Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-4/2022 19.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-2(119)-687/2020 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 sentyabr 2020-ci il tarixli, NDQ 007970 nömrəli akta əsasən hesablanmış 19.845,72 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək, **********8 saylı abonent hesabından silinməsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi orqanında qeydiyyata alınmaqla (VÖEN №**********) Abşeron rayonu, Saray qəsəbəsi ərazisində xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində kiçik həcmli quşçuluq kəsim sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeyd edilən obyekt enerji təchizatı müəssisəsi tərəfindən quraşdırılmış elektrik qurğuları, o cümlədən, 160 kvt güc transformatoru vasitəsi ilə elektrik enerjisi ilə təchiz olunmuş və sərf olunan elektrik enerjisinin həcmi qeyd olunan transformator məntəqəsində quraşdırılmış sayğac vasitəsi ilə qeydə alınır, hər ay enerji təchizatı müəssisəsinin əməkdaşları həmin elektrik qurğuları əsasında qeydə alınmış elektrik enerjisi sərfiyyatına dair bildiriş təqdim etdikdən sonra dəyəri ödənilmişdir. 18.09.2020-ci il tarixdə cavabdehin bir qrup əməkdaşı obyektə xidmət göstərən sayğaca baxış keçirərək, 1,566 manat həcmində elektrik enerjisi sərfiyyatının qeydə alınması barədə bildirişi müəssisənin nümayəndəsinə təqdim edib getmişlər. 29.09.2020-ci il tarixdə isə iddiaçıya yeni hesab ödəniş sənədi təqdim edilmiş, müəssisəyə 19.845,72 manat cərimə yazıldığı bildirilərək, həmin məbləğin dərhal ödənilməsi tələb olunmuş və obyektin elektrik enerjisi təchizatı dayandırılmışdır. Bununla əlaqədar olaraq iddiaçı cavabdehin X4 Təchizatı və Satışı İdarəsinə gedərək, həmin cərimənin hansı əsasla yazıldığı barədə izahat tələb edərkən, orada ona 18.09.2020-ci il tarixli 007970 nömrəli aktın kserosurəti təqdim edilərək cərimənin həmin akta əsasən hesablandığı bildirilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarının ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzəri açılıb və boltlar parıltılı vəziyyətdədir. Sayğacın yaddaşı kompüterlə xüsusi proqram vasitəsilə oxunmuş və hər üç fazada uzun müddətli yüklərin 0-a düşdüyü məlum olmuşdur. İddiaçı həmin aktda qeyd olunanların tamamilə böhtan olduğunu, orada göstərilən məlumatların həqiqəti əks etdirmədiyini cavabdehin əməkdaşlarına bildirərək, cərimənin silinməsini və obyektin enerji təchizatının bərpa olunmasını tələb etsə də, enerji təchizatı müəssisəsinin rəhbərliyi qeyd olunanlara heç bir əhəmiyyət vermədən təqdim olunan cərimə məbləğinin ödənilməsini tələb edərək, həmin məbləğin ödənilməyəcəyi təqdirdə obyektin elektrik enerjisinin bərpa olunmayacağını bildirmişdir. Sayğaca iddiaçı tərəfindən heç bir müdaxilə edilməmiş, həmin qurğular enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən quraşdırılmış və mütəmadi olaraq elektrik şəbəkəsinin əməkdaşları tərəfindən nəzarət olunmuş, sonuncu dəfə həmin sayğaca aktın tərtib olunması tarixindən 36 gün əvvəl baxış keçirmişdir. Əgər həmin sayğacda və onun cərəyan transformatorunda həqiqətən belə bir uyğunsuzluq olsaydı, ona baxış keçirən həmin əməkdaşlar bunu müəyyən etmiş olardılar. Lakin abunə haqqında çıxarışa görə, sonuncu tarixdə sayğaca baxış keçirən elektrik şəbəkəsinin əməkdaşı hər hansı qüsur olmadığından, həmin sayğacla qeydə alınmış sərfiyyata dair müvafiq bildiriş və hesab ödəniş sənədi təqdim etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz vermişdir. Etirazda qeyd olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 18.09.2020-ci il tarixdə iddiaçıya məxsus sexdə 0,4 kv-luq tərəfdə quraşdırılmış uçot komplektinə baxış keçirilən zaman məlum olmuşdur ki, uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarının hər ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzəri açılılb və boltlar parıltılı vəziyyətdədir. Bundan əlavə daha da obyektiv araşdırma aparılması məqsədi ilə sayğacın yaddaşı kompüterlə xüsusi proqram təminatı ilə oxunmuş, bu zaman həqiqətən hər üç fazada uzunmüddətli yüklərin "0”-a düşdüyü məlum olmuşdur. Həmçinin ampermaşa vasitəsi ilə xətdən axan yüklər ölçülən zaman faktiki olaraq xətdən axan yükün 36 kvt (Pfaktiki=36 kvt) olması müəyyən edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq “X1 qaydaları”nın 8.17-ci bəndinin tələblərinin pozulması haqqında 18.09.2020-ci il tarixli, NQD 007970 saylı akt tərtib edilmişdir. Abonentə məxsus 160 kva gücündə güc transformatoru obyektin daxilində iddiaçının sərəncamında quraşdırılmışdır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, cavabdehin apardığı yoxlama onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və EEİQ-na riayət olunub-olunmaması vəziyyətinə baxış keçirmişdir. Həmçinin "xxxx" ASC-yə məxsus elektrik hesabat sayğaclarına, nasaz elektrik hesabat sayğaclarına qarşı münasibətdə onları təmir etmək məqsədi ilə sökmək və ya onun göstəricilərinin götürülməsi tədbirləri həmçinin sayğacın bütövlüyünə, sayğaca hər-hansı kənar müdaxilənin olunub-olunmamasına nəzarət etmək yoxlama hesab olunmamalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında “ Azərbaycan Respublikasının Qanunun 1.1.1-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. "xxxx" ASC isə yoxlayıcı orqan hesab olunmadığına görə iddiaçının həmin qanuna, həmin maddəyə əsaslanaraq tərtib olunmuş akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış borcun silinməsi barədə iddiası təmin olunmamalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-2(119)-687/2020 saylı qətnaməsi ilə (hakim Z.T.Məmmədov) İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia təmin edilib, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 sentyabr 2020-ci il tarixli, NDQ 007970 nömrəli akt əsasında İddiaçı (abonent kodu: **********8) hesablanmış 19845,72 (on doqquz min səkkiz yüz qırx beş manat yetmiş iki qəpik) manat məbləğində borcun silinməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi, “X1 Qaydaları”nın normaları və Mülki Prossual Məcəllənin 14.2, 77, 80-cı maddələri ilə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-2(119)-687/2020 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2-2(105)-47/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-2(119)687/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilmişdir. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 23 iyun 2021ci il tarixli, 2(102)-275/2021 saylı qərarı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2-2(105)-47/2021 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsi 17 noyabr 2020ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qətnaməni onunla əsaslandırmışdır ki, “Sahikarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reysterində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Qeyd edilənlərlə yanaşı Sumqayıt Kommersiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5-ci bəndlərini rəhbər tutmuşdur. Bununla əlaqədar olaraq bildirilir ki, "xxxx" ASC-nə məxsus elektrik hesabat sayğaclarına, nasaz elektrik hesabat sayğaclarına qarşı münasibətdə onları təmir etmək məqsədi ilə sökmək və ya onun göstəricilərinin götürülməsi tədbirləri, həmçinin sayğacın bütövlüyünə, sayğaca hər-hansı kənar müdaxilənin olunub-olunmamasına nəzarət etmək yoxlama hesab olunmamalıdır. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. "xxxx" ASC isə yoxlayıcı orqan hesab olunmadığına görə məhkəmənin həmin qanuna, həmin maddəyə əsaslanaraq tərtib olunmuş akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış 19845,72 manat məbləğində borcun silinməsi barədə qətnaməsi ləğv olunmalıdır. Göründüyü kimi, məhkəmə yanlış hüquq normalarına istinad edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət etmişdir ki, bu halda da enerji haqqlarının yığımının 100 %-ə çatdırılması barədə "xxxx" ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmışdır. Həmçinin birinci instansiya məhkəməsi EEİQnın 9.1 və 9.10-cu bəndlərinə istinad edərək istehlakçının sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına, düzgün istismarına və s məsuliyyət daşıdığnı, elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməli olduğunu qeyd etsə də, özü həmin bəndlərin tələblərinə riayət etməmiş, itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə "xxxx" ASC tərəfindən haqlı olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarmışdır. Həmçinin həmin sayğaca elektrik enerji sərfiyyatının azaldılması məqsədi ilə olunacaq hər-hansı kənar müdaxilə iddiaçıdan başqa heç kəsin marağında ola bilməz. Məhkəmə qətnamə çıxararkən qeyd olunanları nəzərə almamışdır. Həmçinin, birinci instansiya məhkəməsində iddia tələbi üzrə məhkəməyə təqdim edilmiş etiraza əlavə olunmuş aktdan, abunə haqqında çıxarışdan və digər sübutlardan müəyyən edilir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 18.09.2020-ci il tarixdə iddiaçıya məxsus sexə 0,4 kv-luq tərəfdə quraşdırılmış uçot komplektinə baxış keçirilən zaman məlum oldu ki, uçot komplektinə quraşdırılan hər üç faza cərəyan tarnsformatorlarının hər ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzəri açılıb və boltlar parıltılı vəziyyətdədir. Bundan əlavə daha da obyektiv araşdırma aparılması məqsədi ilə sayğacın yaddaşı komputerlə xüsusi proqram təminatı ilə oxunmuş (çıxarış məhkəməyə təqdim edilmişdir), bu zaman həqiqətən hər üç fazada uzun müddətli yüklərin “0”-a düşdüyü məlum olmuşdur. Həmçinin ampermaşa vasitəsi ilə xətdən axan yüklər ölçülən zaman faktiki olaraq xətdən axan yükün 36 kvt (P =36 kvt) olması müəyyən edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın (bundan sonra EEİQ) 8.17-ci bəndinin tələblərinin pozulması haqqında 18.09.2020-ci il tarixli, NDQ 007970 saylı akt tərtib edilmişdir. Akt iddiaçının iştirakı ilə tərtib edilmiş, lakin o aktı imzlamaqdan imtina etmişdir ki, bu barədə də akta müvafiq qeyd aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (E.E.İ.Q) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq tərtib edilmiş 18.09.2020ci il tarixli NDQ 007970 saylı akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə iddiaçıya qarşı həmin bəndin tələbləri ilə 19845,72 manat məbləğində yenidən hesablaşma aparılmışdır. Qeyd olunanlardan əlavə, aşkar olunmuş faktı təsdiq edən sayğac yaddaşının oxunması barədə sənədlər məhkəməyə təqdim edilmişdir. Uçot dəstinə müdaxilə olunması, bundan sonra iddiaçının məhkəməyə müraciət etməsi, akt üzrə aşkar olunmuş halın əvvəlcədən planlaşdırıldığını, hansısa mütəxəssis tərəfindən obyektdə istifadə olunan enerji sərfiyyatının azaldılması məqsədi ilə həyata keçirildiyini sübut edir. Bütün bunlara baxmayaraq, iddiaçının hüquqdan sui-istifadə edərək məhkəməyə “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi ilə müraciət etməsi yolverilməzdir. Həmin sübutlardan açıq görünür ki, hər 3 fazada uzunmüddətli yüklər “0”-a düşmüşdür. Məhkəmə isə təqdim edilmiş sübutları nəzərə almamışdır. Qeyd olunanlardan əlavə olaraq bildirilir ki, iddiaçının ona məxsus quşçuluq sexində quraşdırılmış uçot dəstinə müdaxilə etməsi faktı aylar üzrə qeydə alınmış elektrik enerji sərfiyyatları arasında kəskin fərqlə təsdiq olunur. Belə fərqin olması tərtib olunmuş aktın əsaslı olmasının sübutu kimi qiymətləndirilməlidir. Belə ki, obyektdə uçot dəstinə müdaxilə faktı aşkar olunduqdan sonra yaranmış qüsur aradan qaldırılmışdır. Bundn sonra yəni, 18.09.2020-ci il tarixdən, 25.12.2020-ci il tarixədək 98 gün müddətində 5536,8 manat dəyərində elektrik enerjisi sərfıyyatı qeydə alınmışdır. Bu obyektdə həmin dövrdə gün ərzində orta hesabla ən azı 56,49 manat dəyərində elektrik enerjisi istehlak edilməsi deməkdir. Lakin sayğacın müdaxiləli olduğu dövrdə, keçən ilin eyni aylarında yəni, 22.09.2019-cu il tarixdən, 15.12.2019-cu il tarixədək isə 84 gün ərzində cəmi 921,60 manat dəyərində elektrik sərfiyyatı qeydə alınmışdır ki, bu da həmin dövrdəki orta gündəlik elektrik sərfiyyatının 10,97 manat olduğunu bildirir. Göründüyü kimi, yeni sayğacla qeydə alınmış orta hesabla gündəlik enerji sərfıyyatı 56,49 manat ilə sayğacın müdaxiləli dövrdə qeydə aldığı orta gündəlik 10,97 manat müqayisə edildikdə həmin ünvanda uçot dəstinə müdaxilə yolu ilə 5,1 dəfə elektrik enerjisi sərfıyyatının azaldıldığı bir daha öz təsdiqini tapır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edib, rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”: 1.3-cü bəndi. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. 5.1-ci bəndi. Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur. 7.6-cı bəndi. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.1-ci bəndi. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 9.1-ci bəndi. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə görə məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş materialları ilə müəyyən olur ki Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1376 ha kənd təyinat təyinatlı torpaq sahəsi 2016-cı ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı vergi orqanında qeydiyyata alınmaqla (VÖEN №**********) Abşeron rayonu, Saray qəsəbəsi ərazisində xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində kiçik həcmli quşçuluq kəsim sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeyd edilən obyekt enerji təchizatı müəssisəsi tərəfindən quraşdırılmış elektrik qurğuları, o cümlədən, 160 kvt güc transformatoru vasitəsi ilə elektrik enerjisi ilə təchiz olunmuş və sərf olunan elektrik enerjisinin həcmi qeyd olunan transformator məntəqəsində quraşdırılmış sayğac vasitəsi ilə qeydə alınır. Hər ay enerji təchizatı müəssisəsinin əməkdaşları həmin elektrik qurğuları əsasında qeydə alınmış elektrik enerjisi sərfiyyatına dair bildiriş təqdim etdikdən sonra dəyəri ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. 18 sentyabr 2020-ci il tarixli, NDQ 007970 saylı akta əsasən “EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur abonentə məxsus 160 kvt gücündə güc transformatoru var və transformator obyektin daxilində yerləşir. Uçot komplekti 0,4 kv-luq tərəfdə quraşdırılıb. Baxış keçirilən zaman məlum oldu ki, uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarının ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzəri açılılb və boltlar parıltılı vəziyyətdədir. Sayğacın yaddaşı kompüterlə xüsusi proqram vasitəsi ilə oxundu, hər üç fazada uzun müddətli yüklərin "0”-a düşdüyü məlum oldu. Ölçmə zamanı xətdən axan yüklər P=36 kvt. qoyulmuş yük transformatorunun yük normalarına əsasən götürülüb. Tələb: Uçot EEİQ-na uyğun olaraq bərpa edilsin”. Həmin akt "xxxx" ASC-nin 3 nümayəndəsi tərəfindən imzalanmış, akta abonentin nümayəndəsi kimi İddiaçı göstərilərək “imtina etdi” qeyd olunmuş, həmçinin qeyd hissəsində baxışın iş saatında aparılmadığı göstərilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə aktda göstərilən sayğacın yaddaşının oxunduğu xüsusi proqramdan çıxarış kimi təqdim edilmiş 4 vərəqdən ibarət sənəddə 2020.07.17, 2020.07.11, 2020.08.16 və 2020.09.12 tarixlərdə müxtəlif saatlarda yüklərin 0-a düşməsi əksini tapmışdır. Həmin akt əsasında tərtib olunmuş, 28.09.2020-ci il tarixli “İcra vərəqi” adlanan sənəddə aktda göstərilmiş nöqsanlara istinad olunaraq (96,5kvt x (0,7) x 24 saat x 173 gün)-59960 kvts=220508 kvts. Tarif (0,09 man) – 220508 kvts x 0,09=19845 manat hesablama aparılmışdır. "xxxx" ASC-nin akt komissiyası sədrinin icra vərəqi texniki sahə üzrə tələblərindən görünür ki, iddiaçı uçot cihazlarının qoşulma sxemlərini pozmuş, uçot cihazlarından kənar özbaşına yük qoşulmuşdur. Cavabdeh bu halları təsdiq edən sübut kimi 18.09.2020-ci il tarixli, NDQ 007970 saylı akta istinad edərək iddiaçıya 19845 (on doqquz min səkkiz yüz qırx beş manat) manat məbləğində borc hesablanmışdır. İddiaçı isə həmin aktı mübahisələndirməklə aktda qeyd edilən halların mövcudluğunu təkzib etmişdir. “X1 Qaydaları”nın 9.1-ci bəndində istehlakçının sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə görə məsuliyyət daşıması göstərilməsinə baxmayaraq tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı mövcud olmadığından aktda qeyd edilən, konkret halda iddiaçıya məxsus obyektin “uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarının ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzərinin açılmasının” məhz iddiaçı tərəfindən və ya onun təqsirindən yol verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, cavabdeh bunun iddiaçı tərəfindən edildiyini mötəbər sübutlarla təsdiq etməmişdir. Cavabdehin nümayəndələri həmin aktı iş vaxtından kənar vaxtda, saat 19:30-da obyektə baxış keçirməklə tərtib etmişlər. İddiaçının dəlillərinə əsasən isə aktın tərtib edildiyi 18.09.2020-ci il tarixdə cavabdehin nümayəndələri yalnız sayğaca baxış keçirərək 1.566 manatlıq bildirişi müəssisənin nümayəndəsinə təqdim edib getmişlər. Hər iki tərəfin nümayəndəsinin təqdim etdiyi **********8 saylı abunə haqqında çıxarışda həqiqətən qeyd edilən tarixə 1.566 manat hesablamanın aparıldığı göstərilmişdir. Belə olan halda, cavabdehin etirazının əsasını təşkil edən 18.09.2020-ci il tarixli, NDQ 007970 nömrəli akt mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin göstərişlərindən biri ondan ibarətdir ki, iş materiallarındakı “Abunə haqqında” məlumatlara əsasən 2019-cu ilin yanvar 2020-ci ilin mart ayı da daxil olmaqla iddiaçının aylıq enerji sərfiyyatı 3000-5000 kvt arasında dəyişdiyi halda 2020-ci ilin aprel ayında bu göstərici kəskin şəkildə aşağı düşərək 100 kvt, may ayında 287 kvt, iyun ayında 522 kvt, iyul ayında 833 kvt, avqust ayında isə 1048 kvt olmuşdur. Enerji sərfiyyatında bu qədər kəskin fərqin hansı səbəblərdən yarandığını araşdırmamış, iddiaçı isə öz növbəsində bununla bağlı hər hansı bir izah verməmiş, məhkəmənin buna dair gəldiyi nəticə isə konkret sübutlara deyil, ehtimallara əsaslanır. Məhkəmə kollegiyası həmin hissədə işin faktiki hallarının araşdırılması zamanı iş materiallarında sübut qismində istinad olunan “Abunə haqqında” məlumatları tədqiq etmiş və bunun da nəticəsində hesab etmişdir ki, əslində isə iddiaçının aylıq sərfiyyatları olaraq göstərilən 100, 287, 522, 833, 1048 rəqəmlər abonentin aylıq sərfiyyatının deyil, sayğacın ekranının (barabanının) göstəriciləridir. 2019-cu ilə nisbətən iddiaçının aylıq elektrik enerjisi sərfiyyatı 2020-ci ilin müvafiq dövrlərində azalmamış, əksinə yüksəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş “Abunə Haqqında” məlumatlarla müəyyən olur ki, 2019-cu ilin may ayında sayğacın göstəricisi 3902, aylıq sərfiyyatı 6920 kvt, aylıq sərfiyyatın dəyəri 622,80 manat olduğu halda, 2020-ci ilin müvafiq ayında sayğacın göstəricisi 287, aylıq sərfiyyatı 7480 kvt, aylıq sərfiyyatın dəyəri 673,20 manat; 2019-cu ilin iyun ayında sayğacın göstəricisi 4051, aylıq sərfiyyatı 5960 kvt, aylıq sərfiyyatın dəyəri 536,40 manat olduğu halda, 2020-ci ilin müvafiq ayında sayğacın göstəricisi 522, aylıq sərfiyyatı 9400 kvt, aylıq sərfiyyatın dəyəri 846 manat; 2019-cu ilin iyul ayında sayğacın göstəricisi 4325, aylıq sərfiyyatı 10960 kvt, aylıq sərfiyyatın dəyəri 986,40 manat olduğu halda, 2020-ci ilin müvafiq ayında sayğacın göstəricisi 833, aylıq sərfiyyatı 12440 kvt, aylıq sərfiyyatın dəyəri 1119,60 manat; 2019-cu ilin avqust ayında sayğacın göstəricisi 4462, aylıq sərfiyyatı 5480 kvt, aylıq sərfiyyatın dəyəri 493,20 manat olduğu halda, 2020-ci ilin müvafiq ayında sayğacın göstəricisi 1048, aylıq sərfiyyatı 8600 kvt, aylıq sərfiyyatın dəyəri 774 manat; 2019-cu ilin sentyabr ayında sayğacın göstəricisi 4503, aylıq sərfiyyatı 1640 kvt, aylıq sərfiyyatın dəyəri 147,6000 manat olduğu halda, 2020-ci ilin müvafiq ayında sayğacın göstəricisi 1483, aylıq sərfiyyatı 17400 kvt, aylıq sərfiyyatın dəyəri 1566 manat olmuşdur. Sayğacın göstərici hissəsindəki rəqəmlərin 2020-ci ildə 2019-cu illə müqayisədə daha aşağı rəqəmlərlə göstərilməsinin səbəbi isə 01 aprel 2020-ci il tarixdə obyektə yeni sayğac quraşdırılması olmuşdur. Abunə haqqında məlumatlar cədvəlindən də görünür ki, qeyd olunan tarixdə abyektə 0 (sıfır) göstərici ilə yeni sayğac quraşdırılmışdır. Bundan sonra sayğacın göstəricisi enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən 15.04.2020-ci il tarixdə oxunarkən 100, 09.05.2020-ci il tarixdə oxunarkən 287, 24.06.2020-ci il tarixdə oxunarkən 522 və s. olmaqla artan ədədlərlə davam etmişdir. Abonentin aylıq sərfiyyatının hesablanması isə aşağıdakı qaydada aparılmışdır: Abunə haqqında çıxarışdan görünür ki, sayğacın əmsalı 40 olmuşdur. Bunu nəzərə alaraq hər ayın qeydə alınmış sayğac göstəricisindən əvvəlki ayın sayğac göstəricisi çıxılmaqla müəyyən olunmuş fərq 40 əmsala vurulmaqla abonentin aylıq sərfıyyatı müəyyən edilmişdir. Qeyd olunan halları cavabdeh tərəf etiraf etmişdir. Ali Məhkəmənin digər göstərişi ondan ibarətdir ki, məhkəmələr yoxlama tədbirlərinin harada keçirildiyini, iddiaçıya məxsus sayğacın onun mülkiyyətində olan, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ərazidə, yaxud cavabdehin balans mənsubiyyətində olan sahədə aparıldığını dəqiqləşdirməmişlər. Məhkəmə kollegiyası iş materiallarının tədqiq olunan hallarına əsaslanaraq hesab edir ki, cavabdeh tərəfindən yoxlama tədbirləri iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən obyektin daxilində həyata keçirilmiş və iş materiallarına əlavə olunmuş 18.09.2020-ci il tarixli, NDQ 007970 nömrəli aktda, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş etirazda və məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında, həmçinin birinci instansiyası məhkəməsinin qətnaməsində işin müəyyən olunmuş halı olaraq iddiaçıya məxsus sayğacın iddiaçının mülkiyyətində, onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ərazidə yerləşdiyi qeyd edilmişdir. Bu hal iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Qeyd olunanlardan isə aşkar görünür ki cavabdehin nümayəndələri tərəfindən yoxlama tədbirləri iddiaçının xüsusi mülkiyyətində olan sahəyə gəlməklə aparılmışdır. Bundan əlavə, iş materiallarından və tərəflərin nümayəndələrinin izahatından məlum olur ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanılmasa da, cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən obyektin elektrik enerjisi ilə təchiz edilməsi və həmin ünvana **********8 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılması işin mübahisəsiz hallarıdır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında göstərdi ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanılmamasının səbəbi ona məlum deyildir, iddiaçının müqavilənin bağlanmamasına görə heç bir təqsiri yoxdur və buna görə məsuliyyət daşımır. İddiaçının nümayəndəsi isə göstərdi ki, enerjitəchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanılmasına dair ona müraciət olunmamış və belə bir müraciət olunmuş olsaydı, həmin vaxt müqavilənin bağlanmasına heç bir etiraz olmazdı. Həmçinin qeyd edilən obyektdə hər üç fazada uzun müddətli yüklərin 0-a düşməsinin ərazidə elektrik enerjisinin verilməsində mütəmadi olaraq fasilələrin yaranması səbəbindən baş verməsi də istisna olunmur. Akt əsasında hesablamanın nəyə əsasən obyektin sərfiyyatının 96,5 kvt götürülməklə aparılması da cavabdehin nümayəndəsi tərəfindən cavablandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanmamasının səbəbi cavabdeh tərəfin təqsiri üzündən baş vermişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. İş materialları ilə müəyyən olur ki, "xxxx" ASC yoxlayıcı orqan hesab olunmur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki və qiymətləndimə ekspertizası təyin olunmuş və iş materiallarındakı “Abunə haqqında” məlumatlara əsasən 2019-cu ilin yanvar 2020-ci ilin mart ayı da daxil olmaqla iddiaçının aylıq enerji sərfiyyatı 3000-5000 kvt arasında dəyişdiyi halda 2020-ci ilin aprel ayında bu göstərici kəskin şəkildə aşağı düşərək 100 kvt, may ayında 287 kvt, iyun ayında 522 kvt, iyul ayında 833 kvt, avqust ayında isə 1048 kvt olması, enerji sərfiyyatında bu qədər kəskin fərqin hansı səbəblərdən yaranması sual doğurmuşdur. Mülki iş materialları icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, Mərkəzin ekspertiza tədqiqatının aparılması üçün verdiyi vəsatətlər cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilsə də, sorğular cavabsız qalmış və bu səbəbdən rəyin verilməsindən imtina olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 aprel 2022-ci il tarixdə məhkəməyə ünvanlanmış məktubda qeyd olunur ki, məhkəmədə mübahisələndirilən 18.09.2020-ci il tarixli NDQ 007970 saylı akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablaşma abonentə məxsus 160 kv. gücündə güc transformatorunun nominalına əsasən 96,5 kvt (160kvt*0,6=96 kvt) götürülməklə aparılmışdır. Məlumat üçün bildiririk ki, 2019-cu ilin yanvar-2020-ci ilin mart ayı daxil omaqla iddiaçının aylıq enerji sərfiyyatı 3000-8000 kvt arasında dəyişmişdir. 2020-ci ilin aprel ayında bu göstərici 4000 kvt, may ayında 7480 kvt, iyun ayında 9400 kvt, iyul ayında 12440 kvt, avqust ayında isə 8600 kvt olmuşdur. Eyni zamanda uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarında qüsur aşkar edildiyindən və həmin qüsur SQUN İdarəsinin 18.09.2020-ci il tarixli, 008339 nömrəli Sayğac sxemlərinin yoxlanışı aktı ilə aradan qaldırıldığından, hazırki vəziyyətdə laboratoriya şəraitində elektrik hesabat sayğacına baxış keçirilərsə heç bir qüsur aşkar olunmayacaqdır. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia təmin edilib, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 sentyabr 2020-ci il tarixli, NDQ 007970 nömrəli akt əsasında İddiaçı (abonent kodu: **********8) hesablanmış 19845,72 (on doqquz min səkkiz yüz qırx beş manat yetmiş iki qəpik) manat məbləğində borcun silinməsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-2(119)- 687/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-4/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-4/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver