Məhkəmə qərarları › İş №2-2(105)-28/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-28/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-28/2021 26.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-569/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-569/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” barədə iddia tələbi təmin edilməmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı xx xxxx 2020-ci ildə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən tərtib olunmuş 007450 saylı xx.xx.2020-ci il tarixli Aktın ləğv edilməsi və hesablanmış 4533,3 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(059)-312/2020 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Siyəzən rayonu Zarat kəndində yerləşən mağazada fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və mağazada elektrik enerjisindən istifadəyə görə müntəzəm olaraq qəbzlər əsasında ödənişlər aparmışdır. Mağaza üçün quraşdırılmış sayğac işlək vəziyyətdə olmuş və plombu heç bir müdaxiləyə məruz qalmamışdır. xx xxxx 2020-ci ildə cavabdeh “xxxx” ASC-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və onlar yeni sayğacın əvəz olunmasına dair akt tərtib etdiklərini bildirərək, ona həmin aktı imza etməyinin vacib olduğunu bildirmişlər. O, hüquqi savadı olmadığı üçün cavabdeh “xxxx” ASC-nin nümayəndələrinin təqdim etdikləri kağızı imzalamışdır. Sonradan müvafiq idarədən yaranmış borcun hansı formada yarandığını soruşan zaman ona tərtib etdikləri xx.xx.2020-ci il tarixli aktı vermişlər. O, aktla tanış olan zaman görmüşdür ki, guya, o, sayğaca müdaxilə etdiyi üçün akt tərtib olunmuşdur və o, da bununla razılaşaraq həmin aktı imza emişdir. Halbuki, o, ümumiyyətlə həmin sayğaca hər hansı qaydada müdaxilə etməmişdir. Bu səbəbdən də o, həmin aktın ləğv edilməsi və qanunsuz hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, Zarat qəsəbəsində yerləşən həyətyanı sahədə 2020-ci ilin iyul ayınadək kiçik mağazada fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan həyətyanı sahəsinin digər hissəsində iri həcmli mağaza inşa etdiyi üçün iyul ayında yeni inşa etdiyi mağazaya köçmək qərarına gəlmişdir. Cavabdeh “xxxx” ASC-nin əməkdaşlarına bildirmişdir ki, həyətyanı sahəsinin digər hissəsində iri həcmli yeni mağaza inşa etmişdir. Ona bildirdilər ki, sayğacın yerini dəyişmək üçün akt tərtib edilməlidir. Onlarla razılaşıb aktı imzalamışdır. Lakin cavabdeh tərəfindən harada video çəkiliş edilməsi ona məlum deyil. Məhkəmə iclası vaxtı təqdim olunmuş video görüntülər barədə heç bir məlumatı yoxdur. Məhkəmə həmin çəkilişin harada aparılmasını araşdırmadan, onun cavabdehin təqdim etdiyi sübutlara qarşı sübut təqdim etməyinə şərait yaratmadan qətnamə qəbul etmişdir. Sakinlər tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, həqiqətən də, 2020-ci ilin iyul ayının əvvəllərinədək Zarat qəsəbəsində yerləşən həyətyanı sahədə kiçik mağazada fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, iyul ayının ortalarından yeni mağazaya keçmişdir. Sayğacın yerinin dəyişdirilməsi üçün cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş akta imza etmişdir. Həmin vaxt akt boş idi, sonradan qalan hissələr doldurulmuşdur. 2020-ci ilin iyul ayına kimi Zarat qəsəbəsində yerləşən həyətyanı sahədə kiçik mağazada fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 2020-ci ilin iyul ayının ortalarından sonra iri həcmdə inşa edilmiş yeni mağazaya keçmişdir. Kənd sakinləri tərəfindən xx xxxxxx 2020-ci il tarixli aktda və mağazaların çəkilmiş foto şəkilləri də bir daha təsdiqini tapır. Ödənişlərin fərqi mağzanın böyüdülməsinə yəni digər mağazaya köçməyinə görə və mağazının həcmi böyüdüyü üçün elektrik avadanlıqlarının qoşulmasına görə yaranmış fərq olduğunu məhkəmə nəzərə almamış, onun buna dair sübutlar təqdim etməyinə şərait yaratmamışdır. Cavabdeh tərəfindən şişirdilmiş, heç bir əsası olmayan qiymətlərlə məhkəmə razlaşaraq qətnamə qəbul etmişdir. Halbuki, həmin rəqəmlərin necə yaranmasını xüsus bilik tələb edən ekspert (mütəxəssis) tərəfindən hesablanması qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN: **********) məxsus Siyəzən rayonunun Zarat kəndində yerləşən qeyri-yaşayış sahəsi (mağaza) (abonent kodu: **********4) elektrik enerjisi ilə təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə elektrik sayğacı sonuncu dəfə xx xxxx 2019-cu ildə quraşdırılmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 007450 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Siyəzən rayonunun Zarat kəndində yerləşən kommersiya mağazasının elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına xx xxxx 2020-ci il saat 1110 radələrində baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, sayğacın alt qapağının altından giriş faza sıxacından en kəsiyinin ölçüsü 1 x 4mm2 olan mis naqil ilə kənar xətt götürülərək sayğacın çıxış faza xətti üzərində quraşdırılmış avtomatın girişinə birləşdirilmişdir. Bundan başqa sayğacın çıxış faza xəttinin həmin avtomatın girişindən çıxarılması və sayğacın tamamilə dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. Baxış zamanı xətdən axan yük ampermaşa ilə ölçülmüş və həmin ölçmə zamanı elektrik hesabat sayğacının naqildən keçən yükü qeyd etməməsi təsdiqlənmişdir. Ölçmə zamanı müəyyən edilmişdir ki, kənar xətdən naqildən keçən yük 11,5 kvt (Pkənar.=11,5 kvt), sayğacın qeydə aldığı yük isə “0,0” kvt (Psayğac=0,0 kvt) olmuşdur. Həmin baxış zamanı aşkar edilmiş kənar xətt ləğv edilmişdir. İş materiallarında olan istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********4) aid abunə haqqında məlumata və digər sənədlərə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın 8.17-ci bəndinin tələblərinə əsasən istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin (mağazanın) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacından kənar qoşulmaya görə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 007450 nömrəli Aktda qeyd olunan nöqsana görə yenidən hesablama aparılaraq 4533,3 manat məbləğində (11,5 kvt x 12 saat x 365 gün = 50370 kvts x 0,09 manat) əlavə sərfiyyat üzrə borc hesablanaraq, İstehlakçının hesabına daxil edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na, Mülki Məcəllənin 385.1, 425,1, 430.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.17-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda mübahisələndirilən aktdan görünür ki, cavabdeh “xxxx” ASC iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan abunə haqqında çıxarışın surətindən görünür ki, iddiaçıya elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 4533,3 manat məbləğində borc hesablanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “xxxx” ASC tərəfindən reyestrdə qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi olmadığından, İddiaçı (abonent kodu **********4) hesablanmış 4533,3 manat məbləğində borc silinməlidir. İddia tələbinin aktın ləğv edilməsilə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, xx xxxx 2020-ci il tarixli, 007450 saylı akt yoxlama zamanı sayğacda aşkar edilmiş qüsurları və s. halları özündə əks etdirən sübut növüdür. Bu səbəbdən iddia tələbi aktın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-569/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (abonent kodu **********4) hesablanmış 4533,3 (dörd min beş yüz otuz üç manat üç qəpik) manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-569/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (abonent kodu **********4) hesablanmış 4533,3 (dörd min beş yüz otuz üç manat üç qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Hökümə Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar