Məhkəmə qərarları › İş №2-2(105)-27/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-27/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-27/2020 10.03.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), X7 və X6 ibarət tərkibdə, məhkəmə katibi X2, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyini təmsil edən X3, iddiaçı Sumqayıt şəhər 2 nömrəli uşaq bağçasının nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)-461/2019 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi İ.A.Behbudovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)-461/2019 saylı qətnaməsi ilə (hakim V.E.Əzizova) iddiaçılar Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Sumqayıt şəhər 2 nömrəli uşaq bağçasının Cavabdehnə qarşı cərimənin silinməsi tələbinə dair iddia təmin edilib, Cavabdeh İB tərəfindən iddiaçı Sumqayıt şəhər 2 nömrəli uşaq bağçasına hesablanmış 4773 manat məbləğində cərimənin silinməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi İ.A.Behbudov apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçılar Sumqayıt şəhər İHB Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Sumqayıt şəhər 2 nömrəli uşaq bağçası iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndiliyin təsərrüfat balansında olan 2 saylı uşaq bağçasının köhnə tipli qaz sayğacının istimar müdətinin keçməsi ilə əlaqədar 2017-ci ilin oktyabr ayında həmin sayğac planlı surətdə dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Nümayəndəlik tərəfindən müvafiq qaydada yeni sayğacın özünün dəyəri və quraşdırılması xərcləri ödənilmişdir. Lakin bir ildən sonra xx.xx.2018-ci il tarixdə müəmmalı şəkildə nümayəndəliyə 4773 manat cərimə hesabı təqdim edilmişdir, hansı ki, bir ay əvvəl xx.xx.2018-cı il tarixdə adi qaydada qaz sərfinə görə nümayəndəliyə uşaq bağçası ilə birlikdə cəmi 13,05 manat məbləğində borcun olduğu barədə hesab verilmişdir. Uşaq bağçasının sayğacının dövlət yoxlamasına göndərilməsi və yoxlamadan yararsız çıxdığı üçün cərimə edilməsi barədə nümayəndəliyə bir il ərzində hec bir məlumat verilməmişdir, yalnız bu barədə xx.xx.2017ci il tarixli bildiriş №000001 və xx.xx.2017-ci il tarixli akt cərimə hesabı ilə birgə yuxarda qeyd olunduğu kimi 1 ildən sonra xx.xx.2018-ci il tarixdə təqdim olunmuşdur. Əslində sayğaca nəzarət Qİİ-nin əməkdaşları tərəfindən mütamadi olaraq aparılmalı və istismara yararsızlığı da vaxtında təyin edilməli idi. Bu səbəbdən 1 il ötəndən sonra uşaq bağçasının qaz sayğacının yararsızlığına görə cərimə sanksiyası əsassız sanksiya kimi qəbul olunmalıdır. Ona görə də, Sumqayıt şəhər 2 nömrəli uşaq bağçasına hesablanmış cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib, Azərbaycan Respublikasl Mülki Prosessual Məcəlləsinin 54-cü madəsinin tələbinə uyğun olaraq cavabdeh Sumqayıt şəhər X8 əsl cavabdeh Cavabdeh İB ilə əvəz edilməsini və cavabdeh tərəfindən Sumqayıt şəhər 2 nömrəli uşaq bağçasına hesablanmış 4773 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh nümayəndəsi İ.A.Behbudov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi və Azərbaycan Respublikası MPMnin 13,14.2,77.1, 385, 387-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhəri, 2 saylı uşaq bağçasına quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı aktda sayğacda qeyd olunan nöqsan “müvəqqəti sayğac olduğu üçün xüsusi plomb yerində aşkar edilmədi, hesablama mexanizminin alt hissəsi az miqdarda zədəlidir, növbədən kənar dövlət yoxlamasına göndərildi”, yazılmışdır. xx.xx.2018-ci il tarixdə akt tərtib olunmaqla çıxarılmış və laboratoriyada yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “nömrəli plomb sayğacın üzərində aşkar edilmədi, sayğacın plastmas qapağı alt hissədən kənar təsir nəticəsində deşilib, xətalar normaya uyğun deyil”, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə həmin bağcaya baxış keçirilərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdir. Sumqayıt şəhər 2 nömrəli uşaq bağçasının dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2018-ci il tarixli aktla qaz işlədicilərindən PQ 3-ün maksimal saatlıq qaz sərfi 0,8m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 176 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 176 gün, ceyran peçinin maksimal saatlıq qaz sərfi 0,8m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 176 gün,QSQ-nin maksimal saatlıq qaz sərfi 1m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 176 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4773 (dörd min yeddi yüz yetmiş üç) manat cərimə hesablanmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi İ.R.Mirzəyev apelyasiya şikayətinin dəlillərini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsinin nümayəndəliyini təmsil edən X3 və Sumqayıt şəhər 2 nömrəli uşaq bağçasının nümayəndəsi X1 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB ilə Sumqayıt şəhər İHB Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Sumqayıt şəhər 2 nömrəli uşaq bağçası arasında xx.xx.2014-cü il tarixli, 2588-12-14 saylı “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdıırlması və istismara qəbul haqqında” aktan görünür ki, Sumqayıt şəhər İHB Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Sumqayıt şəhər 2 nömrəli uşaq bağçasına qaz sayğacı quraşdıırlmışdır. Növbədənkənar yoxlama zamanı xüsusi plombun yerində aşkar edilmədiyi, alt hissənin az miqdarda zədəlındiyi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, Sumqayıt şəhər İHB Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Cavabdeh İB-nə xx.xx.2019-cu il tarixə 4839,11 manat borcu vardır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, laboratoriyanın rəyinə görə Sumqayıt şəhər 2 nömrəli uşaq bağçasına aid sayğacın plastmas qapağının akt hissədən kənar təsir nəticəsində deşildiyi müəyyən edilmişdir. “Cavabdeh İB tərəfindən tərtib edilmiş MS-29/1640-02083-6 saylı aktdan görünür ki, iddiaçıya məxsus ******* zavod nömrəli qaz sayğacı laboratoriya şəraitində yoxlanılmış, sayğacda olan xətaların normaya uyğun olmaması nəticəsinə gəlinmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, Corat qəsəbə İƏD üzrə nümayəndəlikdə mühasib işləyir. 2018-ci ildə yeni sayğac quraşdırılanadək 2 saylı uşqa bağçasının qaz sərfiyyatı ilə bağlı heç bir problem olmamış və ötən illər üzrə qaz sərfiyyatı üzrə borc 2000 manatdan yuxarı olmamışdır. Mövcud borcun hesablanması nəzərdə tutulan akt Corat qəsəbə İƏD üzrə nümayəndəliyinin ümumi debitor borcuna aid olmuş və təbii qazın verilməsinin dayandırılmaması üçün imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi,paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqavilənin 2.1.9-cu bəndinə görə istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir. Göstərilən müqavilənin 2.1.14-cü bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Müqavilənin 2.2.7.3-cü bəndinə əsasən istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə paylayıcı bu Müqavilənin 2.1.14-cü yarımbəndinin tələblərinə əməl etməklə, istehlakçıya qazın verilməsini dayandıra bilər. Müqavilənin 2.3.1-ci bəndinə görə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehkakçının vəzifəsidir. Müqavilənin 3.3-cü bəndinə görə paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya 2 dəfə məlumat (hesab) təqdim etməlidir. İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞ-nin Şurasının xx xxxx 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, formal mülahizə xarakteri daşıyıb, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi İ.A.Behbudovun verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)-461/2019 saylı qətnaməsi Cavabdeh İB-nə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar