Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-38/2022 09.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 03 fevral 2022-ci il tarixli e-2-2(119) 83/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 05.10.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 11980,43 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 18200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 03 fevral 2022-ci il tarixli e-2-2(119)83/2022 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 03 fevral 2022-ci il tarixli e-2-2(119) 83/2022 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edən zaman prosessual hüquq normalarını yalnış təfsir edərək, həmçinin işdə olan sənədləri tədqiq etmədən nəticəyə gəlmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminə iddia ərizəsi yüklənən zaman iş yükünün çoxluğunu nəzərə alaraq, məhkəmə iclasına iddiaçının iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə məktub da qoşma kimi əlavə edilmişdir. Buna baxmayaraq, məhkəmə qərardadda 14 yanvar 2022-ci il tarixinə və 03 fevral 2022-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edildiyini və məhkəməyə gəlməmənin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə hazırlıq iclaslarında iştirak etmədiklərini bildirmişdir. Göründüyü kimi, məhkəmədə iştirakın mümkünsüzlüyü barədə əvvəlcədən məlumat verildiyi üçün iddia tələbinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanması əsassızdır. Həmçinin məhkəmə iddia tələbində ümumi ifadə olan “əmlak” anlayışından istifadə edildiyini və konkret olaraq mübahisə predmeti üzrə hansı əmlakın (əmlakların) satılmalı olması, yəni satışa çıxarılması üçün siyahıya alınmış əmlakın (əmlakların) adının, yerləşdiyi yerin və digər xarakterik əlamətlərinin iddia tələbində göstərilmədiyini, iddia tələbinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğun olaraq dəqiq və düzgün qeyd edilmədiyini bildirmişdir. Konkret olaraq açıq hərracda satılması üçün əmlakın siyahısı vergi orqanının müvafiq strukturu tərəfindən tərtib edilir və bununla bağlı protokol tərtib edilir. Cavabdeh MMC-nin (VÖEN: **********) əmlakının siyahıya alınması haqqında 05.10.2021-ci il tarixli qərar və qərarın icrası ilə bağlı tərtib edilmiş 04.11.2021-ci il tarixli, **********5 nömrəli protokol iddia ərizəsinə əlavə edilərək “Elektron məhkəmə” informasiya sisteminə yüklənmişdir. Həmçinin iddia ərizəsində protokolun tarixi və nömrəsi göstərilməklə qoşma kimi əlavə edildiyi göstərilmişdir. Lakin məlum olmayan səbəbdən məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri tədqiq etməyərək konkret iddia predmetinə hansı əmlakın aid olmasının qeyd edilmədiyini bildirmişdir. Protokola nəzər saldıqda 18200 manat dəyərində olan əmlakın hansı konkret predmetlərdən ibarət olduğu görünür. Göründüyü kimi, 03.02.2022-ci il tarixli e-2-2(119)-83/2022 nömrəli qərardad məhkəməyə təqdim edilmiş sənədlər tədqiq edilmədən və prosessual normalar yanlış təfsir edilərək çıxarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)83/2022 saylı 18 fevral 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarından görünür ki, kommersiya işi üzrə keçirilən məhkəmə hazırlıq iclaslarının, yəni 14 yanvar 2022-ci il tarixinə və 03 fevral 2022-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin və Cavabdeh nümayəndələri məhkəmə hazırlıq iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud, iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Bundan başqa, iddiaçı iddia tələbində “18200 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini xahiş etməklə, iddia tələbində ümumi ifadə olan “əmlak” anlayışından istifadə etmiş və konkret olaraq mübahisə predmeti üzrə hansı əmlakın (əmlakların) satılmalı olması, yəni satışa çıxarılması üçün siyahıya alınmış əmlakın (əmlakların) adını, yerləşdiyi yeri və digər xarakterik əlamətlərini iddia tələbində göstərməmişdir. Həmçinin, iddia ərizəsinin məzmununda da tələbin yönəldiyi “siyahıya alınmış əmlakın” adı, yerləşdiyi yer və digər xarakterik əlamətləri qeyd edilməmiş və iddia tələbinin əsaslandırılmasında da iddianın predmeti olan əmlakın (əmlakların) hansı əmlaklardan ibarət olması (əmlakların adı, yerləşdiyi yeri və digər xarakterik əlamətləri - markası, modeli və s.) göstərilməyərək, ümumi “əmlak” ifadəsindən istifadə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə görə, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə vergi orqanının müraciətlərinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda - məhkəmə ərizəni baxılmamış saxlayır. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsinin istinad etdiyi məhkəmə iclasına iddiaçının iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə məktub Mülki-Prosessual Məcəllənin tələbləri baxımından işin iddiaçının iştirakı olmadan baxılması üçün əsas ola bilməz. Belə ki, məktubu imzalamış Afət Sofiyevanın əsas iş yerinin iddiaçı İdarə olmasını təsdiq edən müvafiq sənədlər Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iş materiallarına əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinin tələblərinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Bundan başqa, həmin məktub ümumi qaydada verilmişdir və məhz həmin işlə bağlı olduğu müəyyən olunmur. Şikayətin digər bir dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğun tərtib olunmadığı müəyyən edildiyindən, 03 fevral 2022-ci il tarixə təxirə salınmış məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iddiaçıya göndərilən 17 yanvar 2022-ci il tarixli məhkəmə bildirişində iddiaçı tərəfindən mübahisə predmeti üzrə hansı əmlakın (əmlakların) satılmalı olması, yəni satışa çıxarılması üçün siyahıya alınmış əmlakın (əmlakların) adı, yerləşdiyi yeri və digər xarakterik əlamətlərinin iddia tələbində (iddia ərizəsinin "tələb" hissəsində) və eləcə də, iddia ərizəsinin məzmununda göstərilməməklə, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilmədiyi və eyni zamanda, həmin nöqsanlar aradan qaldırılmadıqda, həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılacağı - iddiaçının diqqətinə çatdırılmışdır. Lakin 17 yanvar 2022-ci ildə elektron kabinetə yerləşdirilmiş həmin bildiriş iddiaçı tərəfindən 18 yanvar 2022-ci ildə oxunmasına və 03 fevral 2022-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclası keçirilənədək iddiaçının yuxarıda qeyd olunan nöqsanı aradan qaldırmaq üçün kifayət qədər vaxtının olmasına baxmayaraq, həmin nöqsanlar iş üzrə 03 fevral 2022-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclası keçirilənədək aradan qaldırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-83/2022 saylı 03 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-38/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-38/2022
09.03.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver