Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-91/2022 05.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş Vergilər İdarəsi tərəfindən sadələşdirilmiş icraat qaydasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2- 2(119)-460/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında yazılı icraatda baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 aprel 2020-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna ödənilməyən 5094,03 (beş min doxsan dörd manat 03 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sol tərəfi” ünvanında yerləşən “icarə obyekti” adlı təsərrüfat subyektində **********1 saylı Protokolla rəsmiləşdirilmiş daşınmaz əmlak olmaqla, ümumilikdə 990400 (doqquz yüz doxsan min dörd yüz) manat dəyərində olan siyahıya alınmış əmlakın satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2-2(119)-460/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC (VÖEN:**********) qarşı cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 6808,49 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 990400,0 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və cavabdeh "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödənilməmiş 6808,49 manat borcun ödənilməsi təmin edildiyindən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(119)- 930/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədilə verilmiş iddia ərizəsinin qanunverciliyin tələbləri gözlənilməklə düzgün ərazi aidiyyəti üzrə verildiyi yoxlanılmış, daha sonra həmin məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə məhkəmə araşdırılması aparılmış və yekunda cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməmiş borc məbləğinin tam şəkildə ödənilməsi səbəbilə iş üzrə iddia tələbi təmin edilməmişdir. Vergi ödəyicisi olan "xxxx" MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş və sərəncam verilmişdir. Həmçinin VM-in 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Həmçinin, vergi ödəyicisinə borc məbləğinin ödənilmədiyi təqdirdə “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıq da göndərilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş, sərəncam və xəbərdarlığın verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. (Qeyd olunan bildiriş, sərəncam və xəbərdarlıq şikayətə əlavə olunur). Cavabdeh "xxxx" MMC-yə məxsus AZ1117, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi evin sol tərəfi adlı ünvanda yerləşən əsas sahəsi 1203 kv.m olan təsərrüfat subyekti **********-10001 nömrə kodu altında vergi orqanında qeydiyyata alınmış və bundan başqa cavabdehin heç bir daşınar və ya daşınmaz əmlakı müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehə məxsus bu əmlakın hərrac vasitəsilə satılmasına dair məhkəməyə müraciətin edilməsi qaçılmaz olmuşdur. Göründüyü kimi, qeyd olunanlar vergi orqanının iddia tələbinin yəni, borcun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın hərrac vasitəsilə satılmasına dair iddiasının geri qaytarılmasına əsas deyildir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2-2(119)- 460/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, iddiaçı iddia tələbində 5094,03 (beş min doxsan dörd manat 03 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 990400 (doqquz yüz doxsan min dörd yüz) manat dəyərində daşınmaz əmlakın satılmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı ödənilməsi tələb olunan “5094,03 (beş min doxsan dörd manat 03 qəpik) manat” məbləğində borca görə vergi ödəyicisinin əsas istehsal və fəaliyyəti ilə əlaqədar olan 990400 (doqquz yüz doxsan min dörd yüz) manat dəyərində daşınmaz əmlakın satılmalı olmasının zəruriliyi müəyyən edilmədi. Halbuki, vergi ödəyicisinin yaranmış olan cəmi “5094,03 manat” məbləğində borcunun ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulan digər üsul və təsir tədbirlərindən də istifadə etmək mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə görə, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması barədə vergi orqanının müraciətlərinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin cəmi “5094,03 manat” məbləğində borcunun ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulan digər üsul və təsir tədbirlərindən də istifadə etmək mümkündür. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2-2(119)-460/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-91/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-91/2022
05.08.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver