Məhkəmə qərarları › İş №2-2(105)-88/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-88/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-88/2021 21.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi” tələbi barədə ilkin iddia ərizəsinə və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, e-2-2(119)- 328/2021 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti 19 yanvar 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” ASC-nin istifadə etmədiyi elektrik enerjisinə görə əsassız hesablanmış 41233,89 (qırx bir min iki yüz otuz üç manat 89 qəpik) manat məbləğində pulun “xxxx” ASC-nin şəxsi hesabından silinməsi, həmin məbləğin “xxxx” ASC-nin şəxsi hesabında (hesab ödəniş vərəqələrində) borc məbləği kimi göstərilməməsi və “xxxx” ASC tərəfindən artıq ödənilmiş 15993,84 (on beş min doqquz yüz doxsan üç manat 84 qəpik) manat məbləğində pulun istifadə ediləcək elektrik enerjisi ilə əvəzləşdiriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC Azərbaycan Respublikasında ən böyük elektrik enerjisi istifadəçilərindən biridir (Abunə kodu: **********1). Cavabdeh "xxxx" ASC inhisarçı mövqeyindən sui-istifadə edərək “xxxx” ASCyə tamamilə qərəzli münasibətlər göstərir. 2015-ci ilin əvvəlinə qədər istifadə edilən elektrik enerjisinə görə Siyəzən rayonu Mikrorayon ərazisində yaşayan sakinlərdən və digər istifadəçilərdən istehlak edilən elektrik enerjisinin dəyərini alsa da, “xxxx” ASC mövcud olan boşluqdan sui-istifadə edərək həmin məbləği qanunvericiliyin tələblərinə zidd olaraq təkrarən “xxxx” ASC-dən qərəzli şəkildə yenidən tələb edir (28 iyul 2020-ci il tarixli telefonoqramın surəti ərizəyə əlavə olunur). Belə ki, “xxxx” ASC-nin inzibati ərazisində “xxxx” ASC-ni və ətraf əraziləri elektrik enerjisi ilə təmin etmək üçün uzun müddətdir fəaliyyət göstərən böyük bir yarımstansiya mövcuddur. Bu yarımstansiyadan Siyəzən rayonu Mikrorayon ərazisində yaşayan sakinlərə və digər istifadəçilərə elektrik enerjisinin çıxışı “xxxx” ASC-də mövcud olan elektrik sayğacından verilir. “xxxx” ASC tərəfindən təqdim edilən hesab ödəniş vərəqinə əsasən tərəflərin iştirakı ilə istifadəçilərə, yəni digər istehlakçılara verilən elektrik enerjisinin məbləği “xxxx” ASC-də mövcud olan elektrik sayğacının göstəricisindən çıxılır. "xxxx" ASC 2015-ci ilin əvvəlində yaranan vaxt elektrik enerjisindən istifadə haqqının ödənilməsi sənədində-hesab ödəniş vərəqində “xxxx” ASCdən tələb olunan enerji məbləğindən həmişə əsas borcla yanaşı, vərəqin aşağısında qalıq borc məbləği hissəsində 41233,89 (qırx bir min iki yüz otuz üç manat 89 qəpik) manat məbləği əlavə etməklə, ümumi qalıq borc məbləği göstərir. Lakin “xxxx" ASC 2015-ci ilin əvvəlindən 28 iyul 2020-ci il tarixə qədər 41233,89 manat məbləğində pulu “xxxx” ASCdən heç vaxt tələb etməmişdir. “xxxx” ASC-yə ünvanlanmış 41233,89 manat məbləğində pulun “xxxx” ASC-nin şəxsi hesabından silinməsi ilə bağlı 28 aprel 2020-ci il tarixli 102 saylı müraciətə bu günə kimi cavab verilməmişdir. Əksinə, "xxxx" ASC tərəfindən tələsik olaraq 5 ildir tələb edilməyən həmin məbləğin 2 gün müddətinə tam ödənilməsinə dair 28 iyul 2020-ci il tarixli qərəzli telefonoqram göndərilmişdir. “xxxx” ASC istifadə etmədiyi elektrik enerjisinə görə əsassız hesablanmış 41233,89 manat məbləğində pulun “xxxx” ASC-nin şəxsi hesabından silinməsi və bir daha həmin məbləğin “xxxx” ASC-nin şəxsi hesabında borc məbləği kimi göstərilməməsi barədə Azərbaycan Respublikası Energetika Nazirliyinə, “xxxx” ASC-nin rəhbərliyinə və “xxxx” ASC-nin rəhbərliyinə 24 avqust 2020-ci il tarixdə 219 nömrəli məktubla yazılı müraciətlər etmişdir. Energetika Nazirliyinin Enerji X1 13 oktyabr 2020-ci il tarixli AERA-23-666/20 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, müraciətlə əlaqədar aparılan araşdırma zamanı “xxxx” ASC-nin elektrik enerjisinin sərflyyatı və dövriyyəsi təhlil edilərkən 41233,89 (qırx bir min iki yüz otuz üç manat 89 qəpik) manat məbləğində borc öz təsdiqini tapmamışdır. Bundan əlavə, aparılan araşdırma və təqdim edilmiş sənədlərin əlavəsi ilə “xxxx” ASC-nin “xxxx” ASC-yə 15993,84 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə, "Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarına əsasən sayğac göstəricilərindən kənar məbləğin və istifadə edilməyən elektrik enerjisinə görə borcun istehlakçı “xxxx” ASC-dən tələb edilməsi yolverilməzdir. Ona görə də, “xxxx” ASC 41233,89 manat məbləğində pulu “xxxx” ASC-dən tələb edə bilməz. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti 04 mart 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ilkin iddiasının rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, “xxxx” ASC-dən elektrik enerjisindən istifadəyə görə 19 fevral 2021-ci il tarixinə hesablanmış cəmi 189527,63 (yüz səksən doqquz min beş yüz iyirmi yeddi manat 63 qəpik) manat borcun tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, elektrik enerjisindən istifadəyə görə hesablanmış 41233,89 manat borcun silinməsi və ödənilmiş 15993,84 manat məbləğində pulun istifadə ediləcək elektrik enerjisi haqqı ilə əvəzləşdiriliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə razı olmayaraq, aşağıdakılara əsasən qarşılıqlı iddianın verilməsi zəruri hesab edilmişdir. Hazırki qarşılıqlı iddia ərizəsi ilə elektrik enerjisindən istifadəyə görə “xxxx" ASC-dən "xxxx" ASC-nin xeyrinə 189527,63 manat borcun tutulması barədə qətnamə çıxarılması tələb edilir. "xxxx" ASC qeyri-məişət abonenti olaraq "xxxx" ASC ilə qeyd edilən ticarət obyektinin elektrik enerjisi ilə təchiz edilməsi üzrə faktiki olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olmuşlar. Elektrik enerjisinin alqı-satqı müqavilələrində tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. Həmin Qaydaların 9.1-ci bəndinin tələbinə əsasən "istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” idarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********1 olan "xxxx" ASC-nin elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə 19 fevral 2021-ci il tarixinə cəmi 189527,63 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı "xxxx" ASC-nə xəbərdarlıq olunmuş, lakin borclu müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan borcu bu günə qədər ödəməyərək, “xxxx” ASC-yə zərər vurmuşdur. EEİQ-nın 9.10-cu bəndinə əsasən İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İddiaçının bu hərəkətləri "xxxx" ASC-nin maliyyə təsərrüfat fəaliyyətinə və işgüzar nüfuzuna xələl gətirir. Ona görə də, yuxarıda qeyd olunanlara əsasən iddiaçının ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin olunmalıdır (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin məzmunu qeyd olunur). Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, e-2-2(119)- 328/2021 saylı qətnaməsi ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi” barədə ilkin iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (abonent kodu: **********1) elektrik enerjisindən istifadəyə görə hesablanmış 41233,89 (qırx bir min iki yüz otuz üç manat 89 qəpik) manat məbləğində borcun silinməsi, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: ilkin iddia üzrə cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, mübahisələndirilən borc məbləği elektrik hesabat sayğacı əsasında yaranmışdır. Yəni iddiaçıya qarşı heç bir cərimə aktı tərtib olunmamış və sayğacdan kənar hesablaşma aparılmamışdır. Buna baxmayaraq, iddiaçı hüquqdan sui-istifadə edərək ona məxsus obyektə elektrik hesabat sayğacı əsasında aparılmış hesablaşmanın silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 149-cu maddəsinə əsasən “İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yonəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir”. Həmin borcun hansı qanun və ya göstəriş əsasında silinməsi məlum deyildir. Hesablanmış borcun hansı tarixlərdə, nə səbəbə yaranması məhkəməyə təqdim edilmiş abunə haqqında çıxarış və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, abunə haqqında çıxarış illər üzrə analiz olunsa müəyyən edilir ki, iddiaçı sərf etdiyi elektrik enerjisinin dəyərini vaxtında və tam həcmdə ödəmədiyi üçün 2015-ci ilin iyun ayından qalıq borcu 21624 manat, 2016-cı il üçün 9008 manat, 2017-ci il üçün 21850 manat, 2018-ci il üçün 12301 manat, 2019-cu il üçün 1352 manat, 2020-ci il üçün 39832 manat, 2021-ci ilin mart ayına qədər isə 23446 manat borcu qalmışdır. Göründüyü kimi, məhkəmə yanlış nəticəyə gələrək sayğac əsasında yaranmış borcu silməklə enerji haqqlarının yığımının 100 %-ə çatdırılması barədə “xxxx” ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaradır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı ilkin iddia üzrə cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı ilkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırki iş üzrə ilkin iddia qismən təmin və qarşılıqlı iddia isə rədd olunsa da, ilkin iddia üzrə iddiaçı qətnamədən apelyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir, öz növbəsində qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti də apelyasiya şikayətində yalnız ilkin iddianın qismən təmin olunmuş hissədə rədd edilməsini xahiş etmiş və qarşılıqlı iddianın rədd edilməsini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın qismən təmin olunmuş hissəsində mübahisələndirildiyindən həmin hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, hesab edir ki, ilkin iddia üzrə cavabdeh xxxx ASC-nin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli e-2-2(119)-328/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyi tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 13 oktyabr 2020-ci il tarixli AERA-23-665/20 nömrəli və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 13 oktyabr 2020-ci il tarixli AERA-23-666/20 nömrəli məktublarda göstərilir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş və X2 Agentliyinə ünvanlanmış “xxxx” ASC-nin quşçuluq fabrikində istifadə olunan elektrik enerjisinə görə yaranmış borc ilə əlaqədar müraciətin araşdırılması zamanı “xxxx” ASC-nin “xxxx” ASC-nin fəaliyyəti dövrünə qədər istifadə etdiyi elektrik enerjisinə görə 264064,40 manat (ETAİS-dən gələn borc kimi “xxxx” ASC-yə) ödənildiyi və “xxxx” ASC-nin fəaliyyəti dövründə (01.07.2015 – 01.09.2020-ci illər) istifadə etdiyi elektrik enerjisinə görə borcunun olmadığı müəyyən edilmişdir. Buna baxmayaraq, “xxxx" ASC tərəfindən Müəssisənin 41233,91 manat elektrik enerjisinə görə borcunun olduğu bildirilmişdir. Lakin “xxxx" ASC-nin elektrik enerjisinin sərfiyyatı və dövriyyəsi haqqında məlumatlar təhlil edilərkən həmin borc (41233,91 manat məbləğində borc) öz təsdiqini tapmamışdır. Müraciətin araşdırılması zamanı qeyd olunan məbləğə aydınlıq gətirilməsi barədə “Şimal” RETSİ-yə 27.08.2020-ci il tarixli və “xxxx” ASC-yə 14.09.2020-ci il tarixli məktublar ünvanlanmış olsa da, hər hansı cavab alınmamışdır. İş materiallarında olan 31 yanvar 2021-ci il tarixli ********* nömrəli “Hesab ödəniş” Vərəqində olan məlumatlarla müəyyən olunur ki, “xxxx" ASC-yə 31 dekabr 2020-ci il tarixindən 31 yanvar 2021-ci il tarixinədək 125629,78 manat məbləğində istifadə olunan enerji pulu borcu və 22613,36 manat məbləğində ƏDV olmaqla, cəmi 148243,14 manat məbləğində borc hesablanmış olsa da, ümumi qalıq borc 189477,05 manat məbləğində göstərilmişdir. İş materiallarında olan 25 fevral 2021-ci il tarixli 257 nömrəli Ödəniş Tapşırığı və 25 fevral 2021-ci il tarixli 258 nömrəli Ödəniş Tapşırığı ilə müəyyən olunur ki, “Xalq Bank” vasitəsi ilə “xxxx" ASC tərəfindən müvafiq olaraq 125629,85 (yüz iyirmi beş min altı yüz iyirmi doqquz manat 85 qəpik) manat məbləğində enerji pulu borcu və 22613,38 (iyirmi iki min altı yüz on üç manat 38 qəpik) manat məbləğində ƏDV pulu olmaqla, cəmi 148243,23 (yüz qırx səkkiz min iki yüz qırx üç manat 23 qəpik) manat məbləğində pul vəsaiti “xxxx” ASC-nin hesabına ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 14 iyun 2015-ci ildən enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlakçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (abonent kodu: **********1) məxsus Siyəzən rayonu ərazisində yerləşən sahibkarlıq obyekti elektrik enerjisi ilə təchiz edilir. Bu təchizatla əlaqədar “xxxx” ASC tərəfindən hər bir ay üzrə təqdim edilən “Hesab ödəniş” vərəqələrinə əsasən istehlakçı “xxxx” ASC ƏDV ilə birlikdə istehlak etdiyi aylıq elektrik enerjisinin dəyərini müvafiq qaydada ödəmişdir. Bununla belə, 2015-ci ildən etibarən “xxxx” ASC-yə təqdim edilən “hesab ödəniş” vərəqələrində hər ay üçün hesabatı aparılan aylıq sərfiyyatların üzərinə əlavə olaraq təxminən 41233,89 manat məbləğində əlavə borc hesablanmışdır. Lakin “xxxx” ASC tərəfindən aylıq istehlak edilən enerjinin dəyəri hər bir ay üzrə mütəmadi olaraq ödənilsə də, qalıq borc kimi göstərilən həmin məbləğ ödənilməmişdir. Öz növbəsində həmin borc məbləğini cavabdeh yalnız qeyd etməklə kifayətlənmiş, 2020-ci ilə qədər borcun ödənilməsi ilə bağlı heç bir müraciət etməmişdir. “xxxx” ASC 28 aprel 2020ci il tarixli 102 saylı məktubla “xxxx” ASC-yə müraciət edərək, 2015-ci ilin aprel ayından bu günə kimi istifadə etmədikləri elektrik enerjisinə görə hesablanmış 41233, 89 (qırx bir iki yüz otuz üç manat 89 qəpik) manat məbləğində pulun hər ay əsassız olaraq “xxxx” ASCnin sərfiyyatına əlavə edildiyini bildirib, əsassız hesablanmış həmin 41233, 89 manat məbləğində pulun “xxxx” ASC-nin şəxsi hesabından silinməsi və bir daha həmin məbləğin “xxxx” ASC-dən tələb olunmamasını xahiş etmişdir. Bundan sonra "xxxx" ASC-nin “xxxx” ASC-yə ünvanlanmış 28 iyul 2020-ci il tarixli “Elektrik enerjisinin dəyərinin tam ödənilməsinə dair” Telefonoqramı ilə “xxxx” ASC-yə aid müəssisələrdə istehlak edilmiş elektrik enerjisinə görə 28 iyul 2020-ci il tarixinə yaranmış 41233,90 manat debitor borcun ödənilməsi tələb olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, məhkəmə araşdırması zamanı elektrik enerjisindən istifadə ilə əlaqədar dövri olaraq hər ay istehlakçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Hesab ödəniş” Vərəqinə daxil edilən 41233,89 (qırx bir iki yüz otuz üç manat 89 qəpik) manat məbləğində borcun yaranma əsası müəyyən olunmamış və “xxxx” ASC-nin həmin məbləğdə ödənilməmiş borcunun qalması öz təsdiqini tapmamışdır. Eləcə də, məhkəmə araşdırması zamanı iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “15993,84 manat məbləğində pulun əsassız olaraq artıq ödənilməsi” xüsusatı öz təsdiqini tapmamışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia ərizəsində 41233,89 manat məbləğində qalıq borcla birlikdə tələb olunan 19 fevral 2021-ci il tarixinə hesablanmış cəmi 189527,63 (yüz səksən doqquz min beş yüz iyirmi yeddi manat 63 qəpik) manat məbləğində borcun 148243,23 (yüz qırx səkkiz min iki yüz qırx üç manat 23 qəpik) manat hissəsi 25 fevral 2021-ci ildə “xxxx” ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin istehlakçı tərəfindən ödənilməsini enerji təchizatı müəssisəsi tələb edə bilməz. Həmin Qaydaların 8.10-cu bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna olmaqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Həmin Qaydaların 8.11-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı aktiv elektrik enerjisi istifadəçilərindən olmaqla müntəzəm olaraq enerji sərfiyyatına görə yaranmış borcları ödəmiş və bu iş materiallarında olan çoxsaylı abunə və ödəniş sənədləri ilə təsdiqlənir. Cavabdeh hesab ödəniş vərəqində qeyd olunan 41233,89 (qırx bir iki yüz otuz üç manat 89 qəpik) manat məbləğində borcun olduğunu qeyd etsə də, həmin borcun yaranma əsası sübut olunmamış və “xxxx” ASC-nin həmin məbləğdə ödənilməmiş borcunun qalması öz təsdiqini tapmamışdır. Əksinə, Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyi tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 13 oktyabr 2020-ci il tarixli AERA-23-665/20 nömrəli və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 13 oktyabr 2020-ci il tarixli AERA-23-666/20 nömrəli məktublarla “xxxx" ASC-nin elektrik enerjisinin sərfiyyatı və dövriyyəsi haqqında məlumatlar təhlil edilərkən həmin borcun (41233,91 manat məbləğində borc) öz təsdiqini tapmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə cavabdeh xxxx ASCnin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli e-2-2(119)- 328/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 402, 403, 404, 405, 406-c maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlkin iddia üzrə cavabdeh xxxx ASC-nin apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli e-2-2(119)- 328/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar