Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-86/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2022-ci il tarixli, e-2-2(119)-561/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında yazılı icraatda baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 oktyabr 2021-ci il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 792,23 (yeddi yüz doxsan iki manat 23 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus Şamaxı rayonu Göylər kəndində yerləşən 2,16 ha torpaq sahəsinin 1000 manat dəyərində 1 (bir) ha olan hissəsinin satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə Şamaxı rayonunun Göylər kəndində qeydiyyatda olan vergi ödəyicisi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) 19 oktyabr 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 792,23 (yeddi yüz doxsan iki manat 23 qəpik) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus əmlakların satılması üçün siyahıya alınması barədə 19 oktyabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin Qərar əsasında vergi ödəyicisinin ödənilməmiş yuxarıda qeyd olunan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə 16 fevral 2022ci il tarixli **********1 nömrəli Protokol, akt və digər sənədlər tərtib edilmişdir. Həmin sənədlər əsasında vergi ödəyicisi Cavabdeh məxsus Şamaxı rayonu Göylər kəndində yerləşən 2,16 ha torpaq sahəsinin 1000 manat dəyərində qiymətləndirilmiş 1 (bir) ha olan hissəsi siyahıya alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2022-ci il tarixli, e-2-2(119)-561/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh barəsində həyata keçirilmiş əmlakın siyahıya alınması hərəkətləri VM-nin 89.5-ci maddəsinin tələbləri daxilində olmuşdur. Vergi ödəyicisi olan B.Mehman dövlət büdcəsinə olan borcunun ödənilməsini əhatə edən zəruri, satış üçün yararlı və əmtəə xassəsini itirməmiş və bilavasitə onun istehsal fəaliyyəti ilə bağlı olmayan əmlakı vergi orqanı tərəfindən siyahıya alınmışdır. Vergi Məcəlləsinin 89.1ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.6-cı maddəsinə əsasən Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair) Həmin Məcəllənin 89.4-ci maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarında fiziki şəxs barəsində “əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə” tələb yönəldilməsi qadağan edilmişdir. İş matreallarından (“Fiziki şəxs haqqında məlumat”) göründüyü kimi, Cavabdeh əsas fəaliyyəti (əsas məşğuliyyəti) “Müvəqqəti işçi qüvvəsi ilə təminat üzrə fəaliyyət”dir. Göründüyü kimi, kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsi cavabdehin əsas fəaliyyət növü deyil. Bundan əlavə iddia tələbində cavabdehə məxsus 2,16 ha torpaq sahəsindən sadəcə 1 ha olan hissəsinin satılmasını məhkəmədən tələb etmişlər. Qeyd edilən normaların tələblərinə əsasən bildirilir ki, vergi ödəyicisi Cavabdeh vergi qanunvericliyində əks olunmuş müddətlərə əməl etməyərək dövlət büdcəsinə olan borcunu ödəməmiş, buna görə də vergi orqanı tərəfindən VM-ə əsasən müvafiq tədbirlər görülmüş və onun tərəfindən borc ödənilmədiyi üçün məhkəməyə müraciət edilmişdir. İşə baxmış Sumqayıt Kommersiya Məhkəməsi VM-nin 89.5 və 89.6-cı maddələrində əks olunmuş hüquqi tənzimləmələri gözləməmişdir. Cavabdehin başqa əmlakı olmadığından ona məxsus torpaq sahəsi siyahıya alınmışdır ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2022-ci il tarixli, e-2-2(119)- 561/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, iddiaçı iddia tələbində “792,23 (yeddi yüz doxsan iki manat 23 qəpik) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2,16 ha torpaq sahəsinin siyahıya alınmış 1000 manat dəyərində 1 ha olan hissəsinin satılmasını” xahiş etsə də, məhkəmə araşdırması zamanı ödənilməsi tələb olunan “792,23 manat” məbləğində borca görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin əsas istehsal və fəaliyyəti ilə əlaqədar olan 2,16 ha torpaq sahəsinin 1 (bir) ha hissəsinin satılmalı olmasının zəruriliyi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə görə, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması barədə vergi orqanının müraciətlərinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin cəmi “792,23 manat” məbləğində borcunun ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulan digər üsul və təsir tədbirlərindən də istifadə etmək mümkündür. Kollegiya apellyasiya şikayətinin kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsinin cavabdehin əsas fəaliyyət növü olmaması barədə dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının 2,16 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət aktından görünür ki, həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı məhsullarının istehsalıdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2022-ci il tarixli, e-2-2(119)-561/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-86/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-86/2022
25.07.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver