Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-67/2024 05.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə2, Nümayəndə1 Cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqavilələrinin ləğvi, icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-78/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. İcarəyəverən Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 may 2007-ci il tarixli 431 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyəverən Bakı-Quba yolunun 28-ci kilometrliyində yerləşən 200 000 kv.m torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədilə 99 il müddətinə icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü bəndində görə icarəçi hər il 32000 manat icarə haqqını ödəməyi öhdəsinə götürür.
2. icarəyəverən Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 may 2007-ci il tarixli 432 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyəverən Bakı-Quba yolunun 28-ci kilometrliyində yerləşən 10 000 kv.m torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədilə 99 il müddətinə icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü bəndində görə icarəçi hər il 1600 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilələrin 3.4-cü bəndinə əsasən göstərilmiş müddətdə icarəçi icarə haqqını ödəməzsə hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz dayanıqsızlıq ödəyir.
3. İddiaçı tərəfindən tərtib olunmuş arayışdan görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 may 2007-ci il tarixli 431 nömrəli və 25 may 2007-ci il tarixli 432 nömrəli torpaq icarəsi müqavilələri üzrə borcları 468000 (dörd yüz altmış səkkiz min) manat icarə haqqı, 147420 manat dəbbə pulu, illik 5% hesablanmaqla 23400 manat zərər olmaqla, ümumilikdə 638820 (altı yüz otuz səkkiz min səkkiz yüz iyirmi) manat təşkil edir, bu borc 2016-ci ilin altı ayı və 2017-2023-cü illər üzrə hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Sumqayıt Bələdiyyəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqavilələrinin ləğvi, icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 may 2007-ci il tarixli 431 nömrəli və 25 may 2007-ci il tarixli 432 nömrəli torpaq icarə müqavilələri əsasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş ümumi sahəsi 21,0 hektar olan torpaq sahəsindən istifadəyə görə yaranmış üzrə 468000 (dörd yüz altmış səkkiz min) manat icarə haqqı, həmin müqavilələr üzrə illik 5% və dəbbə pulu ilə birlikdə cəmi 170820 (bir yüz yetmiş min səkkiz yüz iyirmi) manat olmaqla, ümumilikdə 638820 (altı yüz otuz səkkiz min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, 25 may 2007-ci il tarixli 432 nömrəli və 25 may 2007-ci il tarixli 431 nömrəli torpaq icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 04 aprel 2006-cı il tarixli 12 saylı iclasının qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə Bakı-Sumqayıt şossesinin 28-ci kilometrliyində kənd təsərrüfatı məhsullarının istehsalı və baza yaratmaq məqsədi ilə 1,0 hektar torpaq sahəsi ayrılmışdır. Eyni zamanda bələdiyyənin 29 avqust 2006-cı il tarixli 31 saylı iclasının qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə Bakı-Sumqayıt şossesinin 28-ci kilometrliyində kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədi ilə gölün perimetri boyunca 7,0 hektar bataqlıq sahə və perimetrin əhatə etdiyi gölün 13,0 hektar sahəsi olmaqla, ümumilikdə əlavə 20,0 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələrinə dair tərəflər arasında müvafiq olaraq 25 may 2007-ci il tarixli 432 nömrəli və 25 may 2007ci il tarixli 431 nömrəli torpaq icarə müqavilələri bağlanılmış, həmin icarə müqavilələrinin qüvvədə olma müddəti 99 il müəyyən edilmişdir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sözügedən torpaq icarə müqavilələri üzrə müəyyən edilmiş müqavilə öhdəliklərini lazımi şəkildə icra etməmişdir. Belə ki, cavabdeh torpaq sahəsinə dair bağlanılmış hər iki icarə müqaviləsi ilə müəyyən edilmiş illik icarə haqlarını ödəməmiş, nəticədə onun iddia ərizəsi ilə məhkəməyə müraciət edilən günədək iddiaçıya icarə haqqı üzrə 468000 (dörd yüz altmış səkkiz min) manat, həmin müqavilə üzrə illik 5% və dəbbə pulu ilə birlikdə cəmi 170820 (bir yüz yetmiş min səkkiz yüz iyirmi) manat olmaqla, ümumilikdə 638820 (altı yüz otuz səkkiz min səkkiz yüz iyirmi) manat məbləğində icarə haqqı borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı dəfələrlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciətlər edilsə də, cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməmiş və torpaq icarə haqqı üzrə yaranmış borcunu ödəməmişdir. Bütün bu sadalananlar Sumqayıt Bələdiyyəsini torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və cavabdeh tərəfindən yol verilmiş yuxarıda göstərilən qanunsuzluqların aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qoymuşdur.
6. Cavabdeh "xxxx" MMC tərəfindən 23 fevral 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edilərək, iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə, iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur.
7. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-78/2024 nömrəli, 23 fevral 2024cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100800 (yüz min səkkiz yüz) manat məbləğində icarə haqqı borcu, 6050 (altı min əlli) manat məbləğində dəbbə pulu, illik 5 % olmaqla hesablanmış 4030 (dörd min otuz) manat məbləğində zərər və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 111080 (yüz on bir min səksən) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə ödənilməsi, iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 may 2007-ci il tarixli 431 nömrəli və 25 may 2007-ci il tarixli 432 nömrəli torpaq icarəsi müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 400,88 (dörd yüz manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında icarə haqqının iddiaçıya ödənilməsinə dair vəzifələrin də daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan torpaq sahəsini icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, icarə haqqını tam ödəməməklə, tərəflər arasında bağlanmış müqavilə şərtləri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Müqavilə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olması nəzərə alınmaqla, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi qismən əsaslı hesab edilməklə, son üç ildən əvvəlki dövr üçün hesablanaraq tələb olunan icarə haqqı borcuna üç illik iddia müddəti tətbiq edilməli və ona görə də, icarə haqqı borcu üzrə son üç il ərzində 2021-2023-cü illər üzrə ödənilməmiş icarə haqları – yəni, 25 may 2007-ci il tarixli 431 nömrəli icarə müqaviləsi üzrə 96000 manat (illik icarə haqqı 32000 manat x3 il=96000 manat), 25 may 2007-ci il tarixli 432 nömrəli icarə müqaviləsi üzrə 4800 manat (illik icarə haqqı 1600 manat x 3 il=4800 manat) olmaqla, ümumilikdə 100800 (yüz min səkkiz yüz) manat məbləğində icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İşin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6050 (altı min əlli) manat məbləğində dəbbə pulu iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə illik 5% olmaqla hesablanmış zərər qismində isə dəbbə pulunun çatışmayan hissəsi olan 4030 (dörd min otuz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (iki müqaviləyə əsasən 2021-ci il üzrə ödənilməmiş 33600 manat icarə haqqı x 5%=1680 manat zərər, 2022-ci il üzrə ödənilməmiş 67200 manat icarə haqqı x 5%=3360 manat zərər, 2023-cü il üzrə ödənilməmiş 100800 manat icarə haqqı x 5%=5040 manat zərər; 1680+3360+5040=10080 manat; 10080 manat zərər – 6050 dəbbə pulu =4030 manat).
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 675, 700.1, 706.1, 710.1, 385.1, 425.1, 427.3, 442, 372.1, 373.2, 373.3, 375.2, 462.1, 466.1, 466.2, 466.3, 152.1, 421.2, Torpaq Məcəlləsinin 73.1, 75.1, 75.3, “İcarə haqqında” Qanunun 13.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 119.1,119.2, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4, 9.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Göstərilən müqavilələrə əsasən "xxxx" MMC-nə 21 hektar torpaq sahəsi təhvil verilməli olduğu halda, bu sahənin dəqiq ölçüsü cavabdehə verilməmiş və faktiki olaraq istifadə edilməmişdir. Yalnız kağız üzərində, müqavilələrə əsasən torpağın sahəsinə uyğun pul hesablanmışdır. Sumqayıt Bələdiyyəsinə torpaq sahəsinin ölçüsünü və dəqiq yerləşmə yerini dəqiqləşdirmək üçün, dəfələrlə şifahi müraciətlərinə baxmayaraq, dolğun cavab verilməmiş, ancaq müqavilə əsasında 21 ha torpaq sahəsi üçün hesablanmış torpaq icarə haqqını tələb etmişlər. Birinci instansiyada işə baxılan zaman, bununla bağlı vəsatət verərək, müqavilələr əsasında verilmiş torpağın faktiki ölçülərinin dəqiqləşdirilməsi və bunun əsasında torpaq icarə haqqının müəyyənləşdirilməsi üçün məhkəmə texniki ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmələrinə baxmayaraq, məhkəmə vəsatəti təmin etməmişdir. İşin ədalətli həlli üçün bu vacibdir. Məhkəmə bu halı nəzərə almamış, torpaq üçün hesablanmış icarə haqqını məhz müqavilələrdə göstərilən kimi qəbul etmişdir. Bu isə qanunaziddir. Yəni müqavilə üzrə ödənişlərdən imtina etməmişlər və qarşı tərəfin müqavilə üzrə öhdəliklərini icra etdiyi təqdirdə və dəqiqləşdirərək torpaq sahəsini təhvil verdikdən sonra ödəniş ediləcəyini bildirmişlər. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən iş üçün əhəmiyyəti olan hal kimi iddiaçı tərəfin iddia etdiyi torpaq sahəsinin müqavilədə göstərilən ölçülərini qəbul etmiş, faktiki təhvil verilmiş ölçülərini dəqiqləşdirməyərk və yerləşmə yerini müəyyənlədirməmişdir. Ümumiyyətlə mübahisə obyektinin, torpaq sahəsinin mövcud olub-olmaması halını belə yoxlamamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi və bildirdi ki, iddiaçı tərəfindən ayrılmış torpaq sahəsinin faktiki olaraq 21 ha olması barədə dəqiq məlumat yoxdur. Müqavilələrdə 21 ha qeyd edilsə də, torpaq sahəsi faktiki olaraq 21 ha deyil. Torpaq sahəsinin tam təhvil verilməsi üçün dəfələrlə bələdiyyəyə şifahi müraciətlər etmişlər. 21 ha torpaq sahəsinin bir hissəsinin göl olduğunu bilirlər. Lakin torpaq sahəsinə baxış keçirən zaman 21 ha ərazini görmək mümkün deyildir. Sözügedən torpaq sahəsindən faktiki olaraq heç vaxt istifadə etməmişlər. Torpaq sahəsi heç kimə satılmamışdır, sənəd üzrə cavabdehdədir. İddiaçı tərəflə daim məhkəmə mübahisələri olmuşdur. Bələdiyyəyə ödəniş etməyə hazırdırlar, lakin ödənişlər 21 ha üzrə olmamalıdır. Bu səbəbdən torpaq sahəsinin dəqiq ölçülərinin müəyyən edilməsini xahiş edirlər. İcarə müqavilələri 2007-ci ildə bağlanmışdır. Müqavilə bağlandıqdan sonra torpaq sahəsinin yeri göstərilmişdi və həmin dövrdə torpaq sahəsi şirkət tərəfindən qəbul edilmişdi. Lakin torpaq sahəsi qəbul edilən zaman ölçülməmişdi. Torpaq sahəsinə görə icarə haqqı ödəmişlər. Nə qədər deyilirdisə, ödəniş o qədər edilirdi. Ödəniş tam edilmədiyinə görə borc yaranırdı. O səbəbdən borc məbləğinin hansı ölçüdə torpaq sahəsinə münasibətdə yaranması dəqiqləşdirilməlidir. Sözügedən torpaq sahəsi boş ərazidir. Bir hissəsində kənd təsərrüfatı kompleksi tikilməli idi. Xeyr, kənd təsərrüfatı kompleksi tikilməmişdir. Torpaq sahəsinin faktiki ölçülərinin müəyyən edilməsi, müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışlar, iddiaçıya şifahi müraciətlər etmişlər. İcarə haqqının tutulması, müqavilənin ləğv edilməsi tələbi ilə bağlı ayrı məhkəmə mübahisəsinə baxılarkən torpaq sahəsinin ölçüləri ilə bağlı məsələni mübahisələndirməmişlər. 153000 manat ayrı qətnamə ilə müəyyən edilmişdir. Məbləğləri ödəməyə hazırdırlar, lakin torpaq sahəsinin ölçüsü mübahisəli haldır. Torpaq sahəsi başqa şəxslər tərəfindən tutulmuşdur. Torpaq sahəsi onlar tərəfindən subicarəyə verilməmişdir. İcarə hüquqlarının qeydiyyata alınması ilə bağlı çıxarış almamışlar. Məhkəmə qətnaməsi ilə ödənilməsi nəzərdə tutulan borc ödənilmişdir. Sözügedən ikinci qətnamə üzrə 16800 manat ödənilmişdir. Birinci qətnamə üzrə nəzərdə tutulan pul ödənilməmişdir, ödəniləcək. Torpaq sahəsinə daxil olmaq mümkün deyil. Torpaq sahəsi faktiki olaraq istifadələrində deyil. Torpaq sahəsinin başqasına satılıb-satılmadığını bilmirlər, lakin faktiki olaraq başqa şəxslər istifadə edir. 2015-ci il tarixli qətnamə üzrə ödənilməli olan 153000 manat ödəniləcəkdir. Əvvəllər mübahisəli torpaq sahəsinə daxil ola bilirdilər. Torpaq sahəsində onlar tərəfindən heç bir iş görülməmişdir. Son dövrlər-2015, 2016-cı ildən sonra torpaq sahəsinə daxil ola bilmirlər. İş üzrə qəbul edilmiş əvvəlki məhkəmə qətnamələrində torpaq sahəsinin başqa şəxslərin istifadəsində olmasının qeyd edilməməsinin səbəbləri bunlardır. 16800 manat ödənişin edilməsi müvafiq qətnamə qəbul edildikdən 1-2 ay sonra icra edilmişdir. Həmin dövrlərdə mübahisənin həll edilməsi ilə bağlı bələdiyyə sədrləri ilə danışıqlar aparılırdı. Torpaq sahəsini hal-hazırda fakitki olaraq istifadə edən şəxslər onları tanıdıqları üçün torpaq sahəsinə daxil ola bilmirlər, lakin mütəxəssisi tanımadıqları üçün mütəxəssis daxil ola bilir. İllərdir bələdiyyə sədri, icra hakimiyyəti ilə görüşlər keçirdiklərinə görə hüquq mühafizə orqanlarına müraciət etməmişlər. Müqavilənin ləğv edilməsi ilə bağlı bələdiyyəyə müraciət etməmişlər. Çünki tərəflər arasında danışıqlar gedirdi. Mübahisəli torpaq sahəsi uzaq olduğuna görə torpaq sahəsi hasara alınan, avtodayanacaq düzəldilən zaman maraqlanmamışlar. Pretenziya məktubunu almamışlar. "xxxx" MMC Asan İmzanı 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar ayında almışdır. Mübahisənin həlli ilə bağlı dəfələrlə danışıqlar aparılmış, pullar ödənilmişdir. Mübahisəli torpaq sahəsi onlara məlum olmayan şəxslərə satılmışdır. Hesab edirlər ki, torpaq sahəsini qaytarmalı deyillər. Mübahisəli torpaq sahəsinə giriş olmadığına, rəhbər şəxslər arasında danışıqlar getdiyinə görə pul ödəməmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər və bildirdilər ki, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi mümkün deyildir. Qarşı tərəf heç bir ödəniş etməmişdir. Məhkəmə qətnamələri ilə müəyyən edilmiş məbləğlər tam ödənilsə, barışıq mümkün ola bilər. Hər iki qətnamə üzrə müəyyən edilmiş məbləğlər ödənilməlidir. Qeyd olunan hallarla bağlı bələdiyyəyə rəsmi müraciət edilməmişdir. Torpaq sahəsinin başqa şəxslərə verilməsi ilə bağlı müqavilə yoxdur. Əsas borc ödənilməmişdir. 468000 manat icarə haqqı üzrə yaranmış borc ayrı dövrdür. Cavabdeh tərəf dəfələrlə pulu ödəyəciyinə dair söz versə də, ödəməmişdir. Pulun ödənişi artıq ikinci dərəcəlidir, torpaq sahəsinin onlara təhvil verilməsini istəyirlər. Pulun ödənilməsi, müqavilənin ləğv edilməməsi barədə məhkəməyə qədər 1 il ərzində qarşı tərəfə təkliflər etmişlər. Qarşı tərəf torpaq sahəsini qeyri-rəsmi olaraq satmışdır. Mübahisəli ərazi cavabdeh tərəfin istifadəsində deyil, hazırda həmin əraziyə torpaq doldurulur. Pretenziya məktubu həm elektron vergi kabinetinə, həm də elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetə göndərilmişdir. Elektron qaydada pretenziya göndərilən zaman elektron kabinetə yerləşdirildiyi an almış hesab edilirlər. Pretenziyanın qarşı tərəfin kabinetinə çatması barədə sənəd yoxdur. Cavabdeh Asan imzanı almamışdır, dəyişmişdir. 16000 manatdan başqa pul ödənilməmişdir. Qarşı tərəf torpaq sahəsinin başqa şəxslərə satıldığını iddia edirdi. Bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlamışlar. Rəhbər şəxslər arasında danışıqlar zamanı qarşı tərəf möhlət verilməsini istəyirdi, torpaq sahəsinin zəbt edilməsi barədə danışqılar olmamışdır. Cavabdehin nümayəndəsi ilə keçən il telefon danışıqları aparan zaman torpaq sahəsini satdıqlarını bildirmişlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Maddə 466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Maddə 466.3. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 73.1. Torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. Maddə 75.1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Maddə 75.3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.
14. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarı
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, icarəyə verən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 may 2007-ci il tarixli 431 nömrəli müqavilə əsasında icarəyə verən Bakı-Quba yolunun 28-ci kilometrliyində yerləşən 200000 kv.m torpaq sahəsini illik icarə haqqı 32000 manat olmaqla, 25 may 2007-ci il tarixli 432 nömrəli icarə müqaviləsinə əsasən 10000 kv.m torpaq sahəsini illik icarə haqqı 1600 manat olmaqla kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədilə 99 il müddətində icarəçiyə istifadəyə vermişdir. İddiaçı həmin müqavilələrdən irəli gələn üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən icarə haqları tam ödənilməməklə, öhdəliklər lazımi qaydada icra edilməmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, müqavilələrə əsasən cavabdehə 21 hektar torpaq sahəsi təhvil verilməli olduğu halda, bu sahənin dəqiq ölçüsü cavabdehə verilməmiş və faktiki olaraq istifadə edilməmişdir. Yalnız müqavilələrə əsasən torpağın sahəsinə uyğun pul hesablanmışdır. Sumqayıt Bələdiyyəsinə torpaq sahəsinin ölçüsünü və dəqiq yerləşmə yerini dəqiqləşdirmək üçün, dəfələrlə şifahi müraciətlərinə baxmayaraq, dolğun cavab verilməmiş, ancaq müqavilə əsasında 21 ha torpaq sahəsi üçün hesablanmış torpaq icarə haqqını tələb etmişlər. Məhkəmə bu halı nəzərə almamış, torpaq üçün hesablanmış icarə haqqını məhz müqavilələrdə göstərilən kimi qəbul etmişdir. Yəni müqavilə üzrə ödənişlərdən imtina etməmişlər və qarşı tərəfin müqavilə üzrə öhdəliklərini icra etdiyi təqdirdə və dəqiqləşdirərək torpaq sahəsini təhvil verdikdən sonra ödəniş ediləcəyini bildirmişlər. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən iş üçün əhəmiyyəti olan hal kimi iddiaçı tərəfin iddia etdiyi torpaq sahəsinin müqavilədə göstərilən ölçülərini qəbul etmiş, faktiki təhvil verilmiş ölçülərini dəqiqləşdirməyərk və yerləşmə yerini müəyyənlədirməmişdir. Ümumiyyətlə mübahisə obyektinin, torpaq sahəsinin mövcud olub-olmaması halını belə yoxlamamışdır.
22. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.
23. İşin mübahisələndirilməyən hallarından və apellyasiya şikayətinin dəlillərindən də görünür ki, tərəflər arasında icarə müqavilələri bağlanmış, müqavilə üzrə ödənişlər edilmədiyinə görə iddiaçı cavabdehə qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh icarə müqavilələri üzrə borcun olduğunu mübahisələndirmir, borcu ödəməyə hazır olduğunu bildirir, yalnız ona istinad edir ki, iddiaçı tərəfindən cavabdehə 25 may 2007-ci il tarixli müqavilələrdə qeyd olunduğu kimi, 21 ha torpaq sahəsi deyil, az torpaq sahəsi verilmişdir. Torpaq sahəsi faktiki verildiyi ölçüyə uyğun olaraq icarə haqqı hesablanmalıdır.
24. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
25. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 may tarixli 2-2(105)-55/2021 saylı qərardadının məzmunu ilə müəyyən olunur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 28 oktyabr tarixli 2-2(85)1576/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 12 və 31 saylı protokolların qərarları və həmin qərarlar əsasında bağlanılmış 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin Bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılması, MMC-dən 2016-cı ilin yanvarın 1-dən iyulun 1-dək torpaqdan istifadəyə görə yaranmış 16.800 manat icarə haqqı borcunun tutularaq Bələdiyyəyə ödənilməsi və MMC-dən dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının 2017-ci il 18 aprel tarixli 2-2(105)-30/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 mart tarixli 2-2(102)-62/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, 12 və 31 saylı protokolları qərarlarının ləğv edilməsi hissəsində işin icraatına xitam verilmiş, digər hissədə isə iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – İ.Dadaşov, hakimlər – A.Hüseynov və R.Nəbizadə).
27. Sumqayıt Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 24 avqust tarixli 2-2(105)-69/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 28 oktyabr tarixli 2-2-(85)-1576/2016 saylı qətnaməsi 431 və 432 saylı müqavilələrin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin Bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılması və MMC-dən 2016-cı ilin yanvarın 1-dən iyulun 1-dək torpaqdan istifadəyə görə yaranmış 16.800 manat icarə haqqı borcunun tutularaq Bələdiyyəyə ödənilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)33/2021, 02 fevral 2021-ci il tarixli saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin Sumqayıt Bələdiyyəsinin 2007-ci il 25 may tarixli 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv olunması, qeyd olunan torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması hissəsində ləğv edilməsi və həmin hissədə işə yenidən baxılması üçün işin apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
28. Bundan sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 may tarixli 2-2(105)-55/2021 saylı istinad olunan qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 22(85)1576/2016 saylı qətnaməsi-2007-ci il 25 may tarixli 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv olunması, qeyd olunan torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
29. İş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli, 2-2(85)-1827/2015 saylı qətnaməsinə əsasən Sumqayıt Bələdiyyəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, ümumilikdə 153 581,52 manat icarə haqqı borcunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Sumqayıt Bələdiyyəsinə ödənilməsi qət olunmuşdur.
30. İddiaçının məhkəmə kollegiyasına ünvanlanmış ərizəsinin məzmunu ilə müəyyən olunur ki, həmin qətnamə 2015-ci ildən qanuni qüvvəsini alsa da, hazırki vaxtadək cavabdeh tərəfindən icra edilməmişdir.
31. Qətnamələrin məzmunundan göründüyü kimi, mübahisələndirilən müqavilələr üzrə icarə haqqı borclarının tutularaq Bələdiyyəyə ödənilməsi qət edilmişdir.
32. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli, 2-2(85)- 1827/2015 saylı qətnaməsinin məzmunu ilə müəyyən olunur ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi aşağıdakı məzmunda izahat vermişdir: “iş materiallarına əlavə olunmuş arayışdan göründüyü kimi, borc məbləği 2007-2015-ci illəri əhatə edir. Qanunla vaxtaşırı icra edilməli öhdəliklərə dair iddia müddəti üç ildir. Belə olan halda hazırki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Bundan başqa, iddiaçı iddia tələbində icarə müqaviləsinin ləğvini tələb edir. Mülki Məcəlləyə əsasən müqavilənin ləğv edilməsi tələbini iddiaçı məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən cavabdehin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, belə bir müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə bu tələbə əməl edilmədən verilmişdir...”
33. Göründüyü kimi, tərəflər arasında məhkəmə mübahisələri olmuş, icarə müqavilələrinin ləğvi tələbi ilə bağlı iddialar bir neçə dəfə məhkəmələrin icraatında olmuşdur. Lakin cavabdeh həmin müqavilələr üzrə verilmiş torpaq sahələrinin ölçülərini heç vaxt mübahisələndirməmişdir.
34. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının suallarını cavablandırarkən bildirmişdir ki, torpaq sahəsinin faktiki ölçülərinin müəyyən edilməsi, müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışlar, iddiaçıya şifahi müraciətlər etmişlər. İcarə haqqının tutulması, müqavilənin ləğv edilməsi tələbi ilə bağlı ayrı məhkəmə mübahisəsinə baxılarkən torpaq sahəsinin ölçüləri ilə bağlı məsələni mübahisələndirməmişlər.
35. Məhkəmə kollegiyası cavabdehin müvafiq dəlillərini əsassız hesab edir. Belə ki, hazırki məhkəmə araşdırması gedən dövrdə cavabdeh tərəf məhkəmələrə bildirmişdir ki, dəfələrlə şifahi müraciətlərinə baxmayaraq, iddiaçı tərəfindən onlara dolğun cavab verilməmişdir. Yəni, cavabdeh yalnız şifahi müraciətlərinə əsaslanır. İş materiallarında torpaq sahəsinin müqavilələr üzrə verildiyindən az olması, bununla bağlı iddiaçıya yazılı müraciət olunması ilə bağlı heç bir mötəbər sübut yoxdur.
36. Cavabdehin digər bir dəlili torpaq sahəsinin başqa şəxslər tərəfindən istifadə olunması ilə bağlı olmuşdur. İş üzrə qəbul edilmiş əvvəlki məhkəmə qətnamələrində torpaq sahəsinin başqa şəxslərin istifadəsində olmasının qeyd edilməməsinin səbəbi 2015, 2016-cı ildən sonra torpaq sahəsinə daxil ola bilməmələridir.
37. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, eynilə bu halla bağlı da cavabdehin hər hansı müraciətinin olması, torpaq sahəsindən istifadə ilə bağlı ona maneələrin yaradılması, maneələrin aradan qaldırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi iş materialları ilə müəyyən olunmur.
38. Cavabdehin nümayəndəsi bununla bağlı məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, hüquq mühafizə orqanlarına, müqavilənin ləğv edilməsi ilə bağlı bələdiyyəyə müraciət etməmişlər.
39. Beləliklə, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən torpaqdan istifadə edə bilməməsi ilə bağlı nə torpağın mülkiyyətiçisi olan Sumqayıt Bələdiyyəsinə, nə hüquq mühafizə orqanlarına, nə də torpağın icarəçisi kimi məhkəməyə iddia ərizəsi ilə müraciət olunmamışdır. Bu isə cavabdehin torpaqdan üzrlü səbəblərdən istifadə edə bilməməsinə dair dəlillərinin əsassız olduğunu sübut edir.
40. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsi yerində müayinə olunmuş, müayinə zamanı torpaq sahəsinin bir hissəsində tikililərin olduğu müəyyən edilmiş, müayinədə iştirak edən üçüncü şəxslər həmin tikililərin digər şirkət tərəfindən inşa edildiyini bildirmişlər. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən torpaq sahəsinin üçüncü şəxslərə verilməsi ilə bağlı müvafiq sənədlərin məhkəməyə təqdim olunması təklif olunmuşdur.
41. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına Sumqayıt şəhər İcra Hakimiyyətinin Sumqayıt şəhər Bələdiyyəsinə ünvanlanmış 5-6/2-1369/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu təqdim olunmuşdur. Həmin məktubun məzmunu ilə müəyyən olunur ki, Sumqayıt Bələdiyyəsinin 12 saylı 4 aprel 2006-cı il tarixli və 31 saylı 29 avqust 2006-cı il tarixli iclasının qərarları ilə “GÖL" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə ayrılmış Bakı-Sumqayıt şossesinin 28-ci kilometrliyində yerləşən müvafiq olaraq 1.0 hektar və 20.0 hektar torpaq sahələri Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən nə "xxxx" MMC-yə, nə də hər hansı digər fiziki və ya hüquqi şəxsə ayrılmamışdır.
42. Kollegiya cavabdehin dəlillərini ümumiyyətlə ziddiyyətli hesab edir. Belə ki, cavabdeh bir tərəfdən torpaq sahələrinin cavabdehə verilən faktiki ölçüsü müəyyən edilməklə həmin sahəyə uyğun olaraq icarə haqqı borcunu ödəməyə hazır olduğunu bildirir, digər tərəfdən isə torpaq sahəsindən istifadə edə bilməməsinə istinad edir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına qiymət verərək hesab edir ki, həmin dəlillər əsassız olmaqla, icarə haqqı borcunun ödənilməsindən yayınmağa yönəlmişdir.
43. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”. Bununla belə, həmin Qərarda mübahisə halında müqavilənin ləğvi ilə bağlı iddia qaldırmaq imkanı və məhkəmənin belə iddiaya baxmaq səlahiyyəti istisna edilməmişdir. Ona görə ki, müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir. Məhkəmənin həmin məsələni həll etməsi, “müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir. Müqavilənin həqiqətən də məhkəmədənkənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə, bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir. Birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edilmədiyi təsbit olunduqda isə məhkəmə bu barədə əsaslandırmış qənaətini ortaya qoyaraq ləğv faktına söykənən tələbləri rədd edir...(Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(102)- 600/2023 nömrəli qərarı).
44. İstinad olunan mövqelərdən göründüyü kimi, qanunverici iddiaçının halında məhkəməyə müvafiq tələblə müraciət etmək hüququnu tanımışdır.
45. Cavabdeh hazırda iddia edir ki, müqavilə münasibətlərində öhdəliyin pozulması halı onun təqsiri üzündən baş verməmişdir. Bu səbəbdən torpaq sahəsinin geri qaytarılmasının tələb edilməsi də əsassızdır.
46. Məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir.
47. Belə ki, bağlanmış icarə müqavilələri tərəflərin mülki hüquq subyekti kimi iradə sərbəstliyini əks etdirir və onların müqavilə azadlığı hüququndan istifadə etməklə bağlanmışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
48. Məhkəmə kollegiyası şikayətlə əlaqədar, həmçinin öhdəliklərin icrası ilə bağlı normaları nəzərdən keçirərərək bir daha qeyd etməyi vacib bilir ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir.
49. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi).
50. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-78/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.