Məhkəmə qərarları › İş №2-2(105)-40/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-40/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-40/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə X1 Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-670/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-670/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında X5 hesablanmış 2332 (iki min üç yüz otuz iki) manat məbləğində borcun silinməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. (hakim Zahid Məmmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehə qarşı hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt və tələbnamə əsasında hesablanmış 2332 (iki min üç yüz otuz iki) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Siyəzən rayon Beşdam kəndində xx.xx.2013-cü ildən mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasında quşçuluq fəaliyyəti ilə məşğul olur. xx.xx.2019-cu il tarixdə Siyəzən rayon Qaz İdarəsinin əməkdaşları quşçuluq sexinə qaz sayğaclarını yoxlama məqsədi ilə daxil olsalar da, bununla bağlı iddiaçıya hər-hansı bir rəsmi sənəd təqdim etməmişlər. Həmin dövrdə Cavabdeh İB-yə istehlak olunmuş qaza görə borcları olduğundan müəssisəyə verilən qaz dayandırılmışdır. Həmin dövrdə quşçuluq sexində quş olmamışdır. Sayğaclar açılıb yoxlanılaraq, xx.xx.2019-cu il tarixində ******* nömrəli akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, sayğacda hər-hansı bir qüsur yoxdur. Lakin, itirilmiş qazın bərpası barədə xx.xx.2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, G6 markalı 28098812 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda istismar edilən işlədicilərin ümumi saatlıq qaz sərfi 20.8 m3/saat olduğu aşkar edilmişdir. Yəni, mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil. Faktiki sərfiyyat 20.8 m3 -dir. Normadan 10.8 m3 artıqdır. Buna görə də, bərpa olunmalı qazın miqdarı 10.8 m3dir. Bununla da cavabdeh hesab etmişdir ki, iddiaçı 4665.6 manat məbləğində ziyan vurmuşdur. Həmin məbləğin yarısı sonradan cavabdeh təşkilat tərəfindən müəyyən şikayətlərdən sonra silinmişdir. Hal-hazırda mübahisə edilən məbləğ 2332 manat təşkil edir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, “Cavabdeh“ X3 RQİİ-nin Siyəzən xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan X2 rayonunun Beşdam kəndində yerləşən quşçuluq sexində quşçuluq məhsulları istehsal etmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Beləki, xx.xx.2019-cu il tarixdə “Cavabdeh“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin quşçuluq sexində təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan quşçuluq sexində quraşdırılmış G-6 markalı, 28098812 №-li qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda həmin sexdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 20,8m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 10,8 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2019-cu il tarixli ******* nömrəli “təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 23328 m3 və ya 4665,60 manat hesablanmışdır. Lakin sonradan Cavabdeh İB-nin rəhbərliyi tərəfindən dəymiş ziyandan 2332,80 manat silinmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 2.2.7.4 bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. X7 quşçuluq sexində qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istrismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Həmin Qərarın 6.5 bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı X5 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı X8 xx xxxxxx 2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, cavabdeh, iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktdan görünür ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus quşçuluq sexində yoxlama keçirilən zamanı istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatı 20,8 m3 , sərfiyyatı normadan 10,8 m3 artıq keçməsi aşkar olunmuşdur. xx xxxxxx 2019-cu il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” aktdan görünür ki, sayğaca kamera vasitəsilə baxış keçirilmişdir, nöqsan aşkar edilməmişdir. Faktiki sərfiyyat 20,8 m3 , normadan 10,8 m3 artıqdır. xx.xx.2019cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən iddiaçı tərəfindən itirilmiş qaz sərfiyyatı cəmi 23328 m3 müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. İş materiallarından görünür ki, Cavabdeh İB iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB tərəfindən reyestrdə qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi olmadığından, 2332 manat məbləğində borcun silinməsi barədə iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-670/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar