin dəyəri 2448 manat; itirilmiş iş saatı- 1 günə 70 nəfərin əmək haqqı 1250 manat. Həmin zərər müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli, 1403 HŞ nömrəli qiymətləndirmə rəyi ilə əsaslandırılır. Lakin hazırda məhkəmə kollegiyası apellyasiya şikayəti həddində yəni - “Karadayi Makina Sanayi VP- 600 Vakum Pressi”nin ehtiyat hissələrinə dəymiş ziyan 43.630 manat; yararsız hala düşən 55000 ədəd hazır kərpicin dəyəri 8800 manat və yararsız hala düşən 20.400 yarım fabrikat kərpicin dəyəri 2448 manat həcmində baxır.

63. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akt iddiaçı tərəfindən tərtib edilmiş, həmin akt üzrə isə avadanlığa ziyan dəyməsi müəyyən edilərək istehsalat sexinin rəisi, sex rəisi, operator tərəfindən imzalanmışdır.

64. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi 20 dekabr 2023-cü il tarixli, 37/23 nömrəli “Qiymətləndirməyə dair hesabat”da göstərilir ki, "xxxx" MMC-nin 13 mart 2023-cü il tarixli sorğusuna cavab olaraq Xızı rayonu, Giləzi qəsəbəsi "xxxx" MMC kərpic zavoduna elektrik enerjisinin verilişini qeyri-qanuni dayandırması səbəbindən istehsal prosesinə və avadanlığa dəyən zərərin dəyərinin 56128 (əlli altı min yüz iyirmi səkkiz) manat (“Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə dəymiş ziyan 43630 manat + yararsız hala düşən 55000 ədəd hazır kərpicin dəyəri 8800 manat + yararsız hala düşən 20400 yarım fabrikat kərpicin dəyəri 2448 manat + itirilmiş iş saatı1günə 70 nəfərin əmək haqqı 1250 manat) təşkil etdiyi bildirilir. Rəydə qeyd olunmuşdur ki, "Karadayı Makina Sanayi VP-600 Vakum Pressi"nin daxilində 25 barel atmosfer yaranır və bu təzyiq nəticəsində avadanlığa daxil olan nəm gil məhlulu hazır kərpic formasında konveyerlə çıxır, istehsalat zamanı elektrik enerjisinin verilişi bir saatdan artıq dayandırıldıqda atmosfer təzyiqi zamanı avadanlığın daxilində gil məhlulu bərkiyərək avadanlığın daxilindəki dişli çarxları və gövdəsini sıradan çıxartmışdır.

65. Sumqayıt Kommersiya Məhkəməsinin 16 fevral 2024-cü il tarixli e-2-2(119)- 29/2024 nömrəli qərardadına əsasən təyin edilmiş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 16 iyul 2024-cü il tarixli 9/4488 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, istehsalat avadanlıqlarına dəymiş ziyanla əlaqədar dəymiş ziyanın və səbəbinin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Həmçinin yarımfabrikat və hazır kərpiclərin yararsız hala düşməsinin səbəbinin müəyyən edilməsi məhkəməəmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Müxtəlif ölçülü kərpiclərin 01 ədədinin topdan satış orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 8x19x19 sm ölçülü - 0,16 manat, m10x19x19 sm ölçülü - 0,19 manat,m13x19x19 sm ölçülü - 0,21 manat, 19x19x19 sm ölçülü - 0,32 manat, 29x19x19 sm ölçülü - 0,63 manat. Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Respublikada yerləşən ticarət məntəqələrində, inşaat materialları satışı mağazalarında və yerli internet saytlarında yarımfabrikat kərpiclərin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamışdır.

66. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 10/6320 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyində qeyd olunmuşdur ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən (istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir), xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər istehlak olunmuş elektrik enerjisinə görə borcun xx.xx.2023-cü il tarixədək ödənilməli olduğunu, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən 1127 manat ödəniş edildiyini, elektrik enerjisinin verilməsinin dayandırılmasının enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilmədiyini və elektrik enerjisinin verilişinin ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddət tamam olmadan dayandırıldığını nəzərə aldıqda, “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-1-ci yarımbəndinin (istehlakçıya yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır) və 9.13-3-cü yarımbəndinin (elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir) tələbləri pozulmuşdur. “Gilstone" MMC-yə məxsus kərpic zavoduna ekspertin və tərəflərin nümayəndələrinin iştirakı ilə baxış keçirilərkən zavodda kərpic istehsalat xəttində yeni avadanlıqların quraşdırıldığı, xx.xx.2023-cü il tarixdə saat 10:35-də 10 kV-luq “Kərpic zavod” hava elektrik xəttinin yarımstansiyanın 10 kV-luq açarından açılması nəticəsində yararsız vəziyyətə düşməsi iddia edilən avadanlıqların sökülərək istismardan çıxarıldığı və zavodun ərazisindəki açıq sahəyə atıldığı, hazırkı vəziyyətdə texniki cəhətdən qüsurlu (qopmuş, çatlamış) və istifadə üçün yararsız halda olduğu müəyyən edilir. Ekspertizaya təqdim edilmiş abonent vərəqində aylar üzrə elektrik enerjisi sərfiyyatına görə 2023-cü ilin yanvar ayında zavodun enerji sərfiyyatının (istehsal gücünün) əvvəlki aylara uyğun olduğunu nəzərə aldıqda, 23 yanvar 2023-cü il tarixə qədər zavodda avadanlıqların işlək vəziyyətdə olması qənaətinə gəlmək olar. Belə olan şəraitdə, iddiaçıya məxsus “Kərpic zavod”a elektrik enerjisi verilişinin 23 yanvar 2023-cü il tarixdə saat 10:35-də kəsilməsi nəticəsində istehsalat prosesinin dayanması və təqribən 5 saat müddətində press avadanlığın içərisində olan xammalın (gilin) bərkiməsi səbəbindən avadanlıq işə salınarkən (saat 16.15-də elektrik enerjisi verilişi bərpa edildikdən sonra) yaranan yüksək təzyiqin təsirindən avadanlığın təzyiq altında gərilən, sıxılan və burulan hissələri sıradan çıxa bilərdi.

67. Məhkəmə kollegiyası nəzərə alır ki, zərərə məruz qaldığını iddia edən iddiaçı zərərin faktiki mövcudluğunu, həmin zərərin məhz cavabdehin elektrik enerjisinin verilməsini dayandırması nəticəsində vurulduğunu, zərərlə bu dayandırma arasında səbəbli əlaqənin mövcudluğunu, eləcə də cavabdehin təqsirli olduğunu sübut etməlidir. Qeyd olunan hallar sübuta yetirildiyi halda, zərərin ödənilməsi tələbi əsaslı sayıla bilər. Həmçinin həmin tələbə qiymət verilərkən Mülki Məcəllənin 21.3-cü maddəsində təsbit olunmuş hallar ilə işin faktiki halları da əlaqəli surətdə nəzərə alınmalıdır.

68. Mülki Məcəllənin tələblərinə görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

69. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.

70. İlk öncə qeyd edilməlidir ki, iş materiallarına əsasən hazırda iki hal müəyyən edilir. Birinci hal- cavabdehin elektrik enerjisinin fasiləsiz verilməsinin qanunsuz olaraq 5 saata yaxın müddətdə dayandırılması (Süleyman Əsədov barəsində tərtib edilmiş protokol), ikinci hal- iddiaçının qanuni istifadəsində olan press avadanlığına dəymiş zərər və kərpiclərin yararsız hala düşməsi nəticəsində yaranan zərər (müvafiq ekspert rəyləri). Lakin bu halda əsas diqqət yetirilməli məqam isə ondan ibarətdir ki, hər iki halı bir birinə bağlayaraq bütünlükdə tamlıq yaratmaqla real səbəbli əlaqənin məhkəmə tərəfindən mötəbər sübutlarla müəyyən edilməsidir. Bu halda qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli akt bir tərəfli qaydada tərtib edilmiş, qarşı tərəfin iştirakı təmin edilməməklə aktın həqiqiliyini şübhə altına düşdüyündən həmin akt sübut növü kimi qəbul edilə bilməz. Digər sübut növləri olan ekspertiza rəylərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyininin alınması üçün elektrik enerjisinin verilməsinin dayandırılması hadisəsi baş verdikdən dərhal sonra deyil, üzərindən 1 ay 20 gün keçdikdən müraciət edilmişdir. Buda onu deməyə əsas verir ki, mübahisəli avadanlığa ziyan dəyməsi anı ilə rəyin verilməsi anı üst-üstə düşmədiyindən ziyanın sırf həmin hadisə ilə bağlılığı müəyyən edilmir (digər kənar təsir, baxımsızlıq və s . kimi hallar üzrədə yarana bilər). Bundan əlavə isə iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyində qiymətləndirmə prosesində cavabdehin iştirakı təmin edilməmiş və həmin proses bir tərəfli qaydada həyata keçirilmişdir. Digər sübut növü kimi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli rəyinə nəzər yetirdikdə aydın olur ki, zərərin olması faktı müəyyən edilsədə nəticədə ekspert bilərdi” ifadəsindən istifadə etməklə səbəbli əlaqəni konkret müəyyən edə bilməmiş və həmin rəydə avadanlığın konkret hansı hissələrinə ziyan dəyməsi qeyd edilməmişdir.

71. Eyni zamanda iddiaçı xx.xx.2023-cü il tarixdə elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində "Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə ziyan dəydiyini və avadanlığın sıradan çıxdığını qeyd etsə də, kərpic zavodun abonent saldosuna əsasən elektrik enerjisindən istifadəyə görə sərfiyyat xx.xx.2022xx.xx.2022-ci il tarixdə 8850 manat, xx.xx.2022 - xx.xx.2023-cü tarixdə 9150 manat, xx.xx.2023 - xx.xx.2023-cü il tarixdə (28 gün) 7950 manat məbləğində olmuşdur. Göründüyü kimi, elektrik enerjisinin verilməsinin dayandırıldığı 2023-cü ilin yanvar ayı ilə ondan əvvəlki və sonrakı ay arasında elektrik enerjisi sərfiyyatında kəskin fərq müşahidə olunmadığını nəzərə alaraq həmin hadisədən sonra sözügedən avadanlığın işlək vəziyyətdə olması qənaətinə gəlmək olar.

72. Bundan başqa iddiaçı 8800 manat dəyərində 55000 ədəd hazır kərpicin və 2448 manat dəyərində 20400 yarım fabrikat kərpicin yararsız hala düşdüyünü qeyd etsə də, məhkəməyə həmin kərpiclərin xx.xx.2023-cü il tarixdə elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində yarasız hala düşməsini təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, yuxarıda qeyd edilən hüquqi mövqeyə əsasən avadanlığın sıradan çıxması ilə zərərin bir başa səbəbli əlaqəsi müəyyən edilə bilmədiyindən kərpiclərində həmin hadisə ilə bir başa bağlılığı müəyyən edilə bilməmiş, yalnız ehtimallara əsaslanmışdır. İş materiallarında olan ekspert rəylərində isə kərpiclərə hansı həcmdə, nədən ziyan dəyməsi qeyd edilməmişdir. Bundan əlavə isə həmçinin iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş rəyin özündə belə üumiyyətlə kərpiclərlə bağlı səbəbli əlaqəyə toxunulmamışdır. Bundan əlavə isə məhkəmə tərəfindən müəyyən edilir ki, kərpiclər press avadanlığından çıxdıqdan sonra qurulama (su atma) üçün sobalara yerləşdirilərək qurudulur və həmin nəm hava kütləsi quraşdırılmış ventilyatorlar vasitəsilə havaya buraxılır. Birinci instansiya məhkəməsinin icraatı zamanı iddiaçı həmin sobaların qazla işləməsini qeyd etmiş və həmin dövrlərdə elektrik enerjisinin sərfiyyatının yaranmasını bununla bağlı olduğunu bildirmişdir. Yəni kərpiclərin soyudulması prosesi elektrik enerjisi ilə deyil, qazdan istifadə ilə həyata keçirildiyindən iddiaçının iddiası bu hissədə əsaslı hesab edilə bilməz.

73. Məhkəmə kollegiyası onuda qeyd edir ki, iddiaçının dəlillərindən biridə həmin avadanlığın elektrik enerjisi dayandığı təqdirdə onu işlədə biləcək gücə malik generatorun olmamasını qeyd etmişdir. Lakin Sumqayıt Regional Enerji Təchizatı və Satış İdarəsinin 2025-ci il 14 fevral tarixində birinci icraat üzrə apellyasiya instansiyasına ünvanladığı məktubdan görünür ki, zavoddakı pressin ümumi gücü 255 Kvt təşkil edir və həmin pressi qidalandırmaq üçün 400-500 Kvt gücündə generatorun quraşdırılmasının mümkünlüyü öz əksini tapmışdır. Göründüyü kimi kərpic istehsalı prosesi dövri xarakter daşımaqla yanaşı istehsalın hər bir mərhələsi fasiləsiz şəkildə həyata keçirilir. İddiaçının təqdim etdiyi məlumatlara əsasən istehsal prosesində istifadə olunan əsas qurğu elektrik enerjisi ilə işləyir. Belə olan halda, iddiaçı öz təsərrüfat fəaliyyətinin fasiləsizliyini təmin etmək və mümkün risklərin təsirini minimuma endirmək məqsədilə elektrik enerjisinin verilməsinin dayandırılması və kəsilməsi ehtimallarını diqqətdə saxlayaraq ağlabatan ehtiyatlılıq göstərməklə alternativ enerji mənbəyindən istifadə imkanını nəzərdə tutmalı idi. Belə tədbiri görməklə iddiaçı ona dəymiş zərərin artmasının qarşısını ala bilərdi. Yəni iddiaçı qeyd olunan generatoru almaqla yarana biləcək risklərdən özünü qoruya bilməyinə baxmayaraq bunu lazımi diqqət göstərməyərək etməmişdir.

74. Göründüyü kimi, iddiaçı maddi ziyanın mövcud olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bundan başqa məhkəmə araşdırması zamanı elektrik enerjisinin verilməsinin dayandırılması ilə iddiaçıya maddi ziyan dəyməsi arasında səbəbli əlaqə müəyyən edilməmişdir.

75. Məhkəmə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

76. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur.

77. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

78. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

79. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e2-2(119)-29/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e2-2(119)- 29/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar