Məhkəmə qərarları › İş №2-2(105)-23/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-23/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-23/2024 12.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun silinməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, e-2-2(119)- 1158/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı “Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən **********00015 nömrəli abonent hesablı ictimai-iaşə obyektinin (çay evinin) hesabına 27 aprel 2023-cü il tarixli, ******* saylı akt əsasında yazılmış 1620 (min altı yüz iyirmi) manat məbləğində borcun silinməsi, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən **********00015 nömrəli abonent hesablı ictimai-iaşə obyektinə (çay evinə) əsassız borc yazılmışdır. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 27 aprel 2023-cü il tarixli, ******* nömrəli aktla, guya, 10334243 saylı sayğaca baxış keçirilməsi zamanı plastmas qapağın daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması əsası ilə iddiaçıya məxsus ictimai-iaşə obyektinə 1620 manat məbləğində borc hesablanmışdır. Daha sonra həmin akt əsasında 30 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilmişdir. İddiaçıya məxsus qeyriyaşayış sahəsinə yazılmış əsassız borcun ödənilməməsi səbəbindən hazırda həmin obyektə verilmiş qaz kəsilmişdir. Təbii qazın kəsilməsi çay evinin fəaliyyətinin dayanmasına və iddiaçının ziyana düşməsinə səbəb olmuşdur. Eyni zamanda sahibkar kimi iddiaçıya məxsus obyekt Cavabdeh əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. Belə ki, sahibkar kimi onun fəaliyyəti yoxlanarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalı idi. Eyni zamanda yuxarıda qeyd edilən Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələbləri tətbiq edilməli idi. Lakin nə yoxlama aparılarkən, nə də ondan əvvəlki dövrdə iddiaçıya yoxlamanın aparılması haqqında qərar təqdim edilməmiş, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Qeyd olunan hallar isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən həmin yoxlamanın hüquqi nəticəsinin olmaması və bununla bağlı iddiaçıya hər hansı məsuliyyət tədbirinin tətbiq edilməməsinə səbəb olmalıdır. İddiaçı məhkəməyə müraciət edənə qədər qanunvericiliyin tələbindən çıxış edərək ilkin mediasiya sessiyasında iştirak etmiş və iş üzrə Cavabdeh nümayəndəsi iştirak etmədiyindən mediator tərəfindən 30 avqust 2023-cü il tarixli, MSQ-MT-027-2023- 001181 nömrəli arayış verilmişdir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, “Azəriqaz" X3 X9 İdarəsinin Quba xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan çay evi ictimai iaişə obyektinin sahibi İddiaçı Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsini işlədir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə “Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan obyektdə quraşdırılmış Elester tipli “G-4” markalı, 10334243 nömrəli qaz sayğacının səslə işlədiyi və keçən qazın qeydiyyatını aparmadığı müəyyən edilmişdir. Sayğac xətdən açılaraq dövlət yoxlamasına göndərilmiş, Azərbaycan Metrologiya İnstitutunun laboratoriyasında “sayğacın plasmast qapağının daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu”, sayğaca müdaxilə edildiyi 14- 2-2/3-5-2700 saylı xx.xx.2023-cü il tarixli aktla təsdiq olunmuşdur. Bu rəyə əsasən Quba rayonu üzrə satış xidmətinin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 6480 m3 və ya 1620 manat hesablanmışdır. “Qazdan istifadə Qaydaları’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 1.3-cü bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. İddiaçı ictimai iaişə obyektinin qaz xəttinin üstündə quraşdırılmış qaz sayğacına müdaxilə etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Həmin Qərarın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçının iddia ərizəsində qeyd etdiyi ”Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması həqiqətə ziddir. Belə ki, bir nüsxəsi abonentə təqdim olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231915821 saylı xx.xx.2023-cü il tarixli çıxarış” iddianın əsassız olduğunu təsdiq edir.

5. İddiaçı 06 oktyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə cavabdehin etirazı ilə bağlı mülahizə təqdim edərək bildirmişdir ki, cavabdeh qurum tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanuvericilik normalarının tələbləri pozulmuşdur. Belə ki, cavabdeh qurumun özünün də etiraf etdiyi kimi iddiaçıya məxsus çay evinə xx.xx.2023-cü il tarixdə Cavabdeh işçiləri təfindən həmin obyektdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması ilə bağlı baxış keçirilmiş və sayğac xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Sayğacın yoxlanılması ilə bağlı Metrologiya İnstitutunun laboratoriyasında xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan isə göründüyü kimi yoxlamanın müddəti (başlanma və sona çatma tarixi) xx.xx.2023- xx.xx.2023-cü il tarix kimi qeyd edilmişdir. Göründüyü kimi hal-hazırda əsassız borcun hesablanmasına səbəb olan sayğac 01 fevral 2023-cü il tarixdə çıxarılmışdır. Həmin tarixdə isə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış mövcud olmamışdır. Bununla da yoxlama qanunvericiliyin tələblərinə uyğun həyata keçirlməmişdir. Eyni zamanda cavabdeh qurumun məhkəməyə təqdim etdiyi çıxarışda yoxlamanın növü plandankənar (növbədənkənar) yoxlama, yoxlamanın təyin edilməsi üçün əsas isə sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi kimi qeyd edilmişdir. Plandankənar yoxlamanın aparılması üçün isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş əsaslardan biri olmalıdır. Cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda qeyd edilən plandankənar yoxlama üçün qeyd olunan Qanunun 16.1-ci maddəsində göstərilən heç bir əsas mövcud olmamış, Qanunun 16.6-cı maddəsinə əsasən ümumiyyətlə plandankənar yoxlama aparıla bilməzdi. Bununla da xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib edilərkən aparılan yoxlama da plandankənar ola bilməzdi və buna görə qanunsuzdur. Eyni zamanda Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Qeyd edilən yoxlama qərarı olmamış, iddiaçıya təqdim edilməmişdir. Bundan başqa cavabdehin məhkəməyə təqdim etdiyi reyestrdən çıxarışda yoxlayıcı şəxs X7 qeyd edilsə də, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilərkən həmin şəxs ümumiyyətlə iştirak etməmiş və yoxlamada səlahiyyəti olmayan şəxslər iştirak etmişlər.

6. 01 fevral 2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən iddiaçıya məxsus olan qeyriyaşayış sahəsində (çay evi) quraşdırılmış “G-4” markalı, 10334243 nömrəli qaz sayğacı müvəqqəti xətdən açılmış, dövlət yoxlamasına göndərilmişdir.

7. “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” 13 aprel 2023-cü il tarixli MS-14-2-52/3-5-2700-42 nömrəli aktdan görünür ki, 09 mart 2023-cü il tarixdə Xaçmaz X9 İdarəsindən dövlət yoxlamasına gətirilmiş “G-4” markalı, 10334243 nömrəli mexanika tipli qaz sayğacına 06 aprel 2023-cü il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsi kimi “plastmas qapağın daxili qulaqcıqlarında əzik-cızıq izləri var” qeyd olunmuşdur.

8. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 aprel 2023-cü il tarixli ******* nömrəli aktda qeyd olunur ki, İddiaçı məxsus Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış “G-4” markalı, 10334243 nömrəli sayğaca baxış keçirilərkən “plastmas daxili qulaqcıqlarında əzik-cızıq izləri var” kimi nöqsan aşkar olunmuşdur.

9. 30 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış, “G-4” markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 6480 m3 həcmində müəyyən edilmişdir.

10. xx.xx.2023-cü il tarixli, KY231915821 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh təfərindən İddiaçı məxsus sahibkarlıq obyektində başlama tarixi xx.xx.2023-cü il, qurtarma tarixi xx.xx.2023-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi kimi qeyd edilmişdir.

11. Abonent saldosundan görünür ki, 2023-cü ilin aprel ayında akt əsasında İddiaçı məxsus abonent hesabına 1620 manat məbləğində borc hesablanmışdır.

12. İş materiallarından görünür ki, cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci və hüquqi yardımın göstərilməsinə görə 180 (yüz səksən) manat məbləğində pul vəsaiti ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

13. Sumqayıt Kommersiya Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, e-2- 2(119)-1158/2023 nömrəli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən İddiaçı məxsus sahibkarlıq obyektinə (çay evinə) (abonent kodu **********00015) 27 aprel 2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 1620 (min altı yüz iyirmi) manat məbləğində borcun silinməsi, hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 180 (yüz səksən) manat məbləğində və mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 (altmış) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, Cavabdehndən dövlət nəfinə 36,2 (otuz altı manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2, 4.2 və 4.9-cu bəndləri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3, 3.2, 31.2-ci və 31.2.3-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5 və 5.2-ci bəndləri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 9.1-1-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3, 119.1, 119.2, 121.1, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

15. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, e-2-2(119)-1158/2023 nömrəli ləğv edilməsi, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddianın təmin edilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əsaslandırılmışdır. AR NK-nin 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndində qeyd edilir ki, Müqaviləyə Qaz paylayıcı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. İddiaçının qaz sayğacı balans mənsubiyyətində qoyulur. Sayğacın quraşdırıldığı yer obyektdən xeyli aralıda yerləşir. Sayğaca baxış keçirilərkən cavabdehin nümayəndələri, İddiaçı işlətdiyi “Çay evi” ictimai iaişə müəssisəsinin ərazisinə daxil olmamışlar. Buna görə də obyektin qaz işlədici cihazlarının sayğacın qaz sərfinin qeydə alma qabiliyyətinə uyğun gəlməməsi barədə (sərfiyyatı aşma) tərtib olunmuş 27 aprel 2023-cü il tarixli, ******* nömrəli aktın tərtib edilməsi və itirilmiş qazın bərpası üçün ziyan məbləğinin hesablanması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərini pozmur. Bu barədə Məhkəmənin qənaəti səhvdir. Belə ki, Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Prezidentyinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən: Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə monitorinq, müşahidə, təftiş, nəzarət, xrometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Qətnamədə qanunvericiliyin bu müddəasına əsaslanılmış, lakin nəyə görəsə qeyd olunan hissə qətnamədə əks etdirilməmişdir. Yəni Cavabdeh İB-nin işçiləri obyektdən kənarda yerləşən sayğaca baxış keçirən və qaz işlədici cihazlara uyğun sərfiyyatın aşılmasını müəyyən edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(119)-1158/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək 1620 manat borcun iddiaçının abonent kodundan silinməsi qət edilmişdir. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə cavabdehin yoxlama haqqında məlumatın reyestrə daxil etməməsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Mübahisə edilən məbləğ inventar aktında qeyd olunmuş qaz işlədici cihazların qaz sərfi miqdarının qaz sayğacının maksimal qaz sərfini qeydə almasının müqayisə edilməsi ilə müəyyən edilmişdir. Buna əsasən iddiaçının hesabına itirilmiş qazın bərpası üçün qaz sərfinin miqdarı işlənilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İşdə olan laboratoriya rəyi, tərtib edilmiş aktlar, iddiaçıya verilən cavab məktubu, iddia ərizəsinə etiraz qiymətləndirilməmişdir. Məhkəmə qanunsuz yoxlamaya əsaslanaraq iddianı təmin etmişdir. Halbu ki, qanunsuz yoxlama o halda hesab edilir ki, yoxlayıcı sahibkarlıq fəaliyyətinin hayata keçirildiyi yerə getsin və sahibkarlıq fəaliyyəti subyektlərində yoxlama aparsın və bu yoxlama barədə məlumatı vahid reyestrə daxil etməsin. İşdə olan sübutlardan müəyyən olunur ki, Cavabdeh İB-nin işçiləri sərfiyyatın sayğaca uyğun olmaması barədə aktı trərtib edərkən balans mənsubiyyətində hərəkət etmiş, istirahət mərkəzinin ərazisinə getməmiş və heç bir yoxlama aparmamışlar. Bildiririk ki, iş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə Qətnaməni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərinin pozulmasına əsasən qəbul etmişdir. Halbu ki, sayğaca baxış keçirilməsi qanunsuz yoxlama kimi qiymətləndirilə bilməz. Çünki, sayğac obyektdən kənar yerdə quraşdırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

19. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.9cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

22. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

23. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

26. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı 01 fevral 2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilməklə çıxarılaraq dövlət yoxlamasına aparılmış, Metrologiya Departamenti tərəfindən xx.xx.2023cü il tarixdə sayğaca baxış keçirilmiş və yoxlamanın nəticəsində aşkar olunmuşdur ki, plastmas qapağın daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Bu barədə 13 aprel 2023-cü il tarixli MS-14-2-52/3-5-2700-42 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyan 6480 m3 müəyyən edilərək cavabdeh tərəfindən iddiaçıya 1620 (min altı yüz iyirmi) manat borc hesablanmışdır. Lakin, istehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh həmin Aktı əsasında hesablanmış bu borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

28. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilmiş və məhkəmə gəlmiş olduğu nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın hər hansı hüquqi nəticəsi ola bilməz və bu yoxlama nəticəsində Cavabdeh tərəfindən iddiaçıya qanunsuz hesablanmış borc məbləği silinməlidir.

29. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən 01 fevral 2023-cü il tarixdə qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına aparılmış, Metrologiya Departamenti tərəfindən həmin sayğaca xx.xx.2023-cü il tarixdə baxış keçirilərək, nöqsanlar sonuncu tərəfindən müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə MS-14-2-52/3-5-2700-42 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akt tərtib olunmuşdur. Lakin cavabdeh tərəfindən yoxlamaların vahid məlumat reyestrində yoxlamanın başlanma tarixi xx.xx.2023-cü il, qurtarma tarixi isə xx.xx.2023-cü il göstərilmişdir.

30. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq cavabdeh apellyasiya şikayəti vermişdir.

31. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

33. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, e-2-2(119)-1158/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

34. Kollegiya qeyd edir ki, araşdırılan mübahisə kommersiya mübahisəsi olmaqla, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialardan kassasiya şikayəti verilməsi istisna olunduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, e-2-2(119)- 1158/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar