Məhkəmə qərarları › İş №2-2(105)-93/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-93/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-93/2022 29.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdehnə qarşı qərarın ləğv edilməsi və borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2- 2(119)-380/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdehnə qarşı qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən kiçik ictimai iaşə obyektində (çayxana) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 3 saylı Ərazi Vergilər İdarəsindən ********** nömrəli VÖEN almışdır. Qeyd edilən çayxananın təbii qazdan istifadəyə görə ödənişlərlə bağlı olan abonent hesabı da onun adınadır. 07 iyul 2020-ci il tarixdə Cavabdeh əməkdaşları qeyd edilən çayxanaya gələrək qaz sayğacına baxış keçirmişlər. Bu zaman “Elester” markalı, G4T nömrəli ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi adı ilə çıxarılmış və “Elester” markalı, G4T markalı, ******* nömrəli sayğac quraşdırılmışdır. Bu hadisələrdən təxminən bir il keçdikdən sonra 30 sentyabr 2021-ci il tarixdə Cavabdeh İB-nin Əməkdaşları yenidən sahibkarın fəaliyyət göstərdiyi ictimai iaşə obyektinə gələrək ******* saylı akt tərtib etmişlər. Həmin akta əsasən guya sayğacın plastmas qapağı alt hissədən deşici alətlə deşilmiş, hesablama mexanizminin rəqəmlərinin üzərində əzik-cızıq izləri var və xətalar normaya uyğun deyildir, ona görə də sayğacın dəyəri və dəymiş ziyan hesablanıb, ödənilməlidir. İddiaçı həmin aktla razılaşmadığı üçün imza etməkdən imtina etmişdir. Buna baxmayaraq, həmin akt əsasında ona 864 manat məbləğində borc hesablanmışdır. İddiaçı yazılmış borcu əsassız və qanunsuz hesab etdiyi üçün ödəməmişdir. Belə ki, o, istehlak etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və heç bir zaman təşkilatla aralarında qaz borcu ilə bağlı problemləri olmamışdır. Onun sayğacın plastmas qapağının alt hissədən deşici alətlə deşilməsində, hesablama mexanizminin rəqəmlərinin üzərində əzik-cızıq izlərinin olmasında hər hansı təqsiri yoxdur, hətta qeyd edilən xətaların sayğac üzərində həqiqətən mövcud olması da şübhə doğurur. Çünki istehlakçı olaraq sayğac dövlət yoxlamasına göndərilərək baxış keçirilərkən onun iştirakı təşkil olunmamış, bununla bağlı ona ümumiyyətlə məlumat verilməmiş, həmin yoxlama 07 oktyabr 2020-ci il tarixdə həyata keçirilsə də, təxminən bir ildən sonra, yəni 30 sentyabr 2021-ci il tarixdə akt tərtib edilmişdir. Hal hazırda borcun ödənilməməsi səbəbindən Cavabdeh İB tərəfindən ona borcun ödənilmədiyi halda obyektə verilmiş təbii qazın kəsiləcəyi bildirilmişdir. Çayxanaya verilən təbii qazın kəsilməsi onu bir sahibkar kimi ziyana sala bilər. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət edənə qədər isə qanunvericiliyin tələbindən çıxış edərək ilkin mediasiya sessiyasında iştirak etmiş və iş üzrə Cavabdeh İB-nin nümayəndəsinin iştirak etməməsi səbəbindən ona mediator tərəfindən müvafiq arayış verilmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 30 dekabr 2020-ci il tarixli Dəymiş ziyanın Bərpasına dair Tələbnamənin (qərarın) ləğv edilməsi və həmin tələbnamə (qərar) üzrə hesablanmış 864 manat məbləğində borcun silinməsi, mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödədiyi 40 (qırx) manat məbləğində pulun və hüquqi yardımla bağlı ödədiyi 30 (otuz) manat məbləğində pulun Cavabdeh İB-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı X5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 864 manat məbləğində borcun silinməsi, mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun və hüquqi yardımla bağlı ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh İB-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İB A.Qafarovun iddiası ilə bağlı məhkəməyə etiraz təqdim edərək iddianın əsassız olduğunu bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X5 ilə ’’Azəriqaz” İB arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” ***-**-** №-li xx.xx.2015-ci il tarixli Müqavilənin 7.3-cü bəndində qeyd olunur ki, istehlakçı bu Müqavilənin ləğv edilməsi barədə Müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu Müqavilə ilə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanması tələb olunmur. Abonent üçün Elster tipli G-4 markalı ******* №-li qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı xx.xx.2020-ci il tarixdə Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri tərəfindən xətdən açılaraq növbəti dövlət yoxlamasına göndərilmiş, qeyri-əhali qaz sayğaclarının yoxlanılması barədə MS-29/1710- 02569-28 saylı xx.xx.2020-ci il tarixli akta əsasən “sayğacın plastmas qapağının alt hissəsi deşici alətlə deşilib, hesablama mexanizminin rəqəmlərində əzik-cızıq izləri var, xətalar normaya uyğun deyil” rəyi verilmişdir ki, bu da qüsura görə nəticə cədvəlinə uyğun olaraq sayğacın hesablama mexanizminə müdaxilə edildiyini bildirir. Abonent bu müdaxilənin edilməsində onun təqsirinin olmadığını iddia tələbinin əsası kimi qoymuşdur. Lakin o bilməlidir ki, əhali abonentlərindən fərqli olaraq X5 ilə ’’Azəriqaz” İB-yi arasında “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları’nın 4.2-ci bəndinə uyğun olaraq məişət qaz qurğularının istifadəsiçi üçün qaz sayğacı qaz paylayıcınm vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsiçi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. X5 təbii qazdan öz məişət ehtiyaclarını ödəmək üçün istifadə edən abonent deyil, o çayxanada müəyyən gəlir əldə etmək üçün təbii qazdan istifadə edir. Buna görə də qaz sayğacının qorunmasına və işlək vəziyyətdə saxlanmasına görə X2 özü məsuliyyət daşıyır. X1 fəaliyyəti ilə məşğul olur. Rəsmi qaydada VÖEN-nə malikdir. Çayxanada qazandığı gəlirdən vergi ödəyir. Qaydaların 2.12-ci bəndində göstərilir ki, istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında“ Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyərdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Qaydaların 4.8-ci bəndində qeyd olunur ki, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Qaydaların bu bəndlərindən belə bir nəticə çıxır ki, yuxarıda göstərilən sayğaca müdaxilə olunması halı subut edilirsə, müdaxilənin kimin tərəfindən edildiyindən asılı olmayaraq abonent məsuliyyət daşıyır. Buna görə də qaz sayğacına edilmiş müdaxilə ilə əlaqədar X5 barəsində Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri tərəfindən “Qazdan istifadə Qaydaları”nm pozulması haqqında ******* saylı xx.xx.2021-ci il tarixli akt tərtib edilərək Müqavilənin 3.3 bəndinə uyğun olaraq istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu Müqaviləyə əlavə edilmiş ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq 4.320 m³ və ya 864 manat dəymiş ziyan hesablanmışdır. X2 müdaxilə olunduğunu mübahisələndirdiyi Elster tipli G-4 markalı №-li məişət qaz sayğacı quraşdırılarkən sayğacın quraşdırılması ilə əlaqədar müvafiq akt tərtib edilmişdir ki, aktın 5-ci bəndinin 7-ci yarımbəndində “sayğacın və plombun toxunulmamazlığına cavabdeh şəxs” X5 qeyd edilmişdir. Həmin aktı X5 heç bir irad bildirilmədən imzalamış, yəni sayğacın və plombun cavabdehliyi barədə öhdəlik götürmüşdür. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikridir. Yuxarıda göstərilənlərə görə iddiaçı X3 iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2-2(119)-380/2022 nömrəli qətnaməsi ilə iddiaçı X3 cavabdeh "Azəriqaz" İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh İB tərəfindən Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən kiçik ictimai iaşə obyektində (çayxana) təbii qazdan istifadə qaydalarının pozulması haqqında fiziki şəxs X3 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* №li akt əsasında hesablanmış 864 manat məbləğində borcun silinməsi, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 40 manat, hüquqi yardım göstərilməsinə görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehə aid edilməsi, cavabdehdən mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş xərcin əvəzi olaraq 40 manat, hüquqi yardım göstərilməsinə görə ödənilmiş 30 manat məbləğində pulun tutularaq, iddiaçıya ödənilməsi, cavabdehdən 30 manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Xəqani Tağıyev). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2-2(119)-380/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, bu iş üzrə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, qeyriəhali abonentidir. Onunla “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” imzalanmışdır (3 №-li əlavə). AR NK-nin 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na görə bu qəbildən olan abonentlər sayğacın işlək vəziyyətdə saxlanmasına özləri məsuliyyət daşıyırlar. Qətnamədə iddianın təmin edilməsi iddia ərizəsində qeyd edilmiş əsaslara görə deyil, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərinin pozulması ilə əsaslandırılmışdır. AR NK-nin 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndində qeyd edilir ki, müqaviləyə qaz paylayıcı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. İddiaçının qaz sayğacı balans mənsubiyyətində qoyulur. Sayğacın quraşdırıldığı yer obyektdən xeyli aralıda yerləşir. Sayğaca baxış keçirilərkən cavabdehin nümayəndələri Adil Qafarovun işlətdiyi çayxananın ərazisinə daxil olmamışlar.Buna görə də sayğacın açılıb dövlət yoxlamasına göndərilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmur. Bu barədə Məhkəmənin qənaəti səhvdir. Belə ki, məhkəmənin istinad etdiyi Azərbayçan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən: Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə monitorinq, müşahidə, təftiş, nəzarət, xrometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Qətnamədə qanunvericiliyin bu müddəasına əsaslanılmış, lakin nəyə görəsə yuxarıda qeyd olunan hissə qətnamədə əks etdirilməmişdir. Yəni Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.Həmin maddəyə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* №-li “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Və qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 29/1710-02569-28 nömrəli “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktdan görünür ki, Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixdə Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış G4 markalı mexanika tipli qaz sayğacına xx.xx.2020-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi, hesablama mexanizminin rəqəmləri üzərində cızıq izləri olduğu və xətaların normaya uyğun olmadığı müəyyən edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ARDNŞ-nin Azəriqaz İB-nin qeyri-əhali qaz sayğaclarının yoxlanılması haqqında akt M-M5-29/1710-02569-28 saylı rəyinə əsasən sayğacın plasmast qapağı alt hissədən deşici alətlə deşildiyi, hesablama mexanizminin rəqəmlərinin üzərində əzik-cızıq izləri olduğu, xətaların normaya uyğun olmadığı müyyən edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı ilə "Azəriqaz" İB arasında bağlanmış xx.xx.2015-ci il tarixli qazın alqı-satqısı müqaviləsinə əsasən Quba rayonu Zərdabi qəsəbəsində yerləşən kiçik iaşə obyektinə (çayxana) sayğacın quraşdırılması, xx.xx.2020-ci il tarixli, ******* №-li “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında “Elester” markalı, G4T nömrəli ******* nömrəli qaz sayğacının dəyişdirilərək digər sayğacla əvəz olunması və köhnə sayğacın yoxlamaya göndərilməsi müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixdə Metrologiya Departamenti tərəfindən sayğaca baxış keçirilmiş və həmin tarixdə 29/1710-02569-28 nömrəli akt tərtib olunmuş, aktda sayğacın plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi, hesablama mexanizminin rəqəmləri üzərində cızıq izləri olduğu və xətaların normaya uyğun olmadığı qeyd edilmişdir. Təxminən bir ilə yaxın vaxt keçdikdən sonra bununla bağlı xx.xx.2021-ci il tarixli, ******* №-li akt tərtib olunmuş, akta əsasən iddiaçı X4 864 manat cərimə hesablanmışdır. Lakin, iş materiallarından görünür ki, mübahisələndirilən aktın tərtib edildiyi yoxlamanın aparılması üçün reyestrdə qeydiyyatı barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Bununla əlaqədar birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda da qanunverici eyni məqsəd güdmüş, yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda Cavabdeh İB) tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, Cavabdeh İB tərəfindən fərdi sahibkar kimi fəaliyyət göstərən iddiaçıya məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Bundan başqa, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yoxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan işin faktiki halları və istinad olunan maddi hüquq normaları ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin istinad etdiyi Cavabdeh İB-nin işçilərinin sayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə getməməsi, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmaması barədə apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. İş materiallarından göründüyü kimi xx.xx.2020-ci il tarixli, ******* №-li “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib olunmuşdur. Lakin cavabdeh akt tərtib olunarkən yoxlamanın sahibkarlıq fəaliyyətininin həyata keçirildiyi yerdən kənarda aparılması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2-2(119)- 380/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar