Məhkəmə qərarları › İş №2-2(105)-28/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-28/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-28/2023 16.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 1722/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 19 oktyabr 2021-ci il tarixli X7 dair Tələbnamənin (qərarın) ləğv edilməsi və həmin Tələbnamə (qərar) üzrə hesablanmış 1296 manat məbləğində borcun silinməsi və mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödənilən 60 (altımış) manat məbləğində pulun Cavabdeh İB-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhərinin 30-cu məhəlləsində yerləşən “Bizim Bağ” restoranının abonent hesabı ona məxsusdur. 10 may 2019-cu ildə Cavabdeh əməkdaşları restorana gələrək qaz sayğacına baxış keçirmiş və həmin yoxlama zamanı qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, əvəzinə yeni sayğac quraşdırılmışdır. Bundan sonra Cavabdeh İstesalat Biriyinin əməkdaşları restorana gələrək 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Akt tərtib etmişlər. Həmin Aktda “28256536 nömrəli sayğacın kənar təsir nəticəsində giriş yivli birləşmə gövdədən qopub, çıxış yivli birləşmə deformasiyaya uğrayıb” qeydi aparılmışdır. Həmin Akta əsasən də 19 oktyabr 2021-ci il tarixli X7 Dair Tələbnamə tərtib edilmiş və 6480 kubmetr qazdan istifadəyə görə onun abonent hesabına 1296 manat məbləğində əlavə borc hesablanmışdır. Yazılmış borc əsassız və qanunsuz olduğu üçün o, həmin borcu qəbul etmir. Cavabdeh İB tərəfindən ona borcun ödənilmədiyi halda obyektə verilmiş təbii qazın kəsiləcəyi bildirilmişdir. Restorana verilən təbii qazın kəsilməsi onu külli miqdarda ziyana sala bilər. Lakin o, istehlak edilən təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və heç bir zaman cavabdeh təşkilatla arasında qaz borcu ilə bağlı problemi olmamışdır. Hətta qeyd edilən xətaların sayğac üzərində həqiqətən mövcud olması da şübhə doğurur. Çünki, sayğac dövlət yoxlamasına göndərilərək Metrologiya Departamenti tərəfindən baxış keçirilərkən, istehlakçı olaraq onun iştirakı təmin olunmamış, bununla bağlı ona ümumiyyətlə məlumat verilməmiş, həmin yoxlama 10 may 2019-cu il tarixdə həyata keçirilsə də, təxminən iki ildən sonra, yəni 30 sentyabr 2021-ci il tarixdə onunla bağlı məlum Akt tərtib edilmişdir. O, məhkəməyə müraciət edənə qədər isə qanunvericiliyin tələbindən çıxış edərək, ilkin mediasiya sessiyasında iştirak etmiş və iş üzrə Cavabdeh İB-nin nümayəndəsinin iştirak etməməsi səbəbindən ona mediator tərəfindən 19 yanvar 2022-ci il tarixli, 2022-003233 nömrəli arayış verilmişdir. Bundan əlavə qeyd edir ki, Cavabdeh İB-yə borcun silinməsi və on gün müddətində ona cavab verilməsi ilə bağlı müraciət etmişdir. Lakin Cavabdeh İB tərəfindən müraciətə heç bir cavab verilməmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Ona görə də işlədilən ictimai iaşə obyektindən kənarda yerləşdirilmiş qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyəti qaz paylayıcısı olan Cavabdeh İB daşımalıdır. O, yuxarıda sadalananlara əsasən hesab edir ki, sayğacın “kənar təsir nəticəsində giriş yivli birləşmənin gövdədən qopmasında və çıxış yivli birləşmənin deformasiyaya uğramasında” onun hər hansı təqsiri olmadığından, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 1296 manat məbləğində borc pul silinməlidir. Çünki, o, Cavabdeh İB-yə zərər vurulmasına gətirib çıxara bilən təqsirli, hüquqa zidd əməl törətməmişdir. Sonradan İddiaçı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, Cavabdehnə qarşı verilmiş “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə işə baxılarkən hazırkı ərizədə qeyd olunan halların da nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - ona məxsus “Bizim Bağ” restoranı Cavabdeh İB-nin əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə əməl edilməməsi ilə əsaslandırılmışdır. Sonradan İddiaçı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Akt əsasında hesablanmış 1296 manat məbləğində borcun silinməsi və mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödədiyi 60 (altmış) manat məbləğində pulun Cavabdeh İB-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən “Bizim Bağ” restoranı ərazisində quraşdırılmış qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, yerində 30 sentyabr 2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan “G-6 markalı 28256536 №-li sayğaca kənar təsir nəticəsində giriş yivli birləşmə gövdədən qopub, çıxış yivli birləşmə deformasiyaya uğrayıb” yazılmışdır. Ona görə də, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış və Metrologiya Departamentinin rəyinə əsasən 30 sentyabr 2021-ci il tarixli ******* №-li Akta və X7 dair Tələbnaməyə əsasən Qaz sayğacının nominal qaz sərfi 6 kubmetr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün 6 kubmetr x 12 saat x 90 gün = 6480 kubmetr x 0,20 qəpik=1296 manat məbləğində vurulmuş zərər qismində əlavə sərfiyyat hesablanmış və vurulmuş bu zərərin ödənilməsi istehlakçıdan tələb edilmişdir. Lakin hazırkı vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır və 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bu da onu göstərir ki, İddiaçı qaz sayğacını öz vəsaiti hesabına almışdır və həmin sayğacın qorunub saxlanılmasına iddiaçı özü cavabdehlik daşımalıdır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Cavabdeh İB tərəfindən təlimata uyğun olaraq təbii qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmiş və dövlət yoxlamasının rəyinə əsasən sayğaca müdaxilə halı baş verdiyi üçün sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Qeyd olunan qaydalara əsasən təbii qaz sayğacına müdaxilə halı baş verməsi səbəbindən, həmin obyektin təbii qaz cihazlarının hesabatı aparılmış və itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı 03 noyabr 2022-ci ildə “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “cavabdehin etirazı ilə bağlı” mülahizə təqdim edərək göstərmişdir ki, Cavabdeh İB-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda onun qaz sayğacını öz vəsaiti hesabına aldığı üçün həmin sayğacın qorunub saxlanılmasına onun özünün cavabdehlik daşımalı olduğu bildirilmişdir. Lakin o, qeyd edilən etirazla razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X3 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. O, hüquqi şəxs deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyəti cavabdeh təşkilat özü daşıyır. Hətta sayğacın kim tərəfindən quraşdırılmasından asılı olmayaraq cavabdeh təşkilatın əsas işi ondan ibarətdir ki, o, aktda qeyd edilən qüsurların həqiqətən də sayğacda olduğunu, bu qüsurlar nəticəsində cavabdeh təşkilata həqiqətən də zərər vurulduğunu, bu zərərin məbləğinin həqiqətən də 1296 manat təşkil etdiyini, həmin zərərin sırf iddiaçının təqsiri üzündən vurulduğunu, sahibkar kimi onun fəaliyyəti yoxlanılarkən müvafiq qanunvericiliyin tələblərinə riayət edilib-edilməməsini sübut etməli idi. Ona yuxarıda sadalanan heç bir hala riayət edilmədən ziyan hesablanması ədalətsizdir. Eyni zamanda, hesablanmış ziyana görə dəfələrlə cavabdeh təşkilatın nümayəndələri gələrək onun sahibkar kimi fəaliyyət göstərdiyi obyektin təbii qazının kəsilməsi ilə hədələmiş və o, bununla bağlı müvəqqəti təminat tədbirinin tədbirinə dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli olmuşdur. Cavabdeh təşkilat əsassız aktı üzrə yazılmış borcla bağlı onun sahibkarlıq fəaliyyətinə çox ciddi əngəl yaratmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 1722/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək 30 sentyabr 2021-ci ildə təsdiq edilmiş ******* nömrəli “Təbii X3 pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1296 (min iki yüz doxsan altı) manat məbləğində borcun silinməsi, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqının Cavabdehndən tutularaq, İddiaçı ödənilməsi, Cavabdehndən dövlət nəfinə 32,96 (otuz iki manat 96 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2-2(119)-1722/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən “Bizim bağ” restoranı ərazisində quraşdırılmış qaz sayğacına Birliyin əməkdaşları tərəfindən baxış keçirilmiş, yerində ******* saylı xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan ”G-6 markalı 28256536 №-li sayğaca kənar təsir nəticəsində giriş yivli birləşmə gövdədən qopub, çıxış yivli birləşmə deformasiyaya uğrayıb” yazılmışdır. Belə ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış və xx.xx.2021 tarixli Metrologiya Departamentinin rəyinə, ******* №-li xx.xx.2021ci il tarixli Akta və X7 dair Tələbnaməyə əsasən, Qaz sayğacının nominal qaz sərfi 6 kubmetr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 6 kubmetr x 12 saat x 90 gün = 6480 kubmetr x 0.20 qəpik = 1296 (bir min iki yüz doxsan altı) manat itirilmiş qazın bərpası hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. X3 4.7-ci bəndində sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndində fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bu da onu göstərir ki, İddiaçı qaz sayğacını öz vəsaiti hesabına almışdır və həmin sayğacın qorunub saxlanılmasına iddiaçı özü cavabdehlik daşımalıdır. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Birlik tərəfindən təlimata uyğun olaraq təbii qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmiş və dövlət yoxlamasının rəyinə əsasən sayğaca müdaxilə halı baş verdiyi üçün sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Qeyd olunan qaydalara əsasən təbii qaz sayğacına müdaxilə halı baş verdiyi səbəbindən qeyd olunan obyektin təbii qaz cihazlarının hesabatı aparılmış və itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZ Apellyasiya şikayətində cavabdeh şikayətini onunla əsaslandırmağa çalışır ki, guya qaz sayğacı onun öz vəsaiti hesabına alındığı üçün həmin sayğacın qorunub saxlanmasına görə məsuliyyəti o, özü daşımalıdır. Qeyd edilən fikirlə bağlı bildirir ki, o, sahibkardır. Quba rayonunda ictimai-iaşə obyektini idarə edir. Həmin obyekt restoran kimi fəaliyyət göstərir. Aydın məsələdir ki, restoran kimi fəaliyyət göstərən bir obyektin qaz təchizatı qaydasında olmalıdır. Cavabdeh təşkilat qaz sayğacının quraşdırılması üçün vəsait tələb etdikdə və sahibkar onu ödəmədikdə ziyana düşmək qaçınılmaz olur. Ziyandan qorunmağın yolu kimi sayğacın sahibkarın öz vəsaiti hesabına quraşdırılması sayğaca vurulmuş zərərin ödənilməsinə və sahibkarın bu halda təqsirli olmasının sübutu kimi nəzərdən keçirilə bilməz. Bu hal sadəcə cavabdeh təşkilatın sahibkarlardan əsassız şəkildə sayğac quraşdırılması adı ilə vəsait tələb etməsinin sübutu kimi qəbul edilə bilər. Eyni zamanda cavabdeh təşkilat apellyasiya şikayətində qeyd edir ki, guya sayğac dövlət yoxlamasına aparılarkən qaz sayğacına müdaxilə halı müəyyən edildiyindən ona cərimə hesablanmışdır. Ona məxsus sahibkarlıq obyektində quraşdırılmış qaz sayğacına müdaxilənin baş verməsini və bu zaman onun təqsirinin olmasını sübut etmək vəzifəsi əlbəttə ki, cavabdeh qurumun üzərinə düşür. Cavabdeh təşkilat isə bunun üçün ilk öncə onun barəsində tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli Aktın eyni zamanda 10 may 2019-cu il tarixdə sayğacın Metrologiya departamenti tərəfindən dövlət yoxlaması həyata keçirilərkən verilmiş rəyin (yoxlamanın nəticəsinin) mötəbərliyini sübut etməlidir. Belə ki, nə sayğac açılıb dövri yoxlamasına göndərilərkən, nə də onun barəsində 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli Akt tərtib edilərkən sahibkarlıq sahəsində qüvvədə olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılma qaydası haqqında Əsasnamənin tələbləri nəzərə alınmamışdır. Belə ki, nə yoxlama aparılarkən, nə də ondan əvvəlki dövrdə ona yoxlamanın aparılması haqqında qərar təqdim edilməmiş, yoxlama yoxlamaların vahid reyestrində qeydə alınmadan aparılmışdır. Qeyd etdiyi hallar isə «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən həmin yoxlamanın hüquqi nəticəsinin olmaması və bununla bağlı ona hər hansı məsuliyyət tədbirinin tətbiq edilməməsinə səbəb olmalıdır. Sumqayıt Kommersiya Məhkəməsi də haqlı olaraq ona məxsus sahibkarlıq obyektinə hesablanmış 1296 manat məbləğində borcun əsaslılığı məhkəmə araşdırması zamanı mötəbər sübutlar əsasında təsdiq olunmadığından iddia tələbini təmin etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh Qaz sayğacları üzrə Texniki Sənədləşdirmə və Qeydiyyat İdarəsinin əməkdaşları tərəfindən tərtib olunaraq, təsdiq edilmiş 10 may 2019cu il tarixli “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MS-29/1640-00953-14 nömrəli Aktdan görünür ki, Cavabdeh 15 aprel 2019-cu il tarixli SOCAR**********31791640X00953 saylı məktubuna əsasən 24 aprel 2019-cu il tarixində Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış G-6 markalı mexanika tipli qaz sayğacına 07 may 2019-cu il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi müəyyən edilmişdir ki, “kənar təsir nəticəsində giriş yivli birləşmə gövdədən qopub, çıxış yivli birləşmə deformasiyaya uğrayıb” (sayğacın zavod nömrəsi – 28256536, mexaniki göstəricisi– 38310 m3 , qeyd – yararsız, qüsura görə nəticə - sayğacın dəyəri ödənilsin), (Aktda məlum yoxlamanın X5 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 30 sentyabr 2021-ci il tarixində təsdiq edilmiş və “İstehlakçı: “Bizim Bağ”, İddiaçı”, “ünvan: Quba şəhəri, Vaqif küç.”, “Fəaliyyət növü: restoran”, “abonent kodu: **********00000” qeydləri yazılmış “Təbii X3 pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 30 sentyabr 2021-ci ildə (baxışın keçirilmə saatı Aktın müvafiq qrafasında göstərilməmişdir) abonent kodu **********00000 olan obyektdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda “ARDNŞ Cavabdeh İBnin qeyri-əhali qaz sayğaclarının yoxlanılması haqqında AKT MS-29/1640-00953-14 saylı rəyinə əsasən 28256536 sayğacın kənar təsir nəticəsində giriş yivli birləşmə gövdədən qopub, çıxış yivli birləşmə deformasiyaya uğrayıb” qeydi aparılmışdır. Eyni zamanda, Aktda qeyd olunmuş məlumatlarla müəyyən olunur ki, həmin Akt - yoxlamanı keçirən Cavabdeh əməkdaşları olan mühəndislər və çilingər tərəfindən imzalanmış olsa da, “İstehlakçının nümayəndəsi” qismində qeyd olunan “Manafov Rəsul (icarədar)” tərəfindən imzalanmamışdır və onun adının qarşısında “imtina etdi” qeydi aparılmışdır (Aktda məlum yoxlamanın X5 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş 19 oktyabr 2021-ci il tarixli “X7 dair” Tələbnamədə istehlakçı: “Bizim Bağ” - İddiaçı”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Quba şəhəri, Vaqif ev 12”, “abonent kodu: **********00000” qeyd edilməklə göstərilir ki, “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə Laboratoriyasının Qaz sayğacının yoxlanılması” barədə tərtib edilmiş 10 may 2019-cu il tarixli MSK-29/1640-00953-14 №-li Aktı ilə müəyyən edilən “G-6 markalı 28256536 №-li sayğaca kənar təsir nəticəsində giriş yivli birləşmə gövdədən qopub, çıxış yivli birləşmə deformasiyaya uğrayıb” qüsuruna görə G-6 markalı qaz sayğacın nominal qaz sərfi 6 kubmetr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 6480 kubmetr həcmində müəyyən edilmişdir (əsas: - 30 sentyabr 2021-ci ildə təsdiq edilmiş ******* nömrəli Akt). İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Quba şəhəri Vaqif küçəsində yerləşən sahibkarlıq obyektinin hesabına 2021-ci ilin oktyabr ayında bir dəfəyə 1296 (min iki yüz doxsan altı) manat məbləğində borc hesablanmışdır. Eyni zamanda, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, 2015-2021-ci illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, istehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş və həmin ünvanda yerləşən qaz sayğacı çıxarılmış, 24 aprel 2019-cu il tarixində Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış, G-6 markalı mexanika tipli qaz sayğacına 07 may 2019-cu il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi “kənar təsir nəticəsində giriş yivli birləşmə gövdədən qopub, çıxış yivli birləşmə deformasiyaya uğrayıb” qüsuru aşkar edilmiş, həmin Aktda qeyd olunan qüsur üzrə təxminən iki ildən çox müddət keçdikdən sonra 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Akt tərtib edilmiş və həmin Akt əsasında 19 oktyabr 2021-ci il tarixli “X7 dair” Tələbnamədə məlum qüsurlara görə G-6 markalı qaz sayğacın nominal qaz sərfi 6 kubmetr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 6480 kubmetr həcmində müəyyən edilərək, 1296 (min iki yüz doxsan altı) manat məbləğində birdəfəlik borc hesablanmışdır. Hazırda istehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Akt əsasında hesablamış borc məbləğini əsassız hesab edərək həmin borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X5 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X5 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X5 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X5 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X5 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda Cavabdeh İB) tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, Cavabdeh İB tərəfindən fərdi sahibkar kimi fəaliyyət göstərən iddiaçıya məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan X5 reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan X5 reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Bundan başqa, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yoxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan işin faktiki halları və istinad olunan maddi hüquq normaları ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 1722/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar