Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-94/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndələri: X4 və X5, Cavabdehin nümayəndələri: X6 və X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2-2(119)-24/2020 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Ə.Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (abonent kodu: 152181) 04 iyul 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəyə əsasən hesablanmış 115257 (yüz on beş min iki yüz əlli yeddi) manat məbləğində borcun 9604,75 (doqquz min altı yüz dörd manat 75 qəpik) manat hissəsi saxlanılmaqla, qalan hissəsinin silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 23 sentyabr 2019-cu il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılmış yoxlamanın qanunsuz hesab edilməsi və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 115277 (yüz on beş min iki yüz yetmiş yeddi) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsi 04 iyul 2019-cu ildə "xxxx" MMC-nin ərazisində quraşdırılmış “Abşeron CTB-100” markalı ******* nömrəli suölçən cihazını (bundan sonra - “Sayğac”) çıxararaq yoxlanılması üçün Cavabdeh ASC-nin X9 İdarəsinin X3 Laboratoriyasına göndərmişdir. 04 iyul 2019-cu ildə Laboratoriya 00416/0045344 nömrəli Rəy vermişdir ki, “Sayğacın hesablayıcı mexanizmində müdaxilə aşkar olundu və Sayğac təmirə və istismara yararsızdır”. 11 iyul 2019-cu il tarixdə iddiaçının ünvanına ödəniş üçün cavabdehin 08 iyul 2019-cu il tarixli ********* nömrəli hesab-fakturası daxil olmuşdur. Həmin hesab-fakturanın məbləği 115277 manat təşkil etmişdir. 17 iyul 2019-cu ildə iddiaçı cavabdehə 01/163 nömrəli cavab məktubu göndərmiş və həmin cavab məktubunda xahiş edilmişdir ki, iddiaçının sərfiyyatına yenidən baxılsın və düzəldilmiş hesab-faktura göndərilsin. Lakin, cavabdeh iddiaçıya 17 iyul 2019-cu il tarixli Hİ/01-53 nömrəli “Borcun ödənilməsi haqqında” xəbərdarlıq göndərmiş və həmin Xəbərdarlıqla bu dəfə 104392,91 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. İddiaçı cavabdehə 23 iyul 2019-cu il tarixli 001//0414/2019 nömrəli cavab məktubu göndərərək, 08 iyul 2019-cu il tarixli ********* nömrəli hesab-fakturada və 17 iyul 2019-cu il tarixli Hİ/01-53 nömrəli xəbərdarlıqda qeyd olunan rəqəmlər arasında ziddiyət olduğunu və bu rəqəmlərin əsasının təqdim edilməsini xahiş etmişdir. Bütün bunlara baxmayaraq, 24 iyul 2019-cu ildə cavabdehin işçiləri iddiaçının su təchizatını dayandırmış və pulun ödənilməsini tələb etmişlər. İddiaçı tərəfindən cavabdehə 01 avqust 2019-cu il tarixli 001//0430/2019 nömrəli məktub göndərilmiş və həmin məktubda qüvvədə olan qanunvericiliyin müddəalarına istinad edilərək, müdaxilənin müəyyən olunması zamanı yol verilmiş qüsurlar, habelə hesablanmanın səhv aparılmasına dair ətraflı şərh verilsə də, cavabdeh tərəfindən müvafiq tədbirlər görülməmiş və təchizat bərpa edilməmişdir. Sonradan, yəni 2019-cu ilin 19-23 avqust dövründə iddiaçıya məxsus əraziyə yeni suölçən cihazı quraşdırılmışdır. Bu zaman tərəflər arasında şifahi razılıq əldə edilmiş və məsələ məhkəmədənkənar qaydada həll olunanadək sayğaca yüklənən məbləğin bir hissəsinin hesab-fakturada qeyd olunan məbləğin silinməsinə yönəldilməsi qərara alınaraq, 26 avqust 2019-cu ildə su təchizatı bərpa edilmişdir. Lakin, su təchizatı bərpa edildiyi tarixdən bir gün sonra, yəni 27 avqust 2019-cu il tarixdə iddiaçıya yeni xəbərdarlıq göndərilmiş və 01 sentyabr 2019-cu il tarixdə təchizat növbəti dəfə dayandırılmışdır. Cavabdehin məsələnin məhkəmədənkənar qaydada həll olunması istiqamətində heç bir niyyəti olmadığından, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları təsvir olunur və iddia tələbi həmin normalarla əsaslandırılır). Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi F.Kazımov apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçı "xxxx" MMC-yə məxsus müqavilə nömrəsi 152181 olan “STP” metal emalı müəssisəsində sayğac Cavabdeh ASC-nin nümayəndələri tərəfindən 04 iyul 2019-cu il tarixli iş əmri ilə çıxarılaraq dövrü yoxlama üçün X9 İdarəsinin X3 Laboratoriyasına göndərilmişdir. 04 iyul 2019-cu il tarixli 00416/0045344 nömrəli laboratoriya rəyindən görünür ki, iddiaçıya məxsus suölçən cihazın zavod möhürünün olmadığı, hesablama mexanizmini kipləşdirən halqanın vintləri tam sıxılmadığına, zavod plombu bağlanan vintdə vintaçanın izləri olduğuna görə sayğacın hesablayıcı mexanizmində müdaxilə aşkar olunmuşdur. Həmin Rəylə sayğacın təmirə və istismara yararsız olduğu müəyyən edilmişdir. Həmin Rəy əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4 nömrəli Cədvəlinə uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Tərəf bu məbləği ödəməkdən imtina etmişdir. “Sudan istifadə Qaydaları”nın 6.6-cı bəndinin tələbinə görə Suölçən cihazlar SMPDK-nın müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 20 aprel 2015-ci il tarixli **********30 nömrəli əmri ilə təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” haqqında qaydaların tələbinə görə SMART CTB-100 su sayğacı bir ildə bir dəfə dövrü yoxlamadan keçirilməlidir. “Sudan istifadə Qaydaları’’nın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDKnın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmi istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli Əlavəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun 49-cu və 50-ci maddələrinə əsasən təchizatçı müəssisənin səlahiyyətli nümayəndələri su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektə baxış keçirmək hüququna malikdirlər. “Sudan istifadə Qaydalan”nın 6.16-cı bəndinə əsasən su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Qaydaların 6.17-ci bəndinə əsasən tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Suölçən cihazın zavod möhürünün olmaması, hesablama mexanizmini kipləşdirən halqanın vintlərinin tam sıxılmaması və zavod plombu bağlanan vintdə vintaçanın izlərinin olması artıq sayğaca müdaxilə olunması faktını təsdiq edir. Qeyd olunanlardan və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş rəydən də göründüyü kimi iddiaçı tərəfindən sayğaca müdaxilə edilmiş və bunun nəticəsində Cavabdeh ASC-nə ziyan dəymişdir. Odur ki, iddiaçının iddia tələbi rədd edilməlidir.Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən suyun dəyərindən formalaşır. Müvafiq olaraq, Cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi münasibətlər yaratmış olur. Sumqayıt Kommersiya Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli e-2-2(119)- 24/2020 saylı qətnaməsini iddianın təmin olunsun hissəsində ləğv edib, iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndələri G.F.Cəfərova və Y.A.Xankişiyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçının nümayəndələri E.H.Abbasova və N.M.Sadıqzadə apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahəsinin su təchizatı Cavabdeh ASC-ti ilə bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” Müqavilə (abonent kodu: 152181) əsasında həyata keçirilmiş və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələbləri nəzərə alınmaqla tərtib edilmiş həmin Müqavilədə müvafiq olaraq hüquqi şəxs olan tərəflərin, yəni “İstehlakçı” (abonent) olaraq "xxxx" MMC-nin və“Müəssisə” (təchizatçı) olaraq Cavabdeh ASC-nin hüquqları və öhdəlikləri təsbit olunmuşdur. İş materiallarında olan 04 iyul 2019-cu il tarixli “Mexaniki su sayğaclarının laborator yoxlamadan keçirilməsi” haqqında Aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 04 iyul 2019-cu ildə istehlakçı "xxxx" MMC-yə məxsus obyektdə quraşdırılmış su sayğacı birbaşa birləşmə yerində dövlət möhürü olmadığına görə dövrü yoxlama üçün laboratoriyaya göndərilməsi üçün istehlakçının nümayəndəsinin iştirakı ilə sökülmüşdür (Həmin Akt abonentin nümayəndəsi kimi Bahadur Ramazanov tərəfindən imzalanmışdır). İşdə olan Cavabdeh ASC-ti Nəzarət-Ölçü Cihazları İdarəsinin X3 Laboratoriyası tərəfindən tərtib edilmiş 04 iyul 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəyi ilə müəyyən edilmişdir ki, 04 iyul 2019-cu il tarixli Akt əsasında çıxarılaraq Laboratoriyada yoxlanmaya təqdim edilmiş sayğacın zavod möhürü yoxdur. Həmin sayğacın hesablama mexanizmini kipləşdirən halqanın vintləri tam sıxılmayıb və zavod plombu bağlanan vintdə vintaçanın izləri var. Həmin sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunur. Sayğac təmirə və istismara yararsızdır. İşə əlavə olan istehlakçı "xxxx" MMC və təchizatçı Cavabdeh ASC arasında aparılan yazışmaların mətni və digər sənədlərlə müəyyən olunur ki, 04 iyul 2019-cu il tarixli Akt əsasında çıxarılmış sayğacda 04 iyul 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəylə aşkar edilən qüsurlara görə həmin tarixdən əvvəlki 12 (on iki) aylıq (bir illik) dövrü əhatə edən müddətə 115257 m3 əlavə sərfiyyat müəyyən edilərək, həmin sərfiyyat üzrə Cavabdeh ASC tərəfindən istehlakçıya 115257 (yüz on beş min iki yüz əlli yeddi) manat məbləğində dəymiş ziyan olaraq borc hesablanmışdır. İş materiallarında olan istehlakçı "xxxx" MMC tərəfindən “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsinə ünvanlanmış 01 avqust 2019-cu il tarixli 001//0430/2019 nömrəli məktubun məzmunu ilə müəyyən olunur ki, istehlakçı "xxxx" MMC 04 iyul 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəyə əsasən müəyyən olunmuş qüsurlara görə əlavə sərfiyyatın 12 aylıq müddətə hesablanmasına etiraz edir və həmin Məktubda əlavə sərfiyyat qismində su həcminin müəyyən olunması üçün ən çoxu 1 (bir) aylıq hesabat aparılmalı olmasını qeyd edərək, 1 (bir) aylıq hesabat üzrə bu miqdarın 7155 kub.m. təşkil etdiyini bildirir. İş materialları ilə müəyyən olunur ki, 04 iyul 2019-cu il tarixli Akt əsasında çıxarılmış sayğacın əvəzində Cavabdeh ASC-nin X9 İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan 19 iyul 2019-cu il tarixli S-3227/19 nömrəli müqaviləyə və müvafiq sənədlərə əsasən istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus obyektə 09 avqust 2019-cu ildə “CTB-100” markalı 00200385 nömrəli yeni su sayğacı quraşdırılmışdır (09 avqust 2019-cu il tarixli 02/05023 nömrəli “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” Akt və 09 avqust 2019-cu il tarixli İnventarizasiya Aktı abonentin nümayəndəsi kimi Bahadur Ramazanov tərəfindən imzalanmışdır). İşə əlavə olan "xxxx" MMC-in su təchizatı ilə əlaqədar tərtib edilmiş Abonent haqqında Məlumatda əks olunmuş məlumatlarla müəyyən olunur ki, qüsurlu olduğu üçün 04 iyul 2019-cu ildə çıxarılmış sayğac tərəfindən və eləcə də, 09 avqust 2019-cu ildə quraşdırılmış yeni sayğac tərəfindən istifadə olunan suyun hesabatı aparılmışdır (məsələn, köhnə sayğacın dövründə - 2019-cu ilin yanvar ayı üçün 7689 m3, fevral ayı üçün 8046 m3, mart ayı üçün 7542 m3, aprel ayı üçün 8956 m3 və iyun ayı üçün 7513 m3və s.). Eləcə də, Abonent haqqında Məlumatda əks olunmuş məlumatlarla müəyyən olunur ki, 04 iyul 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəylə aşkar edilən qüsurlara görə 12 (on iki) aylıq dövrü əhatə edən müddətə hesablanmış 115257 manat məbləğində (115257 m3 həcmində) əlavə sərfiyyat müəyyən edilərək, 2019-cu ilin iyul ayında borc kimi həmin Məlumata daxil edilmişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda müəyyən məbləğlərdə ödənişlər aparıldığından, ümumi qalıq borcun məbləği azalmışdır. İş materiallarında olan, Cavabdeh ASC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 04 iyul 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəylə aşkarlanan müdaxiləyə əsasən hesablanmış hesabat “Sudan istifadə Qaydaları”nın 4 saylı Əlavəsinə uyğun olaraq 1 (bir) il müddətinə aparılaraq, 115257 m3 həcmində (115257 manat dəyərində) əlavə sərfiyyat müəyyən edilmişdir. Eyni zamanda, 04 iyul 2019-cu il tarixli Akt əsasında çıxarılmış sayğac tərəfindən 2019-cu ilin yanvar ayı üçün 7689 manat, 2019-cu ilin fevral ayı üçün 8046 manat, 2019-cu ilin mart ayı üçün 7542 manat, 2019-cu ilin aprel ayı üçün 8956 manat, 2019-cu ilin may ayı üçün 9003 manat və 2019-cu ilin iyun ayı üçün 7513 manat məbləğlərində hesabatlar aparılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən zərərin ödənilməsi dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07. 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar): - 6.10-ci bəndinə əsasən, zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir; - 6.15-ci bəndinə əsasən, suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Müddəaların tələblərindən göründüyü kimi, suölçən cihazın zədələnməsi istehlakçının təqsiri olmadan və təqsiri üzündən baş verdiyi hallar, həmçinin cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcminin hesablanması üçün suölçən cihaza müdaxilənin edilməsi və ya suölçən cihazın pozuntusu müəyyən olunmalıdır. İstehlakçının müdaxiləsinə onun təqsiri səbəbindən suölçən cihazın zədələnməsi, yəni hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s. aiddir. Suölçən cihazın pozuntusu kimi suölçən cihazın göstəricilərinin xətasının AİBNDAnın müəyyən etdiyi normalardan artıq olması aiddir ki, bu halda ilk əvvəl xətanın baş verdiyi və onun normadan artıq olduğu müəyyən edilməlidir. Qaydaların 6.16-cı bəndinə əsasən Su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Qaydaların 6.17-ci bəndinə əsasən tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. İşdə olan Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “Sumqayıt Texnoloğiyaları Parkı”nda su sayğacın yoxlanılmasına dair tərtib edilmiş 04.07.2019-cu il tarixli aktda qeyd edilmişdir ki, “Tərəfimizdən sayğac sökülərək dövrü yoxlaması üçün NÖCİ-nə göndəriləcəkdir. Birbaşa birləşmə verildi. dövlət möhürü yoxdur. Çıxarılan sayğac istismara yararsız olduğundan NÖC idarəsi tərəfindən yenidən sayğac quraşdırıldı.” Cavabdehin Nəzarət-Ölçü Cihazları İdarəsinin X3 Laboratoriyası tərəfindən tərtib edilmiş 04.07.2019-cu il tarixli 00416/0045344 nömrəli Rəyi ilə müəyyən edilmişdir ki, 04.07.2019-cu il tarixli Akt əsasında çıxarılaraq Laboratoriyada yoxlanmaya təqdim edilmiş sayğacın zavod möhürü yoxdur. Həmin sayğacın hesablama mexanizmini kipləşdirən halqanın vintləri tam sıxılmayıb və zavod plombu bağlanan vintdə vintaçanın izləri var. Həmin sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunur. Sayğac təmirə və istismara yararsızdır. İşdə olan Cavabdeh ASC-nin “Sumqayıt Sukanal İdarəsinin Sumqayıt şəhər Prokuroruna ünvanlandığı 24.12.2019-cu il tarixli, İA-02/1-2161 saylı məktubunda bildirilmişdir ki, "xxxx" MMC-yə məxsus STP metal emalı müəssisəsində olan su sayğacı 01.08.2009-cu il tarixdə Azərsu ASC-nin nümayəndəsi Davud Rüstəmov tərəfindən quraşdırılmış və STP-nin nümayəndəsi Samir Yunusova təhvil verilmişdir. Sonuncu dəfə sayğacın göstəricisi 27.06.2019-cu il tarixdə Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin su kəməri təsərrüfatında nəzarətçisi Emin İbrahimov tərəfindən oxunmuşdur. Sayğac quraşdırıldığı gündən 04.07.2019-cu il tarixində ilk dəfə çıxarılaraq laboratoriyaya göndərilib. Laboratoriya rəyinə əsasən sayğaca müdaxilə edilməsi faktı aşkar edilmiş, bu səbəbdən Nəzarət Ölçü Cihazları İdarəsi tərəfindən 09.08.2019-cu il tarixində öncədən ödənişli smart kart tipli su sayğacı quraşdırılmışdır. Göründüyü kimi, həm aktda, həm rəydə suölçən cihazın zədələnməsi, müdaxilə halları aşkar edilsədə, pozuntunun məhz istehlakçının təqsiri üzündən baş verməsi müəyyən olunmur və bu halların cavabdeh tərəfindən araşdırılması iş materialları ilə təsdiqini tapmır. Yuxarıda adı çəkilən Qaydaların 6.15.1-ci bəndinə görə istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmində müəyyənləşdirir və hesablaşma aparır: Qaydaların 4 nömrəli əlavəsində “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyriqanuni istifadənin həcminin müəyyən edilməsi Cədvəli”ndə su borunun iç diametrindən asılı olaraq saatlıq su sərfi (m3 ) və kommersiyayönlü təşkilatlar üzrə 5 saat daxilində 30 iş günlərinə münasibətdə 1 aylıq və 3 aylıq sərfiyyat (m3 ) qeyd edilmişdiir. Həmin əlavənin “Qeydlər” hissəsində göstərilmişdir ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətindən yuxarıdakı cədvələ əsasən hesablanır. Qaydaların 6.10-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qaydaların 6.5-ci -bəndinə əsasən İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKMin vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. Göründüyü kimi, Qaydalarda, istehlakçının suölçən cihaza müdaxiləsi halında su həcminin müəyyən edilməsi tənzimlənsə də, lakin dəymiş zərər məbləğinin hansı müddət üzrə hesablanması bu qanunvericilikdə əks olunmamışdır. Su təchizatı sisteminə qanunsuz qoşulma aşkar edildikdə və onun tarixini müəyyən etmək mümkün olmadıqda, suyun həcmi ötən 1 il müddətində hesablanmalıdır. Qaydaların 6.17-ci bəndi yalnız istehlakçının təqsiri üzündən dəymiş ziyanın hesablanmasını nəzərdə tutur. Məhkəmə kollegiyası cavabdehin istinad olunan Qaydaların 6.15.2-ci bəndinə əsaslanmaqla dəymiş zərərin məbləğinin 12 aylıq dövr üzrə hesablanması barədə dəlili əsassız olduğundan qəbul etmir. Belə ki, cavabdehin istinad edilən hesablama qaydası digər hala, yəni suölçən cihazın göstəricilərinin müəyyən edilmiş normalardan artıq olması halına - pozuntuya aiddir. Məhkəmə kollegiysası onu da qeyd edir ki, iddiaçı tələbində hesablanmış borcun bütövlikdə silinməsini xahiş etmiş, lakin bu tələbi tam təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Tərəflər arasında mübahisəli məsələ iddiaçı tərəfindən yol verilmiş qanun pozuntusuna görə zərərin məbləğinin müəyyən edilməsi ilə bağlıdır. Cavabdeh şikayətdə qətnamənin qismən ləğv olunmasını – iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddia tələbinin tam rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göründüyü kimi, qanunvericilik qətnamənin əsaslığının qismən yoxlanılması üçün qanunla müəyyən edilmiş hər iki şərt: 1. apellyasiya şikayətinin qətnamənin tam ləğvinə yönəlməməsi; 2. mübahisə predmetinin bölünməz olmaması məcmu halda mövcud olmalıdır. Cavabdehin apellyasiya şikayəti qətnamənin tam ləqvinə yönəlmədikdə (şikayətdə qətnamənin qismən ləğv olunması –iddianın təmin olunan hissəsində ləğv edilməsini iddia tələbinin tam rədd olunmasını xahiş etmiş) və mübahisənin predmeti bölünməz olmadıqda qətnamənin əsaslığını qismən – onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılır. Hazırkı işdə məhkəmə kollegiyası qətnamənin əsaslılığının onun mübahisələndirilən hissəsində - iddianın təmin olunan hissəsində yoxlamış və məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.1.1 və 404.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin bu iş üzrə 25 sentyabr 2020-ci il tarixli e-2- 2(119)-24/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 15 manat məbləgində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi, Sumqayıt Məhkəmə Kompleksi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-94/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-94/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver