Məhkəmə qərarları › İş №2-2(105)-55/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-55/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-55/2024 20.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 47/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. 29 noyabr 2022-ci il tarixli abonentin saldosu ilə müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00150 nömrəli abonent hesabına 2014-cü ilin aprel ayından 2020-ci ilin dekabr ayınadək istifadə olunan təbii qaza görə sərfiyyat üzrə 297688,10 manat, aktlar əsasında 31552,20 (2019-cu ilin noyabr ayında 4343,80 manat, 2019-cu ilin dekabr ayında 15718 manat, 2020-ci ilin yanvar ayında 5755,80 manat, 2020-ci ilin fevral ayında 1853,20 manat, 2020-ci ilin mart ayında 1030,60 manat və 2020-ci ilin noyabr ayında 2850,80 manat olmaqla) manat borc hesablanmış, həmin borcdan 303250,70 manat ödəniş edilmiş, nəticədə son borc 25989,60 manat qalmışdır.

2. 29 noyabr 2022-ci il tarixli abonentin saldosu ilə müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00150 nömrəli abonent hesabına 2017-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək istifadə olunan təbii qaza görə sərfiyyat üzrə 706475,20 manat, akt əsasında 6000 manat (2018-ci ilin noyabr ayında) borc hesablanmış, həmin borcdan 547379,20 manat ödəniş edilmiş, nəticədə son borc 165096 manat qalmışdır.

3. 01 dekabr 2022-ci il tarixli abonentin saldosu ilə müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00151 nömrəli abonent hesabına istifadə olunan 2015-ci ilin fevral ayından 2020-ci ilin may ayınadək təbii qaza görə sərfiyyat üzrə 317873,80 manat, akt əsasında 6988,20 manat (2017-ci ilin noyabr ayında) borc hesablanmış, həmin borcdan 228144,99 manat ödəniş edilmiş, nəticədə son borc 96717,01 manat qalmışdır.

4. “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə” 23 sentyabr 2019-cu il tarixli xx/xx/2019 nömrəli razılaşma protokolundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 01/25800 ödəyici kodu üzrə “İstehlakçının xx.xx.2019-cu il tarixinə İddiaçınə ümumilikdə 598 570,01 (beş yüz doxsan səkkiz min beş yüz yetmiş manat bir qəpik) manat debitor borcu vardır. “İstehlakçı" aylıq istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsindən əlavə 01 sentyabr 2019-cu il tarixinə yaranmış 598570,01 (beş yüz doxsan səkkiz min beş yüz yetmiş manat bir qəpik) manat debitor borcunu göstərilən qrafik üzrə ödənilməsini təmin etməyi öhdəsinə götürür. İstehlakçı xx.xx.2019-cu il tarixində borcunun 100000 (yüz min) manat hissəsinin ödənilməsini təmin edir və 2019-cu ilin sentyabr ayı da daxil olmaqla sonrakı aylarda istehlak etdiyi qazın dəyərindən əlavə olaraq 50000 (əlli min) manat ödənilməsini öz üzərinə götürür. “İstehlakçı” protokol əsasında hər ay borcunun ödənilməsini təmin edir və borc ödənilmədiyi halda qanunvericiliyə müvafiq olaraq təbii qazın verilməsinin dayandırılmasına etiraz etmir. BRQSD-nin "İstehlakçı” tərəfindən debitor borcun ödənişi qrafik üzrə aparılmadıqda borcun tam ödənilməsini tələb etməklə təbii qazın verilişini müvafiq qaydada dayandırır.

5. Paylayıcı İddiaçı ilə istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04 okyabr 2019-cu il tarixli AMX-2547/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.

6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2-2(85)- 187/2018 nömrəli qətaməsinə əsasən 01 sentyabr 2017-ci il tarixinədək istifadə olunmuş təbii qaza görə yaranmış 204490,11 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı hesabına ödənilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli 2-2(105)-75/2018 nömrəli qətnaməsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2-2(85)-187/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 18 noyabr 2017-ci il tarixli Okt.0001115 nömrəli aktdan (istehlakçının hesab kodu **********00151) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində noyabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 34941 m3 və qaz sərfinin məbləği 6988,20 manat müəyyən edilmişdir.

8. İddiaçı tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19 noyabr 2018-ci il tarixli, ******* nömrəli aktda qeyd olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00150 nömrəli abonent hesablı müəssisənin qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar xəttin “Yetsan” su qızdırıcı qazanına qoşulduğu aşkar olunmuşdur.

9. 30 noyabr 2018-ci il tarixdə qaz işlədicilərindən su qızdırıcı qazanın maksimal saatlıq qaz sərfinin hesabatı aparılmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00150 nömrəli abonent hesablı ünvana quraşdırılmış sayğacın maksimal saatlıq qaz sərfi 50 m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 30000 m3 həcmində müəyyən edilmişdir.

10. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 29 noyabr 2019-cü il tarixli ******* nömrəli aktdan (istehlakçının hesab kodu **********00150) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində noyabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 21719 m3 və qaz sərfinin məbləği 4343,80 manat müəyyən edilmişdir.

11. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30 dekabr 2019-cu il tarixli ******* nömrəli aktdan (istehlakçının hesab kodu **********00150) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində dekabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 7859 m3 və qaz sərfinin məbləği 15718 manat müəyyən edilmişdir.

12. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31 yanvar 2020-ci il tarixli ******* nömrəli aktdan (istehlakçının hesab kodu **********00150) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 23813 m3 və qaz sərfinin məbləği 4762,60 manat müəyyən edilmişdir.

13. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31 yanvar 2020-ci il tarixli 000022 nömrəli aktdan (istehlakçının hesab kodu **********00150) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 4966 m3 və qaz sərfinin məbləği 993,20 manat müəyyən edilmişdir.

14. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 28 fevral 2020-ci il tarixli 000422 nömrəli aktdan (istehlakçının hesab kodu **********00150) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində fevral ayı üçün hesablanmış qaz sərfinin miqdarı 9266 m3 və qaz sərfinin məbləği 1853,20 manat müəyyən edilmişdir.

15. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31 mart 2020-ci il tarixli ******* nömrəli aktdan (istehlakçının hesab kodu **********00150) görünür ki, sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində mart ayı üçün 5153 m3 və qaz sərfinin məbləği 1030,60 manat müəyyən edilmişdir.

16. İddiaçı tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı 02 noyabr 2020-ci il tarixli SS 29/1640-01933-1 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akt əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00150 nömrəli abonent hesabına dəymiş ziyanın hesablanması qərara alınmışdır. Həmin akt əsasında qeyd olunan abonent koduna 2850,80 manat borc hesablanmışdır.

17. Ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və məhkəmədə iddia qaldırmaq üçün 177,80 (yüz yetmiş yeddi manat səksən qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT

18. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazdan istifadəyə görə **********00150 saylı hesab üzrə yaranmış 25989,60 (iyirmi beş min doqquz yüz səksən doqquz manat altmış qəpik) manat, **********00150 saylı hesab üzrə yaranmış 165096 (yüz altmış beş min doxsan altı) manat, **********00151 saylı hesab üzrə yaranmış 96717,01 (doxsan altı min yeddi yüz on yeddi manat bir qəpik) manat olmaqla, ümumilikdə 287802,61 (iki yüz səksən yeddi min səkkiz yüz iki manat altmış bir qəpik) manat borcun, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin və 177,80 (yüz yetmiş yeddi manat səksən qəpik) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 04 oktyabr 2019-cu il tarixli, AMX- 2547/19 saylı müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə cavabdehin **********00150 saylı hesab üzrə 25989,60 (iyirmi beş min doqquz yüz səksən doqquz manat altmış qəpik) manat, **********00150 saylı hesab üzrə 165096 (yüz atlmış beş min doxsan altı manat) manat, **********00151 saylı hesab üzrə 96717,01 (doxsan altı min yeddi yüz on yeddi manat bir qəpik) manat olmaqla, ümumilikdə 287802,61 (iki yüz səksən yeddi min səkkiz yüz iki manat altmış bir qəpik) manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

20. İddiaçı tərəfindən 05 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim olunaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazdan istifadəyə görə **********00150 saylı, **********00150 saylı və **********00151 saylı abonent hesabları üzrə ümumilikdə 83312,50 (səksən üç min üç yüz on iki manat əlli qəpik) manat borcun və mediasiya ilə əlaqədar ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

21. Cavabdeh tərəfindən 06 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsasını **********00150, **********00150, **********00151 abonent kodları üzrə təbii qazdan istifadəyə görə yaranmış borc təşkil edir. Lakin iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli 2-2(85)-187/2018 nömrəli qətnaməsinə əsasən istifadə olunmuş təbii qaza görə yaranmış 204490,11 manat borcun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. İş üzrə İddiaçı iddia tələbində tələb olunan 204490,11 manat məbləği **********00150, **********00150 və **********00151 abonent nömrələri üzrə xx.xx.2017-ci il tarixə olan sərfiyyat borclarını əks etdirmişdir. İş materiallarına əlavə edilmiş **********00150 abonentin saldosu 2014-cü ilin aprel ayından 2019-cu ilin sentyabr ayınadək olan dövrü əhatə edir. Həmin saldoda sayğac oxunması 276947,10, ödəmələr 275850,70, son borc 1096,40 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş **********00151 abonentin saldosu 2015-ci ilin fevral ayından 2019-cu ilin sentyabr ayınadək olan dövrü əhatə edir. Lakin sayğacın quraşdırılma tarixi 28 noyabr 2017-ci il tarixlidir. Həmin sayğacın oxunması 317873,80, ödəmələr 228144,99, aktlar 6988,20, son borc 96717,01 (aktla birlikdə) qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş **********00150 abonentin saldosu 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayınadək olan dövrü əhatə edir. Lakin sayğacın quraşdırılma tarixi 25 yanvar 2017-ci il tarixidir. Həmin saldoda sayğac oxunması 706475,20, ödəmələr 312878,60, aktlar 6000, son borc 399596,60 (aktla birlikdə) qeyd edilmişdir. İddiaçı İSQN ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış, 15 noyabr 2017-ci il tarixli (KP01/25800) “İstehlak olunmuş təbii qaza görə yaranmış debitor borcun ödənilməsi barədə” razılaşma protokolu ilə 15 noyabr 2017-ci il tarixinə cəmi debitor borcu 179258 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş e-2-2(085)- 593/2019 nömrəli iş üzrə İddiaçı iddia tələbi **********00150, **********00150 və **********00151 abonent kodlar üzrə xx.xx.2019-cu il tarixinə yaranmış 447587,41 manat borcun tutulmasından ibarət olmuşdur. **********00151 abonentin saldosuna görə 2019-cu il üçün sentyabr ayına elektron göstərici ******* və qalıq borc 96717,01 manat, **********00150 abonentin saldosuna görə 2019-cu il üçün oktyabr ayına elektron göstərici ******* və qalıq borc 3171,40 manat, **********00150 abonentin saldosuna görə 2019-cu il üçün oktyabr ayına elektron göstərici ******* və qalıq borc 349596,60 manat təşkil etmiş, 2019-cu ilin oktyabr və noyabr aylarında 150000 manat məbləğində ödənişlər edilmişdir. Sözügedən iş baxılmamış saxlanılmışdır. Hazırkı iş üzrə iddia ərizəsinə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 1133-04-14 nömrəli (kod: **********00150) müqavilə əlavə edilmişdir. Həmin müqavilədə qaz qurğusuna dair məlumatlar göstərilmişdir: (su qızdırıcı qazan) G-250 markalı, 80110180 nömrəli, 02609898 və 02609900 plomblar. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş e-2-2(085)-593/2019 nömrəli işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli abonent saldolarına görə 1) abonent: **********00150 (qazanxana). Su qızdırıcı qazan (8/8). Sayğac: Tip: Elster G-250 RVG EK-220, № 80110180; quraşdırma tarixi: xx.xx.2014-cü il, 2) Abonent: **********00151. Su qızdırıcı qazan (2/2). Sayğac: Tip: Elster G-250 RVG EK-220, №75141587; quraşdırma tarixi: xx.xx.2017-ci il, 3) Abonent: **********00150 (qazanxana). Su qızdırıcı qazan (3/3). Sayğac: Tip: Elster G1000 TRZ EK-220, №83047617; quraşdırma tarixi: xx.xx.2017-ci il. Sadalanan kodlar üzrə abonent saldolarında sərfiyyat borcu ilə cərimə aktları da daxil edilmişdir. Sadalanan saldolarda 10 yanvar 2019-cu il tarixinə **********00150 kod üzrə borc 3171,40 və **********00151 kod üzrə borc 96717 manat qeyd edilmişdir. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli 2-2(85)- 187/2018 nömrəli qətnaməsində qət edilmiş məbləğ təkrar olaraq hazırkı iddia ilə tələb olunur. Bundan başqa, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-44/2020 nömrəli kommersiya işi üzrə İddiaçı iddia tələbi 449485 manat təşkil ertmiş və iddiaçının ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iş üzrə hökumət ödəniş portalından 23 sentyabr 2019cu il tarixli aparılmış ödəniş əməliyyatları üzrə hesabat təqdim edilmişdir. Həmin hesabatda MMC tərəfindən həyata keçirilmiş ödənişlər öz əksini tapmışdır. İddia tələbi 04 oktyabr 2019-cu il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” AMX-2547/19 nömrəli müqaviləyə istinad edilmişdir. Lakin sonradan iddiaçı ilə cavabdeh arasında “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə” 23 sentyabr 2019-cu il tarixli razılaşma protokolu ilə yaranmış borcun ödənilməsi razılaşdırılmışdır. Hazırda İddiaçı qüvvədə olmasına baxmayaraq həmin razılaşma protokolunu mübahisələndirmir. Bundan başqa İddiaçı 05 dekabr 2023-cü il tarixində iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, cavabdehdən 83312,50 (səksən üç min üç yüz on iki manat 50 qəpik) manat məbləğini tələb edir. Sonradan tələb olunan 83312,50 manat məbləğ də əsassızdır. Çünki İddiaçı iddia tələbini adi riyazi hesablama edərək 23 may 2018-ci il tarixli 2-2(85)-187/2018 nömrəli qətnaməsində qət edilmiş 204490,11 manat məbləğini nəzərə alaraq azaltmışdır. Lakin iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərini və edilmiş məbləğləri tam hesablamamışdır. Belə ki, cavabdeh tərəfindən ümumi borcdan ödənişlər xx.xx.2019-cu il tarixində (17:32:44) 10000 manat, xx.xx.2019-cu il tarixində (17:32:05) 10000 manat, xx.xx.2019-cu il tarixində (17:31:41) 10000 manat, xx.xx.2019-cu il tarixində (17:39:12) 10000 manat, xx.xx.2019-cu il tarixində (14:37:56) 10000 manat, xx.xx.2019-cu il tarixində (16:20:45) 15000 manat, xx.xx.2019-cu il tarixində (16:19:48) 15000 manat, xx.xx.2019-cu il tarixində (16:18:49) 15000 manat, xx.xx.2019-cu il tarixində (16:21:31) 5000 manat, xx.xx.2019-cu il tarixində (12:50:57) 15000 manat, xx.xx.2019-cu il tarixində (15:05:28) 15000 manat, xx.xx.2019-cu il tarixində (15:06:15) 5000 manat, xx.xx.2019-cu il tarixində (12:49:57) 15000 manat təşkil etmişdir. Belə ki, onlayn ödəmə qaydasında xx.xx.2019-cu il tarixinə qalıq borc 304596,60 manat təşkil etmişdir. Həmin qalıq məbləğdən sonra 2019-cu ilin 21-23 dekabr tarixlərində 50000 (əlli min) manat ödənilməsini, habelə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(85)-187/2018 nömrəli qətnaməsində qət edilmiş 204490,11 manat məbləği də birgə hesablansa (204490,11+50.000=254490,11) da, məbləğin həcmində uyğunsuzluq yaranır. Bunu isə məhkəmə iclasında iddiaçının nümayəndəsi tam izah edə bilməmişdir. Belə ki, müvafiq aktlar üzrə cərimə tətbiq edilməsi və ümumi borca hesablanması istisna deyildir. Çünki abonent saldolarında **********00150 kod üzrə akt yarım-bölməsində 31552,20 manat, **********00151 kod üzrə akt yarım-bölməsində 6988,20 manat və **********00150 kod üzrə akt yarımbölməsində 6000 manat olmaqla, ümumi 44540,40 (qırx dörd min beş yüz qırx, 40) manat təşkil edir. Bu da kiçik bir məbləğ deyildir. Əvvəlki iclaslarda İddiaçı nümayəndəsi akt kimi qeyd edilmiş məbləğlərin cərimə məbləği olmadığı bildirməsinə baxmayaraq tam əsaslandırmamışdır. Həmin akt üzrə cərimə tətbiq edilməsi daha inandırıcıdır. Bununla yanaşı, İddiaçı iddia müddətini ötürmüşdür. Çünki iddiaçı xx/xx/2019 nömrəli razılaşma protokolunu deyil, AMX-2547/19 nömrəli, 04 oktyabr 2019-cu il tarixli müqavilə üzrə yaranmış borcu tələb edir. Buna görə də İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı təbii qazdan istifadəyə görə yaranmış 83312,50 (səksən üç min üç yüz on iki manat əlli qəpik) manat borcun tutulmasına dair iddia tələbi əsassızdır.

22. Cavabdehin nümayəndəsi Nümayəndə2 06 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.

23. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-47/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazdan istifadəyə görə **********00150 nömrəli, **********00150 nömrəli və **********00151 nömrəli abonent hesabları üzrə yaranmış 38772,10 (otuz səkkiz min yeddi yüz yetmiş iki manat on qəpik) manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 177,80 (yüz yetmiş yeddi manat səksən qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 39349,90 (otuz doqquz min üç yüz qırx doqquz manat doxsan qəpik) pul vəsaitinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 28,52 (iyirmi səkkiz manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində tutulması xahiş olunan 83312,50 (səksən üç min üç yüz on iki manat əlli qəpik) manat borcun 38772,10 (otuz səkkiz min yeddi yüz yetmiş iki manat on qəpik) manatı istifadə olunmuş təbii qaza görə sayğac göstəriciləri əsasında, 44540,40 (qırx dörd min beş yüz qırx manat qırx qəpik) manatı isə qeyd olunan müvafiq aktlar əsasında hesablanmışdır. Abonent saldolarında qeyd olunmuş aktlar əsasında hesablanmış 44540,40 (qırx dörd min beş yüz qırx manat qırx qəpik) manat borcla bağlı isə məhkəmə qeyd etmişdir ki, İddiaçı əməkdaşları tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə baxış keçirilərək yuxarıda qeyd olunan aktlar tərtib edilmiş, həmin aktlara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00150 nömrəli, **********00150 nömrəli və **********00151 nömrəli abonent hesablarına ümumilikdə 44540,40 (qırx dörd min beş yüz qırx manat qırx qəpik) manat məbləğində borc hesablanmış, lakin iddiaçı tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. İddiaçı tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onların hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən qaz sayğacının işləmədiyi dövrdə borcun hansı əsaslarla hesablanmasını (hesablamalar 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral və mart aylarının günləri üçün müxtəlif tariflərlə hesablanmışdır) təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, qanunvericilikdə qaz sayğacının işləmədiyi dövrdə mexaniki üsulla (akt əsasında) qaz sərfiyyatının hesablanması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən qaz sayğacı istehlakçının təqsiri olmadan zədələndiyi halda qaz paylayıcısı tərəfindən həmin sayğacın təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həyata keçirilməli, qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmamalı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır. Məhkəmə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə əlaqədar qeyd etmişdir ki, ərizənin əsaslılığı və hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə” 23 sentyabr 2019-cu il tarixli razılaşma protokoluna əsasən istehlakçı 23 sentyabr 2019-cu il tarixində borcunun 100000 (yüz min) manat hissəsinin ödənilməsini təmin edir və 2019-cu ilin sentyabr ayı da daxil olmaqla sonrakı aylarda istehlak etdiyi qazın dəyərindən əlavə olaraq 50000 (əlli min) manat ödənilməsini öz üzərinə götürür. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəliyini həmin razılaşma protokolunda nəzərdə tutulmuş müddətdə yerinə yetirmədiyindən 18 noyabr 2019-cu il tarixdə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 04 fevral 2020-ci il tarixli e-2-2(119)-44/2020 nömrəli qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra 04 may 2023-cü il tarixdə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 19 iyul 2023-cü il tarixli e-2-2(119)629/2023 nömrəli qərardadı ilə həmin iddia ərizəsi də baxılmamış saxlanılmışdır. Hazırkı iddia ərizəsi isə 18 sentyabr 2023-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur.

25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 567, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2, 31.2.3, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5, 2.11.2, 4.2, 4.9, 5.4, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.4, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 119.2, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.

26. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın rədd edilmiş hissəsində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri: İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən iddia tələbinə dair kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldolarından göründüyü kimi cavabdehin istifadəsində olan qaz sayğacı sərf edilən qaz həcmini elektron hissədə qeyd etmədiyinə görə iddiaçı tərəfindən qaz sayğacının mexaniki göstəricilərinə əsasən təbii qazdan istifadəyə görə qazın dəyəri hesablanmışdır. İş materiallarından da göründüyü kimi cavabdehin istifadəsində olan G-250 tipli, 80110180 nömrəli (kod: **********00150) qaz sayğacının elektron korrektor hissəsi 2019-cu ilin noyabr ayından sıradan çıxmış və 2020-ci ilin noyabr ayınadək cavabdehə qaz sayğacının mexaniki göstəricilərinə əsasən ümumilikdə 31552,20 manat “qalıq və aktlar” bölümündə borc hesablanmışdır. Sözügedən kod üzrə abonent saldosuna baxdıqda görünür ki, cavabdeh hesablanmış borcu qəbul etmiş və hesablanmış 31552,20 manat borcun 5562,60 manat hissəsini ödəmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mövcud olmayan borcun silinməsini qət etmişdir. 2017-ci ilin noyabr ayında cavabdehin istifadəsində olan digər G-250 tipli, 75141587 nömrəli (kod:**********00151) qaz sayğacı olmadığından və cavabdeh təbii qazdan 12 gün müddətində sayğacsız istifadə etdiyinə görə xx.xx.2017-ci il tarixli, ******* saylı akt tərtib edilərək 6988,20 manat məbləğində istifadə edilmiş təbii qazın dəyəri hesablanmışdır. Tərtib edilmiş akt istehlakçının nümayəndəsi tərəfindən imzalanmış, dolayısı ilə məbləğ cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdehin üçüncü kodu üzrə (**********00150) qeyd edilir ki, xx.xx.2018-ci il tarixdə əməkdaşlar tərəfindən cavabdehə məxsus qeyri-yaşayış sahəsində təbii qazdan qanunsuz istifadə halı aşkar edilmişdir. Bununla bağlı müvafiq qaydada xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və dəymiş zərərin əvəzi olaraq 6000 manat borc hesablanmışdır. Tərtib edilmiş akt cavabdeh tərəfindən imzalanaraq qanunsuz istifadə faktı cavabdeh tərəfindən qəbul edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş, cavabdehlə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə razılaşma protokolu bağlanmış və hazırda cavabdehin qəbul etmədiyi borc məbləği qəbul edilmiş və eyni zamanda hissə-hissə ödənilməsi üçün cavabdeh tərəfindən öhdəlik götürülmüşdür. xx.xx.2019-cu il tarixdə tərəflər arasında yeni bir müqavilə bağlanmış və yenə də cavabdeh ümumi borcunu qəbul edərək hissə-hissə ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Hər iki razılaşma protokolu hüquqi şəxsin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında yer alan sübutlara əsaslanaraq 1-ci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi hissəsində səhv nəticəyə gəlmiş və iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etmirlər və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edirlər. İş üzrə maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir. Həmçinin qeyd edilir ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli Razılaşma protokolu mübahisələndirilməmişdir. Bundan başqa, iddiaçı MMC barəsində protokolların tərtibi zamanı qanun pozuntusuna yol vermiş, sayğaca qeyri-müəyyən olaraq mexaniki hesablama aparmışdır. Halbuki həmin dövrdə MMC ümumiyyətlə sayğacları istifadə etməmiş, bəzi aktlar üzrə göstəricilərdə ziddiyyət yaranmışdır. Bununla yanaşı, iddiaçı İB akt əsasında hesablanmış cərimə borcunu təbii qazdan istifadəyə görə sərfiyyat məbləği kimi təqdim etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi və bildirdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamarla bağlı qeydiyyata salınma halları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda və “Qaz təchizatı haqqında” qanunda konkret olaraq qeyd edilmişdir. Qaydalara uyğun olaraq rəsmiləşdirmə iki halda, sayğaca müdaxilə olduqda və qanunsuz istifadə halları aşkar olunduqda aparılmalıdır. Apellyasiya şikayətində qeyd edildiyi kimi, üç abonent hesabı üzrə borc məbləği tələb edilir. Bir abonent hesabı üzrə borc məbləği sayğacın elektron hissəsinin işləməməsinə görə hesablanmışdır. **********00150 nömrəli abonent hesabı üzrə bildirilir ki, 31552,20 manat məbləğində borc hesablanmış, 5562,60 manat hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi artıq ödənilmiş borcun da silinməsini qət etmişdir. Əlavə olaraq bildirilir ki, 2018 və 2019cu illərdə cavabdehlə razılaşma protokolu tərtib edilmiş, cavabdeh tərəf mübahisələndirilən borc məbləğini qəbul edərək borcun hissə-hissə ödənilməsini öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməmişdir. Cavabdeh hər üç abonent üzrə borc məbləğini qəbul etmişdir. Aktlar reyestrdən qeydiyyatdan keçməmişdir. Qanunvericilikdə yoxlamanın qeydiyyatdan keçirilməsi üçün nəzərdə tutulan hallar olmadığına görə müvafiq aktlar qeydiyyatdan keçməli deyildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 1.3. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 2.11-2. qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

31. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2. həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.3. yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod.

32. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.1. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

34. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. İlk öncə apellyasiya şikayətinin “mövcud olmayan borc məbləğinin silinməsi” barədə dəlili ilə bağlı kollegiya qeyd edir ki, ümumiyyətlə iddia tələbi borcun tutulması ilə bağlı olmuş, birinci instansiya məhkəməsi öz növbəsində, iddia tələbini qismən əsaslı hesab etmiş, borc məbləğinin cavabdehdən qismən tutulması nəticəsinə gəlmişdir. Bu səbəbdən mövcud olmayan borc məbləğinin silinməsi ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır.

37. İddiaçının apellyasiya şikayətinin əsas dəlili onunla bağlıdır ki, tərtib edilmiş aktlar əsasında cavabdehə hesablanmış borc məbləği əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir.

38. İş materialları ilə müəyyən olunur ki, İddiaçı əməkdaşları tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qaz təsərrüfatına baxış keçirilərək yuxarıda qeyd olunan aktlar tərtib edilmiş, həmin aktlara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00150 nömrəli, **********00150 nömrəli və **********00151 nömrəli abonent hesablarına ümumilikdə 44540,40 (qırx dörd min beş yüz qırx manat qırx qəpik) manat məbləğində borc hesablanmış, lakin iddiaçı tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. İddiaçı tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onların hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda, iddiaçı tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Kollegiya hesab edir ki, iddia tələbinin həmin hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

40. Yuxarıda isitnad olunan qanunvericilik normalarının tələbindən görünür ki, sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamalar (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalıdır.

41. Bununla yanaşı, iddiaçı tərəfindən qaz sayğacının işləmədiyi dövrdə borcun hansı əsaslarla hesablanmasını (hesablamalar 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral və mart aylarının günləri üçün müxtəlif tariflərlə hesablanmışdır) təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, qanunvericilikdə qaz sayğacının işləmədiyi dövrdə mexaniki üsulla (akt əsasında) qaz sərfiyyatının hesablanması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən qaz sayğacı istehlakçının təqsiri olmadan zədələndiyi halda qaz paylayıcısı tərəfindən həmin sayğacın təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həyata keçirilməli, qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmamalı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

43. 29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-47/2024 nömrəli, 12 yanvar 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar