Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-92/2024 07.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Dəmirov İlqar Kamal oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, iddiaçılar “İddiaçı2”, “İddiaçı4”, “İddiaçı3 AB” və “İddiaçı1” şirkətlərinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iş üzrə icraatın dayandırılması haqqında” 12 iyun 2024-cü il tarixli, e-2-2(119)-360/2024 nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Pivovarennaya Kompaniya "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə iş materialları ilə birlikdə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar “İddiaçı2”, “İddiaçı4”, “İddiaçı3 AB” və “İddiaçı1” şirkətləri 16 fevral 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların cavabdehlərə münasibətdə sahibkar (mülkiyyətçi) və iştirakçı (səhmdar) hüquqlarının, o cümlədən iddiaçıların cavabdehlərin idarəetmə orqanlarında iştirak etmək, ümumi yığıncağın səlahiyyətlərini həyata keçirmək, müvafiq sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən sərbəst istifadə etmək kimi hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Həmin kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2-2(119)-360/2024 nömrəli qərardadı ilə Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil2 “iş üzrə icraatın dayandırılması barədə” yazılı vəsatəti təmin edilərək, iddiaçılar “İddiaçı2”, “İddiaçı4”, “İddiaçı3 AB” və “İddiaçı1” şirkətlərinin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC-yə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi tələbinə dair” kommersiya işi üzrə icraatın, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh2 MMC və “İddiaçı3 AB” şirkəti tərəfindən cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı verilmiş “Cavabdeh2 MMC-nin ümumi yığıncağının funksiyalarını həyata keçirmək hüququnun ötürülməsi ilə bağlı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” 2-1(118)-1995/2024 nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır (hakim Həlimə Alıyeva). İş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Pivovarennaya Kompaniya "xxxx"” MMC-nin vəkili-nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli e-2-2(119)-360/2024 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və kommersiya işinə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli e-2-2(119)-360/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, mübahisələndirilən qərardadın qüvvədə saxlanılması və üçüncü şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadıqov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Üçüncü şəxs "xxxx" MMC-nin iş üzrə icraatın dayandırılması haqqında qərardaddan şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar “İddiaçı2”, “İddiaçı4”, “İddiaçı3 AB” və “İddiaçı1” şirkətləri cavabdeh "Carlsberg Azerbaijan” MMC-ya qarşı iddia qaldıraraq, məhkəmədə aşağıdakı tələblər irəli sürmüşlər: (a) "Carlsberg Azerbaijan” MMC-nin və "Bakı-Pivə” ASC-nin idarəetmə orqanlarında iştirak hüquqlarının tanınması; (b) "Carlsberg Azerbaijan” MMC-nin və "xxxx" ASC-nin sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən sərbəst istifadə etmək hüquqlarının tanınması; (c) "Carlsberg Azerbaijan” MMC-də və "Bakı-Pivə” ASC-də iştirakçı (səhmdar) hüquqlarının, o cümlədən ümumi yığıncağın səlahiyyətini həyata keçirmək hüquqlarının iddiaçılara məxsus olduğunun tanınması; və (ç) "Baltika” şirkətinin 17 oktyabr 2023-cü il tarixli qərarının, 5 dekabr 2023-cü il tarixli məlumat sorğusunun və 6 dekabr 2023-cü il tarixli qərarının hüquqi qüvvəyə malik olmadığının tanınması... Qeyd edilən iddia vicdansızcasına əsassız şəkildə qaldırılmışdır. Belə ki, iddiaçıların tanınmasını tələb etdikləri hüquqlar hüquqi şəxsin iştirakçısına məxsus olan hüquqlardır. Lakin, iddiaçıların heç birinin cavabdehlərin nizamnamə kapitalında heç bir iştirak payları yoxdur... Sumqayıt Kommersiya Məhkəməsi MPM-in 120-ci maddəsinə əsasən iş vaxtını itirməyə görə iddiaçılardan cərimə məbləği tutmaq əvəzinə, onların vicdansızcasına əsassız olaraq qaldırdığı iddia üzrə icraatı dayandırmışdır ki, sanki digər məhkəmədə baxılan inzibati iş həll edilməsə bu iddiaya baxmaq mümkün deyil... MPM-in 254.1.4-cü maddəsini tətbiq etmək üçün məhkəmə ilk növbədə müəyyən etməli idi ki, işlər obyektiv cəhətdən bir-birindən asılıdır, yəni (İ) hazırkı mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan hər hansı bir məsələ vardır; və (İİ) həmin məsələ nizamlananadək işə baxılması mümkün deyil. Sumqayıt Kommersiya Məhkəməsi bu halların heç birini müəyyən etmədən MPM-in 254.1.4-cü maddəsini tətbiq edərək iş üzrə icraatı dayandırmışdır. Məhkəmə yeganə olaraq qeyd etmişdir ki, e-2-1(118)-1995/2024 saylı iş hazırkı iş üçün "mühüm əhəmiyyət kəsb edir". Lakin məhkəmə bu "mühüm əhəmiyyətin” nədə ifadə olunduğunu qərardadında göstərməmişdir. Halbuki, əgər məhkəmə bu məsələyə hərtərəfli və obyektiv şəkildə baxmış olsaydı, onda müəyyən etməli idi ki, hazırkı iddia vicdansızcasına əsassız qaldırılmış iddiadır. Bu iddia üzrə icraatı dayandırmaq deyil, iddiaçılardan MPM-in 120-ci maddəsinə əsasən iş vaxtını itirməyə görə cərimə məbləği tutmaqla iddianı rədd etməli idi. Belə ki, qanunvericilikdən bəllidir ki, hüquqi şəxsin idarəetmə orqanlarında iştirak hüququ, hüquqi şəxsin gəlirlərindən istifadə etmək hüququ, ümumi yığıncağın səlahiyyətlərini həyata keçirmək hüququ və ümumi yığıncaqda qərar qəbul etmək hüququ YALNİZ və YALNİZ həmin hüquqi şəxsin iştirakçısına məxsus olan hüquqlardır (Mülki Məcəllənin 90-1 və 91-ci maddələri). Hazırkı iş üzrə iddiaçıların heç biri cavabdeh "Carlsberg Azerbaijan” MMC-nin iştirakçısı deyil və onların bu MMC-nin nizamnamə kapitalında heç bir iştirak payları yoxdur. Eyni zamanda, "xxxx" MMC Cavabdeh2 MMC-nin təsisçisidir və hazırkı iş üzrə iddiaçıların Cavabdeh2 MMC-yə qarşı sonuncudan "xxxx" MMC-nin qərarlarını rədd etməsini tələb etməklə bağlı iddia qaldırmağa subyektiv hüquqları yoxdur... Belə olan halda iddiaçılar mövcud olmayan və mövcud olması mümkün olmayan hüquqlarının tanınması barədə iddianı məhkəmədə vicdansızcasına əsassız şəkildə qaldırmışlar. Sumqayıt Kommersiya Məhkəməsi isə bu halı nəzərə almadan açıq-aşkar şəkildə vicdansızcasına əsassız qaldırılmış iddia üzrə icraatı dayandırmışdır. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçılar “İddiaçı2”, “İddiaçı4”, “İddiaçı3 AB” və “İddiaçı1” şirkətlərinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi tələbinə dair” hazırkı kommersiya işi üzrə mübahisənin düzgün həlli baxımından hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatında baxılan iddiaçılar Cavabdeh2 MMC və “İddiaçı3 AB” şirkəti tərəfindən cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı verilmiş “Cavabdeh2 MMC-nin ümumi yığıncağının funksiyalarını həyata keçirmək hüququnun ötürülməsi ilə bağlı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” 2- 1(118)-1995/2024 nömrəli inzibati işə nəticə verilməsini gözləmək zəruridir. Belə ki, inzibati iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı hazırkı kommersiya işi üzrə düzgün nəticəyə gəlinməsini şərtləndirə bilər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı dayandırmaqda düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, icraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır... Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-360/2024 nömrəli kommersiya işi üzrə iddiaçılar “İddiaçı2”, “İddiaçı4”, “İddiaçı3 AB” və “İddiaçı1” şirkətləri iş üzrə üçüncü şəxs olan "xxxx" MMC vasitəsilə iş üzrə cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC-nin benefisiar mülkiyyətçiləri sayılırlar. Rusiya Federasiyası Prezidentinin 16 iyul 2023-cü il tarixli 520 nömrəli Fərmanına əsasən "xxxx" MMC Rusiyanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyinin (“Rosimuşestvo”nun) “müvəqqəti idarəçiliyinə” verilmiş, bununla "xxxx" MMC-nin xarici təsisçilərinin bütün hüquqları “Rosimuşestvo”ya ötürülmüşdür. Hazırda “İddiaçı2”, “İddiaçı4”, “İddiaçı3 AB” və “İddiaçı1” şirkətləri (Şirkətlər Qrupu) "xxxx" MMC və onun vasitəsilə sahibi olduqları digər müəssisələr üzərində özlərinin mülkiyyət hüquqlarının müdafiə və bərpasına çalışırlar. Bu məqsədlə də onlar hazırkı iş üzrə cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC-yə qarşı iddia qaldırmışlar. Cavabdeh2 MMC isə “İddiaçı3 AB” şirkəti ilə birlikdə (birgə iddiaçılar qismində) Sumqayıt İnzibati Məhkəməsində cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “Cavabdeh2 MMC-nin ümumi yığıncağının funksiyalarını həyata keçirmək hüququnun ötürülməsi ilə bağlı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia qaldırmış və hazırda həmin Məhkəmənin icraatında 2-1(118)-1995/2024 nömrəli inzibati iş kimi baxılır. Nəzərə alınmalıdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-360/2024 nömrəli kommersiya işi üzrə iddiaçılar “İddiaçı2”, “İddiaçı4”, “İddiaçı3 AB” və “İddiaçı1” şirkətlərinin iddia tələblərinin uğurluluğu Sumqayıt İnzibati Məhkəməsinin icraatında baxılan 2-1(118)-1995/2024 nömrəli inzibati iş üzrə qəbul ediləcək qərardan bilavasitə asılıdır. Yəni, əgər inzibati iş üzrə iddia təmin olunarsa, onda kommersiya işi üzrə də iddianın təmin edilə biləcəyi istisna olunmur və əksinə, inzibati iş üzrə iddianın təmin olunmaması həm də kommersiya işi üzrə iddianın təmin olunmasını istisna edəcəkdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, mövcud vəziyyətdə birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı dayandırmaqda haqlı olmuş və düzgün qərar qəbul etmişdir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Ona görə də üçüncü şəxsin nümayəndəsinin şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin “iş üzrə icraatın dayandırılması haqqında” 12 iyun 2024-cü il tarixli, e-2- 2(119)-360/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Üçüncü şəxs “Pivovarennaya Kompaniya "xxxx"” MMC-nin vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin “iş üzrə icraatın dayandırılması haqqında” 12 iyun 2024-cü il tarixli, e-2-2(119)-360/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-92/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-92/2024
07.08.2024 · Sair işlər - Korporativ mübahisələri - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver