Məhkəmə qərarları › İş №2-2(105)-18/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-18/2025

13.01.2025 · Sair işlər - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-18/2025 13.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2-2(119)-1700/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ:

1. Paylayıcı Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış 10 iyun 2019-cu il tarixli, AXM-2864/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.

2. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 24 iyun 2021-ci il tarixli SS № 29/1640-01376 nömrəli aktdan görünür ki, dövlət yoxlamasına gətirilmiş Xaçmaz rayon xidmət sahəsinin İddiaçı pivə istehsalı sexinin qaz xətti üzərində quraşdırılmış “G400” markalı 80106190 nömrəli turbin tipli "Elester" qaz sayğacı xx.xx.2021-ci il tarixdə xətdən çıxarılmış (Forma-2 № 9024517), xx.xx.2021-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, baza temperaturu standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsində keçən qaz sərfi düzgün qeydə alınmamışdır. Yoxlama nəticəsi: Xətalar normaya uyğundur. Batereya və impuls ötürücüsü tələb olunur.

3. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan İstifadə qaydalarının pozulması haqqında” 29 iyun 2021-ci il tarixli, ******* nömrəli aktda qeyd olunur ki, “ ...istehlakçıya məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldı və aşağıdakılar müəyyən olundu:... Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə QEYD: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2021- ci il tarixli SS № 29/1640-01376 nömrəli rəyinə əsasən G-400 markalı 80106190 nömrəli turbin tipli elester qaz sayğacının baza temperaturu standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsindən keçən qazın sərfi düzgün qeydə alınmayıb. Tələb: Dəymiş ziyan hesablansın və ödənilsin.

4. İş materiallarında olan abonent saldosundan görünür ki, 2021-ci ilin iyun ayında akt əsasında İddiaçınə məxsus **********00000 nömrəli abonent koduna 12500,6 (on iki min beş yüz manat altmış qəpik) manat məbləğində borc hesablanmışdır.

5. “İstehlak edilmiş təbii qazın dəyərinin ödənilməsi barədə” Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1 saylı razılaşma protokoluna əsasən İstehlakçı təbii qazdan istifadəyə görə 10690.63 (on min altı yüz doxsan manat 63 qəpik) borcun olmasını qəbul etmiş, 2021-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında hər ayın 25-ə qədər 2138.13 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmanın 1.3-cü bəndində göstərilir ki, istehlakçıya hesab-faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu razılaşma Protokolunun 1.2 yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borc üzrə ödəniş edilmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılacağını qəbul edir və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürülməyəcəyini bildirir.

6. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazın uçotunun pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli UP-23 nömrəli aktda qeyd olunur ki, “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq “G400” markalı 80106190 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcmi yenidən hesablanaraq 36879 m3 müəyyən olunmuşdur.

7. İş materiallarında olan abonent saldosundan görünür ki, 2023-cü ilin yanvar ayında akt əsasında İddiaçınə məxsus **********00000 nömrəli abonent koduna 8113,38 (səkkiz min yüz on üç manat otuz səkkiz qəpik) manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli UP 23 nömrəli akt əsasında hesablanmış 8105 (səkkiz min yüz beş) manat məbləğində borcun və 29 iyun 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 12500,6 (on iki min beş yüz manat altmış qəpik) manat məbləğində borcun silinməsi, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və 152 (yüz əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Armud-Padar kəndində yerləşən İddiaçı pivə istehsalı sexindən kənarda, yəni iddiaçının nəzarətində olmayan sahədə istehlakçıya məxsus "G-400" markalı 80106190 nömrəli sayğac quraşdırılmış və qaz cihazları istismar olunur. xx.xx.2024-cü il tarixdə Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən 8105 (səkkiz min yüz beş) manat pulun (debitor borcunun) ödənilməsi barədə İddiaçınə pretenziya məktubu daxil olmuşdur. Müəyyən olunmuşdur ki, İddiaçı pivə istehsalı sexinə həmin sexdə quraşdırılmış istehlakçıya məxsus "G-400" markalı 80106190 nömrəli sayğaca Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Təbii qazın uçotunun pozulması haqqında” UP 23 nömrəli akta əsasən 8105 (səkkiz min yüz beş) manat debitor borc hesablanmış və həmin borcun ödənilməsi tələb edilir. Cavabdeh əməkdaşları tərəfindən həmin sahədə quraşdırılmış sayğaca baxış keçirilən zaman İddiaçı nümayəndəsinin iştirakı təmin olmamışdır. Həmçinin həmin sayğaca İddiaçı hər hansı bir işçisinin də müdaxilə etməsi qeyrimümkündür. Belə ki, həmin sayğac İddiaçı pivə istehsalı sexindən təqribən 1 km kənarda, yəni İddiaçı ərazisində deyil, Xaçmaz şəhərini su ilə təmin edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin su anbarının ərazisində quraşdırılmışdır. Həmin sahə mühafizə olunan ərazidir, ərazinin girişində polis postu vardır və ərazi polisin nəzarətində olmaqla fasiləsiz olaraq mühafizə olunur, kənar şəxslərin, o cümlədən İddiaçı əməkdaşlarının həmin sahəyə girişi qadağandır, sayğaca baxış keçirmək üçün giriş yalnız Xaçmaz X5 İdarəsinin müraciəti əsasında polisin razılığı ilə mümkündür. Həmin sayğac mühafizə olunan ərazidə yerləşməklə yanaşı, həm də magistral (tranzit) qaz kəmərinin üzərində quraşdırılmış, sayğacın quraşdırıldığı qutunun açarı da Xaçmaz X5 İdarəsinin mütəxəssislərindədir. Ona görə də, həmin akta əsasən hesablanmış 8105 (səkkiz min yüz beş) manat debitor borc əsassızdır. Həmin akt İddiaçı nümayəndəsinin iştirakı olmadan tərtib olunduğuna və yalnız tərtib olunduqdan bir müddət sonra təqdim olunduğundan, İddiaçı işçisi aktı imzalamaqdan imtina etmişdir. Bundan başqa, 27 iyun 2021-ci il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİnin əməkdaşları tərəfindən müəssisəyə quraşdırılmış qaz sayğacı çıxarılaraq başqası ilə əvəz olunmuşdur. 29 iyun 2021-ci il tarixində isə həmin şöbənin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş, həmin aktda qaz sayğacında korrektorun parametr göstəricilərində baza tempraturu standarta uyğun olmadığı üçün elektron hissədən keçən qazın sərfinin düzgün qeydə alınmadığı yazılmışdır. Həmin akta əsasən 30 iyun 2021-ci il tarixli tələbnamə tərtib olunaraq 62503 m3 həcminə, yəni 12500,6 manat məbləğində ziyan hesablanmışdır. İddiaçının mülkiyyətində olan müəssisəyə dair abonentin saldosundan görünür ki, qaz sayğacı quraşdırıldığı vaxtdan indiyədək qaz sərfiyyatında ciddi fərqlər olmamışdır. Bundan başqa, Cavabdeh iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasını hər hansı şəkildə sübuta yetirməmiş və bu hal yalnız ehtimal olunmuşdur. Cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən edilməmiş, bu faktı təsdiq edən hər hansı sübut əldə olunmamışdır. Halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Ona görə də, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akta əsasən müəssisənin abonent hesabına hesablanmış 12500,6 manat borc da əsassız hesablanmışdır.

10. Cavabdehin nümayəndəsi etiraz təqdim edərək iddiaçının iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Azəriqaz" X3 RQİİ-nin Şabran Xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan İddiaçı pivə istehsalı zavodunda sənaye məqsədləri üçün təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə iddiaçı tərəf üzərinə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixdə abonentin sayğacı xətdən açılaraq laboratoriyaya göndərilmiş, laboratoriyanın xx.xx.2021ci il tarixli rəyinə əsasən G-400 markalı 80106190 nömrəli Turbin tipli ELSTER qaz sayğacının baza temperaturunun standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsinin keçən qazın sərfi düzgün qeyd etmədiyi müəyyən olunmuşdur. Bu rəyə müvafiq olaraq abonent üçün “Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuş və itirilmiş qazın bərpasına uyğun olaraq 62503 m3 və ya 12500,60 manat ziyan məbləği hesablanaraq abonent koduna işlənilmişdir. İddiaçı bu borcu qəbul etmiş və tərəflər arasında tərtib edilmiş və hər iki tərəfin təsdiq etdiyi xx.xx.2021-ci il tarixli 1 saylı razılaşma protokoluna əsasən borcu qəbul etmiş, beş ay ərzində (avqust, sentyabr, oktyabr, noyabr, dekabr) hissə-hissə ödəməyi, bununla bağlı Cavabdeh İsehsalat Birliyinə heç bir tələb irəli sürməməyi öhdəsinə götürmüşdür. Buna görə də razılaşma protokolu İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi üçün əsasdır. İddiaçı iddia tələbinin digər hissəsi abonent barəsində tərtib edilmiş “Təbii qazın uçotunun pozulması haqqında” xx.xx.2023-cü il tarixli 23 saylı aktla bağlıdır. Belə ki, bu akta görə xx.xx.2022-ci il tarixdə sayğaca yerində xidmət göstərilərkən xətaların normaya uyğun olmadığı müəyyən edilmiş, uçota alınmayan qaz sərfi 36879 m3 olmaqla dəyəri 8113,38 manat abonentin koduna işlənilmişdir. Bu sübut da İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmək üçün əsaslardan biridir. Göründüyü kimi, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir.

11. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli ərizəsində 2019-2024-cü illərin abonentin saldosuna istinad edərək cavabdehin iddiaçının mühafizə olunan ərazidə quraşdırılmış sayğaca heç bir müdaxilə edə bilməməsini görüb, bundan sui-istifadə edərək, hər iki ildən bir, yəni 2019, 2021 və 2023-cü illərdə qanunsuz aktlar tərtib etməklə, iddiaçıya süni surətdə əlavə borc hesablanmasına nail olduğunu bildirmişdir.

12. Sumqayıt Kommersiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 1700/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçınə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli UP 23 nömrəli akt əsasında hesablanmış 8105 (səkkiz min yüz beş) manat məbləğində borcun və 29 iyun 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 12500,6 (on iki min beş yüz manat altmış qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 151,82 (yüz əlli bir manat səksən iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının əvəzinin tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.9-cu bəndlərinə, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanuna və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə 06 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə monitorinq, müşahidə, təftiş, nəzarət, xrometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Məhkəmənin istinad etdiyi bu qanun norması Qətnamənin hüquqi əsası kimi qeyd edilmişdir. Məhkəmə cavabdehin yoxlama haqqında məlumatın reyestrə daxil etməməsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Halbuki, iddiaçının qaz sayğacı müəssisə ərazisindən kənarda yerləşdiyinə görə Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə, yəni müəssisənin ərazisinə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Mübahisə edilən məbləğ sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən hesablanmamışdır. Sayğacın texniki şərtlərə cavab verməməsi isə laboratoriyada müəyyən edilmişdir. Bu rəyə əsasən iddiaçı üçün uçotu pozulmuş qaz sərfinin miqdarı onun hesabina işlənilmişdir ki, akt tərtib edilən zaman da yoxlamanın vahid reyestrə salınması barədə çıxarış alınmışdır. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İşdə olan laboratoriya rəyi, tərtib edilmiş aktlar, iddiaçıya verilən cavab məktubu, iddia ərizəsinə etiraz qiymətləndirilməmişdir. Məhkəmə qanunsuz yoxlamaya əsaslanaraq iddianı təmin etmişdir. Halbuki, qanunsuz yoxlama o halda hesab edilir ki, yoxlayıcı sahibkarlıq fəaliyyətinin hayata keçirildiyi yerə getsin və sahibkarlıq fəaliyyəti subyektlərində yoxlama aparsın və bu yoxlama barədə məlumatı vahid reyestrə daxil etməsin. İşdə olan sübutlardan müəyyən olunur ki, Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb əvəz edərkən müəssisənin ərazisinə getməmiş və heç bir yoxlama aparmamışlar. Bundan əlavə İddiaçı MMC bu borcu qəbul etmiş və tərəflər arasında tərtib edilmiş və hər iki tərəfin təsdiq etdiyi xx.xx.2021-ci il tarixli 1 saylı “Razilaşma protokolu”na əsasən borcu qəbul etmiş, beş ay ərzində (avqust, sentyabr, oktyabr, noyabr, dekabr) hissə-hissə ödəməyi, bununla bağlı Cavabdeh İB-yə heç bir tələb irəli sürməməyi öhdəsinə götürmüşdür. İş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qətnaməni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərinin pozulmasına əsasən qəbul etmişdir. Halbuki sayğacın çıxarılması qanunsuz yoxlama kimi qiymətləndirilə bilməz. Çünki, sayğac obyektdən kənar yerdə quraşdırılmışdır.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.3. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir 2.11-2. qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. ... 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.3. yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod.

21. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.1. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, mübahisələndirilən aktlar əsasında hesablanmış borcların silinməsinə dair iddianı təmin edən birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh yoxlamaların aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəylə razılaşaraq apellyasiya şikayətinin cavabdeh tərəfindən iddiaçı barədə aparılmış yoxlamaların Cavabdeh İB-nin işçilərinin cavabdeh müəssisənin ərazisinə getmədikləri və heç bir yoxlama aparmadıqları və dolayısıyla da həmin aktların tərtib olunmasına əsas olmuş hərəkətlərin yoxlama olmadığından yoxlamaların vahid reyesterdə qeydə alınmalı olmaması barədə dəlillərini əsassız hesab edir.

27. Belə ki, müəyyən edilmiş hallarına əsasən iddiaçının mübahisələndiriyi borc məbləği cavabdeh tərəfindən iddiaçı barəsində təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanılması nəticəsində tərtib olunmuş 29 iyun 2021-ci il tarixli, ******* nömrəli akta və “Təbii qazın uçotunun pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli UP-23 nömrəli akta əsasən hesablanmışdır. Hər iki aktın məzmunundan da göründüyü kimi, həmin aktlar məhz müvafiq yoxlamaların nəticəsi olaraq tərtib olunmuşdur. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir. Qeyd edilməlidir ki, sözügedən reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də, qanunvericiliyə əsasən, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

28. Kollegiya həmçinin qeyd edir ki, istinad edilən qanunvericilik aktlarının tələbləri baxımından apellyasiya şikayətinin “iddiaçının qaz sayğacı müəssisə ərazisindən kənarda yerləşdiyinə görə Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə, yəni müəssisənin ərazisinə getməməsi, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparılmaması” barədə dəlilləri də əsassız sayılmalıdır. Belə ki, qaz sayğacının müəssisənin ərazisindən kənarda yerləşməsi işin mübahisəsiz halı olmaqla, bu bir tərəfdən iddiaçının həmin sayğaca hərhansı müdaxilə imkanlarını istisna edir, digər tərəfdən həmin sayğacın məhz iddiaçını qazla təchiz edən borunun üzərində yerləşməsi cavabdeh tərəfindən həmin sayğacla bağlı yoxlamaların məhz “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun şəkildə aparılmalı olması nəticəsinə gəlməyə əsas verir.

29. Apellyasiya şikayətinin tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1 saylı razılaşma protokolunun şərtlərinə istinad edilməklə irəli sürülən dəlillərinə gəldikdə isə, kollegiya qeyd edilən protokolun məzmunu baxımından MPM-in yuxarıda istinad edilən 4.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, həmin protokolda İddiaçı MMC-nin Cavabdehnə qarşı heç bir tələb irəli sürülməyəcəyi barədə qeydin olması iddiaçını hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququnu aradan qaldırmır.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 1700/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar