Məhkəmə qərarları › İş №2-2(105)-2/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-2/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-2/2025 14.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" Firmasının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-46/2024 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-46/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “Şəhriyar 99“ Firmasından təbii qazdan istifadəyə görə yaranmış 42551,44 manat məbləğində borc və ödənilmiş 400 manat məbləğində mediasiya xərci olmaqla cəmi 42951,44 manat (qırx iki min doqquz yüz əlli bir manat qırx dörd qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, habelə cavabdeh “Şəhriyar 99“ Firmasından 217,65 manat (iki yüz on yeddi manat altmış beş qəpik) məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən həm İddiaçı, həm də cavabdeh "xxxx" Firması tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Firmasından təbii qazdan istifadəyə görə yaranmış 65599,38 manat (altmış beş min beş yüz doxsan doqquz manat otuz səkkiz qəpik) məbləğində borcun və ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 20 sentyabr 2019-cu il tarixli, AMX- 6041/19 nömrəli müqavilə əsasında “Şəhriyar-99“ Firmasını təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə cavabdehin 01 dekabr 2022-ci il tarixə 65599,38 manat borcu yaranmışdır. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə iddiaçı tərəfindən mediasiya şurasına və pretenziya qaydasında müraciətlər olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Lakin cavabdeh tərəfindən aybaay ona təqdim olunmuş hesabların natamam ödənilməsi, bəzən isə ödənilməməsi nəticəsində böyük məbləğdə debitor borcu yaranmışdır ki, cavabdeh həmin borcu qısa müddətdə və tam şəkildə ödəməkdən yayınır. Ona görə də iddiaçı borcu məhkəmə vasitəsilə tələb etməyə məcbur olmuşdur. Cavabdeh "xxxx" Firmasının nümayəndəsi Nümayəndə2 Əliəkbər oğlu isə xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi əsası ilə İddiaçı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının 20 sentyabr 2019-cu il tarixli AMX-6041/19 saylı müqavilə üzrə mübahisələndirdiyi 65599,38 manat borcun 60022,27 manatı 14 aprel 2014-cü il tarixli 1097-04-14 saylı əvvəlki müqavilə üzrə hesablanmış qeyri-qanuni borcdur. Belə ki, iddaçı sayğacdan kənar olaraq 2019-cu ilin mart ayı üçün cavabdehə 31506,44 manat, 2019-cu ilin aprel ayı üçün isə 28515,83 manat qanunsuz borc hesablamışdır. Bu fakt iddiaçının 16 avqust 2019-cu il tarixli bildirişində də öz əksini tapmışdır. Həmin borcun silinməsinə dair "xxxx" Firması İddiaçınə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və sonradan cavahdeh mübahisəni məhkəmədən kənar həll etməyi, yəni birtərəfli qaydada borcun silinməsini öhdəsinə götürdüyündən iddia ərizəsi baxılmamış saxlanılmışdır. 13 sentyabr 2019-cu il tarixindən bu günə kimi iddiaçı borcu mübahisələndirməmiş, bununla da 3 illik iddia müddətini ötürmüşdür. İş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinə görə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində 65599,38 manat borcun tutulması xahiş olunsa da, məhkəməyə təqdim olunmuş 29 fevral 2024-cü il tarixli abonentin saldosunda "xxxx" Firmasının həmin tarixə 63745,54 manat borcunun olduğu göstərilir. Bu borcun 42551,44 manat məbləğinin istifadə olunmuş təbii qaza görə sayğac göstəriciləri əsasında, 21194,10 manat məbləğinin isə müvafiq aktlar əsasında hesablandığı görünür... İddiaçı tərəfindən abonent saldosuna 2017-ci ilin yanvar ayında qalıq və aktlar qrafasında qeyd edilmiş 5636,10 manat məbləğində borcla bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, həmin məbləğ İddiaçı İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Malik Muradzadə tərəfindən Birliyin Baş direktorunun Satış və istismar üzrə müavini Ruslan Əliyevə ünvanlanmış “Hesabatda düzəliş olunması barədə” xx.xx.2017-ci il tarixli Xidməti məlumat əsasında hesablanmışdır. İş materiallarında olan Xidməti məlumatdan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, qaz sayğacına 12 dekabr 2016-cı il tarixində baxış keçirilən zaman faktiki sayğac göstəricilərinin abonentin hesab-koduna işlənmiş göstəricilərlə uzlaşmaması aşkar edilmiş və uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə 5636,10 manat dəyərində əlavə 28180,5 m3 qaz həcmi abonentin saldosunun akt hissəsinə işlənmişdir. Halbuki, istehlak edilmiş qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz... Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əməkdaşları tərəfindən cavabdeh "xxxx" Firmasında sayğaca baxış keçirilərək 29 mart 2019-cu il tarixli 000011 nömrəli akt tərtib edilmiş, həmin akta əsasən "xxxx" Firmasına məxsus **********00200 nömrəli abonent hesabına 15558 manat məbləğdə borc hesablanmış, lakin iddiaçı tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. İddiaçı tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. İş materiallarında olan abonentin saldosunda 2019-cu ilin mart ayında akt əsasında hesablanmış 15558 manat borcun növbəti ay akt üzrə yazılmış borclar qrafasından silinməsi qeyd edilsə də, abonentin saldosu və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat əsasında müəyyən olunmuşdur ki, həmin borc məbləği aprel ayı üzrə sərfiyyat məbləğinə əlavə edilmişdir... Beləliklə, məhkəmə bu nəticəyə gəlmişdir ki, cavabdehin abonent hesabına 2017-ci ilin yanvarında 5636,10 manat və 2019-cu ilin martında 15558 manat olmaqla cəmi 21194,10 manat məbləğində əlavə borc qanunsuz olaraq hesablanmışdır. Ona görə də məhkəmə iddianı həmin məbləği çıxmaqla qalan hissədə təmin etmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşmayan hər iki tərəf ondan apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək iddianın həmin hissədə də (yəni tam) təmin olunması, cavabdeh "xxxx" Firması isə qətnamənin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilərək iddianın həmin hissədə də (yəni tamamilə) rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinə dair kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş sübutlardan göründüyü kimi, cavabdehin istifadəsində olan qaz sayğacı sərf edilən qaz həcmini elektron hissədə qeyd etmədiyinə görə iddiaçı tərəfindən qaz sayğacının elektron yaddaşına əsasən təbii qazdan istifadəyə görə qazın dəyəri hesablanmışdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə qeyri-əhali istehlakçı qrupu üzrə təbii qazın dəyərinin 01 dekabr 2016-cı il tarixindən etibarən hər min kubmetr üçün 200 (iki yüz) manat səviyyəsində təsdiq edildiyini nəzərə alaraq 2016-cı ilin noyabr ayında artıq yazılmış (yüklənmiş) 56361 (əlli altı min üç yüz altmış bir) m3 qaz həcminin yeni tarifə əsasən faktiki dəyəri 11272,20 manat (on bir min iki yüz yetmiş iki manat iyirmi qəpik) olduğu halda, saldoda 5636,10 manat (beş min altı yüz otuz altı manat on qəpik) məbləğində göstərilmişdir ki, bu da öz növbəsində qazın faktiki dəyərindən 5636,10 manat (beş min altı yüz otuz altı manat on qəpik) azdır. Bu səbəbdən 2017-ci ilin yanvar ayında dəyəri hesablanmamış qazın dəyəri (5636,10 manat) istehlakçının qaz hesabına işlənmişdir... Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 000011 saylı aktdan göründüyü kimi, cavabdehin istifadəsində olan G-1600 tipli, 10516022 nömrəli qaz sayğacının arxiv məlumatlarının araşdırılması nəticəsində pasport göstəricilərinə əsasən minimal həddən aşağı sərfiyyatda keçən qazın həcmini tam qeydə almadığı səbəbindən cavabdehə 15558 manat məbləğində hesabatdan kənarda qalmış borc hesablanmışdır. xx.xx.2019-cu il tarixdə isə İddiaçı İB tərəfindən həmin məbləğ cavabdehin qaz hesabından silinmişdir. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, 2019-cu ilin mart ayında akt əsasında 15558 manat borc hesablanmış, növbəti ay həmin məbləğ akt üzrə yazılmış borclar qrafasından silinmiş, lakin aprel ayı üzrə sərfiyat məbləğinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi, 2019-cu ilin mart ayında “qalıq və aktlar” bölümündə 1558 manat (77790 m3 x 0,20 = 15558) əks olunmuş və həmin ayın sonuna sayğac göstəricisi ******* m3 olmaqla ümumi borc 57918,17 manat təşkil etmişdir. Növbəti aprel ayının sonuna sayğac göstəricisi ******* m3 olmuş, sərf edilən qaz həcmi 271384 m3 olmuş (2869230 m3 - ******* m3 = 271384 m3) və dəyəri 54276,80 manat (271384 m3 x 0,20 = 54276,80) təşkil etmişdir. Bundan sonra aprel ayı üzrə hesablanmış qaz həcmindən mart ayında akt əsasında əlavə yazılmış qaz həcmi çıxılmış (271384 m3 – 77790 m3 = 193594 m3) və həmin akt əsasında hesablanmış 15558 manat borc da cavabdehin hesabından silinmişdir. Göründüyü kimi, aprel ayında sərf edilən qaz həcminin dəyəri sayğac göstəricilərinə əsasən 54276,80 manat məbləğində işlənmiş və akt əsasında hesablanmış 15558 manat borc istehlakçının qaz hesabından silinmişdir. Buradan aydın görünür ki, məhkəmə səhv nəticəyə gələrək sayğac göstəricilərinə əsasən hesablanmış borcun silinməsini qət etmişdir... Beləliklə də 1-ci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi hissəsində səhv nəticəyə gəlmiş və iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir... Məhkəmə kollegiyasından xahiş olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-46/2024 nömrəli qətnaməsini iddianın rədd edilmiş hissəsində ləğv edib, İddiaçı İB-nin iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edərək, Birliyin apellyasiya şikayətini təmin etsin. Cavabdeh "xxxx" Firması apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-46/2024 nömrəli qətnaməsi qanunsuz və əsassızdır, qətnamə ləğv olunmalı və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə qətnaməsini iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışı və digər sübutlara istinad etməklə əsaslandırmış, həmin sənədləri mötəbər sübut kimi qəbul etmişdir. İddia ərizəsindən görünür ki , iddiaçı xx.xx.2019-cu il tarixli AMX6041/19 saylı müqavilə üzrə guya "Şəhriyar-99” MMC-nin xx.xx.2022-ci il tarixə 65599,38 manat borcu yarandığını iddia edir. İddiaçının xx.xx.2019-cu il tarixli AMX- 6041/19 saylı müqavilə üzrə mübahisələndirdiyi 65599,38 manat borcun 60022,27 manatı xx.xx.2014-cü il tarixli 1097-04-14 saylı müqavilə üzrə hesablanmış qeyri-qanuni borcdur. Belə ki, iddiaçı sayğacdan kənar olaraq 2019-cu ilin mart ayı üçün cavabdehə 31506,44 manat, 2019-cu ilin aprel ayı üçün isə 28515,83 manat qanunsuz borc hesablamışdır. Bu fakt iddiaçının xx.xx.2019-cu il tarixli bildirişində də öz əksini tapmışdır. Həmin borcun silinməsinə dair cavabdeh iddiaçıya qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və sonradan cavabdeh mübahisəni məhkəmədən kənar həll etməyi, yəni birtərəfli qaydada borcu silməyi öhdəsinə götürdüyündən iddia ərizəsi baxılmamış saxlanılmışdır. xx.xx.2019-cu il tarixindən bu günə kimi iddiaçı borcu mübahisələndirməmişdir... Birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan iddiaçının iddia ərizəsində və iddiaya əlavəsində göstərdiyi borc məbləğinin qismən təmin olunması qənaətinə gəlmiş, Mülki Məcəllənin bir çox maddələrini qətnaməsində sadaladıqdan sonra iddianın qismən təmin olunmasını qət etmişdir. Apellyasiya məhkəməsinin nəzərinə çatdırılır ki, iddiaçı heç bir əsas olmadan iddianın həcmini artırmışdır. Məhkəmə isə cavabdehin heç bir vəsatətini təmin etmədən, məhkəməmühasibatlıq ekspertizası keçirmədən, real borcun olub-olmamasını araşdırmadan səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir... Ona görə də Sumqayıt Kommersiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, e-2-2(119)-46/2024 nömrəli qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya baxışı iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, irəli sürülən iddianın tam əsaslı olduğunu və iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunmayan hissəsində razılaşmadığını bildirdi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilib qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də, yəni tam təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı iclaslarında iştirak edən cavabdeh "xxxx" Firmasının nümayəndəsi Nümayəndə2 da cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunmuş hissəsində razılaşmadığını bildirdi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilib qətnamənin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də, yəni tamamilə rədd olunmasını, iddiaçının apellyasiya şikayətinin isə təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, cavabdeh "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində qismən (yəni məhkəmə tərəfindən cavabdeh "xxxx" Firmasının abonent saldosuna 2019-cu ilin mart ayında akt əsasında qanunsuz hesablanmış sayılan 15.558,0 manat borcun iddia məbləğindən çıxılması hissəsində) ləğv edilməli və iddia tələbi həmin hissədə də təmin edilməli (yəni cavabdeh "xxxx" Firmasından təbii qazdan istifadəyə görə xx.xx.2024-cü il tarixədək yaranmış 58109,44 manat məbləğdə borcun İddiaçı xeyrinə tutulması qət edilməli), qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan İddiaçı ilə "xxxx" Firması arasında bağlanmış 14 aprel 2014cü il tarixli 1097-04-14 nömrəli və 20 sentyabr 2019-cu il tarixli AMX 6041/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” müqavilələrinə əsasən, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba ödəyir. İddiaçı İB tərəfindən xx.xx.2024-cü il tarixdə elektron informasiya sistemindən çıxarış edilərək məhkəməyə təqdim olunmuş cavabdeh "xxxx" Firmasına məxsus **********00200 nömrəli abonent hesabı üzrə “Abonentin saldosu” ilə müəyyən olunur ki, "xxxx" Firması tərəfindən 2014-cü ilin aprel ayından 2023-cü ilin dekabr ayınadək istifadə olunmuş təbii qaza görə sayğac sərfiyyatı üzrə 1.020.632,05 manat, akt əsasında isə 2017-ci ilin yanvar ayında 5636,10 manat borc hesablanmış, həmin məbləğdən 962.522,61 manat ödəniş edilmiş, 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar-fevral aylarında qaz sərfiyyatı olmamış, beləliklə də abonentin xx.xx.2024-cü il tarixə 63.745,54 manat məbləğdə borcu qalmışdır. Cavabdeh "xxxx" Firması həmin borcla razılaşmayaraq iddia edir ki, İddiaçı İB-nin əməkdaşları ona sayğacdan kənar olaraq 2019-cu ilin mart ayında 31506,44 manat, 2019cu ilin aprel ayında isə 28515,83 manat, cəmi 60022,27 manat qanunsuz borc hesablamışlar. Bu fakt iddiaçının xx.xx.2019-cu il tarixli bildirişində də öz əksini tapmışdır. Həmin borcun silinməsinə dair tərəfindən 2019-cu ildə iddiaçıya qarşı 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində iddia qaldırılmış, sonradan iddiaçı (İddiaçı İB) mübahisəni məhkəmədən kənar həll etməyi, yəni birtərəfli qaydada borcu silməyi öhdəsinə götürdüyündən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İndi iddiaçının tələb etdiyi borc məbləğinin 60022,27 manatı 2019-cu ilin mart-aprel aylarında sayğacdan kənar hesablanmış borcdur, aralarında mübahisəli qalan həmin borc hələ də hesabatda saxlanılmışdır. Həmin borc üzrə iddia müddəti (3 il) də keçmişdir. Məhkəmə kollegiyası tərəfindən cavabdeh "xxxx" Firmasının nümayəndəsi Nümayəndə2 vəsatəti təmin edilərək, cavabdehin mübahisələndirdiyi 60022,27 manat məbləğdə borcun abonent saldosuna hesablanmasının düzgün olub-olmaması və başqa əhəmiyyətli halların araşdırılması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması həvalə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən məhkəməyə vəsatətlə müraciət edilərək, iş materiallarında olan sənədlərin tədqiqatında mütəxəssisin iştirakının zəririliyi bildirilmiş və İddiaçı İB-nin mütəxəssisinin tədqiqata cəlb edilməsi xahiş olunmuşdir. Məhkəmənin müraciətinə əsasən İddiaçı İB tərəfindən mütəxəssis ayrılmış və mütəxəssisin münasib vaxtda tədqiqat yerinə dəvət oluna bilməsi üçün onun telefon məlumatları ekspertə təqdim olunmuşdur. Bundan 2 aya yaxın müddət keçəndən sonra Məhkəmə Ekspertizası Mərkəzinə ekspertizanın keçirilməsinin və ekspert rəyinin məhkəməyə göndərilməsinin tezləşdirilməsi barədə məktub ünvanlanmışdır. Məktub MEM-ə daxil olandan 10 gün sonra ekspert tərəfindən məhkəməyə tədqiqatda mütəxəssisin iştirakı təmin olunmadığından ekspertizanın keçirilməsinin mümkün olmaması barədə məlumat verilmiş, eyni zamanda bu əsasla ekspertizanın aparılmasından imtina edilərək iş materialları icrasız geri qaytarılmışdır. Lakin, qeyd etmək lazım gəlir ki, ötən 2 ay ərzində ekspert tərəfindən məhkəməyə ekspertizanın keçirilməsinə mane olan hallar (o cümlədən mütəxəssisin iştirakı ilə əlaqədar problemlər olması) və bu halların aradan qaldırılması barədə müraciət edilməmişdir. Bu da ekspertizanın aparılmasından imtina edilməsinin üzrlü səbəblərinin olmamasına dəlalət edir. İş üzrə məhkəmə icraatı təzələndikdən sonra məhkəmə kollegiyası tərəfindən işdə olan, habelə tərəflərin öz dəlil və etirazlarını əsaslandırarkən əlavə təqdim etdikləri sənədlərin tədqiqi gedişində cavabdeh "xxxx" Firmasının ona sayğacdan kənar olaraq 2019-cu ilin mart ayında 31506,44 manat, 2019-cu ilin aprel ayında isə 28515,83 manat, cəmi 60022,27 manat məbləğdə qanunsuz borcun hesablanması barədə dəlillərinin əsassız olduğu müəyyən edilmişdir. Belə ki, bir qayda olaraq sayğacdan kənar sərfiyyatla bağlı hesablama aparılması üçün əvvəlcə müvafiq faktın aşkar edilməsinə dair akt tərtib olunur, sonra həmin akt üzrə hesablanmış borc məbləği abonentin saldosunda “Qalıq və aktlar” qrafasına qeyd edilir. Lakin, "xxxx" Firmasının abonent saldosuna (“Qalıq və aktlar” qrafasına) aktlar əsasında 2019-cu ilin mart ayında 31506,44 manat və aprel ayında 28515,83 manat məbləğdə borcun hesablanması təsdiqini tapmır. Abonent saldosundan müəyyən olunur ki, "xxxx" Firmasına 2019-cu ilin mart ayında akt əsasında yalnız 15.558 manat məbləğdə əlavə borc hesablanmışdır ki, həmin borc da növbəti ayda akt üzrə yazılmış borclar qrafasından silinmişdir. Bundan başqa isə, akt üzrə hesablanan borclar qrafasına 2017-ci ilin yanvar ayında 5636,10 manat məbləğdə borc yazılmışdır. Qeyd olunanlardan savayı "xxxx" Firmasının “Abonent saldosu”nda 2014-2023-cü illər ərzində akt üzrə hesablanan borclar (“Qalıq və aktlar”) qrafasına başqa borc yazılmamışdır. Cavabdehin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi üçün əsas gətirdiyi və məhkəmə kollegiyasının da ilkin mərhələdə nəzərə almış olduğu dəlillərin sonrakı araşdırma zamanı əsassızlığı müəyyən olunduğundan, kollegiya ekspertizanın təyin edilməsi barədə icrasız qaytarılmış qərardadın və iş materiallarının yenidən ekspertiza keçirilməsi və rəy verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsinə lüzum görməmişdir. "xxxx" Firmasının abonent saldosundan müəyyən olunur ki, cavabdehin qazdan istifadəyə görə həmişə debitor borcu olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixinə həmin borc 47.228,28 manat məbləğdə olmuş, 2019-cu il ərzində cavabdehin 247.405,60 manat dəyərində qaz sərfiyyatı olmuş və bundan 203.843,47 manat ödəniş edilmiş, xx.xx.2020-ci il tarixinə keçən borc 90.790,41 manat təşkil etmişdir. 2020-ci il ərzində cavabdehin qaz sərfiyyatının həcmi 121.494,60 manatlıq olmuş, cavabdeh 136.484,02 manat məbləğdə ödəniş etmiş və xx.xx.2021-ci il tarixinə 75.800,99 manat qalıq borcu qalmışdır. Habelə, cavabdehin 2021-ci il ərzində qaz sərfiyyatı 166.942,40 manatlıq, ödənişi 149.699,36 manat məbləğdə olmuş və xx.xx.2022-ci il tarixinə keçən borcu 93.044,03 manat təşkil etmişdir. Cavabdeh tərəfindən 2022-ci il ərzində 86.639,75 manat dəyərində qaz istifadə olunmuş və 114.084,40 manat məbləğdə ödəniş edilmiş, xx.xx.2023-cü il tarixinə 65.599,38 manat məbləğdə borcu qalmışdır. 2023-cü il ərzində qaz sərfiyyatı 8755,50 manatlıq, ödəniş 10.609,34 manat məbləğdə, xx.xx.2024-cü il tarixinə keçən borc isə 63.745,54 manat olmuşdur. Hər iki tərəfin təsdiqlədiyi “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktlarından da görünür ki, cavabdeh "xxxx" Firmasının 30 aprel 2020-ci il tarixə 87.092,62 manat, 30 iyun 2020-ci il tarixə 81.000,45 manat, 30 iyun 2022-ci il tarixə 73.409,06 manat məbləğdə qalıq borcu olmuşdur. Cavabdeh apellyasiya şikayətində iddia edir ki, İddiaçı İB-nin xx.xx.2019-cu il tarixli bildiriş-xəbərdarlıq əsasında ondan 60.022 manat məbləğdə qanunsuz hesablanmış borc tələb etməsi və bu borca görə qaz təchizatını dayandırması ilə əlaqədar tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində həmin borcun silinməsinə, habelə ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair iddia qaldırılmış, sonradan İddiaçı İB mübahisəni məhkəmədən kənar həll etməyi, yəni birtərəfli qaydada borcu silməyi öhdəsinə götürdüyündən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarından isə görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Firmasının müvəqqəti təminat tədbiri haqqında ərizəsi təmin edilərək, cavabdeh İddiaçı İB-nin üzərinə "xxxx" Firmasının istehsalat sahəsinə təbii qazın verilməsinin bərpa və qaz təchizatının dayandırılmasının qadağan olunması öhdəliyi qoyulmuşdur. Həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı "xxxx" Firmasının cavabdeh İddiaçı İB-nə qarşı “borcun silinməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası isə MPM-in 259.0.6-cı maddəsinə əsasən, yəni işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlanılmışdır... Göründüyü kimi, "xxxx" Firmasının iddiasına baxılmamasının səbəbi heç də İddiaçı İB-nin mübahisəni məhkəmədən kənar həll etməyi, yəni birtərəfli qaydada borcu silməyi öhdəsinə götürməsi olmamışdır. Digər tərəfdən, "xxxx" Firması da sözügedən iddiasına mahiyyəti üzrə baxılmasına maraq göstərməmiş, mübahisələndirdiyi borcun İddiaçı İB tərəfindən sonrakı dövrlərdə də tələb olunmasına (üzləşdirmə aktları və hesab-fakturalar vasitəsilə) baxmayaraq, həmin borcu yenidən mübahisələndirməmiş və bununla, həm də sonrakı üzləşdirmə aktlarını təsdiq etməklə ona hesablanmış borcla razılaşdığını nümayiş etdirmişdir. Görünür ki, "xxxx" Firmasının iddia qaldırmaqda əsas məqsədi dayandırılmış qaz təchizatının məhkəmə vasitəsilə bərpasına nail olmaq olmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi həmçinin qeyd etmişdir ki, iddiaçı 2019-cu ilin may ayında qaz sayğacının düzgün işləməməsini bəhanə gətirərək onu müvəqqəti sayğacla əvəz edib "xxxx" Firmasının sayğacını yoxlamaya göndərmiş, yoxlama adı ilə sayğaca müdaxilə olunmuş və nəticədə Firmaya bir ayda 54.000 manatlıq, yəni azı ikiqat həcmdə qaz sərfiyyatı hesablanmışdır. Həmin həcmdə aylıq sərfiyyat mümkün və reallığa uyğun deyildir. Bu fakt da iddiaçı tərəfindən cavabdehə qanunsuz borc hesablanmasını bir daha təsdiqləyir. Cavabdehin qeyd olunan mülahizəsi ilə bağlı iddiaçının nümayəndəsi bildirmişdir ki, əksinə, 2019-cu ilin aprel ayında cavabdehin sayğac göstəricilərinə əsasən qaz sərfiyyatı 54.276,80 manat həcmində olduğundan cavabdeh tərəf buna narazılıq və etiraz etmiş, həmin həcmdə sərfiyyatın qeyri-real və həddən artıq şişirdilmiş olduğunu, həmçinin sayğaca müdaxilə olunduğunu və onun düzgün işləmədiyini bildirmiş, sayğacın yoxlamaya göndərilməsini tələb etmişdir. Ona görə də may ayında sayğac çıxarılaraq yoxlamaya göndərilmiş, bunun təşəbbüskarı cavabdeh olmuşdur. Yoxlama nəticəsində sayğaca hər hansı müdaxilə halı, yaxud onun işində xəta aşkar olunmamışdır. İş materiallarından görünür ki, həqiqətən də 13 may 2019-cu il tarixdə "xxxx" Firmasına məxsus G-1600 markalı 10516022 nömrəli sayğac metroloji yoxlamaya göndərilmək üçün çıxarılmış və yerinə müvəqqəti sayğac quraşdırılmışdır. Bu barədə Firmanın nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakı ilə və onun tərəfindən imzalanmış aktlar tərtib olunaraq hər iki qaz sayğacının üzərindəki sərfiyyat göstəriciləri aktlara yazılmışdır. İddiaçı İB-nin Metrologiya Departamentinin xx.xx.2019-cu il tarixli 29/1640-01180 nömrəli Arayışından görünür ki, yoxlama (sınaq) zamanı G-1600 markalı 10516022 nömrəli sayğacda hər hansı nasazlıq (xəta) aşkar olunmamış, sayğac istismara tam yararlı hesab edilmişdir; yoxlamanın sifarişçisi Abşeron rayonu "xxxx" Firması olmuşdur. 27 may 2019-cu il tarixdə müvəqqəti sayğac çıxarılaraq Firmaya məxsus sayğac öz yerinə quraşdırılmışdır. Yenə də sayğacların dəyişdirilməsi zamanı Firmanın nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə və onun tərəfindən imzalanmış aktlar tərtib olunaraq hər iki sayğacın göstəriciləri aktlarda qeyd olunmuşdur. Yoxlamadan sonra cavabdeh tərəfindən iddiaçıya sayğaca müdaxilə olunması (onun sərfiyyat göstəricilərinin dəyişdirilməsi və s.) ilə bağlı heç bir irad bildirilməmişdir. Abonent saldosundan həmçinin müəyyən olunur ki, cavabdehə hesablanmış 54.276,80 manatlıq qaz sərfiyyatı 2019-cu ilin aprel ayında, yəni sayğac yoxlamaya göndərilənə qədər olmuşdur. Metroloji yoxlamanın nəticəsinə əsasən sayğac qüsursuz (xətasız) işləmiş və 2019-cu ilin aprel ayında sayğac üzrə 271.384 m3 (elektron göstərici: 2869***-*******) qaz istifadə olunmuşdur ki, bunun da dəyəri 54.276,80 manat təşkil etmişdir. Həmin ayın qaz sərfiyyatından əvvəlki ayda akt əsasında artıq hesablanmış 77.790 m3 (15.558 manat dəyərində) çıxıldığından saldoda 2019-cu ilin aprel ayı üçün sərfiyyat 193.594 m3 (271.384 m3 - 77.790 m3) yazılmışdır. Beləliklə, 2019-cu ilin aprel ayının qaz sərfiyyatının başqa aylarla müqayisədə əhəmiyyətli dərəcədə çoxluğu ilə fərqlənməsinə baxmayaraq, bu sərfiyyatın süni şəkildə və qeyri-qanuni yolla artırılmasını iddia etməyə əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Firmasının apellyasiya şikayətinin dəlilləri əsassız və qəbulolunmazdır, ona görə də həmin şikayət təmin edilməməlidir. Hazırkı iddia ilə İddiaçı İB cavabdeh "xxxx" Firmasından təbii qazdan istifadəyə görə xx.xx.2022-ci il tarixə yaranmış 65.599,38 manat məbləğdə borcun ödənilməsini tələb etsə də, sonrakı dövrdə davam etdirilmiş sərfiyyatın həcmi və ödənişlər nəzərə alınmaqla xx.xx.2024-cü il tarixə abonent saldosu üzrə həmin borcun məbləği 63.745,54 manat olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının borc tələbini qismən – 42.551,44 manat məbləğində əsaslı hesab edərək iddianı bu həcmdə təmin etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin abonent saldosuna qanunsuz olaraq ümumilikdə 21.194,10 manat, o cümlədən 2017-ci ilin yanvar ayında 5636,10 manat və 2019-cu ilin mart ayında 15.558 manat məbləğdə artıq borc hesablamışdır. İddiaçı isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunmayan hissəsi ilə bağlı gəldiyi nəticələrlə razılaşmamış və qətnamənin həmin hissədə ləğv edilərək iddiasının tam təmin olunmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin 21.194,10 manat məbləğdə təmin olunmayan hissəsi üzrə gəlinmiş nəticənin də əsaslılığını yoxlamışdır. Müəyyən edilmişdir ki, İddiaçı X1 satılan qaza nəzarət şöbəsinin rəisi Malik Muradzadə tərəfindən Birliyin baş direktorunun Satış və istismar üzrə müavini Ruslan Əliyevə ünvanlanmış “Hesabatda düzəliş olunması barədə” xx.xx.2017-ci il tarixli Xidməti məlumat məktubunda qeyd olunmuşdur ki, Birliyin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən Bakı RQSD-nin Abşeron xidmət sahəsinin ərazisində fəaliyyət göstərən "xxxx" Firmasının G-1600 markalı 10516022 nömrəli qaz sayğacına xx.xx.2016-cı il tarixdə baxış keçirilən zaman faktiki sayğac göstəricilərinin abonentin hesab koduna (**********00200) işlənmiş göstəricilərlə uzlaşmaması aşkar edilmişdir. Belə ki, Bakı RQSDnin mütəxəssisləri tərəfindən sayğac göstəriciləri artıq yazılaraq xx.xx.2016-cı ildə abonentin hesab koduna mexaniki 316558 m3, elektron 680568 m3 sərfiyyat işlənmişdir. Sayğacın yaddaş arxivi araşdırılan zaman müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixi saat 24:00-da elektron göstərici 624207 m3 olmuşdur, bu da hesab kodunda (abonentin saldosunda) elektron göstəricinin 56361 m3 artıq yazılmasına (yüklənməsinə) səbəb yaratmışdır. Azərbaycan Respublikası Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə qeyri-əhali istehlakçı qrupu üzrə təbii qazın dəyərinin 01 dekabr 2016-cı il tarixindən etibarən hər min kubmetr üçün 200 (iki yüz) manat səviyyəsində təsdiq edildiyini nəzərə alaraq 2016-cı ilin noyabr ayında artıq yazılmış (yüklənmiş) 56361 m3 qaz həcminin yeni tarifə əsasən faktiki dəyəri 11272,20 manat olduğu halda, saldoda 5636,10 manat məbləğində qiymətləndirilmişdir ki, bu da öz növbəsində qazın faktiki dəyərindən 5636,10 manat azdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə məktubda 5636,10 manat dəyərində əlavə 28180,50 m3 qaz həcminin abonentin saldosunun akt hissəsində işlənməsinə münasibət bildirilməsi xahiş edilmişdir. xx.xx.2017-ci il tarixli Xidməti məlumat əsasında cavabdehin saldosuna 2017-ci ilin yanvar ayı üçün aktlar üzrə hesablanmış borc (“Qalıq və aktlar”) qrafasına 5636,10 manat məbləğdə əlavə borc yazılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Abonent saldosundan görünür ki, 2016-cı ilin noyabr ayında qaz sərfiyyatına görə cavabdehə 14.007,80 manat borc hesablanmış, həmin ilin noyabr-dekabr aylarında cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 18.865,86 manat məbləğdə ödəniş edilmiş (yəni noyabr ayı üçün hesablanmış borc tam ödənilmiş), bundan sonra isə iddiaçı 2016-cı ilin noyabrında öz işçiləri (mütəxəssisləri) tərəfindən qeydə alınmış sərfiyyatın artıq yazıldığı müəyyən olunan hissəsini yeni tariflə hesablayaraq cavabdehin 2017-ci ilin yanvar ayının borcuna (“Qalıq və aktlar” qrafasına) əlavə etmişdir. Halbuki, istinad edilən qanun normaları belə vəziyyətdə qaz paylayıcısına yenidən hesablama aparmağı, yəni özü tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini sonralar istehlakçıdan əlavə tələb etməyi qadağan edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb olunan borc məbləğindən qanunsuz hesablandığı müəyyən olunmuş 5636,10 manat hissəsini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin 21.194,10 manat məbləğdə təmin olunmamış hissəsinin 15.558 manatı isə 2019-cu ilin mart ayında abonent saldosuna akt əsasında hesablanmış borcdur. Bu borc İddiaçı İB-nin əməkdaşları tərəfindən 29 mart 2019-cu il tarixdə cavabdeh "xxxx" Firmasının qaz təsərrüfatına baxış keçirilərək tərtib olunmuş akta əsasən Firmanın abonent koduna hesablanmış, lakin iddiaçı tərəfindən aparılmış yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından qanunsuz yoxlama olmuşdur. İddiaçı özü də həmin borcun qanunsuz yoxlamanın nəticəsi üzrə hesablandığını qəbul və etiraf edərək, abonent saldosunda sözügedən borc məbləğini növbəti ayda (2019-cu ilin aprel ayında) aktlar üzrə hesablanmış borc (“Qalıq və aktlar”) qrafasından silinmiş (çıxılmış) kimi göstərmişdir. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, iş materiallarında olan abonentin saldosunda 2019-cu ilin mart ayında akt əsasında hesablanmış 15.558 manat borcun növbəti ayda akt üzrə yazılmış borclar qrafasından silinməsi qeyd edilsə də, abonentin saldosu və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat əsasında müəyyən olunmuşdur ki, 15.558 manat borc məbləği aprel ayı üzrə sərfiyyat məbləğinə əlavə edilmişdir. Odur ki, məhkəmə iddia tələbini 15.558 manat hissəsində də əsassız hesab etmiş və bu hissədə də iddianı təmin etməmişdir. Lakin, apellyasiya baxışında aparılmış araşdırma zamanı cavabdehin abonent saldosunda 2019-cu ilin mart ayında akt əsasında hesablanmış 15.558 manat məbləğdə borcun növbəti ay (aprel ayında) akt üzrə yazılmış borclar (“Qalıq və aktlar”) qrafasından həqiqətən də silindiyi (həmin ayın qalıq borcundan çıxıldığı) müəyyən olunmuşdur. Belə ki, abonent saldosundan görünür ki, 2019-cu ilin aprel ayında cavabdehin qaz sərfiyyatı 271.384 m3 həcmdə, dəyəri 54.276,80 manat məbləğdə olduğu halda, həmin sərfiyyat 193.594 m3 göstərilməklə 77.790 m3 (15.558 manat dəyərində) azaldılmış, eyni zamanda əvvəlki aydan qalıq borcu (57.918,17 manat) ilə cari ayın borcunun (54.276,80 manat) cəmindən (112.194,97 manat) mübahisəli borc məbləği (15.558 manat) çıxılmış, nəticədə 2019-cu ilin aprel ayının sonuna (may ayının əvvəlinə) qalıq borc 96.636,97 manat məbləğdə qalmışdır. Halbuki, 2019-cu ilin mart ayında akt əsasında hesablanmış 15.558 manat borc aprel ayında silinməsəydi (çıxılmasaydı), 2019-cu ilin aprel ayının sonuna (may ayının əvvəlinə) qalıq borc 96.636,97 manat deyil, 112.194,97 manat məbləğdə olardı. Bu da iddiaçının 2019-cu ilin mart ayında akt əsasında hesablanmış 15.558 manat borcun aprel ayında silinməsi barədə dəlilinin və abonentin saldosunda aparılmış müvafiq qeydlərin həqiqiliyini təsdiqləyir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia edilən borc məbləğini 15.558 manat hissədə təmin etməməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmiş və həmin məbləği cavabdehin borcundan təkrar (ikinci dəfə) silmişdir (çıxmışdır). Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehdən tələb olunan borc məbləğinin 5636,10 manat (cavabdehin abonent saldosuna 2017-ci ilin yanvar ayında əlavə hesablanmış) hissəsini təmin etməməkdə haqlı olsa da, lakin qalan tələbin 15.558 manat (cavabdehin abonent saldosuna 2019-cu ilin mart ayında əlavə hesablanmış (və növbəti ayda silinmiş)) hissəsini də təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan iddia tələbinin təmin edilən hissəsi 42.551,44 manat məbləğdə deyil, 58.109,44 manat məbləğdə olmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB-nin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində qismən (15.558,0 manat məbləğin çıxılması hissəsində) ləğv edilməli və iddia tələbi həmin hissədə də təmin edilməli (yəni iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan borcun miqdarı 58.109,44 manat məbləğdə müəyyən olunmalı), qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq kommersiya mübahisələrinə dair işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(119)-46/2024 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində qismən – məhkəmə tərəfindən cavabdeh "xxxx" Firmasının abonent saldosuna 2019-cu ilin mart ayında akt əsasında qanunsuz hesablanmış sayılan 15.558,0 manat borcun iddia məbləğindən çıxılması hissəsində, – ləğv edilsin və iddia tələbi həmin hissədə də təmin edilməklə cavabdeh "xxxx" Firmasından İddiaçı xeyrinə təbii qazdan istifadəyə görə xx.xx.2024-cü il tarixədək yaranmış 58.109,44 manat (əlli səkkiz min bir yüz doqquz manat 44 qəpik) məbləğində borc tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən (MPM-in 402.1-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyət olmadığı halda) “Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet üzərindən Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar