Məhkəmə qərarları › İş №2-2(105)-46/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-46/2021

27.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-46/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinə qarşı mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-15/2020 saylı, 02 dekabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-15/2020 saylı, 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi 90 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququna və obyektin yerləşdiyi 1,81222 ha torpaq sahəsi üzərində istifadə hüququna qəsdə son qoyulması vəzifəsinin cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinə həvalə edilməsi qət edilmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Azəri Qardaşları” özəl ticarət mərkəzi tərəfindən, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin üzərində mülkiyyət hüququna və obyektin yerləşdiyi 1,81222 ha torpaq sahəsi üzərində istifadə hüququna qəsdə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 584,1 kv.metr qeyri-yaşayış sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 15.11.2017-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin əmlakın yerləşdiyi 1,81222 ha torpaq sahəsi iddiaçının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı 07.07.2017-ci il tarixli, 336 saylı icarə müqaviləsinə əsasən komitə tərəfindən onun icarəsinə verilmişdir. Onun icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 15.11.2017-ci il tarixli RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Beləliklə, həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ qanuni əsaslarla rəsmiləşdirilmişdir. Cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin əməkdaşları onun iradəsinə zidd olaraq, dəfələrlə əraziyə daxil olmuşlar. Buna görə də, o, cavabdehin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün, cavabdehlə öz obyektinin arasında yerləşən darvazaların qarşısına maneələr yığdırmışdır. Lakin, cavabdeh təşkilatın əməkdaşları tərəfindən həmin maneələr dağıdılmış və cavabdehin əməkdaşları iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə daxil olaraq əraziyə qanunsuz müdaxilə etmişlər. Bu hərəkətlərin qanunsuz olduğu barədə şifahi xəbərdarlıq edilmiş, bunun bir faydası olmadığı üçün iddiaçı 13.06.2019-cu il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək onun mülkiyyət və qanuni istifadə hüquqlarına qəsdə son qoymağı tələb etmişdir. Mülki qanunvericiliyin mülkiyyətə qəsdlə bağlı müvafiq normalarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 1,81222 ha torpaq sahəsinə cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi tərəfindən müdaxilə edilməsi qanunsuzdur. Buna görə də, mülkiyyətə olunan həmin qəsdə son qoyulması məhkəmə qətnaməsi ilə cavabdehə həvalə edilməlidir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi həmin əraziyə yaxın 845 kv.m əraziyə dair çıxarışı və texniki pasportu var. Həm də, “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi həmin əraziyə 1998-ci ildən mülkiyyət hüququna malikdirlər. İddiaçının həmin sahənin 584,1 kv.m hissəsinə mülkiyyət hüququ var, digər sahələr onun icarəsindədir. İcarəçi isə ƏMDK-dir. Məhkəmə belə olan halda ƏMDK-ni üçüncü şəxs kimi işə cəlb etməli idi. Məhkəmə zamanı iddiaçı onun əmlakına yaxud da istifadəsində olan sahəyə müdaxilə olması barədə sübut təqdim edə bilməmişdir. Çünki tərəflər arasındakı mübahisəli yer iddiaçıya məxsus çıxarışda qeyd olunmamışdır. Bunun üçün plan, eskiz yaxud da texniki pasport tərtib olunmalı idi. İndiyə kimi iddiaçı belə bir sənəd tərtib etməmişdir. Deməli, iddiaçının heç iddia vermək səlahiyyəti yox idi. Buna baxmayaraq, məhkəmə yalnız iddiaçıya məxsus olan ümumi çıxarışı əsas tutaraq iddianı təmin etmiş cavabdehin nəyə görə yalnız çıxarışa malik olması texniki pasporta malik olmaması barədə araşdırma aparmamış və buna hüquqi qiymət verməmişdir. Bu da nəticədə birtərəfli qətnamənin çıxarılmasına gətirib çıxarmışdır. Məhkəmə işə yalnız iddiaçının izahatına əsasən qətnamə çıxarmış, iş üzrə yalnız iddiaçının mənafeyini əsas tutmuşdur. Məhkəmə qətnaməsindən belə bir qənaətə gəlmək olur ki, məhkəmə həmin mübahisənin mahiyyəti üzrə araşdırmaqdansa işin həqiqi hallarını gizlətməyə meyl göstərmişdir. Tərəflər arasında digər bir mübahisə Sumqayıt İnzibati Məhkəməsində mövcuddur, amma bu iki iş bir-biri ilə sıx bağlıdır. Həmin işi məhkəmə inşaat ekspertizasına göndərmiş və ekspert qarşısında sual qoymuşdur ki, “Azəri Qardaşları” ÖTM tərəfinə məxsus qeyri-yaşayış sahəsindən iddiaçıya məxsus mülkiyyətə hər hansı bir müdaxilə edilməsi barədə rəy vermək mümkün deyil. Çünki, İddiaçı məhkəməyə ona aid mülkiyyətə və icarəyə götürdüyü torpaqlara dair texniki pasport yaxud plan cizgi təqdim etməmişdir. Deməli, iddiaçı məhkəmədə olduğu kimi, ekspertə də mübahisələndirdiyi ərazinin texniki vəziyyətinə dair sənəd təqdim etməmişdir. Çünki, mübahisəni həll etməli olan əsas sənəd iddiaçıda yoxdur. Amma “Azəri Qardaşları” ÖTMdə bu sənədlər vardır. Sumqayıt İnzibati Məhkəməsində olan həmin inzibati iş üzrə iş tamamlanmadığı halda, Sumqayıt Kommersiya Məhkəməsində hazırkı işə baxmaq mümkünsüz idi. Çünki, inzibati işdə mübahisəli ərazinin həqiqətən də iddiaçıya məxsus olması müəyyən edilmədən onun həmin əraziyə dair “Azəri Qardaşlarına” qarşı hazırkı iddianı verməsi yolverilməzdir. Məhkəmə həmin iş üzrə qanuni qüvvəyə minməmiş qərar və məhkəmə hökmü çıxarmış cinayət işinin qərarını əsas götürmüşdür. Məhkəmə tərəflər arasında gedən mübahisəni yalnız prosesdə səslənən və təqdim edilən sübutlar əsasında həll etməli, ya da məhkəmə bu fakt barəsində qanuni qüvvəyə minmiş qətnamə və hökmü əsas kimi qəbul edə bilər. Lakin, məhkəmə digər qanunsuz bir yola əl atmışdır. Məhkəmə iddiaçıya kömək məqsədi ilə Sumqayıt İnzibati Məhkəməsində hələ də yarımçıq qalmış və qərarı çıxmamış bir işin araşdırılmamış faktını bu iş üzrə sübut kimi qeyd etmişdir. Halbuki, məhkəmə tərəflər arasında inzibati məhkəmədə iş olduğu üçün bu işin icraatını dayandırmalı idi. Çünki inzibati işdə iddiaçının həmin sahəyə hüququn olması araşdırılırdı. Bu halda birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edilmiş və MPM-in 254.1.4-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarını əsas tutaraq hazırkı işin icraatını işə inzibati məhkəmədə baxılana qədər dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə həm də tərəflərin şikayətləri əsasında Xaçmaz Rayon Polis İdarəsində qaldırılmış, lakin arada heç bir məhkəmə hökmü olmayan qərarı da iddiaçının sübutu kimi qətnamədə qeyd etmişdir. Halbuki, həm inzibati məhkəmədəki iş, həm də polisdəki cinayət işi natamamdır və həmin işlərin icraatları müəyyən səbəblərdən dayandırılmışdır. Bu isə ciddi maddi və prosessual hüquq pozuntusu sayılır. Bütün bunlar qanunsuz sübutlardır. O sübutlar hələ də digər orqanlarda mübahisələndirilir. Hətta ekspert də qeyd etmişdir ki, İddiaçı həmin sahəyə hüququ müəyyən edilməmişdir. İş materiallarında Məhkəmə Ekspertizası Mərkəzinin 08.10.2020-ci il tarixli 5302 saylı rəyindən məlum olur ki, ******* saylı çıxarışa əsasən iddiaçıya məxsus olan 584,1 kv.m qeyri-yaşayış sahəsinə dair ayrıca akt, plan, çertyoj və texniki pasport olmadığından həmin torpaq sahəsinin sərhədlərini, eləcə də mübahisəli torpaq sahələrinin üst-üstə düşməsi müəəyyən etmək mümkün olmamışdır. Hazırkı məhkəmə isə həm konstitusiya məhkəməsinin qərarlarına, həm də ekspert rəyinə və işin əsl hallarına məhəl qoymadan formal bir qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.4 və 157.8-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən RX-seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi 90 ünvanda yerləşən 584,1 kv.m əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə, 1,81222 ha torpaq sahəsi isə icarə hüququ ilə İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi 90 ünvanında yerləşən əmlak kompleksinə (ticarət yarmarkası) və torpaq sahəsinə İddiaçı adına texniki pasport verilmişdir. İş materiallarından görünür ki, Xaçmaz şəhəri, 18-ci məhəllə ünvanında yerləşən “Azəri Qardaşları” Özəl Ticarət X1 adına texniki pasport verilmişdir. İş materiallarında olan Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi N.Xasayevin Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 16.10.2020-ci il tarixli qərarının surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan İddiaçı ünvan 4 ünvanında yerləşən, qanuni istifadəsində olan 1,81222 ha torpaq sahəsinin 1100 kv.m hissəsinin Xaçmaz şəhər sakinləri Mübariz Həsənov və Qurban Sadıxov tərəfindən zəbt edildiyini bildirmişdir. Ərizə üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yaşayan İddiaçı məxsus Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi 90 ünvanında yerləşən, qanuni istifadəsində olan 18122.2 kv.m torpaq sahəsinin 0.104 ha hissəsi zəbt edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə cinayət işinin başlanılması və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. İş materiallarından görünür ki, İddiaçı cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi üçün texniki pasport tərtib edilməsi prosesində, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsindən çəkinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(105)-25/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarı ilə iddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri Qardaşları” özəl ticarət mərkəzi üçün iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə açılan giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsi prosesinə iddiaçının iştirakı olmadan başlamaqdan çəkinmə vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarından həmçinin görünür ki, həmin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertiza tədqiqatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş mütəxəssis rəyində RX seriyalı, ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışa əsasən İddiaçı icarəsində olan 1.81222 ha torpaq sahəsinin 0.1040 ha hissəsinin “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. (səh. 380-381) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. (MM-in 158.4-cü maddəsi) İşin hallarından görünür ki, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi 90 ünvanında yerləşən dövlət mülkiyyətində olan 1,81222 ha torpaq sahəsi icarə müqaviləsi əsasında iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsində yerləşən 584,1 kv.metr qeyri-yaşayış sahəsi isə iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı cavabdeh tərəfin onun istifadəsində olan torpaq sahəsini zəbt etdiyini, həmin sahədən istifadə etdiyini və s. halları əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 584,1 kv.metr qeyri-yaşayış sahəsi, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 15.11.2017-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin əmlakın yerləşdiyi 1,81222 ha torpaq sahəsi iddiaçının ƏMDK ilə bağladığı 07.07.2017-ci il tarixli, 336 saylı icarə müqaviləsinə əsasən onun icarəsinə verilmiş, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışla qeydiyyata alınmışdır. Qonşuluqda yerləşən cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin əməkdaşları iddiaçının iradəsinə zidd olaraq, dəfələrlə onun ərazisinə daxil olmuşlar. İddiaçı tərəfin bildirdiyinə görə cavabdeh onlara işləməyə imkan vermir, qanuni əsas olmadan faktiki olaraq iddiaçıya məxsus torpaq sahəsini zəbt edib, iddiaçı tərəfin çəkdiyi hasarı özbaşına söküb və hazırda iddiaçıya aid sahədən istifadə edir, orada pul yığır və s. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə və icarəsində olan torpaq sahəsinə heç bir müdaxilə etmədiyini bildirir. Məhkəmə iş materiallarında olan və təqdim edilmiş sübutlara əsaslanaraq belə hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar sübuta yetirilir. Belə ki, məhkəməyə təqdim edilmiş Sumqayıt İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi üçün texniki pasport tərtib edilməsi prosesində, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsindən çəkinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işin olması, iddiaçının ərizəsi əsasında Xaçmaz RPŞ-də İddiaçı məxsus Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi 90 ünvanında yerləşən, qanuni istifadəsində olan 18122.2 kv.m torpaq sahəsinin 0.104 ha hissəsinin zəbt edilməsi ilə bağlı fakta görə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) cinayət işinin başlanılması və işdə olan digər sübutlar İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi 90 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququna və obyektin yerləşdiyi 1,81222 ha torpaq sahəsi üzərində istifadə hüququna “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin əməkdaşları tərəfindən qəsd edilməsi hallarının mövcudluğunu təsdiq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. Göründüyü kimi cavabdeh tərəf iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə və icarəsində olan torpaq sahəsinə heç bir müdaxilə etmədiyini göstərsə də, bu halın mövcudluğu iş materialları ilə müəyyən olunur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət və istifadə hüququ qanunla qorunduğundan, onun mülkiyyətində olan Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi 90 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququna və obyektin yerləşdiyi 1,81222 ha torpaq sahəsi üzərində istifadə hüququna qəsdə son qoyulması vəzifəsinin cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-15/2020 saylı, 02 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar