Məhkəmə qərarları › İş №2-2(105)-47/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-47/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-47/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 687/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, NDQ 007970 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 19845,72 (on doqquz min səkkiz yüz qırx beş manat yetmiş iki qəpik) manat borcun qanunsuz və əsassız hesab edilərək **********8 saylı abonent kodundan silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh “xxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixli NDQ 007970 nömrəli akta əsasən hesablanmış 19845,72 (on doqquz min səkkiz yüz qırx beş manat yetmiş iki qəpik) manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək **********8 saylı abonent hesabından silinməsinin “xxxx” ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı vergi orqanında qeydiyyata alınmaqla (VÖEN №**********) Abşeron rayonu, Saray qəsəbəsi ərazisində xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində kiçik həcmli quşçuluq kəsim sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeyd edilən obyekt enerji təchizatı müəssisəsi tərəfindən quraşdırılmış elektrik qurğuları, o cümlədən, 160 kvt güc transformatoru vasitəsi ilə elektrik enerjisi ilə təchiz olunmuş və sərf olunan elektrik enerjisinin həcmi qeyd olunan transformator məntəqəsində quraşdırılmış sayğac vasitəsi ilə qeydə alınır, hər ay enerji təchizatı müəssisəsinin əməkdaşları həmin elektrik qurğuları əsasında qeydə alınmış elektrik enerjisi sərfiyyatına dair bildiriş təqdim etdikdən sonra dəyəri ödənilmişdir. xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin bir qrup əməkdaşı obyektə xidmət göstərən sayğaca baxış keçirərək, 1566 manat həcmində elektrik enerjisi sərfiyyatının qeydə alınması barədə bildirişi müəssisənin nümayəndəsinə təqdim edib getmişlər. xx.xx.2020-ci il tarixdə isə iddiaçıya yeni hesab ödəniş sənədi təqdim edilmiş, müəssisəyə 19845,72 (on doqquz min səkkiz yüz qırx beş manat yetmiş iki qəpik) manat cərimə yazıldığı bildirilərək, həmin məbləğin dərhal ödənilməsi tələb olunmuş və obyektin elektrik enejisi təchizatı dayandırılmışdır. Bununla əlaqədar olaraq iddiaçı “xxxx” ASC-nin X4 Təchizatı və Satışı İdarəsinə gedərək həmin cərimənin hansı əsasla yazıldığı barədə izahat tələb edərkən, orada ona xx.xx.2020-ci il tarixli 007970 nömrəli aktın kserosurəti təqdim edilərək cərimənin həmin akta əsasən hesablandığı bildirilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarının ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzəri açılıb və boltlar parıltılı vəziyyətdədir. Sayğacın yaddaşı kompüterlə xüsusi proqram vasitəsilə oxunmuş və hər üç fazada uzun müddətli yüklərin 0-a düşdüyü məlum olmuşdur. İddiaçı həmin aktda qeyd olunanların tamamilə böhtan olduğunu, orada göstərilən məlumatların həqiqəti əks etdirmədiyini cavabdehin əməkdaşlarına bildirərək cərimənin silinməsini və obyektin enerji təchizatının bərpa olunmasını tələb etsə də, enerji təchizatı müəssisəsinin rəhbərliyi qeyd olunanlara heç bir əhəmiyyət vermədən təqdim olunan cərimə məbləğinin ödənilməsini tələb edərək, həmin məbləğin ödənilməyəcəyi təqdirdə obyektin elektrik enerjisinin bərpa olunmayacağını bildirmişdir. Sayğaca iddiaçı tərəfindən heç bir müdaxilə edilməmiş, həmin qurğular enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən quraşdırılmış və mütəmadi olaraq elektrik şəbəkəsinin əməkdaşları tərəfindən nəzarət olunmuş, sonuncu dəfə həmin sayğaca aktın tərtib olunması tarixindən 36 gün əvvəl baxış keçirmişdir. Əgər həmin sayğacda və onun cərəyan transformatorunda həqiqətən belə bir uyğunsuzluq olsaydı, ona baxış keçirən həmin əməkdaşlar bunu müəyyən etmiş olardılar. Lakin abunə haqqında çıxarışdan görünür ki, sonuncu tarixdə sayğaca baxış keçirən elektrik şəbəkəsinin əməkdaşı hər hansı qüsur olmadığından həmin sayğacla qeydə alınmış sərfiyyata dair müvafiq bildiriş və hesab ödəniş sənədi təqdim etmişdir. İddia ərizəsində daha sonra “X1 qaydalarının” 1.3, 8.2, 8.34-cü bəndlərinə istinad edilməklə iddiaçı ilə enerjitəchizatı müəssisəsi arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktının tərtib edilmədiyi və buna görə də sayğacda yaranmış hər hansı qüsura görə cavabdeh tərəfindən müəssisənin üzərinə hər hansı bir öhdəlik qoyulmasının heç bir hüquqi əsası olmadığı, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilməklə onun tələblərinin də ciddi şəkildə pozulduğu, buna görə də hesablanmış borcun silinməli olduğu göstərilmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus sexdə 0,4 kv-luq tərəfdə quraşdırılmış uçot komplektinə baxış keçirilən zaman məlum olmuşdur ki, uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarının hər ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzəri açılılb və boltlar parıltılı vəziyyətdədir. Bundan əlavə, daha da obyektiv araşdırma aparılması məqsədi ilə sayğacın yaddaşı kompüterlə xüsusi proqram təminatı ilə oxunmuş, bu zaman həqiqətən hər üç fazada uzunmüddətli yüklərin "0”-a düşdüyü məlum olmuşdur. Həmçinin ampermaşa vasitəsi ilə xətdən axan yüklər ölçülən zaman faktiki olaraq xətdən axan yükün 36 kvt (Pfaktiki=36 kvt) olması müəyyən edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq “X1 qaydaları” 8.17-ci bəndinin tələblərinin pozulması haqqında xx.xx.2020-ci il tarixli NQD 007970 saylı akt tərtib edilmişdir. Abonentə məxsus 160 kvatt gücündə güc transformatoru obyektin daxilində iddiaçının sərəncamında quraşdırılmışdır. Etirazda daha sonra Mülki Məcəllənin 560.3.2-ci maddəsinə istinad etməklə iddiaçının hüquqdan sui-istifadə hesab edilməli olmasına əsaslanmış, habelə “xxxx” ASC-nin yoxlayıcı orqan olmadığı və yalnız iddiaçının fəaliyyət göstərdiyi obyektdə elektrik enerjisinin uçotu və EEİQ-na riayət olunub-olunmaması vəziyyətinə baxış keçirildiyini göstərmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 687/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli, NDQ 007970 nömrəli akt əsasında İddiaçı (abonent kodu: **********8) hesablanmış 19845,72 (on doqquz min səkkiz yüz qırx beş manat yetmiş iki qəpik) manat məbləğində borcun silinməsinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi qət edilmişdir. (hakim Z.Məmmədov). Qətnamədən narazı qalan cavabdeh «xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qətnaməni onunla əsaslandırmışdır ki, “sahikarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli AR Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reysterində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Qeyd edilənlərlə yanaşı Sumqayıt Kommersiya Məhkəməsi AR Prezidentinin 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5-ci bəndlərini rəhbər tutmuşdur. Bununla əlaqədar olaraq bildirilir ki, “xxxx” ASC-nə məxsus elektrik hesabat sayğaclarına, nasaz elektrik hesabat sayğaclarına qarşı münasibətdə onları təmir etmək məqsədi ilə sökmək və ya onun göstəricilərinin götürülməsi tədbirləri, həmçinin sayğacın bütövlüyünə, sayğaca hər-hansı kənar müdaxilənin olunub-olunmamasına nəzarət etmək yoxlama hesab olunmamalıdır. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. “xxxx” ASC isə yoxlayıcı orqan hesab olunmadığına görə məhkəmənin həmin qanuna, həmin maddəyə əsaslanaraq tərtib olunmuş akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış 19845,72 manat məbləğində borcun silinməsi barədə qətnaməsi ləğv olunmalıdır. Göründüyü kimi, məhkəmə yanlış hüquq normalarına istinad edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət etmişdir ki, bu halda da enerji haqqlarının yığımının 100 %-ə çatdırılması barədə “xxxx” ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmışdır. Həmçinin birinci instansiya məhkəməsi EEİQ-nın 9.1 və 9.10-cu bəndlərinə istinad edərək istehlakçının sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına, düzgün istismarına və s məsuliyyət daşıdığnı, elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməli olduğunu qeyd etsə də, özü həmin bəndlərin tələblərinə riayət etməmiş, itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə “xxxx” ASC tərəfindən haqlı olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarmışdır. Həmçinin həmin sayğaca elektrik enerji sərfiyyatının azaldılması məqsədi ilə olunacaq hərhansı kənar müdaxilə iddiaçıdan başqa heç kəsin marağında ola bilməz. Məhkəmə qətnamə çıxararkən qeyd olunanları nəzərə almamışdır. Həmçinin, birinci instansiya məhkəməsində iddia tələbi üzrə məhkəməyə təqdim edilmiş etiraza əlavə olunmuş aktdan, abunə haqqında çıxarışdan və digər sübutlardan müəyyən edilir ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus sexə 0,4 kv-luq tərəfdə quraşdırılmış uçot komplektinə baxış keçirilən zaman məlum oldu ki, uçot komplektinə quraşdırılan hər üç faza cərəyan tarnsformatorlarının hər ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzəri açılıb və boltlar parıltılı vəziyyətdədir. Bundan əlavə daha da obyektiv araşdırma aparılması məqsədi ilə sayğacın yaddaşı komputerlə xüsusi proqram təminatı ilə oxunmuş (çıxarış məhkəməyə təqdim edilmişdir), bu zaman həqiqətən hər üç fazada uzun müddətli yüklərin “0”-a düşdüyü məlum olmuşdur. Həmçinin ampermaşa vasitəsi ilə xətdən axan yüklər ölçülən zaman faktiki olaraq xətdən axan yükün 36 kvt (P =36 kvt) olması müəyyən edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın (bundan sonra EEİQ) 8.17-ci bəndinin tələblərinin pozulması haqqında xx.xx.2020-ci il tarixli, NDQ 007970 saylı akt tərtib edilmişdir. Akt iddiaçının iştirakı ilə tərtib edilmiş, lakin o aktı imzlamaqdan imtina etmişdir ki, bu barədə də akta müvafiq qeyd aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (E.E.İ.Q) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq tərtib edilmiş xx.xx.2020-ci il tarixli NDQ 007970 saylı akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə iddiaçıya qarşı həmin bəndin tələbləri ilə 19845,72 manat məbləğində yenidən hesablaşma aparılmışdır. Qeyd olunanlardan əlavə, aşkar olunmuş faktı təsdiq edən sayğac yaddaşının oxunması barədə sənədlər məhkəməyə təqdim edilmişdir. Uçot dəstinə müdaxilə olunması, bundan sonra iddiaçının məhkəməyə müraciət etməsi, akt üzrə aşkar olunmuş halın əvvəlcədən planlaşdırıldığını, hansısa mütəxəssis tərəfindən obyektdə istifadə olunan enerji sərfiyyatının azaldılması məqsədi ilə həyata keçirildiyini sübut edir. Bütün bunlara baxmayaraq, iddiaçının hüquqdan sui-istifadə edərək məhkəməyə “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi ilə müraciət etməsi yolverilməzdir. Həmin sübutlardan açıq görünür ki, hər 3 fazada uzunmüddətli yüklər “0”-a düşmüşdür. Məhkəmə isə təqdim edilmiş sübutları nəzərə almamışdır. Qeyd olunanlardan əlavə olaraq bildirilir ki, iddiaçının ona məxsus quşçuluq sexində quraşdırılmış uçot dəstinə müdaxilə etməsi faktı aylar üzrə qeydə alınmış elektrik enerji sərfiyyatları arasında kəskin fərqlə təsdiq olunur. Belə fərqin olması tərtib olunmuş aktın əsaslı olmasının sübutu kimi qiymətləndirilməlidir. Belə ki, obyektdə uçot dəstinə müdaxilə faktı aşkar olunduqdan sonra yaranmış qüsur aradan qaldırılmışdır. Bundn sonra yəni, xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək 98 gün müddətində 5536,8 manat dəyərində elektrik enerjisi sərfıyyatı qeydə alınmışdır. Bu obyektdə həmin dövrdə gün ərzində orta hesabla ən azı 56,49 manat dəyərində elektrik enerjisi istehlak edilməsi deməkdir. Lakin sayğacın müdaxiləli olduğu dövrdə, keçən ilin eyni aylarında yəni, xx.xx.2019-cu il tarixdən, xx.xx.2019-cu il tarixədək isə 84 gün ərzində cəmi 921,60 manat dəyərində elektrik sərfiyyatı qeydə alınmışdır ki, bu da həmin dövrdəki orta gündəlik elektrik sərfiyyatının 10,97 manat olduğunu bildirir. Göründüyü kimi, yeni sayğacla qeydə alınmış orta hesabla gündəlik enerji sərfıyyatı 56,49 manat ilə sayğacın müdaxiləli dövrdə qeydə aldığı orta gündəlik 10,97 manat müqayisə edildikdə həmin ünvanda uçot dəstinə müdaxilə yolu ilə 5,1 dəfə elektrik enerjisi sərfıyyatının azaldıldığı bir daha öz təsdiqini tapır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli, NDQ 007970 saylı aktdan görünür ki,: “EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış keçirilən zaman müəyyən olundu ki, abonentə məxsus 160 kvt gücündə güc transformatoru var və transformator obyektin daxilində yerləşir. Uçot komplekti 0,4 kv-luq tərəfdə quraşdırılıb. Baxış keçirilən zaman məlum oldu ki, uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarının ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzəri açılılb və boltlar parıltılı vəziyyətdədir. Sayğacın yaddaşı kompüterlə xüsusi proqram vasitəsi ilə oxundu, hər üç fazada uzun müddətli yüklərin "0”-a düşdüyü məlum oldu. Ölçmə zamanı xətdən axan yüklər P=36 kvt. qoyulmuş yük transformatorunun yük normalarına əsasən götürülüb. Tələb: Uçot EEİQ-na uyğun olaraq bərpa edilsin”. Həmin akt “xxxx” ASC-nin 3 nümayəndəsi tərəfindən imzalanmış, akta abonentin nümayəndəsi kimi İddiaçı göstərilərək “imtina etdi” qeyd olunmuş, həmçinin qeyd hissəsində baxışın iş saatında aparılmadığı göstərilmişdir. xxxx ASC-nin akt komissiyası sədrinin icra vərəqi texniki sahə üzrə tələblərindən görünür ki, xx.xx.2020-ci il tarixli, NDQ 007970 saylı akta əsasən iddiaçıya 19845 (on doqquz min səkkiz yüz qırx beş manat) manat məbləğində borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində kiçik həcmli quşçuluq kəsim sexi kimi fəaliyyət göstərən obyektə xidmət göstərən sayğaca baxış keçirərək, 1566 manat həcmində elektrik enerjisi sərfiyyatının qeydə alınması barədə bildirişi müəssisənin nümayəndəsinə təqdim edib getmişlər. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli NQD 007970 saylı akt tərtib edilmiş, xx.xx.2020-ci il tarixdə isə iddiaçıya yeni hesab ödəniş sənədi təqdim edilmiş, müəssisəyə 19845,72 (on doqquz min səkkiz yüz qırx beş manat yetmiş iki qəpik) manat cərimə yazıldığı bildirilərək, həmin məbləğin dərhal ödənilməsi tələb olunmuş və obyektin elektrik enejisi təchizatı dayandırılmışdır. İddiaçı qeyd edilən aktı mübahisələndirmiş və həmin akt əsasında hesablanmış borcun silinməsini xahiş etmişdir. Cavabdeh isə aktın düzgün tərtib edildiyini göstərməklə iddiaçının dəlillərini qəbul etmir və iddianın təmin edilməməsini xahiş edir. Kollegiya qeyd edir ki, aktda qeyd olunan qüsurun məhz iddiaçının təqsirli hərəkəti nəticəsində yaranması iş materialları ilə təsdiqlənmir. İş materiallarından görünür ki, həmin aktı cavabdehin əməkdaşları iş vaxtından kənar vaxtda, saat 19:30-da obyektə baxış keçirməklə tərtib etmişlər. İddiaçı bildirir ki, aktın tərtib edildiyi xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndələri yalnız sayğaca baxış keçirərək 1566 manatlıq bildirişi müəssisənin nümayəndəsinə təqdim edib getmişlər. Hər iki tərəfin nümayəndəsinin təqdim etdiyi **********8 saylı abunə haqqında çıxarışda isə həqiqətən qeyd edilən tarixə 1566 manat hesablamanın aparıldığı göstərilmişdir. Həmçinin qeyd edilən obyektdə hər üç fazada uzun müddətli yüklərin 0-a düşməsinin ərazidə elektrik enerjisinin verilməsində mütəmadi olaraq fasilələrin yaranması səbəbindən baş verməsi də istisna olunmur. Akt əsasında hesablamanın nəyə əsasən obyektin sərfiyyatının 96,5 kvt götürülməklə aparılması da cavabdehin nümayəndəsi tərəfindən cavablandırılmamışdır. Bundan başqa, «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli Fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.1-ci bəndində qeyd edilir ki, bu Əsasnamə «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin: - 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. - 1.6-cı bəndinə əsasən, yalnız sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar və dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. - 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. -7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Kollegiya qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda da qanunverici eyni məqsəd güdmüş, yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 1.1.1-ci maddəsində qeyd edilir ki, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra-yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Qeyd edilən Qanunun 3.1 və 3.2-ci maddələrində də həmçinin təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda «xxxx» ASC tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, “xxxx” ASC tərəfindən iddiaçıya məxsus obyektdə elektrik sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Cavabdehin nümayəndəsi Əhmədov N.V məhkəmə kollegiyasının iclasında cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə sayğaca keçirilən baxışın yoxlama olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1- 7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “xxxx” ASC tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-687/2020 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxılması üçün «xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh «xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 687/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh «xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar