Məhkəmə qərarları › İş №2-2(105)-58/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-58/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-58/2024 06.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-89/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə Müqaviləyə əsasən istehlakçı İddiaçı məxsus Sumqayıt şəhərinin 4-cü mikrorayonda yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır.

2. İstehlakçı İddiaçı adına tərtib edilmiş 02 fevral 2022-ci il tarixli ******* nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus “uşaq baxçasında” quraşdırılmış “SmK” (smart-kart) tipli 1202AQ**********0 nömrəli “G-4” markalı qaz sayğacı "sayğac kartı qeyd etmir" qüsuru qeyd olunmaqla, Dövlət yoxlamasına göndərilməsi üçün 02 fevral 2022-ci ildə çıxarılaraq aparılmış və bu zaman həmin qeyriyaşayış sahəsinə müvəqqəti olaraq "Elster" tipli 10564118 nömrəli "G-4" markalı sayğac quraşdırılmışdır (Aktda məlum yoxlamanın X5 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır).

3. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 03 iyun 2022-ci ildə təsdiq edilmiş “Qeyri-əhali qaz sayğacının yoxlanması” haqqında MSK- 29/1640-00743-30 nömrəli Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin 18 mart 2022ci il tarixli SOCAR**********31791640X00743 saylı məktubuna əsasən 13 may 2022-ci ildə Sumqayıt Qaz İstismarı İdarəsindən Dövlət yoxlamasına gətirilmiş G4 markalı smart-kart tipli qaz sayğacına 22 may 2022-ci il tarixdə Cavabdeh Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi müəyyən edilmişdir ki, “Sayğacın klapanı açıqdır. Ekranda bağlı işarəsi var. Sayğac Alarm 3 rejimindədir. Kard Reader kartı çətinliklə oxuyur. Elektron göstərici mexaniki göstəricidən geri qalıb. Sayğacın LCD ekranında olan tarix (xx.xx.2022) real tarixdən geri qalıb (xx.xx.2022). plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Xətalar normaya uyğun deyil. Sayğacın yaddaşı arxiv proqramı ilə oxundu. “Alarm 1” rejimi aşkar edilmədi” (Aktda İstehlakçının nümayəndəsinin həmin yoxlamada iştirakı barədə hər hansı bir qeyd yazılmamışdır).

4. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 13 iyun 2022-ci il tarixində təsdiq edilmiş və “İstehlakçı: İddiaçı”, “ünvan: Sumqayıt şəhəri, 4 mkr, ev 623”, “Fəaliyyət növü: baxça”, “abonent kodu: **********00000” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 13 iyun 2022-ci ildə (baxışın keçirilmə saatı (vaxtı) Aktın müvafiq qrafasında göstərilməmişdir) abonent kodu **********00000 olan sahibkarlıq obyektində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda “Dövlət yoxlamasına göndərilmiş G-4 markalı 1202AQ**********0 nömrəli qaz sayğacı rəyə görə “Alarm 3” rejimindədir. Elektron göstərici mexaniki göstəricidən geri qalır, ekrandakı tarix geri qalır, plombun rəngi fərqlidir, xəta normaya uyğun deyil”- qeydi aparılmışdır. Eyni zamanda, Aktda qeyd olunur ki, yoxlama zamanı obyektdə bir ədəd “PQ-4” tipli qaz plitəsinin və bir ədəd “Kombi-40” tipli avadanlıq olduğu müəyyən edilmişdir (Aktda məlum yoxlamanın (baxışın) - X5 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır).

5. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib və təsdiq edilmiş 15 iyun 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə “istehlakçı: “İddiaçı”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Sumqayıt şəhəri, 4 mikrayon ev 623”, “abonent kodu: **********00000” qeyd edilməklə göstərilir ki, “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə” Laboratoriyasının “qaz sayğacının yoxlanılması” barədə 03 iyun 2022-ci il tarixli MSK-29/1640-00743-30 №-li Aktına əsasən G-4 markalı 1202AQ**********0 №-li sayğacda plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Elektron göstərici mexaniki göstəricidən geri qalır” qüsuruna görə - G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 8640 m3 həcmində müəyyən edilmişdir (əsas:-13 iyun 2022-ci il tarixli ******* nömrəli Akt).

6. İstehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, 13 iyun 2022-ci il tarixli ******* nömrəli Akta əsasən 2022-ci ilin iyun ayında istehlakçı İddiaçı məxsus Sumqayıt şəhərində yerləşən sahibkarlıq obyektinin hesabına iddia tələbində qeyd olunan “2173,7 (iki min yüz yetmiş üç manat 70 qəpik) manat məbləğində” deyil, birdəfəlik cəmi 2160 (iki min yüz altmış) manat məbləğində borc hesablanmışdır.

7. Sahibkarlıq obyektində istifadə olunan təbii qazın hesabatı 2022-ci ilin fevral ayınadək “smart-kart” tipli qaz sayğacı (xx.xx.2022-ci ildə çıxarılmış sayğac) vasitəsi ilə aparılmış və 02 fevral 2022-ci ildə yuxarıda qeyd olunan 02 fevral 2022-ci il tarixli ******* nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" Akt tərtib edilməklə, mübahisəli “smart-kart” tipli qaz sayğacı qüsurlu hesab edilərək götürüldükdən sonra həmin obyektə əvvəlcə müvəqqəti olaraq mexaniki "Elster" tipli 10564118 nömrəli "G-4" markalı sayğac, 19 iyul 2022-ci ildə isə “Zenner G4 mexaniki” tipli qaz sayğacı quraşdırılmışdır. Bu səbəbdən də Abonent Saldosunda 2022-ci ilin fevral ayından etibarən istifadə edilən təbii qazın hesabatı əks olunmuşdur və həmin hesabat məlumatları ilə müəyyən olunur ki, 2022-ci ilin fevral ayından etibarən quraşdırılmış mexaniki tipli sayğac vasitəsi ilə məlum sahibkarlıq obyektində istifadə edilən qazın hesabatı qeyd olunaraq, “İstehlakçı” tərəfindən aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, sahibkarlıq obyektinə mexaniki sayğac quraşdırıldıqdan sonra qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. “Smart-kart” tipli qaz sayğacından istifadə olunduğu dövrün hesabatları isə Abonent Saldosunda qeyd olunmamışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT

8. İddiaçı 22 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 13 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında **********00000 nömrəli abonent koduna əsassız hesablanmış 2173,7 (iki min yüz yetmiş üç manat 70 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən “Uşaq baxçası” kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsində 13 iyun 2022-ci il tarixində keçirilmiş yoxlamanın nəticəsinə dair tərtib edilmiş ******* nömrəli akta əsasən 15 iyun 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə göndərilmişdir. Həmin Tələbnamədə qeyri-yaşayış sahəsində olan qaz sayğacında olan plombların rənginin plastmas qapağın rəngindən fərqli olması və elektron göstəricinin mexaniki göstəricidən geri qalması əsası ilə əsassız hesablanmış 2173,7 manat məbləğində borcun ödənilməsi tələb olunmuşdur. İddiaçı isə sayğaca hər hansı bir müdaxilə edilmədiyini bildirərək, tələbnamədə göstərilənləri qəbul etməmiş və əsassız hesablanmış sərfiyyata uyğun borcun silinməsi barədə pretenziya məktubu ilə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən pretenziyaya hər hansı bir cavab verilməmiş və tələb təmin olunmamışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həllinə dair təklif göndərilmiş olsa da, cavabdeh mediasiya sessiyasında iştirakdan yayınmışdır. Hesab olunur ki, cavabdeh tərəfindən tərtib olunmuş akt və həmin aktın əsasında təqdim olunmuş tələbnamənin heç bir hüquqi əsası yoxdur və həmin aktın yazılması onun sahibkarlıq fəaliyyətinə müdaxilə etməkdir. Yuxarıda göstərdiyi kimi, qanunun tələblərini pozmaqla keçirilən yoxlama nəticəsində hesablanmış borc məbləğinin silinməsi və mübahisənin barışıq yolu ilə həl edilməsi üçün cavabdeh tərəfə müraciət edilsə də, müraciətlərin heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəfindən barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh tərəf yoxlamaların aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Çünki, cavabdeh tərəfindən aparılan həmin yoxlama “X5 Reyerstrində” qeydə alınmamışdır. Belə olan halda, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan, onun hüquqi nəticələri də qanunsuz hesab edilməli və cavabdeh tərəfindən akt əsasında hesablanmış borc məbləği silinməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, 13 iyun 2022- ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda qeyd olunan nöqsanın olması və həmin nöqsana görə sənaye qaz qurğularından istifadə üçün nəzərdə tutulan G-4 tipli sayğacın istifadə olunan təbii qazın sərfiyyatını düzgün hesablamaması mötəbər subutlar əsasında yazılmamışdır (iddia ərizəsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsi, “Sahibkarlıq sahəsində aparılan X5 reyestirinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4 və 1.5-ci bəndləri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasinin Qanununun 3-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 və 5.2-ci bəndləri ilə əsaslandırılmışdır).

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında fərdi sahibkar İddiaçı məxsus ’’Uşaq bağçası“ kimi fəaliyyət göstərən qeyriyaşayış sahəsinə baxış keçirilmiş və həmin baxış zamanı qaz sayğacının (1202AQ**********0) düzgün işləməməsi müəyyən olunmuş və sayğac çıxarılaraq yeni sayğacla əvəzlənmişdir. Çıxarılan sayğac yoxlanması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə Laboratoriyasına göndərilmişdir. Laboratoriyanın AKT MSK- 29/1640-00743-30 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, sayğacda nöqsan kimi ’’Sayğacda plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Elektron göstərici mexaniki göstəricidən geri qalır” qeyd olunmuşdur. Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 iyun 2022-ci il tarixli ******* nömrəli akt tərtib edilərək, dəymiş ziyan hesablanmışdır. Ziyanın hesablanması üçün Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və 13 iyun 2022-ci il tarixli ******* nömrəli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla, 4 x 24 x 90 = 8640 m3 x 0,25 qəpik= 2160 (iki min yüz altmış) manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, ’zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-89/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, 13 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 2160 (iki min yüz altmış) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət nəfinə 41,6 (qırx bir manat 60 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və həmin yoxlama tədbirinin “X5 Reyestri”ndə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

14. Məhkəmə gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3, 3.1, 3.2, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 5.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.4, 218.3, 119.1, 119.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

15. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti etirazla eyni məzmunda əsaslandırılmışdır b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.

19. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 1.3. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 2.11-2. qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

22. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2. həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X5 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X5 reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.3. yoxlama aktında X5 reyestrindən verilən kod.

23. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.1. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar X5 reyestrində qeydə alınmamışdır. Halbuki yuxarıda isitnad olunan qanunvericilik normalarının tələbindən görünür ki, sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamalar (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalıdır.

28. Belə olan halda, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, sahibkarlıq obyektinə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 iyun 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2160 (iki min yüz altmış) məbləğində borc silinməlidir.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-89/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar