Məhkəmə qərarları › İş №2-2(105)-35/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-35/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-35/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı vəkili X2 və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-609/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-609/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx xxxx 2020-ci il tarixli 007497 nömrəli akt əsasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********3) hesablanmış 6417,54 (altı min dörd yüz on yeddi manat 54 qəpik) manat məbləğində borcun 263,73 (iki yüz altımış üç manat 73 qəpik) manat hissəsi saxlanılmaqla, qalan hissəsinin silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “maneələrin aradan qaldırılması və zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx ASC-nin qanunsuz hərəkətləri nəticəsində Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən obyektinə verilmiş işığın bərpa edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya şəklində 6000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdeh “xxxx” ASC-nin vəzifəli şəxslərinin iddiaçıya qarşı törətdikləri qanunsuz hərəkətlərinin qarşısı alınması, cavabdehin istehlakçının hüquq və azadlıqlarını pozan hərəkətləri ilə bağlı məsuliyyətin müəyyənləşməsi və “xxxx” ASC tərəfindən götürülmüş sayğacın geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsi tərəfindən həmin iddia ərizəsi icraata qəbul edildikdən sonra xx xxxxxx 2020-ci il tarixli 2(067)-1517/2020 nömrəli qərardada əsasən məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olduqdan sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, xx xxxx 2020-ci il tarixli 007497 saylı akta əsasən ona məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən obyektə əsassız olaraq hesablanmış 6417,54 manat məbləğində cərimənin silinməsi və iddiaçıya dəymiş 10000 manat məbləğində ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xaçmaz şəhərinin N.Nərimanov küçəsində özünə məxsus ticarət obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci ildə ona məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən obyektində qanunsuz olaraq yoxlama aparılmış və yoxlama nəticəsində yerindəcə ona dəqiq məlumat verilməmiş və heç bir əsası olmayan hallar yazılaraq aktlaşdırılmışdır. Həmin aktda sayğac sxemindən kənar xətt olması qeyd olunmuşdur. xx xxxx 2020-ci il tarixli 007497 sayli həmin akta əsasən obyektə 6417,54 manat məbləğində cərimə hesablanmışdır. Lakin, yoxlama qanunsuz olaraq keçirilmişdir. Belə ki, müvafiq qanunvericiliyə əsasən reyestrdə qeydiyyat aparılmamışdır. Obyektin işlədiyi dövrdə vaxtaşırı olaraq “xxxx” ASC-nin əməkdaşları tərəfindən sərbəst olaraq elektrik cihazları olan sahədə yoxlamalar keçirilmiş və bu yoxlamaların heç birində sayğacla əlaqədar təklif və iradlar bildirilməmişdir. Bundan başqa, həmin yoxlama nəticəsində cavabdehin nümayəndələri tərəfindən obyektin işıqları kəsilmiş və işığın kəsilməsi nəticəsində obyektdən istifadə mümkün olmamışdır. Nəticə etibari ilə əldə edəcəyi gəlirdən məhrum olmuş və ona 10000 manat məbləğində maddi ziyan vurulmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli və cavabdeh tərəfindən iddiaçıya hesablanmış əsassız cərimə - borc silinməlidir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh “xxxx” ASC qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, tərtib olunmuş aktda qeyd olunan hallar məhkəməyə təqdim edilmiş video görüntü və digər sübutlarla öz təsdiqini tapmışdır. Eyni zamanda həmin video görüntülərlə müəyyən edilir ki, “xxxx” ASC-nin əməkdaşları həmin aktı tərtib edərkən və yoxlama aparan zaman iddiaçıya məxsus sözügedən obyektə daxil olmamış və həmin pozuntular elektrik hesabat sayğacının quraşdırıldığı yerdə və həmin sayğaca daxil olan elektrik xəttində müəyyən edilmişdir. Bununla da əməkdaşları tərəfindən tərtib olunmuş aktın əsasslılığı və qanuniliyi məhkəmənin sözügedən qətnaməsi ilə təsdiq edilmişdir. Digər tərəfdən məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nm 8.17-ci bəndinə əsaslanaraq akt üzrə hesablaşmanın 730 gün üçün deyil, yalnız 1 ay müddətinə hesablanmalı olduğunu qeyd etmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, “xxxx” ASC tərəfindən hesablaşma EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq iddia müddəti daxilində aparılmışdır. Göründüyü kimi, məhkəmə yalnış nəticəyə gələrək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qət etmişdir ki, bu haldada enerji haqqlarının yığımının 100 %-ə çatdırılması barədə “xxxx” ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmışdır. Həmçinin, birinci instansiya məhkəməsində iddia tələbi üzrə məhkəməyə təqdim edilmiş etiraza əlavə olunmuş aktdan və abunə haqqında çıxarışdan görünür ki, iddiaçıya məxsus obyektin uçot dəstinə “xxxx”ASC-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğac sxemindən kənar xətt çəkilərək obyektdə qanunsuz elektrik enerjisindən istifadə edilmişdir. Kənar xətt sayğacın giriş kabel xəttinin izoliyasiyasının dam örtüyünün üzərində pozaraq, en kəsiyinin sahəsi S=1*20 mm olan alüminium kabel xətti ilə çəkilərək, obyektin divarından açılmış xüsusi dəlikdən obyektə daxil olmuşdur. Aşkar olunmuş faktlarla əlaqədar daha da obyektiv araşdırma aparılması məqsədi ilə həmin vaxt ampermaşa vasitəsi ilə xətlərdən axan yüklər ölçülmüşdür. Bu zaman kənar xəttin həqiqətən işlək vəziyyətdə olması bir daha öz təsdiqini tapmışdır. Belə ki, ölçmə zamanı kənar xətdən axan yükün 8,14 Kvt (P =8,14 kvt) sayğacın qeydə aldığı yükün isə 5,25 kvt (P =5,25 kvt) olduğu məlum olmuşdur və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Aşkar olunmuş faktlar iddiaçının nümayəndəsi Rəşad Ağazədənin iştirakı ilə tərtib olunmuş NDQ 007497 saylı aktda öz əksini tapmışdır. Lakin, Rəşad Ağazadə aktı imzalamaqdan imtina etmişdir ki, bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin müdaxilə faktını və sayğacdan kənar xəttin mövcudluğunu sübut edən video çəkiliş DVD-R formatda məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən sayğaca olunmuş müdaxilə hər-hansı bəsit-sayğac şüşəsinin sındırılması, plomların qoparılması və sair kimi müdaxilələr deyil. Sayğacdan kənar xəttin xüsusi peşəkarlıqla çəkilməsi, bundan sonra iddiaçının məhkəməyə müraciət etməsi, akt üzrə aşkar olunmuş halın əvvəldən planlaşdırıldığını, hansısa mütəxəssis tərəfindən obyektdə istifadə olunan enerji sərfiyyatının azaldılması məqsədi ilə həyata keçirildiyini sübut edir. Bütün bunlara baxmayaraq isə iddiaçının hüquqdan sui-istifadə edərək məhkəməyə “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi ilə müraciət etməsi yolverilməzdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X4 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na, Mülki Məcəllənin 385.1, 425.1, 430.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən sahibkarlıq obyekti (abonent kodu: **********3) elektrik enerjisi ilə təchiz edilmiş və həmin obyektin elektrik təchizatı üzrə hesabat xx xxxx 2014-cü ildə quraşdırılmış elektrik sayğacı vasitəsi ilə aparılmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 007497 nömrəli Aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən sahibkarlıq obyektinin (abonent kodu: **********3) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, sayğac sxemindən kənar xətt çəkilərək, obyektdə əlavə çəkilmiş xətt vasitəsi ilə qanunsuz elektrik enerjisindən istifadə olunur. Kənar xətt dam örtüyünün üzərində sayğacın giriş kabel xəttinin izoliyasiyası pozulmaqla, en kəsiyinin sahəsi S=1 x 20 mm2 olan alüminium kabel xətti ilə çəkilərək, obyektin divarından açılmış xüsusi dəlikdən obyektə daxil edilmişdir. Ampermaşa vasitəsi ilə xətlərdən axan yüklər ölçülərkən kənar xətdən axan yükün 8,14 kvt (Pkənar=8,14 kvt), sayğacın qeydə aldığı yükün isə 5,25 kvt (Psayğac=5,25 kvt) olduğu məlum olmuşdur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı xx xxxx 2020-ci il tarixli 007497 nömrəli akt tərtib edilərkən çəkilmiş və bir ədəd elektron daşıyıcıda (DVD diskdə) məhkəməyə təqdim edilmiş video görüntülər məhkəmə iclasında tərəflərin iştirakı ilə nümayiş etdirilmiş və məlum aktda göstərilənlər həmin videogörüntülərdə öz təsdiqini tapmışdır. Eyni zamanda, həmin video görüntülərlə müəyyən edilmişdir ki, cavabdeh “xxxx” ASCnin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixli 007497 nömrəli akt üzrə qeyd olunmuş pozuntuların aşkar edildiyi zaman İddiaçı məxsus sahibkarlıq obyektinə daxil olunmamış və həmin pozuntular bilavasitə elektrik hesabat sayğacının quraşdırıldığı yerdə və həmin sayğaca daxil olan elektrik xəttində müəyyən edilmişdir. İş materiallarında olan istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinə aid abunə haqqında məlumata və digər sənədlərə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın 8.17-ci bəndinin tələblərinə əsasən, istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacından kənar qoşulmaya görə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 007497 nömrəli aktda qeyd olunan nöqsana görə, yəni kənar xətt vasitəsi ilə istifadə olunan elektrik enerjisinə görə 730 gün (24 ay) müddətinə yenidən hesablama aparılmış və həmin hesabatla 6417,54 manat məbləğində (8,14 kvt x 12 saat x 730 gün = 71306 kvts x 0,09 manat = 6417,54 manat) əlavə sərfiyyat üzrə borc hesablanaraq, istehlakçının hesabına daxil edilmişdir. İş materiallarında olan istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektinə aid abunə haqqında məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, xx xxxx 2020-ci ildə aparılan yoxlama zamanı aşkar edilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq olaraq abonentin sayğacı tərəfindən qeydiyyata alınan elektrik enerji sərfiyyatlarının həcmi xeyli miqdarda artmışdır. Yəni, məlum akt əsasında aşkar edilən nöqsanlar aradan qaldırıldıqdan sonrakı aylarda abonentin qeyri-yaşayış sahəsi üçün quraşdırılmış elektrik hesabat sayğacı daha çox elektrik enerjisinin sərfiyyatının qeydiyyatını aparmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.17-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Birinci instansiya məhkəməsi qətnaməsində cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti sahəsində deyil, müqavilə tərəfi olaraq təqdim etdiyi xidmətin icra olunması və hesabatını aparılması vəziyyətini yoxladığını qeyd edərək, sahibkarlıq fəaliyyətinin yoxlanılmadığını göstərsə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. İş materiallarından görünür ki, cavabdeh “xxxx” ASC iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, “xxxx” ASC tərəfindən reyestrdə qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi olmadığından, hesablanmış borc silinməlidir. Lakin, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında mübahisələndirmədiyindən, məhkəmə kollegiyası borcun silinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-609/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar