Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-30/2025 12.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh1 və onun vəkili-nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin qaytarılması və borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-870/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-870/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, lizinq verən İddiaçı ilə lizinq alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X7 Müqaviləsinə xitam verilməsi, İddiaçı MMC-yə məxsus lizinq predmeti olan “Shacman SX331" markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı MMC-yə geri qaytarılması, cavadehlər Cavabdeh1 və Cavabdeh2 19235,38 manat əsas borc, 6464,15 manat mükafat borcu, 300 manat cərimə, 168 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26167,53 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İslam Əliyev). Qətnamədən Cavabdeh1 (vəkili-nümayəndəsi Nümayəndə1) tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı 08 may 2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin xitam olunması, lizinq obyektinin qaytarılması və borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq verən İddiaçı MMC- ilə lizinq alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X7 Müqaviləsinə xitam verilməsi, İddiaçı MMC-yə məxsus lizinq predmeti olan “Shacman SX331" markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması, cavadehlər Cavabdeh1 və Cavabdeh2 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X7 Müqaviləsinə əsasən 06 oktyabr 2023-cü il tarixədək yaranmış 19565,66 manat əsas borc, 14100,32 manat mükafat borcu və 475,2 manat penya olmaqla, cəmi 34141,18 manat məbləğində lizinq borcunun və ödənilmiş 193 manat məbləğində dövlət rusumu əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 07/0141/DLİZ saylı X7 Müqaviləsinə əsasən bu müqavilədə göstərilən 1 (bir) ədəd, 2011-ci il buraxlışı olan, “SHACMAN SX331” markalı (ban nömrəsi 1LZGJRDT62BX073990) nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh1 istifadəsinə vermişdir. Müqavilənin 9.4-cü bəndinə əsasən “lizinq alan”ın “lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 27000 (iyirmi yeddi min) manat təşkil edir. Bu ümumi məbləğdən 10625 (on min altı yüz iyirmi beş) manat “Lizinq verən”in mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında lizinq ödənişləri bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər ay üçün ödəniş 1045,16 manat müəyyən edilmişdir. Lizinq müqaviləsi üzrə vəsait illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləyə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən 36 ay müddətində hər ay 1045,16 manat olmaqla ödəniş etməli olduğu halda sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 1514 manat odəniş etmişdir. Cavabdeh lizinqə götürdüyü avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdehlərə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin birtərəfli qaydada xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Müqavilənin 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqaviləyə öhdəliklərin “lizinq alan” tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti “lizinq alan” tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa, “lizinq verən”in ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək hüququ vardır. Bu Müqavilənin 13.1-ci bəndinə əsasən hər hаnsı bir mübаhisə və yахud аnlаşılmаzlıq ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Аzərbаycаn Respublikаsının qüvvədə оlаn qаnunvericiliyinə uyğun оlаrаq Аzərbаycаn Respublikаsının aidiyyəti məhkəməsində həll оlunur. Eyni zamanda Cavabdeh1 “İnternet Vergi” Şəxsi kabinetinə İddiaçı MMC tərəfindən (“İnternet Vergi ödəyicisinin” Şəxsi kabineti taxes.gov.az) bu iddia ərizəsi və pretenziya məktubu göndərilmişdir. Cavabdeh1 etiraz ərizəsi verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X7 Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, müqavilədə göstərilən “SHACMAN SX331” markalı (ban nömrəsi 1LZGJRDT62BX073990) nəqliyyat vasitəsi lizinq alan tərəfindən 36 ay müddətində hər ay 1045,16 manat olmaqla lizinq verənə ödəniş etməsi şərti ilə xx.xx.2019-cu il tarixindən etibarən Cavabdeh1 və Cavabdeh2 istifadəsinə verilmişdir. Həmin avtomobil tikinti materiallarının daşınması məqsədilə Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmiş və ödənişlər vaxtlı-vaxtında edilmişdir. Lakin, 2020-ci ilin mart ayından bütün ölkə ərazisində “COVİD-19” pandemiyası yayılmış və buna görə də xüsusi karantin rejimi tətbiq edilmişdir. Karantin rejimi səbəbindən işlər tam dayanmış və fəaliyyəti davam etdirərək lizinq ödənişlərinin edilməsi bir neçə ay qeyri-mümkün olmuşdur. Bu problemlər barədə İddiaçı MMC ilə mütəmadi danışıqlar aparılmış və ödənişlərin edilməməsi müəyyən müddət anlayışla qarşılanmışdır. Daha sonra, cavabdehin əmisi oğlu Cavabdeh2, Cavabdeh1 Elman adlı şəxslə tanış etmiş və onun bildirdiyi şəxsə nəqliyyat vasitəsi barədə etibarnamə verərək onun istifadəsinə verə biləcəyi halda lizinq ödənişlərini həyata keçirəcəyini bildirmişdir. Bu barədə 2020-ci ilin noyabr ayında İddiaçı MMC ilə danışıqlar aparmış və həmin ana yaranmış borcu ödəniləcəyi halda yeni şəxsə etibarnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. Bütün tərəflər razı olduğundan, 1500 manat pul ödənilmiş, qalan gecikmə məbləği isə bölünərək növbəti aylıq ödənişlərin üzərinə əlavə edilmişdir. Buna görə də, yenidən kapitallaşma aparılaraq xx.xx.2020-ci il tarixdə yeni ödəniş cədvəli təyin edilmiş və həmin cədvəl üzrə qalan 20 ay müddətində aylıq ödəniş 1295,57 manat təşkil etmişdir. Tərəflərin razılaşmalarından sonra İddiaçı MMC-nin də razılığı ilə Elmanın bildirdiyi şəxs olan X5 İddiaçı MMC tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə verilmişdir. X3 danışıqlara əməl etməmiş və aylıq ödənişləri həyata keçirməmişdir. Daha sonra isə ona verilmiş etibarnamənin etibarlılıq müddəti bitsə də, X6 həmin nəqliyyat vasitəsini öz sahibliyində saxlamağa davam etmiş və nəqliyyat vasitəsini geri qaytarmamışdır. Təqsirli əməllərin İddiaçı MMC-nin özünün də razılığı ilə etibarnamə verdiyi şəxs olan X6 tərəfindən törədilməsinə baxmayaraq, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinin geri qaytarılması, öhdəliklərin icra edilməsi barədə hər hansı real tədbirlər görməmiş, əksinə, təqsirsiz olan şəxslər Cavabdeh1 və Mustafeyev Ramilə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinə dair X5 yeni etibarnamə "xxxx" MMC tərəfindən verilmişdir. Müqavilə üzrə öhdəliklərin müvəqqəti olaraq həmin şəxs tərəfindən icra olunacağı barədə məlumat etibarnamə verilməzdən əvvəl İddiaçı MMC-yə bildirilmiş və onlar da öz razılığını bildirərək həmin etibarməni vermişlər. Bununla da, yarana biləcək hər hansı riskləri İddiaçı MMC öz üzərinə götürmüşdür. Buna baxmayaraq, İddiaçı MMC mülkiyyətində olan nəqliyyat vasitəsinin axtarılması barədə heç bir real cəhd göstərməmişdir. Göründüyü kimi, bütün hallar İddiaçı MMC-yə izah olunmuş və onların da razılığı ilə X5 etibarnamə verilmişdir. Həmin etibarnamənin İddiaçı MMC tərəfindən verildiyi tarixdən aparılmış danışıqların mahiyyətinə uyğun olaraq bütün öhdəliklər X2 və bütün risklər İddiaçı MMC-nin üzərində olmuşdur. Buna görə də, X6 tərəfindən görülmüş qanunsuz və təqsirli hərəkətlər səbəbindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məsuliyyət daşıması qanuna uyğun deyildir. Qeyd olunanlara əsasən, iddia tələbləri tamamilə əsassızdır. Daha sonra Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək bildirmişdir ki, iddia tələbi əsassızdır və hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından da göründüyü kimi, Cavabdeh1 tərəfindən sonuncu ödəniş 1514 manat olmaqla xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Hazırkı iddia ərizəsi isə Sumqayıt Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Belə olan halda 03.01,2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərinə olan ödənişlərlə bağlı iddia müddəti keçdiyi üçün həmin tarixlərə olan ödənişlər ümumiyyətlə ondan tələb edilə bilməz. Əlavə olaraq, iddiaçı tərəfindən kapitallaşma aparılaraq 03 noyabr 2020-ci il tarixdə yeni cədvəl tərtib edilmiş və qalan 20 ay müddətində aylıq ödəniş 1045,16 manat deyil, 1295,57 manat təşkil etmişdir. Yuxarıda qeyd edilənlərə və Mülki Məcəllənin 375.2.-ci maddəsinə əsasən, iddia müddətinin tətbiq edilərək iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin xitam olunması, lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh1 (vəkili-nümayəndəsi Nümayəndə1) ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X7 Müqaviləsi bağlanmış, müqavilədə göstərilən “SHACMAN SX331” markalı (ban 1LZGJRDT62BX073990) nəqliyyat vasitəsi lizinq alan tərəfindən 36 ay müddətində hər ay 1045.16 manat olmaqla lizinq verənə ödəniş etməsi şərti ilə xx.xx.2019-cu il tarixindən etibarən Cavabdeh1 və Cavabdeh2 istifadəsinə verilmişdir. Həmin avtomobil tikinti materiallarının daşınması məqsədilə cavabdehlər tərəfindən istifadə edilmiş və ödənişlər vaxtlı-vaxtında edilmişdir. Lakin 2020-ci ilin mart ayından bütün ölkə ərazisində “COVİD- 19” pandemiyası yayılmış və buna görə də xüsusi karantin rejimi tətbiq edilmişdir. Karantin rejimi səbəbindən işlər tam dayanmış və fəaliyyəti davam etdirərək lizinq ödənişlərinin edilməsi bir neçə ay qeyri-mümkün olmuşdur. Bu problemlər barədə İddiaçı MMC ilə mütəmadi danışıqlar aparılmış və ödənişlərin edilməməsi müəyyən müddət anlayışla qarşılanmışdır. 2020-ci ilin noyabr ayında İddiaçı MMC ilə danışıqlar aparılmış, 1500 manat ödəniş edilmiş, qalan gecikmə məbləği isə bölünərək növbəti aylıq ödənişlərin üzərinə əlavə edilmişdir. Buna görə də, yenidən kapitallaşma aparılaraq xx.xx.2020-ci il tarixdə yeni ödəniş cədvəli təyin edilmiş və həmin cədvəl üzrə qalan 20 ay müddətində aylıq ödəniş 1295,57 manat təşkil etmişdir. Tərəflərin razılaşması ilə İddiaçı MMC tərəfindən X6 adlı şəxsə nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə verilmişdir. X3 danışıqlara əməl etməmiş və aylıq ödənişləri həyata keçirməmişdir. Daha sonra isə ona verilmiş etibarnamənin müddəti bitsə də, X6 həmin nəqliyyat vasitəsini öz sahibliyində saxlamağa davam etmiş və nəqliyyat vasitəsini geri qaytarmamışdır. Təqsirli əməllərin İddiaçı MMC-nin özünün də razılığı ilə etibarnamə verdiyi şəxs olan X6 tərəfindən törədilməsinə baxmayaraq, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinin geri qaytarılması, öhdəliklərin icra edilməsi barədə hər hansı real tədbir görməmiş, əksinə, təqsirsiz olan şəxslər Elfaq və Ramil Mustafeyevlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının nəqliyyat vasitəsinin qaytarılmasına dair tələbi təmin edilsə belə, faktiki olaraq, həmin nəqliyat vasitəsi onlarda olmadığından, icrası mümkün olmayacaqdır. Belə ki, İddiaçı MMC-nin direktoru Zaur Əliyev Bakı şəhər Baş Polis İdarəsinə şikayət xarakterli məktub ünvanlamış və həmin müraciət əsasında araşdırma aparılmışdır. Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Tural Kazımov tərəfindən cinayət işinin başlanılması rədd edilmiş, nə avtomobil tapılıb qanuni sahibinə verilməmiş, nə də X6 tapılıb məsuliyyətə cəlb edilməmişdir. Bütün bunlar sübut edir ki, nəqliyyat vasitəsi Cavabdeh1 sahibliyində və istifadəsində deyildir... Bildirilir ki, nəqliyyat vasitəsinə dair X5 yeni etibarnamə "xxxx" MMC tərəfindən verilmişdir. Müqavilə üzrə öhdəliklərin müvəqqəti olaraq həmin şəxs tərəfindən icra olunacağı barədə məlumat etibarnamə verilməzdən əvvəl İddiaçı MMC-yə bildirilmiş və MMC-nin rəhbəri də razılaşaraq həmin etibarnaməni vermişdir. Bununla da, yarana biləcək hər hansı riskləri İddiaçı MMC öz üzərinə götürmüşdür. Buna baxmayaraq, İddiaçı MMC mülkiyyətində olan nəqliyyat vasitəsinin axtarılması barədə heç bir real cəhd göstərməmişdir. Göründüyü kimi, bütün hallar İddiaçı MMC-yə izah olunmuş və onun da razılığı ilə X5 etibarnamə verilmişdir. Həmin etibarnamənin İddiaçı MMC tərəfindən verildiyi tarixdən aparılmış danışıqların mahiyyətinə uyğun olaraq bütün öhdəliklər X2 və bütün risklər İddiaçı MMC-nin üzərində olmuşdur. Buna görə də, X6 tərəfindən görülmüş qanunsuz və təqsirli hərəkətlər səbəbindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məsuliyyət daşıması qanuna uyğun deyildir. Qeyd olunanlara əsasən, cavabdehlərə qarşı iddia tələbləri tamamilə əsassızdır... Bundan başqa, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “lizinq verən İddiaçı ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X7 müqavilənin 3.1-ci bəndinə əsasən, Maliyyə Lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin “Lizinq alan”a təhvil-təslim aktı imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuşdur.”. Bildirilir ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından da göründüyü kimi, Cavabdeh1 tərəfindən sonuncu ödəniş 1514 manat olmaqla xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Hazırkı iddia ərizəsi isə Sumqayıt Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Belə olan halda xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərinə olan ödənişlərlə bağlı iddia müddəti keçdiyi üçün həmin tarixlərə olan ödənişlər ümumiyyətlə tələb edilə bilməz. Buna görə də, cavabdehlər tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən kapitallaşma aparılaraq 3 noyabr 2020-ci il tarixdə yeni cədvəl tərtib edilmiş və qalan 20 ay müddətində aylıq ödəniş 1045,16 manat deyil, 1295,57 manat təşkil etmişdir. Lizinq müqaviləsi üzrə ödənişlərin tələb edilməsi vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələbdir. Belə ki, ödəniş cədvəli üzrə lizinq alan tərəfindən ödənişlər həyata keçirilməlidir. İş materiallarından da məlum olduğu kimi, ödəniş sonuncu dəfə xx.xx.2020-ci il tarixdə həyata keçirildiyindən artıq növbəti ay ödənilmədikdə şəxsin hüquqlarının pozulduğu məlum olur və iddia müddətinin axımı başlanılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır... Belə olan halda, məhkəmənin iddia müddətinin tətbiqinə dair ərizəni nəzərə almadan qətnamə çıxarması Mülki Məcəllənin 373-cü və 374-cü maddələrinin tələblərinə zidd olmuşdur... Bundan başqa, məhkəmənin qətnaməsi ilə 6464,15 AZN mükafat borcunun və 300 manat cərimə borcunun cavabdehlərdən tutulması qərara alınmışdır. Həmin hissəyə münasibətdə qeyd edir ki, cavabdehlərin təqsirli hərəkəti olmadığından onlar tərəfindən öhdəliyin icra edilməməsi ilə vurulmuş zərərdən də söhbət gedə bilməz. Odur ki, məhkəmə düzgün hüquqi nəticəyə gəlməmiş, İddiaçı MMC-nin digər şəxsə etibarnamə verilməsinə razılıq verməklə, yarana biləcək hər hansı riskləri MMC-nin öz üzərinə götürməsi barədə cavabdehin dəlillərini diqqətdən kənarda qoymuşdur. Göstərilənlərə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(119)-870/2024 nömrəli qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh1 və onun vəkili-nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdırıb, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-870/2024 nömrəli qətnaməsi qismən – İddiaçı MMC-yə məxsus lizinq predmeti olan “Shacman SX331" markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı MMC-yə geri qaytarılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında X7 müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. 3 iyun 2019-cu il tarixdə bağlanmış həmin müqaviləyə əsasən lizinq verən İddiaçı MMC mülkiyyətində olan 2011-ci il buraxılışlı, “Shacman SX331” markalı, mühərriki nömrəsiz (silinmiş), şassi LZGJRDT63BX073990 nömrəli, yükdaşıyan nəqliyyat vasitəsini lizinq alan Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Eyni zamanda, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, bu müqaviləyə görə lizinq alan "Lizinq müqaviləsi”nə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya qismən icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “zamin”in lizinq alanla birlikdə lizinq verən qarşısında avtomobilin qiymətinin (27.000 manat) və cərimələrin, habelə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Lizinq müqaviləsinin müddəti 36 ay müəyyən olunmuş və həmin müddət xx.xx.2022-ci il tarixdə bitmişdir. Lizinq alan, yəni Cavabdeh1 müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək lizinq obyektindən istifadəyə görə lizinq verənə, yəni İddiaçı MMC-yə şərtləşdirilmiş muzdu tam ödəməmişdir. Bundan başqa, lizinq predmeti olan “Shacman SX331" markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya qaytarılmamışdır. Həmin avtomobil 2020-ci ilin noyabrında Cavabdeh1 təklifi və razılıq ərizəsi ilə İddiaçı MMC tərəfindən təsdiqlənmiş etibarnamə əsasında X6 adlı şəxsin müvəqqəti istifadəsinə verilmiş, bununla həm də şifahi razılaşmaya görə lizinq ödənişlərinin icrası həmin şəxsin öhdəsinə qoyulmuşdur. Sakit Abdulov isə bu öhdəliyi 2 ay icra etdikdən sonra qeyb olmuş, onunla əlaqə saxlamaq və yerini müəyyən etmək mümkün olmamışdır. Hazırda avtomobilin də harada olması və salamat olub-olmaması məlum deyildir. Bununla əlaqədar İddiaçı MMC-nin direktoru Zaur Əliyev 2022-ci ilin dekabrında Bakı şəhər Baş Polis İdarəsinə şikayət xarakterli məktub ünvanlamış və həmin müraciət əsasında Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi tərəfindən araşdırma aparılmış, lakin heç bir müsbət nəticəsi olmamış, nə avtomobil tapılıb qanuni sahibinə qaytarılmış, nə də X6 adlı şəxs tapılıb məsuliyyətə cəlb edilmişdir. 2024-cü ilin mayında İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin qaytarılması və borcun tutulması tələblərini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi tərəflər arasındakı lizinq müqaviləsi üzrə yaranmış borcun dəqiqləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertin 30 sentyabr 2024-cü il tarixli 9/6901 nömrəli rəyinə əsasən İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/0141/DL1Z saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixə 19.235,38 manat əsas borcu, 6.464,15 manat mükafat borcu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən cavadehlər Cavabdeh1 və Cavabdeh2 19235,38 manat əsas borc, 6464,15 manat mükafat borcu, 300 manat cərimə, 168 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26167,53 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bu hissədə iddia qismən təmin olunsa da, iddiaçı qətnaməni təmin olunmayan hissədə mübahisələndirməmişdir. Cavabdeh1 isə apellyasiya şikayətində qətnamənin onlardan 6464,15 manat mükafat borcu və 300 manat cərimə borcunun tutulması hissəsini mübahisələndirərək hesab edir ki, cavabdehlərin təqsirli hərəkəti olmadığından onlar tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində zərər vurulmasından da söhbət gedə bilməz. Hesab edir ki, lizinq obyekti olan avtomobilin onların əlindən çıxması (talanması) iddiaçının məsuliyyətinə aiddir, məhz iddiaçı lizinq obyektini talanma riskindən qorumalı idi. Sakit Abdulov adlı şəxsə avtomobili idarə etməsi üçün iddiaçı özü etibarnamə vermişdir. Eləcə də, Sakit Abdulovun və avtomobilin yerinin müəyyən edilməsi üçün iddiaçı tərəfindən mülkiyyətçi olaraq zəruri tədbirlər görülməmişdir. Cavabdehlər isə avtomobilin mülkiyyətçisi olmadıqlarına görə onu qanunsuz sahibdən tələb edə, bundan ötrü hüquq-mühafizə orqanlarına müraciət edə bilmirlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən dəlilləri onu “lizinq alan” olduğu müqavilə üzrə lizinq ödənişləri ilə bağlı öhdəliklərdən azad etməyə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir; 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır; 748-9-cu maddəsinə görə, əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarını itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir; 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 751-ci maddəsinə əsasən, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir; 684.2-ci maddəsinə əsasən, kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Qeyd edilən müddəalar tərəflər arasında bağlanmış lizinq müqaviləsində də nəzərdə tutulmuşdur. Belə ki, 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X7 Müqaviləsinin: - 4.3.3-cü bəndinə əsasən, “lizinq alan” “lizinq verən”in yazılı razılığı ilə maliyyə lizinqi müqaviləsi üzrə nəzərdə tutulmuş lizinq obyektini sublizinq müqaviləsi əsasında üçüncü şəxslərin sahiblik və istifadəsinə verə bilər; - 4.4.9-cu bəndinə əsasən, lizinq obyekti “lizinq alan”ın günahı ucbatından itirilərsə və ya lizinq obyekti öz funksiyalarını tam və ya qismən itirərsə, bu hal “lizinq alan”ı “lizinq verən” qarşısında olan müqavilə öhdəliklərindən azad etmir və icra edilməmiş bütün öhdəliklər icra edilməlidir; - 6.3-ci bəndinə əsasən, təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan bütün səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Qanunvericiliyin tələblərindən və müqavilə şərtlərindən göründüyü kimi, cavabdeh lizinq obyekti olan avtomobili təhvil aldıqdan sonra həmin avtomobilə görə, o cümlədən avtomobilin məhv edilməsi, itirilməsi, korlanması, talanması və s. kimi halların baş verməsinə görə məsuliyyət tamamilə onun üzərinə keçmişdir. Bu baxımdan cavabdeh lizinq obyekti olan avtomobilin Sakit Abdulov adlı şəxsə verilməsində və sonuncu tərəfindən həmin avtomobilin talanmasına şərait yaradılmasında iddiaçını təqsirləndirməyə haqlı deyildir. Belə ki, Sakit Abdulovla ilk olaraq məhz Cavabdeh1 tanış olub avtomobilin onun istifadəsinə verilməsi barədə razılığa gəlmiş, ona inanıb avtomobil üçün adına etibarnamə verilməsindən ötrü İddiaçı MMC-nin rəhbərinə yazılı müraciət etmişdir. Bundan sonra iddiaçı tərəfindən Sakit Abdulov adlı şəxsə xx.xx.2020-ci il tarixdə yol vərəqəsi və etibarnamə verilmişdir. Avtomobilin özünü və sənədini (texniki pasportunu) isə həmin şəxsə cavabdeh təhvil vermişdir. Sakit Abdulov işlədiyi müddətdə 2 ayın lizinq haqqını Cavabdeh1 adından iddiaçıya ödəmiş, sonra onu tapmaq mümkün olmamışdır. Cavabdeh lizinqə aldığı avtomobilin qorunmasına məsuliyyət daşıyan şəxs kimi həmin avtomobilin başqa şəxsə verilməsi riskini də özü qiymətləndirməli və riski sığortalayan tədbirlər görməli idi. Beləliklə, lizinqə aldığı avtomobilin talanması cavabdehin risk və məsuliyyət dairəsinə aid olduğundan bu hadisə onu müqavilə öhdəliklərinin icrasından və konkret olaraq lizinq borclarını ödəməkdən azad etmir. Cavabdehin borc tələbi üzrə iddia müddətinin keçməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İstinad edilən normalardan göründüyü kimi, iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəti, eyni zamanda həmin müqavilə üzrə öhdəliklərin icra müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Növbəti gündən isə yaranmış lizinq borclarının tələb edilməsi üçün iddia müddətinin axımı başlamışdır. Belə (vaxtaşırı icra edilməli öhdəlikdən irəli gələn) tələblər üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Bu baxımdan iddiaçının məhkəmədə müvafiq iddia tələbini qaldırması üçün xx.xx.2025-ci il tarixədək vaxtı olmuşdur (vardır). İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir ki, bununla da onun iddia müddətini ötürmədiyi aşkar görünür. Mülki Məcəllənin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin qüvvədə olma müddəti qurtarmış, tərəflər həmin müddətin uzadılması təşəbbüsündə olmamışlar. İddiaçı sözügedən lizinq müqaviləsinə xitam verilməsini tələb etmiş, məhkəmə bu tələbi təmin etmiş, cavabdehlər məhkəmə qətnaməsini həmin hissədə mübahisələndirməmişlər. Cavabdeh apellyasiya şikayətində iddiaçının lizinq obyekti olan avtomobilin qaytarılması barədə tələbinə və bu tələbin məhkəmə tərəfindən təmin olunmasına etirazını bildirmişdir. Cavabdeh hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı həmin hissədə təmin etməsi qanunsuz və əsassız olmuşdur. Ona görə ki, iddiaçının sözügedən avtomobilin cavabdehlərdə olmadığını və onun qaytarılmasının mümkünsüzlüyünü bildiyi halda belə tələb irəli sürməsi özlüyündə anlaşılmazdır. Məhkəmə isə iddiaçının tələblərini təmin etməklə cavabdehlərin üzərinə həm lizinq obyekti olan avtomobilin dəyərinin (qalan hissədə) ödənilməsi, həm də iddiaçıya eyni vəziyyətdə olan başqa avtomobilin alınıb verilməsi vəzifələrini (öhdəliklərini) qoymuşdur. Məhkəmə kollegiyası cavabdehi apellyasiya şikayətinin qeyd olunan dəlillərinə görə haqlı hesab edir. Həqiqətən də, lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq məbləği tam olaraq tutulduğu halda, lizinq obyektinin dəyəri artıq tutulmuş olur, bu halda isə lizinq verən olaraq iddiaçının lizinq obyektinin geri qaytarılmasına dair tələbi onun mənafeyindən kənara çıxan tələb olur və onun bu tələbi irəli sürməsi yolverilən deyil. Hazırkı iş üzrə lizinq müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və məhkəmə cavabdehlərdən (müştərək qaydada) müqavilə üzrə həmin tarixə yaranmış 19235,38 manat əsas borc, 6464,15 manat mükafat borcu və 300 manat cərimə borcunun iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Göründüyü kimi, lizinq obyekti olan avtomobilin 27.000 manat təşkil edən dəyərinin bir hissəsi cavabdehlər tərəfindən artıq ödənilmiş və qalan məbləğin (əsas borcun) onlardan iddiaçının xeyrinə tutulması üçün məhkəmə qətnaməsi qəbul edilmişdir. Qanuna və müqavilə şərtinə görə lizinq obyektinin dəyəri tam tutulduqdan (ödənildikdən) sonra həmin obyekt lizinq alanın mülkiyyəti olur. Kollegiyanın qənaətincə, məhkəmə tərəfindən lizinq müqaviləsi üzrə bütün lizinq müddəti ərzində ödənilməli olan lizinq məbləği tutulduğundan (bir hissəsi isə artıq ödənildiyindən) lizinq obyektinin geri qaytarılmasına dair tələbin təmin olunmasının maddi hüquqi əsası olmamışdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi lizinq obyektinin geri qaytarılmasına aid hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi lizinq obyektinin geri qaytarılması tələbini təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni lizinq obyekti olan avtomobilin iddiaçıya qaytarılması tələbinin təmin olunması hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli, e-2-2(119)-870/2024 nömrəli qətnaməsi qismən – “İddiaçınə məxsus lizinq predmeti olan “Shacman SX331" markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı MMC-yə geri qaytarılması” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə rədd edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-870/2024 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-30/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-30/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver