Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-6/2025 07.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 12 yanvar 2024cü il tarixli, e-2-2(119)-47/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İşin halları
1. 2022-ci il 29 noyabr tarixli abonentin saldosuna əsasən "xxxx" MMC-yə məxsus **********00150 nömrəli abonent hesabına 2014-cü ilin aprel ayından 2020-ci ilin dekabr ayınadək istifadə olunan təbii qaza görə sərfiyyat üzrə 297.688,10 manat, aktlar əsasında 31.552,20 (2019-cu ilin noyabr ayında 4.343,80 manat, 2019-cu ilin dekabr ayında 15.718 manat, 2020-ci ilin yanvar ayında 5.755,80 manat, 2020-ci ilin fevral ayında 1.853,20 manat, 2020-ci ilin mart ayında 1.030,60 manat və 2020-ci ilin noyabr ayında 2.850,80 manat olmaqla) manat borc hesablanmış, həmin borcdan 303.250,70 manat ödəniş edilmiş, nəticədə son borc 25.989,60 manat qalmışdır.
2. 2022-ci il 29 noyabr tarixli abonentin saldosuna əsasən "xxxx" MMC-yə məxsus **********00150 nömrəli abonent hesabına 2017-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək istifadə olunan təbii qaza görə sərfiyyat üzrə 706.475,20 manat, akt əsasında 6.000 manat (2018-ci ilin noyabr ayında) borc hesablanmış, həmin borcdan 547.379,20 manat ödəniş edilmiş, nəticədə son borc 165.096 manat qalmışdır.
3. 2022-ci il 1 dekabr tarixli abonentin saldosuna əsasən "xxxx" MMC-yə məxsus **********00151 nömrəli abonent hesabına istifadə olunan 2015-ci ilin fevral ayından 2020-ci ilin may ayınadək təbii qaza görə sərfiyyat üzrə 317.873,80 manat, akt əsasında 6.988,20 manat (2017-ci ilin noyabr ayında) borc hesablanmış, həmin borcdan 228.144,99 manat ödəniş edilmiş, nəticədə son borc 96.717,01 manat qalmışdır.
4. “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə” 2019-cu il 23 sentyabr tarixli xx/xx/2019 nömrəli razılaşma protokoluna görə "xxxx" MMC-yə məxsus 01/25800 ödəyici kodu üzrə “İstehlakçının 2019-cu il 01 sentyabr tarixinə İddiaçı İB-yə ümumilikdə 598.570,01 manat debitor borcu vardır. “İstehlakçı" aylıq istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsindən əlavə 2019-cu il 1 sentyabr tarixinə yaranmış 598.570,01 manat debitor borcunu göstərilən qrafik üzrə ödənilməsini təmin etməyi öhdəsinə götürür. İstehlakçı 2019-cu il 23 sentyabr tarixində borcunun 100.000 manat hissəsinin ödənilməsini təmin edir və 2019-cu ilin sentyabr ayı da daxil olmaqla sonrakı aylarda istehlak etdiyi qazın dəyərindən əlavə olaraq 50.000 manat ödənilməsini öz üzərinə götürür. “İstehlakçı” protokol əsasında hər ay borcunun ödənilməsini təmin edir və borc ödənilmədiyi halda qanunvericiliyə müvafiq olaraq təbii qazın verilməsinin dayandırılmasına etiraz etmir. BRQSD-nin "İstehlakçı” tərəfindən debitor borcun ödənişi qrafik üzrə aparılmadıqda borcun tam ödənilməsini tələb etməklə təbii qazın verilişini müvafiq qaydada dayandırır.
5. Paylayıcı İddiaçı İB ilə istehlakçı "xxxx" MMC arasında bağlanmış 2019-cu il 4 oktyabr tarixli AMX-2547/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 may tarixli 2-2(85)- 187/2018 nömrəli qətnaməsinə əsasən 2017-ci il 1 sentyabr tarixinədək istifadə olunmuş təbii qaza görə yaranmış 204.490,11 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qərara alınmışdır. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2018-ci il 9 oktyabr tarixli 2-2(105)-75/2018 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
7. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2017-ci il 18 noyabr tarixli Okt.0001115 nömrəli akta (istehlakçının hesab kodu **********00151) əsasən qaz sayğacının işləmədiyi dövr ərzində noyabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 34.941 m3 və qaz sərfinin məbləği 6.988,20 manat müəyyən edilmişdir.
8. İddiaçı İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2018-ci il 19 noyabr tarixli ******* nömrəli akta əsasən "xxxx" MMCyə məxsus **********00150 nömrəli abonent hesablı müəssisənin qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar xəttin “Yetsan” su qızdırıcı qazanına qoşulduğu aşkar olunmuşdur.
9. 2018-ci il 30 noyabr tarixdə qaz işlədicilərindən su qızdırıcı qazanın maksimal saatlıq qaz sərfinin hesabatı aparılmış, "xxxx" MMC-yə məxsus **********00150 nömrəli abonent hesablı ünvana quraşdırılmış sayğacın maksimal saatlıq qaz sərfi 50 m3 /saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 30.000 m3 həcmində müəyyən olunmuşdur.
10. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2019-cu il 29 noyabr tarixli ******* nömrəli akta (istehlakçının hesab kodu **********00150) əsasən qaz sayğacının işləmədiyi dövr ərzində noyabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 21.719 m3 və qaz sərfinin məbləği 4.343,80 manat müəyyən edilmişdir.
11. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2019-cu il 30 dekabr tarixli ******* nömrəli akta (istehlakçının hesab kodu **********00150) əsasən qaz sayğacının işləmədiyi dövr ərzində dekabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 7.859 m3 və qaz sərfinin məbləği 15.718 manat müəyyən edilmişdir.
12. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2020-ci il 31 yanvar tarixli ******* nömrəli akta (istehlakçının hesab kodu **********00150) əsasən qaz sayğacının işləmədiyi dövr ərzində yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 23.813 m3 və qaz sərfinin məbləği 4.762,60 manat müəyyən edilmişdir.
13. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2020-ci il 31 yanvar tarixli 000022 nömrəli akta (istehlakçının hesab kodu **********00150) əsasən qaz sayğacının işləmədiyi dövr ərzində yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 4.966 m3 və qaz sərfinin məbləği 993,20 manat müəyyən edilmişdir.
14. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2020-ci il 28 fevral tarixli 000422 nömrəli akta (istehlakçının hesab kodu **********00150) əsasən qaz sayğacının işləmədiyi dövr ərzində fevral ayı üçün hesablanmış qaz sərfinin miqdarı 9.266 m3 və qaz sərfinin məbləği 1.853,20 manat müəyyən edilmişdir.
15. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2020-ci il 31 mart tarixli ******* nömrəli akta (istehlakçının hesab kodu **********00150) əsasən sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində mart ayı üçün 5.153 m3 və qaz sərfinin məbləği 1.030,60 manat müəyyən edilmişdir.
16. İddiaçı İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2020-ci il 30 noyabr tarixli ******* nömrəli akta görə İddiaçı İB-nin 2020-ci il 2 noyabr tarixli SS 29/1640-01933-1 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akt əsasən "xxxx" MMC-yə məxsus **********00150 nömrəli abonent hesabına dəymiş ziyanın hesablanması qərara alınmışdır. Həmin akt əsasında qeyd olunan abonent koduna 2.850,80 manat borc hesablanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 2023-cü il 18 sentyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə **********00150 saylı hesab üzrə yaranmış 25.989,60 manat, **********00150 saylı hesab üzrə yaranmış 165.096 manat, **********00151 saylı hesab üzrə yaranmış 96.717,01 manat olmaqla, ümumilikdə 287.802,61 manat borcun, ödənilmiş 400 manat mediasiya xərcinin və 177,80 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının müvafiq bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu il 4 oktyabr tarixli AMX2547/19 saylı müqavilə əsasında cavabdehi təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə borcu (bax § 17) yaranmışdır.
19. Daha sonra iddiaçı 2023-cü il 5 dekabr tarixində iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən təbii qazdan istifadəyə görə **********00150, **********00150 və **********00151 saylı abonent hesabları üzrə ümumilikdə 83.312,50 manat borcun və mediasiya ilə əlaqədar ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq iddiaçının müvafiq bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2018-ci il 23 may tarixli 2-2(85)-187/2018 nömrəli qətnaməsinə əsasən istifadə olunmuş təbii qaza görə yaranmış 204.490,11 manat borcun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. İddia tələbində tələb olunan 204.490,11 manat məbləği **********00150, **********00150 və **********00151 abonent nömrələri üzrə 2017-ci il 1 sentyabr tarixinə olan sərfiyyat borclarını əks etdirmişdir. İş materiallarına əlavə edilmiş **********00150 abonentin saldosu 2014-cü ilin aprel ayından 2019-cu ilin sentyabr ayınadək olan dövrü əhatə edir. Həmin saldoda sayğac oxunması 276.947,10, ödəmələr 275.850,70, son borc 1.096,40 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş **********00151 abonentin saldosu 2015-ci ilin fevral ayından 2019-cu ilin sentyabr ayınadək olan dövrü əhatə edir. Lakin sayğacın quraşdırılma tarixi 2017-ci il 28 noyabr tarixidir. Həmin sayğacın oxunması 317.873,80, ödəmələr 228.144,99, aktlar 6.988,20, son borc 96.717,01 (aktla birlikdə) qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş **********00150 abonentin saldosu 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayınadək olan dövrü əhatə edir. Lakin sayğacın quraşdırılma tarixi 2017-ci il 25 yanvar tarixidir. Həmin saldoda sayğac oxunması 706.475,20, ödəmələr 312.878,60, aktlar 6.000, son borc 399.596,60 (aktla birlikdə) qeyd edilmişdir. İddiaçının İSQN ilə cavabdeh arasında bağlanmış, 2017-ci il 15 noyabr tarixli (KP01/25800) “İstehlak olunmuş təbii qaza görə yaranmış debitor borcun ödənilməsi barədə” razılaşma protokolu ilə 2017-ci il 15 noyabr tarixinə cəmi debitor borcu 179.258 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş e-2-2(085)-593/2019 nömrəli iş üzrə iddiaçının iddia tələbi **********00150, **********00150 və **********00151 abonent kodlar üzrə 2019-cu il 25 oktyabr tarixinə yaranmış 447.587,41 manat borcun tutulmasından ibarət olmuşdur. **********00151 abonentin saldosuna görə 2019-cu il üçün sentyabr ayına elektron göstərici 1.960.627 və qalıq borc 96.717,01 manat, **********00150 abonentin saldosuna görə 2019-cu il üçün oktyabr ayına elektron göstərici 1.663.271 və qalıq borc 3.171,40 manat, **********00150 abonentin saldosuna görə 2019cu il üçün oktyabr ayına elektron göstərici 3.532.898 və qalıq borc 349.596,60 manat təşkil etmiş, 2019-cu ilin oktyabr və noyabr aylarında 150.000 manat məbləğində ödənişlər edilmişdir. Sözügedən iş baxılmamış saxlanılmışdır. Hazırkı iş üzrə iddia ərizəsinə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 1133-04-14 nömrəli (kod: **********00150) müqavilə əlavə edilmişdir. Həmin müqavilədə qaz qurğusuna dair məlumatlar göstərilmişdir: (su qızdırıcı qazan) G-250 markalı, 80110180 nömrəli, 02609898 və 02609900 plomblar. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş e-2-2(085)- 593/2019 nömrəli işə əlavə edilmiş 2019-cu il 30 sentyabr tarixli abonent saldolarına görə 1) abonent: **********00150 (qazanxana). Su qızdırıcı qazan (8/8). Sayğac: Tip: Elster G-250 RVG EK-220, № 80110180; quraşdırma tarixi: 2014-cü il 29 aprel; 2) Abonent: **********00151. Su qızdırıcı qazan (2/2). Sayğac: Tip: Elster G-250 RVG EK-220, №75141587; quraşdırma tarixi: 2017-ci il 28 noyabr; 3) Abonent: **********00150 (qazanxana). Su qızdırıcı qazan (3/3). Sayğac: Tip: Elster G1000 TRZ EK-220, №83047617; quraşdırma tarixi: 2017-ci il 25 yanvar. Sadalanan kodlar üzrə abonent saldolarında sərfiyyat borcu ilə cərimə aktları da daxil edilmişdir. Sadalanan saldolarda 2019-cu il 10 yanvar tarixinə **********00150 kod üzrə borc 3.171,40 və **********00151 kod üzrə borc 96.717 manat qeyd edilmişdir. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 2018-ci il 23 may tarixli 2-2(85)-187/2018 nömrəli qətnaməsində qət edilmiş məbləğ təkrar olaraq hazırkı iddia ilə tələb olunur. Bundan başqa Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-44/2020 nömrəli kommersiya işi üzrə iddiaçının iddia tələbi 449.485 manat təşkil etmiş və iddiaçının ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iş üzrə hökumət ödəniş portalından 2019-cu il 23 sentyabr tarixli aparılmış ödəniş əməliyyatları üzrə hesabat təqdim edilmişdir. Həmin hesabatda MMC tərəfindən həyata keçirilmiş ödənişlər öz əksini tapmışdır. İddia tələbi 2019-cu il 4 oktyabr tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” AMX2547/19 nömrəli müqaviləyə istinad edilmişdir. Lakin sonradan iddiaçı ilə cavabdeh arasında “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə” 2019-cu il 23 sentyabr tarixli razılaşma protokolu ilə yaranmış borcun ödənilməsi razılaşdırılmışdır. Hazırda iddiaçı qüvvədə olmasına baxmayaraq həmin razılaşma protokolunu mübahisələndirmir. Bundan başqa iddiaçı 2023cü il 5 dekabr tarixində iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, cavabdehdən 83.312,50 manat məbləğini tələb edir. Sonradan tələb olunan 83.312,50 manat məbləğ də əsassızdır. Çünki iddiaçı iddia tələbini adi riyazi hesablama edərək 2018-ci il 23 may tarixli 2-2(85)-187/2018 nömrəli qətnaməsində qət edilmiş 204.490,11 manat məbləğini nəzərə alaraq azaltmışdır. Lakin iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərini və edilmiş məbləğləri tam hesablanmamışdır. Belə ki, cavabdeh tərəfindən ümumi borcdan ödənişlər 2019-cu il 23 dekabr tarixində (17:32:44) 10.000 manat, 2019-cu il 23 dekabr tarixində (17:32:05) 10.000 manat, 2019-cu il 23 dekabr tarixində (17:31:41) 10.000 manat, 2019-cu il 23 dekabr tarixində (17:39:12) 10.000 manat, 2019-cu il 21 dekabr tarixində (14:37:56) 10.000 manat, 2019-cu il 23 oktyabr tarixində (16:20:45) 15.000 manat, 2019-cu il 23 oktyabr tarixində (16:19:48) 15.000 manat, 2019-cu il 23 oktyabr tarixində (16:18:49) 15.000 manat, 2019-cu il 23 oktyabr tarixində (16:21:31) 5.000 manat, 2019-cu il 22 noyabr tarixində (12:50:57) 15.000 manat, 2019-cu il 22 noyabr tarixində (15:05:28) 15.000 manat, 2019-cu il 22 noyabr tarixində (15:06:15) 5.000 manat, 2019-cu il 22 noyabr tarixində (12:49:57) 15.000 manat təşkil etmişdir. Belə ki, onlayn ödəmə qaydasında 2019-cu il 22 noyabr tarixinə, qalıq borc 304.596,60 manat təşkil etmişdir. Həmin qalıq məbləğdən sonra 2019-cu ilin 21-23 dekabr tarixlərində 50.000 manat ödənilməsini, habelə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 may tarixli 2-2(85)-187/2018 nömrəli qətnaməsində qət edilmiş 204.490,11 manat məbləği də birgə hesablansa (204.490,11+50.000=254.490,11) da, məbləğin həcmində uyğunsuzluq yaranır. Bunu isə məhkəmə iclasında iddiaçının nümayəndəsi tam izah edə bilməmişdir. Belə ki, müvafiq aktlar üzrə cərimə tətbiq edilməsi və ümumi borca hesablanması istisna deyildir. Çünki abonent saldolarında **********00150 kod üzrə akt yarım-bölməsində 31.552,20 manat, **********00151 kod üzrə akt yarımbölməsində 6.988,20 manat və **********00150 kod üzrə akt yarımbölməsində 6.000 manat olmaqla, ümumi 44.540,40 manat təşkil edir. Bu da kiçik bir məbləğ deyildir. Əvvəlki iclaslarda iddiaçının nümayəndəsi akt kimi qeyd edilmiş məbləğlərin cərimə məbləği olmadığı bildirməsinə baxmayaraq tam əsaslandırmamışdır. Həmin akt üzrə cərimə tətbiq edilməsi daha inandırıcıdır. Bununla yanaşı, iddiaçı iddia müddətini ötürmüşdür. Çünki iddiaçı xx/xx/2019 nömrəli razılaşma protokolunu deyil, AMX2547/19 nömrəli 2019-cu il 4 oktyabr tarixli müqavilə üzrə yaranmış borcu tələb edir. Buna görə də iddia tələbi əsassızdır.
21. Cavabdeh həmçinin məhkəməyə ərizə təqdim edərək, iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.
22. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 12 yanvar tarixli e-2-2(119)- 47/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən təbii qazdan istifadəyə görə **********00150 nömrəli, **********00150 nömrəli və **********00151 nömrəli abonent hesabları üzrə yaranmış 38.772,10 manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərci və 177,80 məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 39.349,90 manat pul vəsaitinin tutularaq iddiaçının müvafiq bank hesabına ödənilməsi, cavabdehdən 28,52 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim H.Alıyeva)
23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia ərizəsində tutulması xahiş olunan 83.312,50 manat borcun 38.772,10 manatı istifadə olunmuş təbii qaza görə sayğac göstəriciləri əsasında, 44.540,40 manatı isə qeyd olunan müvafiq aktlar əsasında hesablanmışdır.
24. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehə baxış keçirilərək aktlar tərtib edilmiş, həmin aktlara əsasən cavabdehə məxsus **********00150 nömrəli, **********00150 nömrəli və **********00151 nömrəli abonent hesablarına ümumilikdə 44.540,40 manat məbləğində borc hesablanmış, lakin iddiaçı tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. İddiaçı tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onların hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
25. Bununla yanaşı, iddiaçı tərəfindən qaz sayğacının işləmədiyi dövrdə borcun hansı əsaslarla hesablanmasını (hesablamalar 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral və mart aylarının günləri üçün müxtəlif tariflərlə hesablanmışdır) təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, qanunvericilikdə qaz sayğacının işləmədiyi dövrdə mexaniki üsulla (akt əsasında) qaz sərfiyyatının hesablanması nəzərdə tutulmamışdır.
26. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehdən sayğac göstəricilərinə əsasən istifadə olunan təbii qaza görə **********00150 nömrəli, **********00150 nömrəli və **********00151 nömrəli abonent hesabları üzrə yaranmış 38.772,10 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
27. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiq olunması barədə ərizəni əsaslı hesab etməmişdir.
28. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 567-ci “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 31.2, 31.2.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5, 2.11.2, 4.2, 4.9, 5.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
29. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki əvvəlki icraat
30. Qətnamə iddiaçı tərəfindən qismən, yəni iddia tələbinin rədd edildiyi hissədə mübahisələndirdiyindən apellyasiya instansiya məhkəməsi də qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlamışdır.
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 may tarixli 2-2(105)-55/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Z.Məmmədov, hakimlər A.Süleymanova və M.Hüseynov).
32. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və işin təkrar araşdırılması üçün apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
c)Kassasiya instansiyası məhkəməsindəki icraat
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-526/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 may tarixli, 2-2(105)-55/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
34. Ali Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlarla hesablanmış borca münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdığından, prosessual qənaət prinsipi baxımından kassasiya şikayətinin həmin borcla bağlı dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür. Bununla belə, məhkəmə kollegiyası hesab etmişdir ki, digər aktlarla hesablanmış borcla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi Qaydaların 4.9 və 5.4-cü bəndlərinin məzmunundan aydın olur ki, qaz sayğacı istehlakçının təqsiri olmadan zədələndiyi halda qaz paylayıcısı tərəfindən həmin sayğacın təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həyata keçirilməli, qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmamalı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır. Göründüyü kimi Qaydaların tələblərinə əsasən, qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə istehlakçının sərf etdiyi qazın həcmi və dəyəri müvafiq qaydada hesablanmalıdır. Yəni, sözügedən dövr üzrə Qaydaların tələblərinə uyğun şəkildə hesablanmış borcun tələb edilməsi qaz paylayıcı müəssisənin haqqıdır. Hazırkı halda da yuxarıda qeyd olunduğu kimi borcun bir hissəsinin iddiaçı tərəfindən məhz qaz sayğacının olmadığı və ya işləmədiyi müddət üzrə hesablandığı görünür. Belə olan halda, məhkəmə həmin borcun düzgün, yəni Qaydaların tələblərinə uyğun şəkildə hesablanıbhesablanmadığına qiymət verməli, düzgün hesablanmadığı təqdirdə, məhkəmə həmin borcu (özü və ya ekspert rəyi ilə) Qaydalara uyğun olaraq müəyyən etməli idi. Lakin sözügedən borcun iddiaçı tərəfindən Qaydalarla müəyyən edilməmiş qaydada və ya artıq hesablanması, məhkəmə kollegiyasının mövqeyinə görə, iddia tələbinin həmin borc hissəsində rədd edilməsi üçün əsas ola bilməz. Əks yanaşma, istehlakçının müvafiq dövrə faktiki sərf etdiyi qazdan əvəzsiz yararlanaraq əsassız varlanmasına səbəb ola bilər. Apellyasiya instansiyası məhkəməsi isə öz mövqeyini qaz sayğacının işləmədiyi dövrdə iddiaçı tərəfindən borcun hansı əsaslarla hesablanmasını təsdiq edən sübutun təqdim edilməməsi, həmçinin mexaniki üsulla (akt əsasında) qaz sərfiyyatının hesablanmasının nəzərdə tutulmaması ilə əsaslandırmış, müvafiq dövrdə faktiki sərf edilmiş qaza görə cavabdehin Qaydaların tələblərinə uyğun olaraq ödəməli olduğu borca isə heç bir qiymət verməmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
35. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinə dair kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldolarından göründüyü kimi cavabdehin istifadəsində olan qaz sayğacı sərf edilən qaz həcmini elektron hissədə qeyd etmədiyinə görə iddiaçı tərəfindən qaz sayğacının mexaniki göstəricilərinə əsasən təbii qazdan istifadəyə görə qazın dəyəri hesablanmışdır. İş materiallarından da göründüyü kimi cavabdehin istifadəsində olan G-250 tipli, 80110180 nömrəli (kod: **********00150) qaz sayğacının elektron korrektor hissəsi 2019-cu ilin noyabr ayından sıradan çıxmış və 2020-ci ilin noyabr ayınadək cavabdehə qaz sayğacının mexaniki göstəricilərinə əsasən ümumilikdə 31552,20 manat “qalıq və aktlar” bölümündə borc hesablanmışdır. Sözügedən kod üzrə abonent saldosuna baxdıqda görünür ki, cavabdeh hesablanmış borcu qəbul etmiş və hesablanmış 31552,20 manat borcun 5562,60 manat hissəsini ödəmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mövcud olmayan borcun silinməsini qət etmişdir. 2017-ci ilin noyabr ayında cavabdehin istifadəsində olan digər G-250 tipli, 75141587 nömrəli (kod:**********00151) qaz sayğacı olmadığından və cavabdeh təbii qazdan 12 gün müddətində sayğacsız istifadə etdiyinə görə xx.xx.2017-ci il tarixli, ******* saylı akt tərtib edilərək 6988,20 manat məbləğində istifadə edilmiş təbii qazın dəyəri hesablanmışdır. Tərtib edilmiş akt istehlakçının nümayəndəsi tərəfindən imzalanmış, dolayısı ilə məbləğ cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdehin üçüncü kodu üzrə (**********00150) qeyd edilir ki, xx.xx.2018-ci il tarixdə əməkdaşlar tərəfindən cavabdehə məxsus qeyri-yaşayış sahəsində təbii qazdan qanunsuz istifadə halı aşkar edilmişdir. Bununla bağlı müvafiq qaydada xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və dəymiş zərərin əvəzi olaraq 6000 manat borc hesablanmışdır. Tərtib edilmiş akt cavabdeh tərəfindən imzalanaraq qanunsuz istifadə faktı cavabdeh tərəfindən qəbul edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş, cavabdehlə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə razılaşma protokolu bağlanmış və hazırda cavabdehin qəbul etmədiyi borc məbləği qəbul edilmiş və eyni zamanda hissə-hissə ödənilməsi üçün cavabdeh tərəfindən öhdəlik götürülmüşdür. xx.xx.2019-cu il tarixdə tərəflər arasında yeni bir müqavilə bağlanmış və yenə də cavabdeh ümumi borcunu qəbul edərək hissə-hissə ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Hər iki razılaşma protokolu hüquqi şəxsin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında yer alan sübutlara əsaslanaraq 1-ci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi hissəsində səhv nəticəyə gəlmiş və iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etmirlər və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edirlər. İş üzrə maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir. Həmçinin qeyd edilir ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli Razılaşma protokolu mübahisələndirilməmişdir. Bundan başqa, iddiaçı MMC barəsində protokolların tərtibi zamanı qanun pozuntusuna yol vermiş, sayğaca qeyri-müəyyən olaraq mexaniki hesablama aparmışdır. Halbuki həmin dövrdə MMC ümumiyyətlə sayğacları istifadə etməmiş, bəzi aktlar üzrə göstəricilərdə ziddiyyət yaranmışdır. Bununla yanaşı, iddiaçı İB akt əsasında hesablanmış cərimə borcunu təbii qazdan istifadəyə görə sərfiyyat məbləği kimi təqdim etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
39. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 3. Ümumi tələblər ...
5. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. ...”
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. ... 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. ... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...” Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 99. Ekspertizanın aparılması qaydası 99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. 99.3. Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə və ya tədqiqat aparmaq üçün materialları məhkəmə iclasına gətirmək mümkün deyilsə, habelə çətinlik törədirsə, məhkəmənin iclasında və ya məhkəmə iclasından kənar keçirilə bilər. İşdə iştirak edən şəxslərin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər. Bu zaman işdə iştirak edən şəxslər tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb edə və ekspertə izahlar verə bilərlər. Maddə 101. Ekspert rəyi 101.1. Ekspert ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 1 ay, bu Məcəllənin 172.1.1-ci maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə göndərir. Bu Məcəllənin 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə ekspert rəyi 3 günədək müddətdə verilir. ...101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 101.8. Bu Məcəllənin 101.1-ci və 101.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərə riayət etmədikdə məhkəmə ekspertizası idarəsi məhkəmə tərəfindən yüz manat məbləğində cərimə edilə bilər. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı ... 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. ... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. ...” Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə iddianın rədd ediləm hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, hazırkı iş üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarında şərh edilən göstərişlər əsasında işə apellyasiya qaydasında təkrar baxan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının predmetini yalnız cavabdehin qaz sayğacının olmadığı müddət ərzində istifadə etdiyi qaza görə hesablanmış borcun məbləği təşkil edir. Belə ki, Ali Məhkəmə yuxarıda qeyd edilən qərarın 60-cı bəndində göstərmişdir ki, yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlarla hesablanmış borc barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmişdir. Odur ki, hazırkı halda qətnamənin prosessual baxımdan tam ləğvi kassatorun mövqeyinin sözügedən hissədə də əsaslı olması anlamına gəlmir.
44. İşin təkrar apellyasiya baxışı zamanı kollegiya tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınaraq qaz sayğacının olmadığı və ya işləmədiyi müddət üzrə hesablanmış borcun Qaydaların tələblərinə uyğun şəkildə hesablanıb-hesablanmadığını müəyyən etmək məqsədi ilə xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Qaz sayğacının olmadığı müddət (2019-cu ilin noyabr, dekabr 2020-ci ilin yanvar, fevral və mart ayları – hər biri ayrı-ayrılıqda göstərilməklə) ərzində qazın sərfiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə uyğun hesablanmışdırmı? Əgər düzgün hesablanmamışdırsa həmin məbləğ nə qədər təşkil etməlidir?
2. Qaz sayğacının olmadığı müddət (2019-cu ilin noyabr, dekabr 2020-ci ilin yanvar, fevral və mart ayları – hər biri ayrı-ayrılıqda göstərilməklə) ərzində qazın sərfiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə uyğun hesablanmamışdırsa həmin Qaydaya uyğun hesablama aparılaraq 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral və mart ayları üçün sərfiyyatın məbləği müəyyən edilsin.
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi 06 may 2025-ci il tarixli, 3-16-16/2-9/10257/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində, qaz sayğacının olmadığı müddət (2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral və mart ayları-hər biri ayrılıqda göstərilməklə) ərzində qazın sərfiyyatı Azərbaycan Respublikası Nazirlər kabinetinin 2011-ci il 12 may tarixli. 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə uyğun olaraq hesablanmalı məbləğ 28.704,40 manat müəyyən edilmişdir.
46. Təqdim olunmuş ekspert rəyini iş materilları ilə müqayisəli tədqiq edən məhkəmə kollegiyası müəyyən etmişdir ki, rəy MPM-in yuxarıda istinad edilən 101.6-cı maddəsinin tələblərinə uyğun tərtib olunmamış, aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməmişdir. Ekspert məhkəmənin dəfələrlə xatırlatmasına baxmayaraq ekspertizanın keçirilməsi üçün müəyyən olunmuş 1 aylıq müddəti pozaraq yalnız 6 aya yaxın müddət keçdikdən sonra cavabdehin müvafiq aylar üzrə abonent saldolarında göstərilmiş borc məbləğlərini rəyə köçürməklə sonda isə onları toplamaqla məbləğin 28.704,40 manat olması nəticəsinə gəlmiş, “Qazdan istifadə Qaydaları”nın 5.4cü bəndinə uyğun hesablama aparmamışdır.
47. Bununla əlaqədar olaraq ekspert rəyi tərəflərin nümayəndələri ilə müzakirə etmiş, iddiaçının nümayəndəsi rəylə qismən razılaşdıqlarını, cavabdehin nümayəndəsi isə rəydə borc məbləğinin düzgün hesablanmadığını qeyd etməklə onunla razılaşmadığını qeyd etmişdir.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası 06 may 2025-ci il tarixli, 3-16-16/2-9/10257/2024 nömrəli ekspert rəyini mübahisələndirilən hissədə borc məbləğinin müəyyən edilməsi üçün mötəbər sübut hesab etməyərək onunla razılaşmır.
49. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi Nümayəndə1 qanunvericilikdə bununla bağlı hər-hansı qayda nəzərdə tutulmasa da qaz sayğacının olmadığı dövrlər üçün istifadə edilmiş qazın sərfiyyatının sayğacın mexaniki göstəriciləri əsasında müəyyən edilməklə müvafiq əmsallar tətbiq edilməklə, bu mümkün olmadıqda isə əvvəlki ilin müvafiq dövrünün sərfinə uyğun olaraq hesablandığını bildirmişdir. Cavabdehin nümayəndəsi isə həmin hesablamaların “Qazdan istifadə Qaydaları”na uyğun olmadığını qeyd edərək onunla razılaşmadığını, verilmiş suallara cavab olaraq isə mübahisələndirilən dövrlər üzrə qazdan istifadə edildiyini, borc məbləğinin “Qazdan istifadə Qaydaları”na uyğun hesablanmasına etiraz etmədiyini bildirmişdir.
50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qaz sayğacının olmadığı və ya işləmədiyi müddət üzrə istifadə olunmuş qazın dəyərini iş materialları, tərəflərin izahatı və ağlabatan mühakimə əsasında Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə olaraq aşağıdakı qaydada hesablayır: I. **********00151 saylı hesab kodu üzrə 2017-ci il 18 noyabr tarixli ******* nömrəli akta münasibətdə - həmin hesab üzrə iş materillarında olan saldoda (səh.43-44) oktyabr ayı üzrə sərf 0 olduğundan sərfin olduğu əvvəlki ayın – 2017-ci ilin aprel ayının orta gündəlik sərfinə (2769:30=18,46 manat) uyğun olaraq 553.80 manat (orta günlük sərfiyyat 18.46 x noyabr ayındakı günlərin sayı 30=553,80 manat); II. **********00150 saylı hesab kodu üzrə iş materillarında olan saldoda (səh.38-40) oktyabr ayı üzrə sərf 9488 m3, sərfin məbləği 1897,60 manat olduğundan oktyabr ayının orta gündəlik sərfinə (1897,60:31=61,21 manat) uyğun olaraq 2019-cu ilin noyabr ayı – 30 gün, dekabr ayı 31 gün, 2020-ci ilin yanvar ayı 31 gün, fevral ayı 29 gün və mart ayı 31 gün olmaqla cəmi 152 günə münasibətdə - 61,21x 152=9303,52 qəpik III. Cəmi: 2017-ci ilin noyabr ayı - 553,80 manat+ 2019-cu ilin noyabr, dekabr, 2020ci ilin yanvar, fevral və mart ayları- 9303,52 manat olmaqla sərf edilmiş qazın dəyəri 9857,72 (doqquz min səkkiz yüz əlli yeddi manat 72 qəpik) manat .
51. İşin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qaz sayğacının olmadığı və ya işləmədiyi müddət ərzində cavabdeh tərəfindən istifadə edilmiş qazın dəyərinin tutulmasına dair iddiaçının tələbini “Qazdan istifadə Qaydaları”na uyğun olaraq hesablamalı olduğu halda sadəcə mexaniki üsulla (akt əsasında) qaz sərfiyyatının hesablanması nəzərdə tutulmaması əsası ilə təmin etməklə maddi hüquq normalarının tələblərini pozmuş, bu isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Buna görə də, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə mübahisələndirilən həmin hissədə ləğv edilməli, iddiaçının tələbi istifadə edilmiş qazın dəyəri olan 9857,72 (doqquz min səkkiz yüz əlli yeddi manat 72 qəpik) manatın cavabdehdən tutulmasına dair hissədə də təmin olunmalıdır.
52. Şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2-2(119)- 47/2024 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən ləğv edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən qaz sayğacının olmadığı müddətdə (2017-ci ilin noyabr, 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral və mart aylarının müvafiq günləri ərzində) sərf edilmiş qazın dəyəri olaraq 9857,72 (doqquz min səkkiz yüz əlli yeddi manat 72 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.