Məhkəmə qərarları › İş №2-2(105)-89/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-89/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-89/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e-2-2(119)-36/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 81794.85 (səksən bir min yeddi yüz doxsan dörd manat səksən beş qəpik) manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş borc barədə arayışdan va abunə haqqında bildirişdən görünür ki, abonent kodu **********3 olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik enerjisindən istifadə etməsi ilə bağlı 81794,85 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciat olunmuş, lakin cavabdeh yaranmış borcu ödəməmişdir. İddia ərizəsində daha sonra göstərilir ki, “Azərişıq" ASC-nin əməkdaşlarının hər ay "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbinin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. İddia ərizəsində daha sonra “Elektrik enerjisindən istifadə Qaydaları”nın və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad edilməklə iddia tələbinin təmin edilməli olduğu göstərilir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək cavabdeh "xxxx" MMC tərəfindən müxtəlif vaxtlarda ödənişlər edildiyini və 28.01.2021-ci il tarixə 67384,46 manat borcunun qaldığnı, həmin borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e-2-2(119)-36/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 67384,46 (altmış yeddi min üç yüz səksən dörd manat 46 qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Z.Məmmədov). Qətnamədən narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. apelyasiya şikayətinin dəlilləri: "xxxx" ASC tərəfindən qaldırılmış iddia qismən qəbul edilir. Belə ki, həqiqətən "xxxx" MMC tərəfindən elektrik enerjisi istifadə edilmişdir. Elektrik enerjisinin istifadəsi tərəflər arasında bağlanmış və qarşılıqlı şəkildə təsdiqlənmiş müqavilə ilə tənzimlənir. "xxxx" ASC məhkəməyə müraciət etdiyi zaman **********53 saylı abonent koduna istinad etmişdir. Həmin abonent kodu tərəflər arasında bağlanmış 22.06.2020-ci il tarixli 071119 saylı müqaviləyə əsasən verilmişdir. "xxxx" ASC qeyd edilən müqaviləni və ya abonent kodunu əsas gətirməklə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş etirazda istinad etdiyi məqamlardan biri məhz bundan ibarət olmuşdur ki, 22.06.2020-ci il tarixindən ərizənin təqdim edildiyi ana qədər bu həcmdə borcun yığılması mümkün deyildir. İddiaçının nümayəndəsinin bildirdiyi kimi, onlar elektrik enerjisinin satışını müqavilə üzərindən həyata keçirmələri səbəbindən faktiki münasibətlər müqavilə üzərindən tənzimlənir. Bu səbəbdən cavabdehin nümayəndəsinin bildirdiyi kimi, iddia ərizəsi üzrə tələb olunan məbləğ qeyd edilən abonent kodu əsasında 22.06.2020-ci il tarixli müqaviləyə görə bu qədər elektrik borcunun yığılması mümkün deyildir. İddiaçı müfəssəl açıqlama təqdim etməliydi ki, hazırki borc necə formalaşmışdır və faktiki olaraq hansı müqavilələr üzrə üzləşmə aktları mövcuddur? Lakin bu suallara cavab əldə olunmamışdır. Eyni zamanda hesab edirlər ki, iddiaçı müəyyən hesablamaların həyata keçirilməsində təbii inhisarçı olaraq maraqları səbəbindən doğru olmayan hesablama apara bilər. Buna hər hansı bir təminat mövcud deyildir. Bu səbəbdən elektrik enerjisinin sərfiyyatı ardıcıllığı, ödəmə dövrülüyünə əsaslanan mütəxəssis rəyi lazımdır. Baxmayaraq ki, bununla bağlı etiraz ərizəsində bildirilmişdir, amma bu nüans nəzərə alınmamışdır. Bununla bərabər 2015-ci ildən "xxxx" bağlanmış müqavilələrin surətlərini təqdim etməmişdir. Çünki iddiaçı dəfələrlə qeyd etmişdir ki, "xxxx" MMC ilə münasibətləri müqaviləyə uyğun bağlanmışdır. Həmin müqavilələr cavabdehdə olmasa da "xxxx" ASC-ə müxtəlif zamanlarda təqdim edilmiş qəbzlərə əsasən ödənişlər edilmişdir. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, razılaşma protokolu etirafedici hərəkətdir. Bundan başqa, cavabdeh ödənişlər etmişdir. Cavabdeh tərəflər arasında müqavilə olmamasına istinad edir. Halbuki, müqavilə olmasaydı, ödənişlər edilməzdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti abonent kodu **********3 olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini elektrik enerjisi ilə təmin etmiş, cavabdehin istifadə edilmiş elektrik enerjisinə görə borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı haqqında 22.06.2020-ci il tarixli birtipli müqavilədə də **********3 saylı abonent koduna istinad edilmişdir. Hazırda iddiaçı cavabdehdən həmin abonent kodu üzrə istifadə edilmiş elektrik enerjisinə görə 67384,46 (altmış yeddi min üç yüz səksən dörd manat 46 qəpik) manat borcun ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş və idddiaçı tərəfindən təqdim edilmiş 25.08.2020-ci il tarixli 01-85/20 saylı borc barədə arayışda cavabdehin 25.08.2020-ci il tarixə istehlak edilmiş elektrik enerjisinə görə 81794.85 (səksən bir min yeddi yüz doxsan dörd manat səksən beş qəpik) manat (iş mat səh 15), abonent kodu **********3 olan cavabdeh "xxxx" MMC-yə aid abuna haqqında məlumatda isə 28.01.2020-ci il tarixə 67384,46 (altmış yeddi min üç yüz səksən dörd manat 46 qəpik) manat borcunun olması öz təsdiqini tapır.(iş mat.səh 40) Cavabdehin apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, müqavilənin bağlandığı 22.06.2020-ci il tarixindən ərizənin təqdim edildiyi ana qədər həmin məbləğdə borcun yığılması mümkün deyildir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. İş materiallarından da görünür ki, hazırkı iddia tələbində göstərilən borc məbləği məhz cavabdehə məxsus uçot cihazlarının göstəricilərinə əsasən yaranmışdır. Kollegiya cavabdehin müvafiq dəlilinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan başqa, iş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsinin təqdim etdiyi "xxxx" ASC-nin Xırdalan ETSİ ilə cavabdehin nümayəndələri arasında bağlanılmış 22.07.2020-ci il tarixli 23 saylı və 19.10.2020-ci il tarixli 32 saylı razılaşma protokollarından görünür ki, cavabdeh qeyd edilən borc məbləğinin ödənilməsi ilə əlaqədar iddiaçı təşkilatın strukturuna daxil olan qurumla müvafiq razılaşmalar əldə etmişlər. Belə ki, 19.10.2020-ci il tarixli 32 saylı razılaşma protokolunda cavabdehin digər abonent kodu ilə birgə **********3 saylı abonent kodu üzrə 19.10.2020-ci il tarixə kimi istifadə edilmiş elektrk enerjisinə görə borcunun 210920,24 manat (iki yüz on min doqquz yüz iyirmi manat 24 qəpik) olduğu, abonentin 3 ay müddətində istifadə etdiyi elektrik enerjisinin dəyərindən əlavə olaraq hər ay 10.000 (on min manat) ödəyəcəyi tərəflər arasında razılaşdırılmışdır. Cavabdeh **********3 saylı abonent kodu üzrə borcun yaranması ilə bağlı iddiaçıdan müfəssəl açıqlama tələb edir və mütəxəssis rəyinin zəruriliyinə istinad edir. Yuxarıda qeyd edildiyi kimi, borc cavabdehə məxsus uçot cihazlarının göstəricilərinə əsasən yaranmış və abunə haqqında məlumatda sayğac göstəriciləri tam əks olunduğu üçün məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Cavabdehin apelyasiya şikayətinin digər bir dəlili isə 2015-ci ildən "xxxx" ASC tərəfindən bağlanmış müqavilələrin surətlərinin təqdim edilməməsi olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, hazırki borc məbləği 22.06.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə yarandığından və həmin borc məbləğinin məhz həmin müqavilə üzrə yaranması iş materialları ilə təsdiqləndiyindən, kollegiya digər müqavilələrin də iddiaçıdan tələb olunması ilə bağlı həmin dəlili əsassız hesab edir. Kollegiya qeyd edir ki, işdə olan abunə haqqında məlumatdan, yuxarıda qeyd edilən razılaşma protokollarından və iddiaçının nümayəndəsinin iddia tələbinin azaldılması barədə ərizəsindən görünür ki, cavabdeh tələb olunan borcu etiraf etmiş və borc üzrə mütəmadi ödənişlər etmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış müvafiq borc məbləğnin mövcudluğu cavabdehə məlum olmuş, cavabdeh həmin borc məbləğini qismən qəbul etdiyini bildirmiş, həmin borcla bağlı cavabdeh tərəfindən müəyyən ödənişlər də həyata keçirilmişdir. Belə olan halda cavabdehin borc məbləğinin artıq hesablanması ilə bağlı dəlillərini kollegiya əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara elektrik enerjisinin verilməsi elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd edilən qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e-2-2(119)-36/2021 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işə apelyasiya qaydasında baxılması üçün cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-36/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2mmersiya Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar