Məhkəmə qərarları › İş №2-2(105)-62/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-62/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-62/2023 13.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, e-2-2(119)-75/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən Quba şəhəri, Heydər Əliyev prospekti 33 ünvanında yerləşən “Gülüstan” ictimai iaşə obyekti ilə bağlı iddiaçı barəsində tərtib olunmuş 26 avqust 2022-ci il tarixli ******* nömrəli Akt əsasında hesablanmış 2943 manat məbləğində borcun silinməsi, mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödənilən 60 manat məbləğində və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 120 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhəri, Heydər Əliyev prospekti 33 ünvanında yerləşən “Gülüstan” adlı ictimai iaşə obyekti ona məxsusdur. Cavabdeh əməkdaşları ona məxsus obyektə 26 avqust 2022-ci il tarixdə gələrək “G-4 tipli 11459230 nömrəli sayğac üzərində olan qaz avadanlıqları sayğacın maksimal sərf ölçmə qabiliyyətinə uyğun deyil, 10,2 kubmetr sərfiyyatı aşır” qeydi aparılaraq 26 avqust 2022-ci il tarixli ******* nömrəli akt tərtib etmişlər. Həmin akta əsasən ona məxsus obyektə abonent hesabına 2943 manat məbləğində borc hesablanmışdır. Yazılmış borc əsassız və qanunsuz olduğu üçün qəbul etmir. Borcun ödənilməməsi səbəbindən Cavabdeh İB tərəfindən ona borcun ödənilmədiyi halda obyektə verilmiş təbii qazın kəsiləcəyi bildirilmişdir. Ona məxsus ictimai iaşə obyektinə verilən təbii qazın kəsilməsi isə onu külli miqdarda ziyana sala bilər. Belə ki, o, istehlak etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və heç bir zaman cavabdeh təşkilatla arasında qaz borcu ilə bağlı problemi olmamışdır. Ona məxsus restoranda təbii qazdan qanunsuz istifadə halı heç vaxt olmamışdır. Olmayan bir hadisəyə görə 2943 manat məbləğində ziyanın hesablanması onun hüquqlarının kobudcasına pozuntusudur. Eyni zamanda, qanunvericiliyin tələbinə əsasən qazın dəyəri yalnız qaz sayğacının göstəricisinə əsasən hesablanmalıdır. Cavabdeh İB tərəfindən onun istifadə etdiyi qaz sayğacının göstəricisi şübhə altına alınsa da, həmin sayğaca onun tərəfindən hər hansı müdaxilə olunması ilə bağlı hər hansı sübut olmadan ona əsassız olaraq borc hesablanmışdır. O, sahibkardır və sahibkar kimi ona məxsus obyekt Cavabdeh İB-nin əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. Lakin, nə yoxlama aparılarkən, nə də ondan əvvəlki dövrdə ona yoxlamanın aparılması haqqında qərar təqdim edilməmiş və həmin yoxlama - X5 reyestrində qeydə alınmadan aparılmışdır. Qeyd edilən hallar isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən həmin yoxlamanın hüquqi nəticəsinin olmaması və bununla bağlı iddiaçıya hər hansı məsuliyyət tədbirinin tətbiq edilməməsinə səbəb olmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçı məhkəməyə müraciət edənə qədər qanunvericiliyin tələbindən çıxış edərək ilkin mediasiya sessiyasında iştirak etmiş və iş üzrə Cavabdeh İB-nin nümayəndəsinin iştirak etməməsi səbəbindən ona mediator tərəfindən 11 noyabr 2022-ci il tarixli, MŞB/2-01736 nömrəli arayış verilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, Cavabdeh İB-yə borcun silinməsi ilə bağlı pretenziya məktubu ilə müraciət olunmuşdur. Lakin, Cavabdeh İB tərəfindən müraciətə heç bir cavab verilməmiş və ona görə də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona məxsus restoranda təbii qazdan qeyri-qanuni istifadə halı heç vaxt baş vermədiyindən, sayğac göstəriciləri üzrə təbii qazın dəyərinin ödənilməsi onun tərəfindən təmin edildiyindən və cavabdeh təşkilat tərəfindən onun fəaliyyətinin sahibkar kimi yoxlanılması zamanı qanunvericiliyin tələblərinə riayət olunmadığından Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 26 avqust 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 2943 manat məbləğində borc silinməlidir. Cavabdeh “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “etiraz” onunla əsaslandırılmışdır ki, “Azəriqaz“ X2 RQİİnin Quba xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan “Gülüstan” ictimai iaşə obyektinin sahibi İddiaçı Quba şəhərinin Heydər Əliyev prospektində yerləşən qeyriyaşayış sahəsini işlədir. Həmin obyektdə əhaliyə ictimai iaşə xidməti göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan restoranda quraşdırılmış “Elestr” tipli “G-4” markalı, 11459230 №-li qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6 kubmetr/saat olduğu halda, həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 16,9 kubmetr/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 10,9 kubmetr qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli “təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək, itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 14616 kubmetr və ya 2943 manat hesablanmışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarının 1.3cü bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında Müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. Abonent İddiaçı “Gülüstan” restoranının qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istrismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Belə ki, layihə sənədlərində və müqavilədə bir ədəd qaz plitəsi PQ-4, bir ədəd kombi 1/1 və bir ədəd düz axımlı su qızdırıcı nəzərdə tutulduğu halda, faktiki olaraq həmin restoranda layihədən əlavə saatda 10,9 kubmetr qaz sərf edən qaz işlədici cihazlar quraşdırılmışdır. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. Sumqayıt Kommersiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, e-2-2(119)-75/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 26 avqust 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 2943 (iki min doqquz yüz qırx üç) manat məbləğində borcun silinməsi, Mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqının Cavabdehndən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, e-2-2(119)-75/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, qeyri-əhali abonentidir. Onunla “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na görə bu qəbildən olan abonentlər sayğacın işlək vəziyyətdə saxlanmasına özləri məsuliyyət daşıyırlar. Qətnamədə iddianın təmin edilməsi iddia ərizəsində qeyd edilmiş əsaslara görə deyil, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərinin pozulması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndində qeyd edilir ki, müqaviləyə Qaz paylayıcı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. İddiaçının qaz sayğacı balans mənsubiyyətində qoyulur. Sayğacın quraşdırıldığı yer obyektdən xeyli aralıda yerləşir. Sayğaca baxış keçirilərkən cavabdehin nümayəndələri İddiaçı işlətdiyi “Gülüstan” restoranının ərazisinə daxil olmamışlar. Buna görə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələbləri pozulmamışdır. Bu barədə məhkəmənin qənaəti səhvdir. Belə ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə monitorinq, müşahidə, təftiş, nəzarət, xrometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Qətnamədə qanunvericiliyin bu müddəasına əsaslanılmış, lakin nəyə görəsə qeyd olunan hissə qətnamədə əks etdirilməmişdir. Yəni Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(119)-75/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 2943 manat borcun iddiaçının abonent kodundan silinməsi qət edilmişdir. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə Müqaviləyə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada mexanika tipli “G-4” markalı sayğac quraşdırılmışdır (sənədlərə əsasən obyektdə bir ədəd “kombi” avadanlığı, bir ədəd "Qaz plitəsi: PQ-4" və bir ədəd su qızdırıcısı quraşdırılmışdır). İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 26 avqust 2022-ci il tarixində təsdiq edilmiş və “İstehlakçı: İddiaçı”, “ünvan: Quba şəhəri, H.Əliyev pr. 33”, “abonent kodu: **********00000” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 26 avqust 2022-ci ildə (baxışın keçirilmə saatı Aktın müvafiq qrafasında göstərilməmişdir) abonent kodu **********00000 olan sahibkarlıq obyektində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda "G-4 tipli sayğac № 11459230 üzərində olan qaz avadanlıqları sayğacın maksimal sərf ölçmə qabiliyyətinə uyğun deyil, 10,2 kubmetr sərfiyyatı aşır. Tələb:- Dəymiş ziyan hesablansın, ödənilsin” qeydi aparılmışdır (Aktda qeyd olunur ki, yoxlama zamanı obyektdə bir ədəd "Qaz plitəsi: PQ-6", iki ədəd “kombi” avadanlığı, bir ədəd "Qaz plitəsi: PQ-4" və bir ədəd su qızdırıcısının olduğu müəyyən edilmişdir). Eyni zamanda, Aktda qeyd olunmuş məlumatlarla müəyyən olunur ki, həmin Akt - yoxlamanı keçirən Cavabdeh əməkdaşları tərəfindən imzalanmış olsa da, “İstehlakçının nümayəndəsi” qismində qeyd olunan “İddiaçı” tərəfindən imzalanmamışdır və onun adının qarşısında “imtina etdi” qeydi aparılmışdır (Aktda məlum yoxlamanın X5 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh Xaçmaz X8 İdarəsi tərəfindən tərtib və təsdiq edilmiş 28 avqust 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə istehlakçı: “İddiaçı”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Quba şəhəri, H.Əliyev pr-ti, ev 33”, “abonent kodu: **********00000” qeyd edilməklə göstərilir ki, “mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 kubmetr/saat olduğu təqdirdə, qaz işlədicilərinin maksimal sərfiyyatı 16,9 kubmetr/saat-dır” qüsuruna görə “G4” markalı qaz sayğacının nominal qaz sərfi 6 kubmetr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 11772 kubmetr həcmində müəyyən edilmişdir (əsas: - 26 avqust 2022-ci il tarixli ******* nömrəli Akt). İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, 26 avqust 2022-ci il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Quba şəhəri H.Əliyev prospektində yerləşən sahibkarlıq obyektinin hesabına 2022-ci ilin avqust ayında bir dəfəyə 2943 (iki min doqquz yüz qırx üç) manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, 2010-2022-ci illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müvafiq məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, qaz paylayıcısı olan Cavabdeh ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı arrasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada mexanika tipli “G-4” markalı sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları iddiaçıya məxsus obyektə 26 avqust 2022-ci il tarixdə gələrək “G-4 tipli 11459230 nömrəli sayğac üzərində olan qaz avadanlıqları sayğacın maksimal sərf ölçmə qabiliyyətinə uyğun deyil, 10,2 kubmetr sərfiyyatı aşır” qeydi aparılaraq 26 avqust 2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş, həmin Akt əsasında tərtib edilən 28 avqust 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə Aktda qeyd olunan qüsurlara (“qaz avadanlıqları sayğacın maksimal sərf ölçmə qabiliyyətinə uyğun deyil, 10,2 kubmetr sərfiyyatı aşır”) görə “G-4” markalı qaz sayğacının nominal qaz sərfi 6 kubmetr /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın miqdarı 11772 kubmetr həcmində müəyyən edilərək, 2943 (iki min doqquz yüz qırx üç) manat məbləğində birdəfəlik borc hesablanmışdır. İstehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh 26 avqust 2022-ci il tarixli ******* nömrəli Aktı əsasında hesablamış borc məbləğini əsassız hesab edərək həmin borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı istifadəsində olan sahibkarlıq obyektində (abonent kodu: **********00000) quraşdırılmış qaz sayğacına keçirilən baxışın, yəni yoxlama tədbirinin X5 Reyestrində qeydə alınmadan aparılaraq aktlaşdırılmasına əsaslanaraq iddia tələbini qismən təmin etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək şikayətini sayğacın quraşdırıldığı yerin obyektdən xeyli aralıda yerləməsi, sayğaca baxış keçirilərkən cavabdehin nümayəndələrinin İddiaçı işlətdiyi “Gülüstan” restoranının ərazisinə daxil olmamaları və buna görə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələbləri pozulmadığı ilə əsaslandırmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X5 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X5 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X5 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X5 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X5 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Hazırkı işin hallarından görünür ki, Cavabdeh İB tərəfindən fərdi sahibkar kimi fəaliyyət göstərən iddiaçıya məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan X5 reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan X5 reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Bundan başqa, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yoxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan işin faktiki halları və istinad olunan maddi hüquq normaları ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, e-2-2(119)- 75/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar