Məhkəmə qərarları › İş №2-2(105)-54/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-54/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-54/2021 20.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı Firmasının nümayəndəsi Nümayəndə və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Firmasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-542/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-542/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Firmasına (abonent kodu: 151481) qrunt suyunun axıdılmasına görə hesablanmış 2370 (iki min üç yüz yetmiş) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Firması “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh" ASC-nin əməkdaşları tərəfindən su sayğacı quraşdırılması müqaviləsinin qanunsuz sayılması və qanunsuz hesablanmış 3097 manat məbləğində borcun silinməsi, qeyri-qanuni alınmış pula görə Su-Kanal İdarəsi əməkdaşının məsuliyyətə cəlb edilməsi, ona verilmiş 500 manat və bu vaxta qədər ödənilmiş 546 manat məbləğində pulun geri qaytarılması və ya həmin pulların digər artıq ödənişlər, su ödəniş kartına, onun təmiri və ya təzələnməsi üçün ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri ərazisində qanuni təmsilçisi olduğu hüquqi şəxs İddiaçı Firmasına məxsus sahibkarlıq obyekti var və həmin sahibkarlıq obyekti kafedən və çoxlu meyvə ağacları olan torpaq sahəsindən ibarətdir. Kafedə, yəni yeməkxanada su təchizatı ilə bağlı sudan və kanalizasiya xidmətlərindən istifadə edilir və bunun üçün smart kart tipli müvafiq su sayğacı quraşdırılmışdır. Həmin sayğac vasitəsi ilə ödənilən pul məbləğlərinə uyğun olaraq kafedə sudan istifadə olunur. Meyvə ağaclarının olduğu torpaq sahəsində isə ağacları sulamaq üçün içməyə yararsız olan su quyusu vardır. Ağacların sulanmasında həmin quyudan çıxan sudan istifadə olunur və həmin quyu suyu kanalizasiyaya axıdılmır. Əvvəldən quyu suyunun içməli olmadığı bilinirdi və heç vaxt həmin suya görə kanalizasiya xidmətlərindən istifadə edilməyib. Yəni, quyudan çıxan su ilə yalnız ağaclar sulanıb və həmin su kanalizasiyaya axıdılmayıb. Bir neçə il əvvəl isə Sumqayıt şəhər Su Kanal İdarəsinin işçisi ərazidə olarkən su quyusu üçün də ayrıca olaraq təcili sayğac alıb qoyulmasını tələb etmiş və bu işin həlli üçün 500 manat pul alaraq, həmin su quyusu üçün də əlavə bir su sayğacı quraşdırmışdır. Bir müddət sonra isə su quyusundan ağacların sulanmasında istifadə edilən su kanalizasiyaya axıdılmadığı halda pul ödənilməli olmadığını bilib, Sumqayıt şəhər Su Kanal İdarəsinə müraciət etmiş və əraziyə gəlib baxış keçirən əməkdaşlar həqiqətən də su quyusundan ağacların sulanmasında istifadə edildiyini və su quyusuna görə kanalizasiya xidmətlərindən istifadə edilmədiyini görmüş və buna görə də, ona quyu üçün quraşdırılmış həmin əlavə sayğaca ehtiyac olmadığını bildirmişlər. Buna görə də, o, həmin sayğacı çıxarmışdır. Lakin, ağacların sulanmasında istifadə etdiyi su quyusuna quraşdırılmış həmin sayğaca görə ona əsassız olaraq 3097 manat məbləğində borc hesablanmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddia tələbinin tam rədd tedilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsi ilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülkihüquqi münasibətlər yaratmış olur. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələləri - “Su təchizatı və tullantı suları haqqında” AR Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 №-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. Birinci instansiya məhkəməsinin iddiaçının istifadə etdiyi quyu (yeraltı qrunt) suyunun kanalizasiya sisteminə axıdılması xidmətlərinə görə hesablanmış 2370 (iki min üç yüz yetmiş) manat məbləğin silinməsinə dair qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, İddiaçı Firması abonent olaraq, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən firmaya məxsus qeyri-yaşayış sahəsində 03.06.2020-ci il tarixdə smart-kart tipli, 215381 nömrəli su sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılan tarixədək abonentin 1884 manat borcu yaranmışdır. Borcun yaranma səbəbi 07.09.2012-ci il tarixdə obyektdə quraşdırılmış smart-kart tipli sayğacın çıxarılıb 03.06.2020-ci il tarixdə yeni sayğac quraşdırılanadək abonentin birbaşa qoşulma ilə xidmətlərdən istifadə etməsi olmuşdur. Qeyd olunan müddət ərzində “Sudan istifadə Qaydaları”nın 4 nömrəli əlavəsinə uyğun olaraq xidmətlərdən istifadəyə görə orta sərfiyyatla (942 m3) 1884 manat məbləğində hesabat aparılmışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsində 01.03.2017ci il tarixdə qrunt suyunun axıdılmasına görə quraşdırılmış ******* nömrəli su sayğacı üzrə 1887 manat borc hesablanmışdır. 2020-ci ilin mart ayında abonent tərəfindən sayğac özbaşına çıxarıldığından 483 manat dəyərində orta sərfiyyatla hesabat aparılmış və ümumilikdə qrunt suyuna görə 2370 manat borc yaranmışdır. Belə ki, “Sudan istifadə qaydaları”nın 3.5-ci bəndinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Həmçinin, Qaydaların 4 nömrəli əlavəsi olan cədvələ əsasən qrunt suyundan istifadə etməklə, tullantı sularının kanalizasiya şəbəkəsinə axıdılma müddəti 4 saat qəbul edilir. İstehlakçı ilə təchizatçı müəssisə arasında “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilənin 3.5-ci bəndinə əsasən müəssisənin hüquq və öhdəlikləri kimi axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınması qeyd olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Firmasının nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 30-cu maddələrinə istinad edərək əsaslandırmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçıdan tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin su təchizatı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” Müqavilə (abonent kodu: 151481) əsasında həyata keçirilmiş və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələbləri nəzərə alınmaqla tərtib edilmiş həmin Müqavilədə müvafiq olaraq hüquqi şəxs olan tərəflərin, yəni “İstehlakçı” (abonent) olaraq İddiaçıxxxx“Müəssisə” (təchizatçı) olaraq Cavabdeh ASC-nin hüquqları və öhdəlikləri təsbit olunmuşdur. “İstehlakçı” İddiaçı Firmasına məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektində Cavabdeh ASC tərəfindən təchiz edilən su və kanalizasiya xidmətlərindən istifadə olunur və bununla əlaqədar smartkart tipli su sayğacı quraşdırılaraq, həmin sayğacla hesabatı aparılan su və kanalizasiya xidmətlərindən istifadə üçün hər kub metrə görə 2 manat olmaqla pul hesablanır. Eyni zamanda, “istehlakçı” İddiaçı Firmasına məxsus həmin sahibkarlıq obyektində su quyusu vasitəsi ilə əldə olunan qrunt sularından da istifadə olunur və bununla əlaqədar quraşdırılmış digər bir su sayğacı ilə hesabatı aparılan kanalizasiya xidmətlərindən istifadə üçün hər kub metrə görə 1 manat olmaqla pul hesablanır. Lakin, həmin su quyusundan əldə edilən sudan ağacların sulanmasında istifadə edildiyinə və həmin qrunt suyu kanalizasiya sisteminə axıdılmadığına görə həmin xidmət üçün quraşdırılmış su sayğacı abonent tərəfindən çıxarılmışdır. İş materiallarında olan, istehlakçı İddiaçı Firmasının su təchizatı ilə əlaqədar təchizatçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş arayışdan görünür ki, abonent İddiaçı Firmasına məxsus Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu: 151481) 03 iyun 2020-ci il tarixdə smart kart tipli 215381 nömrəli su sayğacı quraşdırlmışdır. Həmin sayğac quraşdırılan müddətə qədər abonentin borcu 1884 manat təşkil etmişdir. Borcun yaranma səbəbi 07 sentyabr 2012-ci il tarixdə obyektə quraşdırılmış smart kart tipli sayğacın çıxarılıb 03 iyun 2020-ci il tarixdən yeni sayğac quraşdırılan tarixinədək abonentin birbaşa qoşulma ilə sudan istifadə etməsi olmuşdur. Həmin müddət ərzində “Sudan istifadə qaydaları”nın 4 nömrəli bəndinə əsasən su və kanalizasiya xidməti müqabilində orta sərfiyyatla (942 m3) 1884 manat məbləğində hesabat aparılmışdır. İddiaçı Firmasına 01 mart 2017-ci ildə qrunt suyunun axıdılmasına görə quraşdırılmış ******* nömrəli su sayğacı üzrə 1887 manat borc hesablanmışdır. 2020-ci ilin mart ayında qeyd olunan sayğac abonent tərəfindən özbaşına çıxarıldığından 483 manat dəyərində orta sərfiyyatla əlavə hesabat aparılmış və ona görə də, ümumilikdə qrunt suyuna gorə borc 2370 (iki min üç yüz yetmiş) manat təşkil edir. Bununla da, qrunt suyuna görə 2370 manat və smart sayğaca görə 1884 manat olmaqla abonentin ümumi borcu 4254 manat məbləğində olmuş və hal-hazıradək həmin borcdan 1679 manat ödəniş edilmiş olduğundan, 15 oktyabr 2020-ci il tarixə abonentin borcu 2575 manat təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçı və cavabdeh arasında yaranmış mübahisənin əsasında həmin tərəflər (“istehlakçı” və “təchizatçı” olaraq) arasında “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” bağlanmış müqavilədə nəzərdə tutulan şərtlər dayanır və həmin müqavilədə nəzərdə tutulan “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələblərinin pozulması halları “İstehlakçıya məxsus ərazidə yerləşən su quyusu vasitəsi ilə əldə edilən suyun kanalizasiya xidmətindən istifadə edilməklə axıdılması” hissəsində mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Həmin xidmətə görə, yəni su quyusu vasitəsi ilə əldə edilən qrunt suyunun kanalizasiya xidmətlərindən istifadə edilməklə axıdılması təsdiq olunmadığı üçün bu xidmətə (qrunt suyuna) görə hesablanmış 2370 (iki min üç yüz yetmiş) manat məbləğində borcun əsaslılığı müəyyən olunmur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən quyu vasitəsi ilə əldə edilən qrunt suyunun kanalizasiya xidmətlərindən istifadə edilməklə axıdılmasının cavabdeh tərəfindən müəyyən edilməsinə dair sübut növü məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-542/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar