Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-27/2021 22.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hesab-faktura sənədlərinin ləğv edilməsi və borc şəklində tutulan pulun iddiaçının hesabına qaytarılması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-503/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-503/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı 07 avqust 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun hesaba qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ Cavabdeh ASC-nin ********* saylı 03.09.2019-cu il tarixli və ********* saylı 19.06.2020-ci il tarixli hesab-faktura sənədlərini ləğv edərək, İddiaçı MMC-dən borc şəklində tutulan 8739 manat məbləğində vəsaitin iddiaçının hesabına qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ********* saylı 03.09.2019-cu il tarixli və ********* saylı 19.06.2020-ci il tarixli hesab-faktura sənədlərinə əsasən (müqavilə nömrəsi: ********), İddiaçı X3 heç bir əsas göstərilmədən, qanunsuz olaraq 2179 (iki min yüz yetmiş doqquz) manat və 6560 (altı min beş yüz altmış) manat borc yazılmışdır. Yazılan borc əsasında hesaba yatırılan məbləğlər qanunsuz olaraq heç bir məlumat verilmədən hesabdan silinmişdir. Bunun nəticəsində iddiaçının hüquqları kobud surətdə pozulmuş və müəssisəyə ciddi ziyan dəymişdir. İlk hüquq pozuntusu ilə bağlı 20.09.2019-cu ildə və 18.10.2019-cu il tarixində Cavabdeh ASC-yə iki dəfə rəsmi müraciət edilsə də, həmin müraciətlərə heç bir cavab verilməmiş, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. 01 iyun 2020-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları iddiaçının əməkdaşlarının iştirakı ilə su sayğacına baxış keçirmişlər. Sayğaca baxış zamanı qurğunun elektron hissə ilə mexaniki hissəsi arasında fərq yarandığı aşkar edilmiş və akta əlavə olunmuşdur. Bu səbəbdən sayğac laborator yoxlamadan keçirilərək təmir olunması məqsədilə su borusundan ayrılmışdır. Laboratoriya rəyinə əsasən, su ölçən cihazın istismara yararsız olduğu öz təsdiqini tapmışdır. Belə ki, elektron sayğacdakı su sərfiyyat göstəricisi 41183 m³ olduğu halda, mexaniki sayğacda bu rəqəm 45179 m³ təşkil etmişdir. 09.06.2020-ci il tarixdə 50113470 saylı smart tipli su sayğacı təmir edildikdən sonra yararlı rəyi almış və qeyd olunan tarixdə quraşdırılaraq müəssisənin nümayəndəsinə təhvil verilmişdir. Lakin, sayğacın elektron hissəsi ilə mexaniki hissəsi arasındakı fərq dəyişməmiş, olduğu kimi qalmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin yenidən 19.06.2020-ci il tarixli ********* nömrəli qaimə-faktura sənədinə əsasən İddiaçı MMC-nin hesabında iyun ayına 6560 (altı min beş yüz altmış) manat (ƏDV daxil) məbləğində qalıq borcunun olduğu bildirilmişdir. Yəni, sayğacın nasaz olduğu halda mexaniki sayğacla elektron sayğac arasındakı fərq hesablanaraq istifadəçidən tutulmuşdur. Sual olunur ki, əgər cavabdeh laborator yoxlama əsasında sayğacın nasaz olduğunu özü təsdiq edirsə, yaranmış fərqi niyə istehlakçıdan tutur ? Məsələni aydınlaşdırmaq üçün ASC-nin əməkdaşı yenidən müəssisəyə dəvət olunmuşdur. Su sayğacına baxış zamanı, sayğacın elektron hissəsi ilə mexaniki hissəsi arasında 3280m³ su sərfiyyatı fərqi aşkar edildiyindən, həmin fərqin İddiaçı MMC-ə borc kimi yazılmasını bildirmişlər. Edilən ödənişlərin borca silinməsi səbəbilə uzun müddət heç bir ödəniş etmək mümkün olmamış və bu səbəbdən ağır pandemiya şəraitində istehsal fəaliyyəti çətinləşmişdir. Bunun nəticəsində də, Müəssisə ciddi ziyan görmüş və hüquqları kobud surətdə pozulmuşdur. Məsələ ilə bağlı 30 iyun 2020-ci il tarixdə Cavabdeh ASC-nin rəhbərliyinə müraciət ünvanlanaraq qeyd olunan qanunsuzluqların aradan qaldırılması xahiş edilsə də, həmin müraciət cavabsız qalmışdır. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarının 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçının hüququdur. Yalnız 26 iyun 2020-ci il tarixdə ASC-nin əməkdaşları müəssisəyə gələrək su sayğacına yenidən baxış keçirmiş və laborator yoxlamadan keçirilməsi üçün ayırmışlar. Laboratoriyanın 29 iyun 2020-ci il tarixli rəyinə əsasən sayğacın nasaz olması öz təsdiqini tapmışdır. Burdan da sual yaranır ki, 09.06.2020-ci il tarixdə quraşdırılan sayğac əgər yararlı idisə, heç bir kənar təsir olmadan 20 gün sonra, yəni 29.06.2020-ci ildə niyə yararsız rəyi almışdır. Bu da sayğacın əslində təmir olunmamasının, tərtib olunan hesab-faktura sənədinin tam qanunsuz və ədalətsiz olmasının başlıca sübutudur. 30.06.2020-ci il tarixdə sayğac yenidən təmir olunaraq yararlılıq rəyi almış və 06.07.2020-ci il tarixdə yenidən quraşdırılmışdır. Həmçinin, təqdim olunan ödəniş sənədlərindən də görünür ki, 07.11.2019-cu il tarixdən 02.07.2020-ci il tarixədək Cavabdeh ASC-yə 17959,32 manat əsas borc və 3232,68 manat ƏDV olmaqla, ümumilikdə 21192,00 manat pul ödənilmişdir. Aylar üzrə təhlil zamanı görürük ki, istehlakçının 1 ay üzrə istehlak etdiyi suyun dəyəri 1000-2000 manat olmaqla, ortalama 1500 manat təşkil etmişdir. Lakin nəyə görə sonuncu ay üzrə ödənişi 5559,32 manat olmuşdur? Bu fakt özü-özlüyündə 19.06.2020-ci il tarixli hesab-faktura sənədinin tamamilə həqiqətdən uzaq və yalan olmasının başlıca sübutudur. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, işin həqiqi hallarını hərtərəfli araşdırmadan qətnamənin apelyasiya qaydasında ləğvi və yekun məhkəmə aktı qəbul edilməsi üçün kifayət qədər əsas yaratmışdır. İlkin olaraq qeyd olunmalıdır ki, onlar məhkəməyə izahat verərkən bildirmişdirlər ki, 01.06.2020-ci il tarixdə su sərfiyyatını ölçən cihaz laborator yoxlamadan keçirildikdən sonra mexaniki hissə ilə elektron hissədə fərq yarandığı aşkar edilsə də 09.06.2020-ci il tarixdə təmir edildikdən sonra yararlı rəyi almış və qeyd olunan tarixdə quraşdırılaraq müəssisənin nümayəndəsinə təhvil verilmişdir. Lakin sayğacın elektron hissəsi ilə mexaniki hissəsi arasındakı fərq dəyişməmiş, olduğu kimi qalmışdır. Yalnız bundan 10 gün sonra, yəni 19.06.2020-ci il tarixdə ********* nömrəli qaimə-faktura sənədinə əsasən, İddiaçı MMC-nin hesabında iyun ayına 6 560,00 AZN (altı min beş yüz altmış manat) (ƏDV daxil) məbləğində qalıq borcunun olduğu bildirilmişdir. Sual olunur ki, istehlakçı öncədən sayğacın nasaz olması barədə istehsalçıya məlumat verdikdən sonra sayğac təmir olunmuşdursa və laboratoriya rəyinə də əsasən sayğacın nasaz olması rəydə öz təsdiqini tapmışdırsa niyə görə həmin ay (iyun) üçün normadan 3 dəfə artıq borc hesablanmışdır? Bundan başqa sayğac tam təmir edilmişdirsə niyə mexaniki və elektron hissə arasındakı fərq dəyişdirilmədən qalmışdır? Həmçinin 26.06.2020-ci il tarixdə ASC-nin əməkdaşları müəssisəyə gələrək su sayğacına yenidən baxış keçirmiş və laborator yoxlamadan keçirilməsi üçün ayırmışlar. Laboratoriyanın 29.06.2020-ci il tarixli rəyinə əsasən sayğacın nasaz olması öz təsdiqini tapmışdır. Sual yaranır ki, 09.06.2020-ci il tarixdə quraşdırılan sayğac əgər yararlı idisə, heç bir kənar təsir olmadan 20 gün sonra, yəni 29.06.2020-ci ildə niyə yararsız rəyi almışdır? Bu da sayğacın əslində təmir olunmamasının, tərtib olunan hesab-faktura sənədinin tam qanunsuz və ədalətsiz olmasının başlıca sübutudur. Məhkəməyə təqdim etdikləri son 10 ayın ödəniş cədvəlindən də görünür ki, 07.11.2019-cu il tarixdən 02.07.2020-ci il tarixədək Cavabdeh ASC-yə 17 959,32 AZN əsas borc və 3 232,68 AZN ƏDV olmaqla ümumilikdə 21 192,00 AZN pul ödənilmişdir. Aylar üzrə təhlil zamanı görünür ki, istehlakçının 1 ay üzrə istehlak etdiyi suyun dəyəri 1000-2000 AZN olmaqla, ortalama 1500 AZN təşkil etmişdir. Lakin niyə görə təqdim olunan sonuncu hesab-faktura sənədində iyun ayının 19-na qədər, təkcə iyun ayı üçün 6 560 AZN su istifadəsi qeyd olunmuşdur. Laboratoriya rəylərinə əsasən istehlakçının sayğaca müdaxiləsi ilə bağlı heç bir hal öz təsdiqini tapmır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçıdan tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM-in hüququ var ki, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etsin. İş materiallarında olan Cavabdeh ASC-nin 13.08.2020-ci il tarixli, 03/01-7/6/10821 nömrəli məktubunda göstərilmişdir ki, Abşeron Sukanal İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən, müqavilə nömrəsi 134588 olan “xxxx” MMC-yə məxsus obyektin su xətti üzərində 25.12.2012-ci il tarixdə quraşdırılmış, Alfasu-40 markalı 50113470 nömrəli smart-kart tipli su sayğacı 26.06.2020-ci il tarixdə çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin X8 İdarəsinə aparılmış, su xətti birbaşa qoşulmuşdur, laboratoriyanın 29.06.2020-ci il tarixli 13470/0058786 saylı ilkin rəyinə əsasən sayğacın elektron platası normal işləmir, sistem problemi var, mexaniki hissə işləkdir. Hesabat mexaniki hissəyə əsasən aparıla bilər. 30.06.2020-ci il tarixli 13470/0058787 saylı yekun rəyə əsasən ilkin rəydə qeyd olunan qüsurlar aradan qaldırılmış, sayğac formatlanaraq plomblanmışdır. Sayğac 06.07.2020-ci il tarixdə yenidən su xətti üzərində quraşdırılmışdır. Sayğacın sərfiyyatı 25.12.2012-01.06.2020-ci illər ərzində 45180 m3 olmuşdur ki, bunun da 3027 m3 ödənilməmiş sərfiyyatdır. Sayğac olmadığı dövr üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan İstifadə laydaları”nın 7.9 bəndinə əsasən 253 m3 əlavə sərfiyyat hesablanmışdır. Hal-hazırda sayğac göstəricisi 43506 m3 olmaqla hesabda borc yoxdur. İş materiallarından müəyyən olunur ki, Abşeron Sukanal İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən, müqavilə nömrəsi 134588 olan İddiaçı MMC-yə məxsus obyektin su xətti üzərində, 25.12.2012-ci ildə quraşdırılmış, Alfasu-40 markalı, 50113470 nömrəli smart-kart tipli su sayğacı 01.06.2020-ci il və 26.06.2020-ci il tarixlərdə çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin X8 İdarəsinə aparılmışdır. Yoxlamaların nəticəsinə dair rəylərdən müəyyən olunmuşdur ki, sayğacın mexaniki sərfiyyat göstəricisi ilə elektron sərfiyyat göstəricisi arasında fərq var. Sayğac təmir edildikdən sonra yenidən quraşdırılsa da, sayğacın elektron hissəsi ilə mexaniki hissəsi arasındakı fərq dəyişməmişdir. İş materiallarında olan 19.06.2020-ci il tarixli, ********* nömrəli qaimə-fakturadan görünür ki, İddiaçı MMC-nin hesabına iyun ayına 6560 manat məbləğində borc hesablanmışdır. Göründüyü kimi iddiaçının istifadəsində olan və su sərfiyyatını ölçən sayğacın qüsurla işləməsi iş materialları ilə təsdiqini tapır. 3027 m3 ödənilməmiş sərfiyyatın dəyəri barədə cavabdehin hesablaması isə sayğacın qüsurunun, yəni elektron və mexaniki göstəriciləri arasındakı fərq olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, sayğacın qüsurla işlədiyi iş materialları ilə təsdiqini tapdığı halda, qüsurla işləmiş sayğacın mexaniki və elektron göstəriciləri arasında yaranmış fərq əsasında iddiaçıdan düzgün olmayan ödəniş tələb edilə bilməz. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, 19.06.2020-ci il tarixli, ********* nömrəli qaimə-fakturaya əsasən İddiaçı MMC-nin hesabına iyun ayına 6560 manat (sudan istifadəyə görə 3280 m3 + çirkab sularının axıdılmasına görə 3280 m3) məbləğində hesablanmış borc 6054 manatın tutulması hissəsində əsassızdır. 19.06.2020-ci il tarixli, ********* nömrəli qaimə-fakturaya əsasən hesablanmış borc məbləğinin qalan hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 7.9-cu bəndinə əsasən, suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Qeyd olunana normaya əsasən, sayğac olmadığı dövr üçün iddiaçıya 253 m3 əlavə sərfiyyat hesablanmışdır və həmin əlavə sərfiyyatın hesablanması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddia tələbinin və apelyasiya şikayətinin 03.09.2019-cu il tarixli, ********* nömrəli qaimə-fakturaya əsasən hesablanmış 2179 manat borc məbləği barədə dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2179 manat borcun tutulmasının əsassız olması mötəbər subutlarla müəyyən olunmadığından həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Hesab-faktura sənədlərinin ləğv edilməsinə dair apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ********* saylı 03.09.2019-cu il tarixli və ********* saylı 19.06.2020-ci il tarixli hesab-fakturalar sayğacın göstəriciləri və borc məbləği barədə məlumat verən sənədlərdir. Həmin sənədlərin məhkəmə qaydasında ləğv edilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-503/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməli, İddiaçındən borc şəklində tutulan 6054 (altı min əlli dörd) manat pul vəsaiti Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı hesabına qaytarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.2, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-503/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçındən borc şəklində tutulan 6054 (altı min əlli dörd) manat pul vəsaiti Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı hesabına qaytarılsın. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-27/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-27/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver