Məhkəmə qərarları › İş №2-2(105)-32/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-32/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-32/2022 28.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1159/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 iyul 2020-ci il tarixli, NDQ 007507 saylı akta əsasən İddiaçı MMC barəsində əsassız hesablanmış 2918,70 manat məbləğində borcun silinməsi, məhkəmə məsrəfi olaraq ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və çəkilmiş mediasiya xərcinin yarısı olaraq 30 (otuz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 27.05.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Müəssisəni elektrik enerjisi ilə təmin etmək üçün sayğac quraşdırılmış və bununla bağlı müvafiq müqavilə bağlanmışdır. İddiaçı sayğac üzrə hesablanmış elektrik enerjisi borcunu vaxtıvaxtında ödəmişdir. 06 iyul 2020-ci il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları Alış Məmmədov və İsrafil Yusifov digər əməkdaşlarla birlikdə Alış Məmmədovun təhriki ilə "xxxx" MMC-yə (köhnə adı ilə X2 Müəssisəsi) məxsus, **********8 abonent kodlu sayğacın K-20 əmsalının düzgün seçilmədiyini bildirərək sayğacları və cərəyan transformatorlarını sökərək yoxlanılması üçün apardılar. A.Məmmədov iddiaçının qanuni təmsilçisinə sabah sayğac quraşdırma və uçota nəzarət idarəsinə gəlməli olduğunu, sayğacların və cərəyan transformatorlarının onun iştirakı ilə laboratoriyada açılaraq yoxlanılacağını bildirdi. Bundan bir gün sonra iddiaçının qanuni təmsilçisi qeyd olunan idarəyə getdikdə ona sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə akt təqdim etdilər. Yoxlama nəticəsində tərtib olunmuş 07 iyul 2020-ci il tarixli protokoldan da görünür ki, cərəyan transformatorlarının transformasiya əmsalının K=20 (100/5A) olduğu müəyyən edilmişdir ki, bu da sayğacın normal buraxılan xəta ilə işlədiyini göstərir. Yeni quraşdırılmış sayğac və cərəyan transformatorlarında da transformasiya əmsalı K=20 (100/5A) (norma həddində) olmuşdur. Bütün bunlara baxmayaraq 06 iyul 2020-ci il tarixli, NDQ 007507 nömrəli akta əsasən müəssisəyə əsassız olaraq 32430 kvt.s əlavə elektrik enerjisi sərfiyyatı hesablanaraq 2918,70 AZN məbləğində borcun olması barədə hesab ödəniş vərəqəsi gəlmişdir. Akt onunla əsaslandırılmışdır ki, sayğac dövriyyəsində quraşdırılmış cərəyan transformatorları kompüter informasiya məlumat bazasında 100/5Aə=20 kimi qeydiyyatdadır, lakin ölçmə zamanı hər üç fazada quraşdırılmış cərəyan transformatorları 150/5Aə=30 verir. Bununla əlaqədar 27.08.2020-ci il tarixdən müəssisəyə elektrik enerjisinin verilişi dayandırılmışdır. Bu səbəbdən də müəssisənin fəaliyyəti iflic vəziyyətinə düşmüşdür. Borcun silinməsi və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət etsək də, heç bir nəticəsi olmamışdır. Yoxlama nəticəsində tərtib olunmuş 07.07.2020-ci il tarixli protokoldan da görünür ki, cərəyan transformatorlarının transformasiya əmsalının K=20 (100/5A) olduğu müəyyən edilmişdir ki, bu da sayğacın normal buraxılan xəta ilə işlədiyini göstərir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1159/2021 saylı, 02 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə (abonent kodu **********8 (**********50255)) hesablanmış 2918,70 (iki min doqquz yüz on səkkiz manat 70 qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.(hakim Zahid Məmmədov). Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: "xxxx" ASC-yə məxsus elektrik hesabat sayğaclarına, nasaz elektrik hesabat sayğaclarına qarşı münasibətdə onları təmir etmək məqsədi ilə sökmək və ya onun göstəricilərinin götürülməsi tədbirləri həmçinin sayğacın bütövlüyünə, sayğaca hər-hansı kənar müdaxilənin olub-olmamasına nəzarət etmək yoxlama hesab olunmamalıdır. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. "xxxx" ASC isə yoxlayıcı orqan hesab olunmadığına görə məhkəmənin həmin qanuna, həmin maddəyə əsaslanaraq tərtib olunmuş akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış 2918,70 manat məbləğində borcun silinməsi barədə qətnaməsi ləğv olunmalıdır. Göründüyü kimi, məhkəmə yalnış hüquq normalarına istinad edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir ki, bu halda da enerji haqqlarının yığımının 100 %-ə çatdırılması barədə "xxxx" ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmışdır. Həmçinin birinci instansiya məhkəməsi EEİQ-nın 9.1 və 9.10-cu bəndlərinə istinad edərək istehlakçının sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına, düzgün istismarına və s. məsuliyyət daşıdığnı, elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməli olduğunu qeyd etsə də, özü həmin bəndlərin tələblərinə riayət etməmiş, itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə "xxxx" ASC tərəfindən haqlı olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarmışdır. Həmçinin həmin sayğaca elektrik enerji sərfiyyatının azaldılması məqsədi ilə olunacaq hər-hansı kənar müdaxilə iddiaçıdan başqa heç kəsin marağında ola bilməz. Məhkəmə qətnamə çıxararkən isə qeyd olunanları nəzərə almamışdır. Həmçinin, birinci instansiya məhkəməsində iddia tələbi üzrə məhkəməyə təqdim edilmiş etiraza əlavə olunmuş aktdan, abunə haqqında çıxarışdan və digər sübutlardan müəyyən edilir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 06.07.2020-ci il tarixdə iddiaçıya məxsus obyektə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirən zaman müəyyən edildi ki, cərəyan transformatorlarının kompyuter məlumat bazasında əmsalı 20 kimi qeydiyyatdadır. Halbuki yerində ampermaşa ilə ölçmə zamanı əmsalın 30 olduğu aşkar edilmişdir. Bu fakt elektrik hesabat sayğacının xətdən axan yükü 100% qeydə almaması, 33% enerji itkisi deməkdir. Belə ki, cərəyan transformatorları güc kabellərindən keçən yükün kiçilməsinə xidmət edir və hər bir cərəyan transformatorunun texniki göstəricilərində zavodun müəyyən etdiyi əmsal qeyd olunur. Cərəyan transformatorunun kiçiltdiyi güc enerjitəchizatı müəssisəsi üçün enerji itkisi deməkdir. Həmin itkinin bərpa olunması üçün EEİQ-da nəzərdə tutulmuş qaydalara riayət edilərək sayğac göstəricisi cərəyan transformatorunun texniki göstəricilərində göstərilmiş əmsala vurularaq hesablaşma aparılır. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın (bundan sonra EEİQ) 8.17-ci bəndinin tələblərinin pozulması haqqında 06.07.2020-ci il tarixli, NDQ 007507 saylı akt tərtib edilmişdir. Akt iddiaçının iştirakı ilə tərtib edilmiş, həmçinin o aktı imzalayaraq onun düzgünlüyünü təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (E.E.İ.Q) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq tərtib edilmiş 06.07.2020-ci il tarixli NDQ 007507 saylı akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə iddiaçıya qarşı həmin bəndin tələbləri ilə 2918,70 manat məbləğində yenidən hesablaşma aparılmışdır. Servis-N MMCyə məxsus sexdə quraşdırılmış uçot dəstinə müdaxilə etməsi faktı aylar üzrə qeydə alınmış elektrik enerji sərfiyyatları arasında kəskin fərqlə də təsdiq olunur. Belə fərqin olması tərtib olunmuş aktın əsaslı olmasının sübutu kimi qiymətləndirilməlidir. Belə ki, obyektdə uçot dəstinə müdaxilə faktı aşkar olunduqdan sonra yaranmış qüsur aradan qaldırılmışdır. Bundan sonra, yəni, 08.11.2021-ci il tarixdən 10.01.2022-ci il tarixədək 63 gün müddətində 3096 manat dəyərində elektrik enerjisi sərfıyyatı qeydə alınmışdır. Bu obyektdə həmin dövrdə gün ərzində orta hesabla ən azı 49,15 manat dəyərində elektrik enerjisi istehlak edilməsi deməkdir. Lakin sayğacın müdaxiləli olduğu dövrdə, 2019-cu ilin eyni aylarında yəni, 08.11.2019-cu il tarixdən, 08.01.2020-ci il tarixədək isə 61 gün ərzində cəmi 615,60 manat dəyərində elektrik sərfıyyatı qeydə alınmışdır ki, bu da həmin dövrdəki orta gündəlik elektrik sərfıyyatının 10,09 manat olduğunu bildirir. Göründüyü kimi, yeni sayğacla qeydə alınmış orta hesabla gündəlik enerji sərfıyyatı 49,15 manat ilə sayğacın müdaxiləli dövrdə qeydə aldığı orta gündəlik 10,09 manat müqayisə edildikdə həmin ünvanda uçot dəstinə müdaxilə yolu ilə 5 dəfə elektrik enerjisi sərfıyyatının azaldıldığı bir daha öz təsdiqini tapır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. İş materiallarından görünür ki, tərəfər arasında elektrik enerjisinin alğı-satqısına dair müqavilə bağlanılmasa da, cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektin elektrik enerjisi ilə təchiz edilməsi və həmin ünvana **********8 nömrəli abonent kodu verilmiş, müvafiq qaydada sayğac quraşdırılmışdır. İddiaçının mübahisələndirdiyi, məhkəməyə təqdim olunmuş 06.07.2020-ci il tarixdə tərtib olunmuş NDQ 007507 nömrəli aktda göstərilir ki, “...sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğac dövriyyəsində quraşdırılmış cərəyan transformatorları kompüter informasiya məlumat bazasında 100/5A, ə=20 kimi qeydiyyatdadır, lakin ölçmə zamanı hər üç fazada quraşdırılmış cərəyan transformatorları 150/5Aə=30 verir. Cərəyan transformatorlarının üzərinə vurulmuş möhürlər: 130499493, 130499494, 130499495, ölçmə zamanı xətdən axan yüklər: SA=33A, SB=33A, SC=33A, Ptan=21,7 kvt. Qoyulmuş güc cərəyan transformatorlarının birinci tərəf dolağının nominal cərəyanına görə Pqoy=66 kvt. təşkil edir”. “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 06.07.2020-ci il tarixli, 148099 saylı aktdan görünür ki, sayğac 06.07.2020-ci il tarixli, NDQ 007507 nömrəli akta əsasən laboratoriya şəraitində rəy verilməsi üçün A.Məmmədova təhvil verilmişdir. “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” barədə 07.07.2020ci il tarixli, 187845 saylı Protokolda qeyd edilir ki, komissiyaya təqdim edilən 3 ədəd cərəyan transformatorunun daxili dolaqlarının sayına əsasən transformasiya əmsalı K=20(100/5A) olduğu müəyyən olunmuşdur. Aktda həmçinin yoxlama zamanı aşkar olunan qüsurlar qeydində aktda göstərilən qüsurun yerində aşkar olunduğu, sayğacın normal buraxılan xəta ilə işlədiyi qeyd olunmuşdur. 30.07.2020-ci il tarixli, cavabdehin Akt Komissiyası tərəfindən verilmiş icra vərəqindən görünür ki, iddiaçı müəssisəyə 06.07.2020-ci il tarixli, NDQ 007507 nömrəli akta əsasən faktiki güc ilə sərfiyyat arasında kəskin fərq olduğu üçün 32430 kvt.s əlavə elektrik enerjisi sərfiyyatı hesablanaraq 2919 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı mövcud olmadığından aktda qeyd edilən cərəyan transformatorlarının kompyuter məlumat bazasında qeyd edilmiş əmsalı ilə yerində ölçmə zamanı müəyyən edilmiş əmsal arasında fərqin olmasının məhz iddiaçı tərəfindən və ya onun təqsirindən yol verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Cavabdehin etirazda istinad etdiyi, “X1 Qaydaları”nın 8.17-ci bəndinə əsasən istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının işləmə saatlarına görə Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Cavabdehin mövqeyinə əsasən iddiaçıya məxsus cərəyan transformatorlarının kompyuter məlumat bazasında əmsalı 20 kimi qeydiyyatda olunsa da, yerində ampermaşa ilə ölçmə zamanı əmsalın 30 olduğu aşkar edilmişdir. Bu fakt elektrik hesabat sayğacının xətdən axan yükü 100% qeydə almaması, 33% enerji itkisi deməkdir. Cavabdeh bu halları təsdiq edən sübut kimi 06.07.2020-ci il tarixli NDQ 007507 nömrəli akta istinad edir, iddiaçı isə həmin aktı mübahisələndirməklə aktda qeyd edilən halların mövcudluğunu təkzib edir. Məhkəmə kollegiyası qeyd edir ki, “X1 Qaydaları”nın 9.1-ci bəndində istehlakçının sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə görə məsuliyyət daşıması göstərilsə də, tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı mövcud olmadığından aktda qeyd edilən cərəyan transformatorlarının kompyuter məlumat bazasında qeyd edilmiş əmsalı ilə yerində ölçmə zamanı müəyyən edilmiş əmsal arasında fərqin olmasının məhz iddiaçı tərəfindən və ya onun təqsirindən yol verilməsi iş materialları ilə öz təsdiqini tapmır və cavabdeh isə öz növbəsində bunun məhz iddaçı tərəfindən edildiyini mötəbər sübutlarla təsdiq edə bilmir. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir, 81-ci maddəsinə əsasən isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan başqa, “X1 Qaydaları”nın 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İşin qeyd edilən hallarından görünür ki, iddiaçıya məxsus obyektin enerji təchizatının qoşulma sxeminin onun təqsirindən pozulması iş materialları ilə müəyyən edilmir. Belə ki, tərəflərin izahatlarından müəyyən olunur ki, hesablaşma elektrik sayğacları və elektrik enerjisinin uçotunun digər vasitələri iddiaçıya məxsus ərazidə deyil, kənar ərazidə yerləşir və iddiaçının müvafiq transformator məntəqəsinə daxil olmaq imkanı yoxdur. Eyni zamanda “X1 Qaydaları”nın tələblərinə əsasən qeyd edilən halın laboratoriya şəraitində araşdırılması zamanı istehlakçının iştirakı təmin edilməli olduğu halda, hazırkı işdə iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmişdir. Bununla belə, “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” barədə 07.07.2020-ci il tarixli, 187845 saylı Protokolda da təqdim edilən 3 ədəd cərəyan transformatorunun daxili dolaqlarının sayına əsasən transformasiya əmsalının K=20(100/5A) olduğu müəyyən olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində irəli sürdüyü -birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilməsi ilə bağlı dəlilə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qətnamədə nəinki həmin qanunun müddəalarına istinad edilməmiş, əksinə məhkəmə iddiaçının iddia ərizəsinin həmin qanuna istinad olunmalı olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, hesablaşma elektrik sayğacları və elektrik enerjisinin uçotunun digər vasitələri iddiaçıya məxsus ərazidə deyil, kənar ərazidə yerləşdiyindən həmin qanunun müddəaları hazırkı işə tətbiq edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin həmin dəlillə bağlı əsaslandırmasını əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, e-2-2(119)-1159/2021 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işə apellyasiya qaydasında baxılması üçün cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apellyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 02.12.2021-ci il tarixli e-2-2(119)- 1159/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar