Məhkəmə qərarları › İş №2-2(105)-87/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-87/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-87/2021 24.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X4 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, e-2-2(119)-383/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X8 28 yanvar 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ******* nömrəli akta əsasən hesabladığı 1814,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 rayon Beşdam kəndində quşçuluq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 05 fevral 2019-cu ildə Siyəzən rayon Qaz İdarəsinin əməkdaşları quşçuluq sexinə qaz sayğaclarını yoxlamaq məqsədi ilə daxil olmuşlar. Lakin bununla bağlı iddiaçıya hər hansı bir rəsmi sənəd təqdim etməmişlər. Qazın istehlakı ilə bağlı hər hansı bir nöqsan olmadığı və sayğac əsasında istehlak olunmuş qazın dəyəri vaxtında ödənildiyinə görə həmin şəxslər istehsal sahəsinə buraxılmışlar. Həmin yoxlama zamanı sayğaclar açılıb yoxlanılmış və bununla bağlı ******* və ******* nömrəli 05 fevral 2019-cu il tarixli aktlar tərtib olunmuşdur. Tərtib olunmuş aktlardan məlum olur ki, G-6 markalı mexaniki sayğaclarda hər hansı bir qüsur müəyyən edilməmişdir. Lakin ******* nömrəli aktda göstərilir ki, “Sayğaca kamera vasitəsilə baxış keçirildi, nöqsan aşkar edilmədi. Faktiki sərfiyyat 18,2 m3. Normadan 8,2 m3 artıqdır” qeyd edilmişdir. Bununla bağlı iddiaçıya ******* saylı akta əsasən 1814,40 manat qeyri-qanuni borc hesablanmış və həmin hesablamada Cavabdeh tərəfindən 28 sentyabr 2016-cı il tarixli ***-**-** nömrəli Qaz təchizatı haqqında Müqavilənin 2.2.5-ci bəndinə istinad edilmişdir. Həmin bənd müəyyən edir ki, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ var. ******* saylı Akta dair dəymiş ziyanın bərpasına dair Tələbnamədə maksimal sərfiyyat saatda 14,2 kubmetr göstərilmişdir. X10 göstərilən maksimal sərfiyyatdan fərqli bir sərfiyyat yazılmışdır. İddiaçı Sumqayıt İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək “Qaz sayğacının çıxarılması, quraşdırlması və istismara qəbulu haqqında” ******* nömrəli 05 fevral 2019-cu il tarixli akta əsasən hesablanmış 1814,40 manat borcun silinməsini xahiş etmişdir. Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli e-2-2(085)390/2019 saylı qətnaməsi ilə həmin iddia tələbi təmin olunmuşdu. Birinci instansiya məhkəməsinin qətnaməsində iddia təmin edilərkən cavabdeh təşkilatın sahibkarlıq subyektlərində yoxlamanın aparılması barədə Qanunun tələblərinin pozulması əsas götürülmüşdür. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Apelyasiya məhkəməsinin qətnaməsində məhkəmə kollegiyası hesab etmişdir ki, əvvəlki iddia ərizəsində mübahisələndirilən ******* nömrəli akt “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” aktıdır və həmin Akta əsasən borc hesablanmamışdır. Mübahisələndirilən borc 05 fevral 2019-cu il tarixli ******* nömrəli akta əsasən hesablanmışdır. Göstərilən akt isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, hazırkı iddia ərizəsində ******* nömrəli aktı mübahisələndirib, həmin akt əsasında hesablanmış 1814,40 manat borcun silinməsi xahiş edilir. Cavabdeh tərəfin mövqeyinə görə G-6 markalı sayğacların maksimal buraxılış həddi ilə müəssisədə yerləşən qaz avadanlıqlarının maksimum istehlakları arasında fərq yaranıb. Yəni, maksimum həddə qaz avadanlıqlarından istifadə edilsə, o halda sayğac lazım olan miqdarda qaz buraxmayacaq. Cavabdehin fikirlərində məntiq yoxdur. Əvvala maksimum həddə qaz sayğacı və qaz avadanlıqları işlədildikdə sayğacdan keçən qaz hansı avadanlığa çatmasa həmin avadanlıq fəaliyyətsiz qalacaq. Bu halda da, iddiaçı yalnız sayğacdan keçən qazın dəyərini cavabdehə ödəməlidir. Lakin, quşçuluq sexində quşlar kiçik olduqda 18 dərəcə, böyükdükcə isə 16 və 17 dərəcədə istilik lazım olur. Bu istiliyin alınması üçün qaz avadanlıqlarının maksimum həddə işləməsinə ehtiyacı yoxdur. Bu baxımdan da cavabdehin arqumentləri əsassızdır. Quşçuluq fəaliyyəti ilə məşğul olan şəxslər 40 gün saxladıqları quşların xərclərini dəqiq müəyyən edirlər. Tərtib olunmuş smetadan hər-hansı kənara çıxma, nəticə etibarı ilə gələcəkdə mənfəətin azalması və ya tam itməsi deməkdir. Bu hala da yol vermək olmaz. Əks halda iddiaçının fəaliyyətinin mənası olmayacaq. Sahibkar qazanc əldə etməlidir. Qeyd olunanlara əsasən cavabdehin 05 fevral 2019-cu il tarixli ******* nömrəli akta əsasən hesabladığı borc əsassızdır və məhkəmə tərəfindən silinməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-383/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 05 fevral 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən iddiaçı X6 (VÖEN **********) məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinə (abonent kodu: **********00000) hesablanmış 1814,40 (min səkkiz yüz on dörd manat 40 qəpik) manat məbləğində borcun silinməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdehndən tutularaq, iddiaçı X6 ödənilməsi qət edilmişdir.(hakim Z.Sadiqov). Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: “Cavabdeh“ X5 RQİİ-nin Siyəzən xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan X1 rayonunun Qarabulaq yaşayış massivində yerləşən quşçuluq sexində quşçuluq məhsulları istehsal etmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, 05.02.2019-cu il tarixdə “Cavabdeh“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin quşçuluq sexində təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman iddiaçının istifadəsində olan quşçuluq sexində quraşdırılmış G-6 markalı, 28254228 №-li qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m /saat olduğu halda həmin sexdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 14,2 m /saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 4,2 m qaz sərfini qeydə almamışdır. Bu barədə 28.02.2019-cu il tarixli ******* nömrəli “təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 9072 m və ya 1814,40 manat hesablanmışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarının 2.2.7.4 bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. X8 quşçuluq sexində qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tutulan qazişlədici cihazlardan artıq qazişlədici cihazları qoşaraq istrismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Həmin Qərarın 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi və məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, həmin obyektdə hər hansı yoxlama keçirilməmişdir və sayğaca baxış üçün reyestrdə qeydiyyata ehtiyac yoxdur. Sonda cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən aparılmış yoxlama qeydiyyatdan keçirilməmiş və bu səbəbdən onun heç bir hüquqi nəticəsi yoxdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Paylayıcı” Cavabdeh ilə bağlanmış 28 sentyabr 2016-cı il tarixli ***-**-** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə Müqavilədən görünür ki, Siyəzən rayonunun Beşdam kəndində yerləşən quşçuluq sexi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X6 (VÖEN **********) məxsusdur. Müqaviləyə əsasən X6 məxsus qeyri-yaşayış sahəsi olan Siyəzən rayonunun Beşdam kəndində yerləşən quşçuluq sexi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada G-6 markalı “smart-kart” tipli sayğac quraşdırılmışdır (Sayğacın quraşdırılma tarixi: 15 may 2015-ci il). İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 05 fevral 2019-cu il tarixli ******* nömrəli Aktdan görünür ki, 05 fevral 2019-cu ildə saat 12:20-də istehlakçı X6 məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexində (abonent kodu: **********00000) təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılan zaman “Radiator”, “PQ məişət” və “farsunka QSQ” tipli qaz cihazlar aşkar edilmiş və “istifadə olunan qaz cihazların saatlıq sərfiyyatı - 18,2 m3, sərfiyyatı 8,2 m3 keçir” qeydi aparılmışdır. İş materiallarında olan Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması Komissiyası tərəfindən tərtib və təsdiq edilmiş 28 fevral 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, 05 fevral 2019-cu il tarixli ******* nömrəli aktda göstərilən “G-6 markalı 28254228 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/ saat olduğu halda, istismar edilən işlədicilərinin ümumi saatlıq qaz sərfi 14,2 m3/ saat olduğu aşkar edilmişdir. 05 fevral 2019-cu il tarixli ******* nömrəli aktla müəyyən edilən “Mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil” qüsuruna görə qaz işlədicilərinin saatlıq qaz sərfi 14,2 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə - itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın cəmi miqdarı 9072 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan, istehlakçı X4 adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, 05 fevral 2019-cu il tarixli ******* nömrəli Akta əsasən istehlakçı X6 məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinin hesabına 2019-cu ilin fevral ayında bir dəfəyə 1814,40 (min səkkiz yüz on dörd manat 40 qəpik) manat məbləğində borc hesablanmışdır. Eyni zamanda, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, 2015-2019-cu illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ona əsaslanmışdır ki, 05 fevral 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda qeyd olunan nöqsana görə sənaye qaz qurğularından istifadə üçün nəzərdə tutulan G-6 tipli sayğacın istifadə olunan təbii qazın sərfiyyatını düzgün hesablamaması mötəbər subutlar əsasında müəyyən olunmamış, həmin Akt əsasında 180 günlük 9072 m3 həcmində əlavə qaz sərfiyyatının müəyyən edilməsi və buna müvafiq olaraq birdəfəlik 1814,40 (min səkkiz yüz on dörd manat 40 qəpik) manat məbləğində borcun hesablanması mötəbər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh tərəfindən tələbnamədə istinad olunan Qaz təchizatı haqqında Müqavilənin 2.2.6-cı bəndi ilə müəyyən edilir ki, paylayıcının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ var. İş materialları ilə qaz sərfiyyatının normadan artıq qeydə alınmasının iddiaçının hər hansı təqsirli hərəkəti ilə baş veridiyi müəyyən olunmur. Cavabdeh bunu təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, aktda istifadə olunan qaz cihazların saatlıq sərfiyyatı - 18,2 m3, sərfiyyatı 8,2 m3 keçir” qeydi aparılmasına baxmayaraq, cavabdeh tərəfindən tərtib olunmuş tələbnamədə istismar edilən işlədicilərinin ümumi saatlıq qaz sərfinin 14,2 m3/ saat olduğu aşkar edilmişdir. Görünüdüyü kimi, cavabdehin istinad etdiyi akt və tələbnamə bir-biri ilə də ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda qanunverici yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 1.1.1-ci maddəsində qeyd edilir ki, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Qanunun 3.1 və 3.2-ci maddələrində də həmçinin təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1- 7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.1-ci bəndində qeyd edilir ki, bu Əsasnamə «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin: - 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. - 1.6-cı bəndinə əsasən, yalnız sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar və dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. - 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. - 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Kollegiya qeyd edir ki, mövcud qanunvericiliklə inhisarçı mövqe tutan hüquqi şəxslər -yoxlayıcı orqanlar tərəfindən istənilən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların həyata keçirilməsi müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alındıqdan sonra mümkün olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus Beşdam kəndində yerləşən quşçuluq sexində yoxlama keçirilən zamanı sayğaca baxış keçirilmiş, “istifadə olunan qaz cihazların saatlıq sərfiyyatı - 18,2 m3, sərfiyyatı 8,2 m3 keçir” qeydi aparılaraq ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən də itirilmiş təbii qazın bərpasına dair tələbnamə ilə iddiaçı tərəfindən itirilmiş qaz sərfiyyatı müəyyən edilərək 1814.40 manat məbləğində cərimə hesablanmış, lakin cavabdeh tərəfindən aparılan yoxlama, yuxarıda sadalanan normalara əməl edilmədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. ARDNŞ Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin hesablanması Qaydaları aşağıdakı hallarda tətbiq edilir: 1.Təbii qazın alqı-satqı müqaviləsi olmadan özbaşına qaz xəttinə qoşulma aşkar olunduqda;

2. Layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda;

3. Sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda;

4. Sayğaca və plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda. Həmin Qaydalara əsasən 3-cü və 4-cü hallarda istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabat müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olumuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, ARDNŞ Şurasının qərarı Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmədiyindən sərfiyyat məbləği əsaslı qiymətləndirilə bilməz. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda Cavabdeh İB) tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, Cavabdeh İB tərəfindən fərdi sahibkar X6 məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, e-2-2(119)-383/2021 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxılması üçün Cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir.

NƏTİCƏ HİSSƏ

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 02.04.2021-ci il tarixli e-2-2(119)- 383/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar