Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-84/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, e-2- 2(119)-922/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş İdarəsi 14 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli e-2-2(119)-922/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır (hakim Züıfüqar Sadiqov ) . İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli e-2-2(119)- 922/2022 nömrəli qərardadı ilə razılaşmayaraq şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1501.4cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq qaydada iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən müvafiq sənədlər iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmamasını əsas gətirmişdir. Qeyd olunmalıdır ki, Cavabdeh ilə vergi orqanı arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********710800 nömrəli iddia ərizəsi və **********135200 nömrəli borc bildirişinin çatdırılması təmin edilmiş və qeyd olunanları təsdiq edən vergi ödəyicisi ilə yazışmalar barədə məlumat iddia ərizəsində əlavə edilmişdir. Məlumat üçün iddiaçı bildirmişdir ki, Dövlət Vergi Xidməti tərəfindən analoji işlər üzrə məhkəmələrə göndərilmiş siyahıya alınmış əmlakın qanunvericiliyin tələblərinə uyğun olaraq satılmasına dair iddia ərizələri bütün Kommersiya Məhkəmələri, o cümlədən Sumqayıt Kommersiya məhkəməsi tərəfindən məhkəmənin icraatına qəbul edilərək iddia tələbi təmin edilmiş və siyahıya alınmış əmlakın satılmasına dair qərarlar qəbul edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli e-2-2(119)-922/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli e-2-2(119)-922/2022 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş İdarəsi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadiqov ). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında şikayətə baxılmasının mümkünlüyü barədə MPM-nin 263, 264, 366.3-cü maddələri rəhbər tutularaq xx.xx.2022-ci il tarixli, 2-2(105)-84/2022 nömrəli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən müvafiq sənədlər iddiaçı tərəfindən 14 iyun 2022-ci ildə iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada cavabdehə təqdim etməli və bunu təsdiq edən müvafiq sənədləri (sübutu) məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Göründüyü kimi, hal-hazırda Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.4-cü maddəsində imperativ qaydada təsbit olunmuşdur. Lakin, yuxarıda qeyd olunan sənədlərin, yəni iddia ərizəsinin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini (cavabdehin almasını) təsdiq edən sübutlar (sənədlər) hazırkı iddia ərizəsi 14 iyun 2022-ci ildə məhkəməyə verilərkən məhkəməyə təqdim olunmamış və bununla da, həmin iddia ərizəsi Mülki Prosessual Məcəllənin 150.1.4-cü və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, yuxarıda qeyd olunanlara əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli e-2-2(119)-922/2022 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü və 284-3.5-ci maddələrinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır. Lakin, iddiaçı tərəfindən hazırkı şikayət verilərkən “şikayətə iddia ərizəsinin cavabdehə göndərilməsini təsdiq edən sənədin əlavə edilməsi” isə məlum qərardadla iddia ərizəsinin geri qaytarılmasının qanunsuz və əsassız hesab olunması kimi qəbul edilə bilməz. Çünki, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğun verilməsi iddiaçının vəzifəsi olduğundan, məlum sənədin iddia ərizəsi verilərkən məhkəməyə təqdim olunmamasının məsuliyyətini də iddiaçının özü daşımalı və iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünün yoxlanması mərhələsində məhkəmə yalnız iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş sənədlər əsasında qərar qəbul etməlidir. Beləliklə də, yuxarıda şərh olunanlarla müəyyən olunur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Mülki Prosessual Məcəllənin istinad olunmuş maddələrinin tələblərinə riayət edilməsi iddiaçının vəzifəsi olduğuna görə, Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli e-2-2(119)-922/2022 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın hərrac vasitəsilə satılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilmədən, iddiaçıya geri qaytarılması tamamilə qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin şikayəti təmin olunmasın. Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, e-2-2(119)-922/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-84/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-84/2022
18.07.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver