Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-84/2021 07.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e-2- 2(119)-38/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 20478.92 (iyirmi min dörd yüz yetmiş səkkiz manat doxsan iki qəpik) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qararı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş borc barədə arayışdan va abunə haqqında bildirişdən görünür ki, abonent kodu **********6 olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin elektrik enerjisindən istifadə etməsi ilə bağlı 20478,92 (iyirmi min dörd yüz yetmiş səkkiz manat doxsan iki qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciat olunmuş, lakin cavabdeh yaranmış borcu ödəməmişdir. “xxxx" ASC-nin əməkdaşlarının hər ay Sumqayıt Regional Mədəniyyət İdarəsinin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələb etməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi cavabdehin öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. İddia ərizəsində daha sonra “Elektrik enerjisindən istifadə Qaydaları”nın və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad edilməklə iddia tələbinin təmin edilməli olduğu göstərilir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək cavabdehin elektrik enerjisindən istifadəyə görə 19.212 (on doqquz min iki yüz on iki) manat borcunun qaldığnı və həmin borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e-2-2(119)-38/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsindən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 19.212 (on doqquz min iki yüz on iki manat) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Z.Məmmədov). Qətnamədən narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. apelyasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamı ilə Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi yaradılmışdır. İddiaçının iddia etdiyi borc tələbi Regional Mədəniyyət İdarəsinin yaradılmasına qədər ayrı-ayrı şəhər və rayon mədəniyyət və turizm idarə, şöbələrinin elektrik enerjisindən istifadəyə görə yaranmış qalıq borc məbləği olmuşdur. Regional mədəniyyət idarələrinin Mədəniyyət Nazirliyindən mərkəzləşdirilmiş qaydada maliyyələşməsi həyata keçirilsə də, adı çəkilən Sərəncama qədər mədəniyyət və turizm şöbələrinin maliyyələşmə məsələləri rayon (şəhər) icra hakimiyyətləri tərəfindən maliyyə idarələri vasitəsilə həmin rayon (şəhərin) yerli büdcəsi hesabına həyata keçirilmişdir. Adı çəkilən Sərəncamdan (29 mart 2016-cı il tarixli 1932 nömrəli) sonra Sumqayıt Regional Mədəniyyət və turizm İdarəsi tərəfindən həmin idarə və şöbələr ilə təhvil-təslim işləri apararkən müvafiq rayon (şəhər) icra hakimiyətlərinin maliyyə idarələri tərəfindən Sumqayıt Regional Mədəniyyət və turizm İdarəsinə borc barədə hər hansı sənəd təqdim edilməmiş və məlumat verilməmişdir. Belə bir borc məbləği qeyd olunsa idi, təhvil-təslim baş tutmazdı. X4 ayrılan büdcədə belə bir məbləğ göstərilməmişdir. İddia tələbi düzgün cavabdehə qarşı yönəldilməyib, borc hazırki cavabdeh Sumqayıt Regional Mədəniyyət İdarəsinin yaranmasına qədərki mərhələdə olmuş və həmin vaxta qədər bütün maliyyə məsələləri yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilmişdir. Hətta adı çəkilən Sərəncam ilə Mədəniyyət Nazirliyinə müvafiq səlahiyyətlər verilməsinə qədər həmin rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin (idarə) rəhbərlərini də yerli icra hakimiyyətləri başçısı təyin edirdi. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.2.6-cı bəndinə əsasən rayon (şəhər) icra baçısı rayonun və şəhərin sosial-iqtisadi və mədəni inkişafını təmin etmək məqsədi ilə ayrılan büdcə və digər maliyyə vəsaitinin sərəncamçısı olmaqla, bank hesabları açmaq, büdcə vəsaitindən və digər vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək səlahiyyətlərinə malikdir. Sumqayıt Regional Mədəniyyət İdarəsinin yarandığı gündən iddiaçı “xxxx” ASC-yə elektrik enerjisindən istifadəyə görə borcu olmamış və müvafiq qaydada ödənişlər müntəzəm olaraq büdcə əsasında ödənilmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Adı çəkilən maddədə göstəriləndən fərqli olaraq iddiaçı ilə cavabdeh arasında 29 mart 2016-cı il tarixindən əvvəlki dövr üçün hər hansı müqavilə olmamışdır. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti hazırda cavabdeh abonent Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Abşeron Rayon mədəniyyət və turizm şöbəsini elektrik enerjisi ilə təmin etmiş və bunun müqabilində cavabdehin iddiaçıya borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin 09.02.2021-ci il tarixli 01-220/21 saylı maliyyə arayışından görünür ki, cavabdehin elektrik enerjisindən istifadəyə görə 19.212 (on doqquz min iki yüz on iki manat) manat məbləğində borcu mövcuddur. Cavabdehin apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, həmin borc Regional Mədəniyyət İdarəsinin yaradılmasına qədər ayrı-ayrı şəhər və rayon mədəniyyət və turizm idarə, şöbələrinin elektrik enerjisindən istifadəyə görə yaranmış qalıq borcdur və buna görə iddia əsaslı deyildir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. İş materiallarından da görünür ki, hazırkı iddia tələbində göstərilən borc məbləği məhz cavabdehə məxsus uçot cihazlarının göstəricilərinə əsasən yaranmışdır. İddiaçı ilə cavabdeh arasında 05.01.2017-ci il tarixdə bağlanmış “Elektrik enerjisinin alqı satqısının birtipli müqaviləsi”ndə də əvvəllər mövcud olmuş və cavabdehə məxsus **********6 saylı abonent koduna istinad edilmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Sərəncama qədər mədəniyyət və turizm şöbələrinin maliyyələşmə məsələləri rayon (şəhər) icra hakimiyyətləri tərəfindən maliyyə idarələri vasitəsilə həmin rayon (şəhərin) yerli büdcəsi hesabına həyata keçirilmişdir. Kollegiya qeyd edir ki, bu hal cavabdehin həmin borcu qəbul etməməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29.03.2016-cı il tarixli, 932 nömrəli Sərəncamı ilə Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 26.12.2016-cı il tarixli qərarı ilə təsdiq olunmuş Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İdarə Sumqayıt şəhərində, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarında mədəniyyət, incəsənət və turizm sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Nazirliyin struktur qurumudur. Sonradan Azərbaycan Respublikası Prezidentinin 06.06.2018-ci il tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Strukturunda regional mədəniyyət idarələri nəzərdə tutulmuş və buna uyğun olaraq Mədəniyyət Nazirliyi Kollegiyasının 03.10.2018-ci il tarixli 5/1 nömrəli qərarı ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir ki, həmin əsasnaməyə görə də İdarə Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarında mədəniyyət, incəsənət sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Nazirliyin struktur qurumudur. Əsasnamənin 1.4-cü hissəsinə görə İdarə müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına və s. malikdir. Azərbaycan Respublikası Prezidentinin 29.03.2016-cı il tarixli Sərəncamının 4.4-cü hissəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə cavabdeh Sumqayıt Regional Mədəniyyət İdarəsi digər qurumlarla yanaşı o cümlədən Abşeron rayon mədəniyyət və turizm şöbəsinin bazasında yaradılmış, elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış müvafiq borc məbləğnin mövcudluğu cavabdehə məlum olmuş, həmin borc məbləği cavabdeh tərəfindən mübahisələndirilməmiş, əksinə müəyyən ödənişlər də həyata keçirilmişdir. Belə olan halda cavabdehin təhvil-təslim zamanı qeyd edilən borc məbləği ilə bağlı hər-hansı öhdəlik götürülməməsi ilə bağlı dəlillərini kollegiya əsaslı hesab etmir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara elektrik enerjisinin verilməsi elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd edilən qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e-2-2(119)-38/2021 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işə apelyasiya qaydasında baxılması üçün cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09.02.2021-ci il tarixli e-2-2(119)- 38/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-84/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-84/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver