Məhkəmə qərarları › İş №2-2(105)-95/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-95/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-95/2024 30.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağakişiyeva Lətafət Almazxan qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-22/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-22/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh (VÖEN **********) 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsinin uçmasına görə 25400 (iyirmi beş min dörd yüz) manat məbləğində maddi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 3 (üç) manat hissəsi olmaqla, cəmi 25403 (iyirmi beş min dörd yüz üç) manat məbləğində pul vəsaitinin İddiaçı (VÖEN **********) xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh dövlət nəfinə tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Z.Sadiqov). Qətnamədən İddiaçı və Cavabdeh apellyasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı 06 fevral 2020-ci ildə Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 200000 (iki yüz min) manat və mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 90% hissəsi onun, qalan 10% hissəsi isə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Qeyri-yaşayış binasının paylara bölünməsi Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 1990-cı il tarixli qərarına əsasən aparılmışdır. Onun hüququ 01 noyabr 2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Həmin qeyri-yaşayış binası 2 mərtəbədən ibarətdir. Bu binanın 2-ci mərtəbəsinin 110,84 kvadrat metr sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh ona məlumat vermədən, qeyri-yaşayış binasının öz payına düşən sahənin üstünə aid çardaq hissəsindən başlayaraq onun mülkiyyətində olan sahəyə qədərki hissədə tikinti işləri başlamış və onun çardağa girişini məhdudlaşdırmışdır. Belə ki, cavabdeh beton paneli deşərək binanın çardaq hissəsinə çıxış açmış, beton dayaq hissələri kəsərək çardaq hissədə kirayəçi yerləşdirmək məqsədilə otaq, hamam və sanitar qovşağı quraşdırmağa başlamışdır. Orada pəncərə açmış, kanalizasiya xətləri çəkmiş, kondisioner quraşdırmış və sair. Bununla da çardaqda əlavə tikinti işləri aparan cavabdeh binaya əlavə yüklənmə vermiş və buna görə də ona (iddiaçıya) aid 14 metr uzunluğu olan 150 kv.metrdən ibarət ikinci mərtəbənin tavan panelləri 1-ci mərtəbəyə düşmüşdür. 1-ci mərtəbənin tavan panelləri də öz növbəsində yüklənmə nəticəsində birinci mərtəbənin döşəməsinə düşmüşdür. Qalan təxminən 170 kvadrat metrlik hissə dağıntı və yüklənmə nəticəsində deformasiyaya uğrayaraq yararsız hala düşmüşdür. Binanın texniki vəziyyəti nəzərə alınmadan cavabdeh tərəfindən aparılmış tikinti işləri nəticəsində həmin dağıntı baş vermiş, binanın damına çıxış isə tamamilə qapanmış və bina qəzalı vəziyyətə düşmüşdür. O, qəzalı vəziyyət haqqında məlumat aldıqdan dərhal sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 13 dekabr 2019-cu il tarixli cavab məktubunda ona bildirilmişdir ki, Cavabdeh qeyd edilən ünvanda yerləşən tikilidə tikinti-quraşdırma işlərinin aparılmasına hər hansı bir icazə sənədi verilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin 07 yanvar 2020-ci il tarixli məktubunda mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binada təmir və yenidənqurma işlərinin aparılmasının müşahidə edildiyi, lakin həmin işlərə müvafiq icazə sənədləri verilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, binanın 90%-dən ibarət hissəsinə mülkiyyət hüququ üzrə sahiblik edən şəxs olaraq ona məlumat vermədən və onunla razılaşdırmadan özbaşına tikinti-quraşdırma işləri aparan cavabdeh, müvafiq dövlət qurumlarının da razılığı olmadan özbaşına olaraq tikinti-quraşdırma işləri aparmaqla onun mülkiyyətinə qəsd etmiş, ona maddi və mənəvi zərər vurmuşdur. Qeyd etmək lazımdır ki, 2008-ci ildə onun mülkiyyətində olan daşınmaz əmlak kredit götürmək məqsədilə girov qoyulan zaman qiymətləndirmə aparılmış və həmin qeyri-yaşayış sahəsinin ona aid hissəsinin qiyməti 750000-780000 manat müəyyən edilmişdir ki, indi bu qiymət ******* manat edir. Bu baxımdan, cavabdeh tərəfindən aparılmış rekonstruksiya işləri nəticəsində binanın təxminən 1/5 hissəsi yararsız hala düşdüyündən, ona 200000 manatdan artıq maddi zərər vurulmuşdur. Həmçinin, əlavə olaraq bildirir ki, onun mülkiyyətində olan sahənin 1-ci mərtəbəsində dağıntı altında qalan mal və materiallar olmuşdur ki, indi onlar da tam yararsız vəziyyətdədir. Ona görə də, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmalıdır. Göründüyü kimi, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir və bu zərərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Həmin iddia ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(060)-21/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair” iddia tələbi rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(060)-21/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli 2(105)- 725/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(060)-21/2022 nömrəli qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası kommersiya mübahisəsi hesab edilərək, həmin iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsində məhkəmə prosesi başlandıqdan sonra iş üzrə Cavabdeh tərəfindən məhkəməyə 19 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia tələbinə qarşı yazılı etiraz, 06 iyun 2023-cü ildə iddia tələbinə qarşı yazılı münasibət, 06 iyul 2023-cü ildə iddia tələbinə qarşı yazılı izahat, 30 oktyabr 2023-cü ildə iddia tələbinə qarşı yazılı "nəticə", 30 yanvar 2024-cü ildə “22 yanvar 2024-cü il tarixli 07-02/24 nömrəli mütəxəssis rəyinə” yazılı etiraz, 01 aprel 2024-cü ildə "1992-ci il təməl qoyma mühəndis aktına dair" yazılı izahat, 01 may 2024-cü ildə ekspert rəyinə yazılı "pretenziya" və 20 may 2024-cü ildə “iddia tələbinə qarşı yazılı mövqe" təqdim edilərək, İddiaçı ona qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasının təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin yazılı müraciətlərində o, öz mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının 1ci və 2-ci mərtəbələrinin ümumi sahəsi 1086,56 kv.m olan hissəsi İddiaçı, 2-ci mərtəbəsinin 110.4 kv.m sahəsi isə ona məxsusdur və o, özünə məxsus qeyri-yaşayış sahəsindən yaşayış yeri kimi istifadə edir. 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı aid 2-ci mərtəbəsinin orta hissəsində, yəni 2-ci mərtəbə ilə çardaq arasındakı “boşluqlu yığma dəmir-beton örtük tavaları” uçaraq mərtəbələrarası örtük tavanlarının, yəni 1-ci və 2-ci mərtəbələrin arasındakı örtük tavanların üzərinə düşmüş və nəticədə iddiaçıya aid hissədə ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu tavalar” və digər dəmir-beton konstruksiyalar uçub-dağılmışdır. Lakin, bu hadisənin baş verməsinə onun özünə aid hissədə apardığı təmir işləri səbəb olmamışdır. O, hesab edir ki, həmin hadisəyə iddiaçının öz təqsirinə görə binanın bünövrəsinə axıdılan su, binanın 2-ci mərtəbəsinin uçuntunun baş verən hissəsində iddiaçıya aid idman zalının olması və s. hallar səbəb olmuşdur. Bununla belə, o, hesab edir ki, 08 sentyabr 2019-cu ildə baş vermiş uçub-dağılma hadisəsi nəticəsində binaya iddia tələbində qeyd olunduğu kimi 200000 manat məbləğində deyil, cəmi 25400 manat məbləğində zərər dəymişdir. Bununla belə, həmin zərərin hamısı ona aid edilə bilməz. Çünki, həmin qeyri-yaşayış sahəsinin 90 faizi iddiaçıya, 10 faizi isə ona aid olduğundan, 25400 manat məbləğində dəymiş zərərin də 22860 manat hissəsi iddiaçının payına, 2540 manat hissəsi isə onun payına düşür. Lakin, 2021-ci ildən uçuntunun baş verdiyi iddiaçıya məxsus həmin qeyri-yaşayış sahəsi 2021-ci ilin sentyabr ayından alınmış kreditin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verildiyindən, 25400 manat məbləğində zərər də İddiaçı deyil, "xxxx" ASC-yə dəymişdir. Buna görə də, onun öz hesabatına görə qeyri-yaşayış binasına dəymiş cəmi 25400 manat məbləğində maddi zərər İddiaçı xeyrinə tutulmamalıdır. Məhkəmə iclaslarında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahatlar verərək, iddianın təmin edilməsi və Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 200000 manat və mənəvi zərərin əvəzi olaraq 50000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və izahatlarında tələbini onunla əsaslandırmışdır ki, o, hüuqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbəsinin ümumi sahəsi 1086,56 kv.m olan hissəsi 2021-ci ilin sentyabr-oktyabr aylarınadək onun xüsusi mülkiyyətində olmuşdur. Həmin binanın 2-ci mərtəbəsinin 110,4 kv.m sahəsi isə Cavabdeh məxsus olmuş və sonuncu onunla razılaşdırmadan və müvafiq dövlət orqanlarından heç bir icazə almadan özünə məxsus qeyri-yaşayış sahəsindən yaşayış yeri kimi istifadə etmək üçün yenidənqurma və tikinti işləri apararaq, ona aid hissənin və ümumilikdə binanın möhkəmliyi üçün təhlükəli olan əsaslı dəyişikliklər etmişdir. Yəni, cavabdeh binanın ona məxsus hissəsindən paneli sökmüş, çardağın alt hissəsndə mansard tikmiş, çardağın altına böyük kondisioner yerləşdirmiş və cavabdehin mansard tikməsi binanın möhkəmliyinə ciddi təhlükə yaratmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində də 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri-yaşayış binasının ona aid 2-ci mərtəbəsinin orta hissəsində, yəni 2-ci mərtəbə ilə çardaq arasındakı “boşluqlu yığma dəmir-beton örtük tavaları” uçaraq mərtəbələrarası örtük tavalarının, yəni 1-ci və 2-ci mərtəbələrin arasındakı örtük tavaların üzərinə düşmüş və nəticədə ona aid hissədə ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu tavalar” və digər dəmir-beton konstruksiyalar uçub-dağılmışdır. Həmin vaxt o, Rusiyanın Samara şəhərində olsa da, hadisə barədə ona telefonla məlumat verilmiş və buna görə də o, 2019-cu ilin oktyabr ayında geri qayıdaraq, baş vermiş qəza ilə əlaqədar müvafiq dövlət orqanlarına məlumat verib, araşdırmalar aparmış və məlum olmuşdur ki, Cavabdeh özünə aid qeyri-yaşayış sahəsini yaşayış sahəsi kimi istifadə etməsi ilə əlaqədar binanın çardaq tərəfindən birləşmələri sökdüyü və binanın bir-birinə birləşən yerlərini uçurdub-kəsdirdiyi üçün bütün sistem pozulmuş və bunun nəticəsində həmin uçuntu olmuşdur. Çünki, cavabdeh çardağa çıxış açmaq üçün özünə aid olan hissədən bir paneli qırmışdır. Həmin qırılmanın binanın ona aid olan hissəsinə də təsiri olmuşdur. Belə ki, binanın ona məxsus hissəsində uçan panellərin bir hissəsi ümumi olan çardaqdan cavabdehə aid hissənin çardaq tərəfinə də keçirdi. Panel”n biri götürülüb qoyulanda digər panellərə də zərər dəyir. Qeyd olunan 36 ədəd panelin cavabdehin apardığı yenidənqurma və təmir işləri nəticəsində 08 sentyabr 2019-cu ildə uçması ilə əlaqədar həmin vaxt "xxxx" Açıq Səhmdar Cəmiyyətində borca görə girovda olan ona məxsus qeyri-yaşayış sahəsinin dəyəri dəfələrlə aşağı düşmüş və cavabdeh binanın bərpa olunması üçün dəymiş zərəri ödəmədiyinə görə 2009-cu ildə birinci dəfə kredit götürüləndə bazar satış qiymətlərinə əsasən təqribən 780000-800000 manat məbləğdə qiymətləndirilərək banka girov qoyulmuş binanın dəyəri həmin uçuntuya və qəzaya görə dəfələrlə aşağı düşmüş və buna görə də, 2021-ci ilin sentyabr ayında keçirilən hərracda binanın qiyməti 355000 manat məbləğində müəyyən edilsə də, bina cəmi 224600 manat məbləğində qiymətləndirilərək bankın mülkiyyətinə keçmişdir. Ona görə də, 2021-ci ilin sentyabr ayından sonra məlum bina "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmiş olsa da, 08 sentyabr 2019-cu ildə baş vermiş uçuntu nəticəsində mülkiyyətçi olduğu üçün ona maddi və mənəvi zərər dəymişdir. Çünki, 08 sentyabr 2019-cu ildə binanın 36 panelinin uçması binanın qiymətinə təsir etmişdir və həmin uçuntu olmasaydı, bina açıq hərracda öz mövcud dəyərinə və daha baha qiymətə satıla bilərdi. Odur ki, hal-hazırda o, məlum binanın mülkiyyətçisi olmasa da, mülkiyyətçi olduğu dövrdə cavabdehin təqsirindən ona külli miqdarda maddi-mənəvi zərər dəymişdir və cavabdeh bu zərəri ödəməlidir. Məhkəmə iclaslarında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı etiraz və məhkəməyə təqdim etdiyi digər yazılı müraciətlərində göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı tərəfindən ona qarşı verilmiş “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin 110.4 kv.m sahəsi ona, həmin binanın 1-ci və 2ci mərtəbələrinin ümumi sahəsi 1086,56 kv.m olan hissəsi isə İddiaçı məxsusdur. Lakin, o, özünə məxsus qeyri-yaşayış sahəsindən yaşayış yeri kimi istifadə edir. 08 sentyabr 2019cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyriyaşayış binasının İddiaçı aid 2-ci mərtəbəsinin orta hissəsində çardaqla 2-ci mərtəbə arasındakı dəmir-beton panellər uçaraq 1-ci və 2-ci mərtəbələrin arasındakı panellərin üzərinə düşmüş və nəticədə iddiaçıya aid hissədə ümumilikdə 36 ədəd panel uçub dağılmışdır. Lakin, bu hadisənin baş verməsinə onun özünə aid hissədə apardığı təmir işləri səbəb olmamışdır. Çünki, o, təmir işləri apararkən daşıyıcı sütunları və ya divarları dağıtmamış, yalnız bir ədəd “alçipan” vurmuş və sanitar qovşağı tikmişdir. Həmin hadisəyə binanın bünövrəsinə axıdılan su, uçuntunun baş verdiyi binanın iddiaçıya aid hissəsində idman zalının olması və s. hallar səbəb olmuşdur. Yəni, panellər onun təmir işlərinə görə uçmamışdır. Onun təmir işləri binanın uçmasına 3-5% təsir etsə belə, o, iddia tələbinin 3- 5% hissəsini də ödəməyə razı deyildir. Çünki, o, hesab edir ki, 08 sentyabr 2019-cu ildə baş vermiş uçub-dağılma hadisəsi nəticəsində binaya, iddia tələbində qeyd olunduğu kimi, 200000 manat məbləğində deyil, cəmi 25400 manat məbləğində zərər dəymişdir və bu məbləğdə zərərin dəyməsi onun məhkəməyə təqdim etdiyi hesabatla təsdiq olunur. Bununla belə, həmin zərərin hamısı ona aid edilə bilməz. Çünki, həmin qeyri-yaşayış sahəsinin 90 faizi iddiaçıya, 10 faizi isə ona aid olduğundan, 25400 manat məbləğində dəymiş zərərin də 22860 manat hissəsi iddiaçının payına, 2540 manat hissəsi isə onun payına düşür. Lakin, uçuntunun baş verdiyi iddiaçıya məxsus həmin qeyri-yaşayış sahəsi 2021-ci ilin sentyabr ayından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçdiyindən, həmin 25400 manat məbləğində zərər də İddiaçı deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəymişdir. Çünki, İddiaçı 2021-ci ildən həmin binaya mülkiyyət hüququnu itirmişdir. Buna görə də, onun öz hesabatına görə müəyyən olunan cəmi 25400 manat məbləğində maddi zərər İddiaçı xeyrinə tutula bilməz. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyriyaşayış binasının 90% hissəsi onun, qalan 10% hissəsi isə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Bu hüquq 01 noyabr 2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmiş, onun mülkiyyətinə 1086,56 kv.metr sahə düşmüşdür. Həmin qeyri-yaşayış binası 2 mərtəbədən ibarətdir. Bu binanın 2-ci mərtəbəsinin 110,84 kvadrat metr sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh ona məlumat vermədən, 2019-cu ilin sentyabr ayında qeyri-yaşayış sahəsinin üstünə aid çardaq hissədən başlayaraq onun mülkiyyətində olan sahəyə qədərki hissədə tikinti işləri başlamış və çardağa girişi məhdudlaşdırmışdır. Cavabdeh beton paneli deşərək binanın çardaq hissəsinə çıxış açmış, beton dayaq hissələri kəsərək çardaq hissədə kirayəçi yerləşdirmək məqsədilə otaq, hamam, sanitar qovşağı quraşdırmağa başlamışdır. Orada pəncərə açmış, kanalizasiya xətləri çəkmiş, kondisioner quraşdırmış və sair. Bununla da çardaqda əlavə tikinti işləri aparan cavabdeh binaya əlavə yüklənmə vermiş və buna görə də iddiaçıya aid 14 metr uzunluğu olan 150 kv.metrdən ibarət ikinci mərtəbənin tavan panelləri 1-ci mərtəbəyə düşmüşdür. 1-ci mərtbənin tavan panelləri də öz növbəsində yüklənmə nəticəsində birinci mərtəbənin döşəməsinə düşmüşdür. Qalan təxminən 170 kvadrat metrlik hissə dağıntı və yüklənmə nəticəsində deformasiyaya uğrayaraq yararsız hala düşmüşdür. Binanın texniki vəziyyəti nəzərə alınmadan cavabdeh tərəfindən aparılmış tikinti işləri nəticəsində həmin dağıntı baş vermiş, binanın damına çıxış isə tamamilə qapanmış və bina qəzalı vəziyyət almışdır. Bu məlumatı aldıqdan dərhal sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 13 dekabr 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh qeyd edilən ünvanda yerləşən tikilidə tikinti-quraşdırma işlərinin aparılmasına hər hansı bir icazə sənədi verilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin 07 yanvar 2020-ci il tarixli məktubunda sözügedən qeyri-yaşayış binasının yaşayış sahəsi yerləşən hissəsində təmir və yenidənqurma işlərinin aparılmasının müşahidə edildiyi, lakin həmin işlərə müvafiq icazə sənədləri verilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, binanın 90%dən ibarət hissəsinə mülkiyyət hüququ üzrə sahiblik edən şəxs olaraq ona məlumat vermədən və onunla razılaşdırmadan, həmçinin müvafiq dövlət qurumlarının da razılığı olmadan özbaşına tikinti-quraşdırma işləri aparan cavabdeh onun mülkiyyətinə qəsd etmiş, ona maddi və mənəvi zərər vurmuşdur. Qeyd etmək lazımdır ki, 2008-ci ildə mülkiyyətində olan daşınmaz əmlak kredit götürmək məqsədilə girov qoyulan zaman qiymətləndirmə aparılmış və həmin qeyri-yaşayış sahəsinin qiyməti 750000-780000 manat müəyyən edilmişdir ki, indiki qiymətlərlə bu qiymət ******* manat edir. Cavabdeh tərəfindən aparılmış rekonstruksiya işləri nəticəsində binanın təxminən 1/5 hissəsi yararsız hala düşdüyündən, ona 200000 manatdan artıq maddi zərər vurulmuşdur. Həmçinin, əlavə olaraq bildirir ki, mülkiyyətində olan sahənin 1-ci mərtəbəsində dağıntı altında qalan mal və materiallar olmuşdur ki, indi onlar da tam yararsız vəziyyətdədir. Ona görə də, cavabdeh tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Cavabdehin yenidənqurma işləri aparması nəticəsində 08 sentyabr 2019cu ildə məlum uçma hadisəsi baş vermişdir. 2020-ci ilin fevral ayında hazırkı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmədə iş üzrə iki dəfə ekspertiza keçirilmiş və cavabdehin qanunsuz təmir etməsi ilə bağlı rəy verilmişdir. İş materiallarında iddiaçıya aid məlum binanın "xxxx" ASC-nin mülkiyyətinə keçməsi ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 13 oktyabr 2021-ci il tarixli məktubu var. Amma binanın uçması 08 sentyabr 2019-cu ildə olmuş və həmin vaxt, yəni uçma hadisəsi baş verərkən bina onun (iddiaçının) mülkiyyətində olmuşdur. İddia ərizəsi isə məhkəməyə 06 fevral 2020-ci il tarixdə verilmişdir. Yəni, iddia ərizəsi verilərkən də bina iddiaçının mülkiyyətində olmuşdur. Onun "xxxx" ASC-nin mülkiyyətində olan binanı təmir etməyə subyektiv hüququ olmadığı üçün o, təmir pulunu deyil, 08 sentyabr 2019-cu ildə uçma hadisəsi baş verməsi nəticəsində mülkiyyətçi olaraq ona dəyən maddi və mənəvi ziyanın əvəzini tələb edir. Binanın "xxxx" ASC-nin mülkiyyətində olması isə iddia tələbinə təsir etmir. Çünki o, bina "xxxx" ASC-nin mülkiyyətinə keçməmişdən əvvəl binanın uçması nəticəsində dəymiş ziyanın ödənilməsini tələb edir. Buna görə də, "xxxx" ASC-nin iş üzrə üçüncü şəxs qismində cəlb olunması və məhkəmə iclaslarına dəvət edilməsi də hazırkı iş üçün əhəmiyyət kəsb etmir. Çünki, iddiaçı hal-hazırda "xxxx" ASC-nin mülkiyyətində olan binanın yenidən qurulmasını, bərpasını və yaxud təmir olunmasını tələb etmir. İddiaçı hazırkı iddia tələbində məlum bina onun mülkiyyətində olan dövrdə, yəni 2019-cu ilin sentyabr ayında cavabdehin təqsiri ucbatından çardaqarası və mərtəbələrarası cəmi 36 ədəd panelin uçması nəticəsində ona dəyən maddi və mənəvi ziyanı tələb edir. Həmin binanı cavabdeh qəzalı vəziyyətə salmış və binanın dəyəri azaldığından hərracda daha ucuz qiymətləndirilmiş, bu da həmin vaxt mülkiyyətçi olmuş ona ciddi zərərlə nəticələnmişdir. Belə ki, işdə olan xx.xx.2007-ci il tarixli məktubla “Bizim şəhər” Daşımaz Əmlak Kompaniyası Sumqayıt şəhəri, 42-ciməhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri-yaşayış binasında 1086,56 kv.metr qeyri-yaşıyş sahəsinin təqribi bazar qiymətinin 750-800 min manat təşkil etdiyini bildirmişdir. Lakin hərrac keçirilən zaman bina qəzalı vəziyyətə düşdüyündən həracda onun qiyməti 350.000 manat dəyərləndirilmiş və sonda 200.000 manat həddində bütünlüklə bankın mülkiyyətinə keçmişdir. Əgər cavabdeh binanı qəzalı vəziyyətə salmasaydı, bina ən azından 800.000 manata dəyərləndirilə bilərdi və bankın 200.000 manatı ödənilməklə, qalan vəsaiti mülkiyyətçi kimi o, əldə edə bilərdi. Cavabdeh isə iddianı qismən qəbul etdiyini bildirərək onun apardığı təmir işlərinin binanın uçmasına 3-5% təsir etdiyini iddia edir... 30 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2350 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azkommunlayihə” KLİ-nin 14 dekabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti, 10 ünvanında yerləşən dağılmış qeyri-yaşayış binasının hazırkı texniki vəziyyəti qəzalı kimi müəyyən olunmuşdur. Lakin, qeyri-yaşayış sahəsinə dəymiş ziyanın məbləği, həmin ev üzrə müvafiq təşkilatların mütəxəssisləri tərəfindən müayinə-tədqiqat işləri aparılaraq, bərpa işləri ilə əlaqədar yerinə yetirilməli söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir işlərinin ümumi həcmi dəqiqləşdirildikdən və həmin işlərə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi özünün xx.xx.2024-cü il tarixli məktubu ilə bidirmişdir ki, “Agentliyin tabeliyində olan Təsisatdan kənar Dövlət Ekspertizası Baş İdarəsi tərəfindən yalnız dövlət vəsaitiləri hesabına maliyyələşdirilən obyektlərin smeta sənədləri ekspertizadan keçrilir.” Yəni Agentlik belə rəy vermədiyindən tərəfindən "xxxx" MMC ilə müqavilə bağlanılaraq dəymiş ziyanın məbləği müəyyən edilmişdir. 22 yanvar 2024-cü il tarixli 07-02/24 nömrəli rəylə müəyyən edilmişdir ki, 08 sentyabr 2019-cu il tarixinə binaya 150615,69 manat (bir yüz əlli min altı yüz on beş manat 69 qəpik) məbləğdə zərər dəymişdir. Həmin rəy məhkəməyə elə 2024-cü ilin yanvar ayında təqdim edilmişdir ki, bu rəyi məhkəmə Ədliyyə Nazirlyinin Ekspertiza Mərkəzinə göndərsin. Lakin məlum olmayan səbəblərdən məhkəmə bu rəyi Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərməmiş, yəqin bu səbəbdən Ekspertiza Mərkəzi özünün 30 aprel 2024-cü il tarixli rəyində mütəxəssis rəyinə istinad etməmişdir. Lakin “Məhkəmə Ekspertiza Xidmətləri" MMC-nin 22 yanvar 2024-cü il tarixli 07-02/24 nömrəli rəyi ilə 08 sentyabr 2019-cu il tarixinə binaya 150615,69 manat zərər dəyməsi barədə rəyin məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə bu rəyi “görməməzliyə” vurmuş, əvəzində qətnamədə yazmışdır ki, “məhkəmə araşdırması zamanı məlum uçuntu nəticəsində dəymiş zərərin məbləğinin müəyyən olunması üçün məhkəmə tərəfindən müvafiq ekspertizalar təyin olunsa da, ekspertlər tərəfindən bununla bağlı rəy verilməsi mümkün olmamışdır... Halbuki, Cavabdeh 01 may 2024-cü ildə məhkəməyə "ekspert rəyinə yazılı Pretenziya" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq olunmuş “Smeta” təqdim edərək, 08 sentyabr 2019-cu ildə baş vermiş məlum uçuntu nəticəsində iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinə 25400 (iyirmi beş min dörd yüz) manat məbləğində zərər dəydiyini etiraf etmişdir. Hakim də Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından tərtib və təsdiq olunmuş “Smeta” sənədinə istinad edərək 25400 manat məbləğində zərərin əvəzinin tutulmasını qət etmişdir. Belə qətnaməni imzalayan hakimdən soruşulmalıdır ki, məgər cavabdeh ekspertiza və ya mütəxəssis rəyini əvəz edən rəy verə bilər? Belə “rəyi” məhkəmə sübut növü kimi qəbul edə bilər? Məgər belə məsələ xüsusi bilik tələb edən məsələ deyil? İşin göstərilən bu halları təsdiq edir ki, məhkəmə bilərəkdən işin faktiki halları üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə qətnamədə yazmışdır ki “200000 (iki yüz min) manat məbləğində maddi zərərin tutulması” hissəsində iddia tələbi qismən əsaslı hesab edilməli və tərəflər arasında mövcud olmuş münasibətlər nəzərə alınmaqla, işin halları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci və 106-cı maddələrinin tələbləri baxımından qiymətləndirilərək, Cavabdeh Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsinin 08 sentyabr 2019-cu ildə uçmasına görə 25400 manat məbləğində maddi ziyanın əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Lakin, məhkəmə yuxarıda qeyd olunanlara və işin konkret hallarına əsasən hesab edir ki, əsaslılığı müəyyən edilmədiyindən və sübut olunmadığından iddianın “cavabdehdən mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat pulun tutulması” hissəsi isə təmin olunmamalıdır... Bununla bağlı bildirir ki, Cavabdeh müvafiq icazə olmadan, təmir və yenidənqurma işlərini aparmaqla yükdaşıyan dəmir-beton konstruksiyalara - tirlərə müdaxilə nəticəsində binanı uçurması ilə əlavə olaraq onun (iddiaçının) mülkiyyətində olan sahənin 1-ci mərtəbəsində dağıntı altında qalan mal və materialları da məhv etmişdir. Bu hallar iddia ərizəsində də qeyd edilmişdir. Bundan əlavə, Cavabdeh bu qanunsuz və özbaşına hərəkətləri ilə kifayətlənməyərək “özünü sığorta etmək,” “iddiaçıya təzyiqlər etmək” məqsədi ilə onu Bakı şəhərində 3-4 dəfə müxtəlif məhkəmələrə vermiş, guya ona “maddi və mənəvi” ziyan dəyməsi adı ilə müraciətlər etmiş və bütün hallarda məhkəmələr onun uydurma tələblərini rədd etmişdir. Lakin artıq neçə illərdir ki, 73 yaşlı bir insan olaraq Cavabdeh bu uydurma ərizələrinə görə məhkəmələrin qapılarında qalmışdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(113)-3291/2024 saylı qətanaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı maddi ziyanın ödənilməsinə dair iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1584/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş 25.000 manat mənəvi zərərin ödənilməsi” iddi tələbi rədd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2790/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı 100.000 manat maddi ziyanın ödənilməsi iddia tələbi rədd edilmişdir. Son 3-4 il ərzində Cavabdeh onu əsassız olaraq məhkəmələrə verərək zamanını almış, ona mənəvi sarsıntılar yaşatmışdır. Adı çəkilən məhkəmə aktları da bu məhkəməyə təqdim edilmişdir. Lakin bu iş üzrə məhkəmə qətnamədə yazmışdır ki, mənəvi zərərin ödənilməsi barədə iddianın əsaslılığı müəyyən edilmədiyindən və sübut olunmadığından mənəvi zərərlə bağlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə işin bu faktiki halı üzrə də düzgün hüquqi nəticəyə gəlməmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 292 ünvanında təsisçisi olduğu "xxxx" MMC-nin inzibati binası 90/10 faiz nisbətində ədalətsiz bölgü ilə bölünmüşdür. Bu bölünmədən sonra 156 kv.metr sahə artıq 25 ildir onun yaşayış təminatı üçün istifadəsindədir. İddiaçının qanunsuz fəaliyyətləri nəticəsində binanın 36-cı korpusunun mərkəzi hissəsində 36 panelin sürüşüb düşməsi ilə qəza baş vermişdir. İddiaçının bütün iddia tələblərində bu məhz 36 panelə dəymiş zərərin ödənilməsi kimi təzahür edir. 36 panelin dəyəri müstəqil ekspertiza şirkəti tərəfindən bir panelin dəyəri 70 manat olmaqla cəmi 2520 manat kimi dəyərləndirilmişdir. İddiaçı bu illər ərzində 36 paneldən kənar və ya əlavə hadisənin onun ziddinə baş verməsi haqqında əlavə və qeydlə məhkəməyə iddia ilə müraciət etməmişdir. Hesab edir ki, binada dağılmaya əsas səbəb 2-ci mərtəbədə yerləşən 36-cı korpusda iddiaçı tərəfindən icarəyə verilmiş sahədə təyinatına zidd idman-trinajor zalının təşkil edilməsi, tavanda yük daşıyan atmalara 8 ədəd “qruşa” avadanlığının asılması olmuşdur. Hakim qətnamə qəbul edərkən FHN-dən olan mütəxəssisin iddiaçı ilə qohumluq əlaqələrinin nəticəsi, qərəzli rəy verməsi və bu rəydən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilməsi, ardınca Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi, iş materiallarında olan "xxxx" ASC-nin iddiası ilə hərracın ləğv olunmasına dair 2018-ci il qətnaməsi, qonşuluqda yerləşən yataqxananın yeraltı sular səbəbindən qəzalı vəziyyətdə olması, bu səbəbdən sökülməsini təsdiq edən video diski düzgün qiymətləndirməmişdir. Məhkəmə yeni açılmış hallar üzrə mühəndis və tibbi ekspertizanın təyin olunması, obyektə baxış keçirilməsi, FHN-in işçisi olan mütəxəssisin izah vermək üçün dəvət olunmasına dair vəsatətlərini təmin etməmişdir. Bununla işin sual doğuran hallarına aydınlıq gətirilməmişdir. Kommersiya baxışı zamanı qarşılıqlı iddiası səbəbsiz və qərardaddan apellyasiya şikayəti aidiyyatı üzrə göndərilmədən baxılmamış saxlanılmışdır. Sumqayıt Kommersiya Məhkəməsi haqlı olaraq mülkiyyət hüququ itirilmiş iddiaçının epizodik iddia vermək hüququnun olmasını əsas götürüb iddiasını qismən təmin etmiş, illərdir mübahisə obyekti üzrə mülkiyyətçi olmayan iddiaçının epizodik iddia deyərkən konkret 36 panelin dağılması epizodu üzrə dəymiş zərəri tələb etmək hüququ nəzərdə tutulmuşdur. Lakin Sumqayıt Kommersiya Məhkəməsində iddiaçının özünün 90 faiz günahı ucbatından baş vermiş dağıntıya görə bu epizodik iddia vermək hüququnun da itirməsini nəzərə almamışlar. Məhkəmə Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin eksperti Xəyyam İsgəndərovun kommersiya baxışı dövründə binanın qəzalı vəziyyətdə olması səbəbindən dağılması haqqında yekun rəyini nəzərə almadan iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Həmçinin, 1993-cü ildə tərəflər arasında bağlanmış müqavilənin 1.6-cı bəndinə əsasən müqaviləni pozmuş şəxsin (iddiaçının) 42-ci məhəllədəki mülkiyyət üzrə bütün hüquqlarının digər tərəfə (cavabdehə) keçməsi barədə olan razılaşmaya dair cavabdehin hakimə ərizəsi nəzərə alınmamışdır. Tərəfindən işə cəlb olunmuş binada təmir işləri aparan şahid Abdullayev Rəşada ifadə verərkən təzyiqlər göstərilmişdir. Üçüncü şəxs qismində Natiq müəllimin cəlb olunmasına, iddiaçının əsl iddiaçı və cavabdehin əsl cavabdehlə əvəzlənməsinə dair ərizəsi də təmin olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 öz apellyasiya şikayətlərinin dəlilləri ilə eyni məzmunlu izahat verdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil2 da öz apellyasiya şikayətlərinin dəlilləri ilə eyni məzmunlu izahat verdilər. Məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-2(119)-22/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, Sumqayıt şəhərində öz evi olmadığına görə 2019-cu ilin sentyabr ayında uçuntunun baş verdiyi Sumqayıt şəhərinin Koroğlu prospektində yerləşən və çox hissəsi tanışı İddiaçı, 2-ci mərtəbənin müəyyən bir hissəsi isə Cavabdeh məxsus olan qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki İddiaçı hissəsinə aid olan bir otaqda 20 ilə yaxın yaşamışdır. 2-ci mərtəbənin Cavabdeh aid hissəsində isə kirayəçilər yaşayırdılar. 2019-cu ilin sentyabr ayında baş vermiş uçuntu hadisəsindən təxminən beş ay əvvəl evə gəldikdə 2-ci mərtəbənin Qəhrəmana aid hissəsindən su axdığı üçün yuxarı çıxdıqda, Qəhrəmanın təmir işləri apardığını və ustaların binanın çardaq hissəsində işlədiklərini görmüşdür. O, həmin vaxt ustaların sement qarışdırdıqlarını və laqonda ilə betonları kəsdiklərini görmüş və bu təmir işləri ilə əlaqədar Qəhrəmana zəng edib, öz iradını bildirmiş və binanın uça biləcəyini demişdir. Lakin, Qəhrəman onun iradını nəzərə almayaraq, təmirini davam etdirmiş və təmirdən sonra Qəhrəmanın kirayəçiləri çardaqda yaşamışlar. Təmir zamanı Qəhrəman betonların üzərindəki tirləri birləşdirən yerləri kəsmiş və çardağa “padyez”dən çıxan yolu bağlamışdır. 2019-cu ilin sentyabr ayında isə işdən gəlib, həmin binanın yaşadığı otağında olarkən qəfildən gurultu ilə binanın bir hissəsi uçmuşdur. Uçan yer onun otağının sağ tərəfi, lakin Qəhrəmana məxsus hissə deyil, Oruca aid hissə idi. O, bununla əlaqədar dərhal Qəhrəmana zəng edərək binada uçuntu olduğunu və “sənə dedim ki, bina uçacaq” demişdir. Qəhrəman isə ona “kirayəçilərin adını çəkməməyini” və problemi özü “yoluna qoyacağını” demişdir. O, bu hadisə ilə əlaqədar Rusiyada yaşayan İddiaçı da telefonla məlumat vermiş və Oruc bundan sonra Rusiyadan qayıtmışdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, İddiaçı və Cavabdehı yaxşı tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, Oruca və Qəhrəmana aid olan və bir hissəsi uçan qeyri-yaşayış binasının yaxınlığındakı yataqxanada yaşamışdır. Bir neçə il əvvəl Cavabdeh uçan binanın özünə aid hissəsində təmir işləri apararkən, o, Qəhrəmana demişdir ki, “təmir eləmə, bina uça bilər”. Lakin, Qəhrəman onu eşitməmişdir. Bina uçanda isə o, Qəhrəmana “mən sənə dedim axı tikmə, bina uçacaq” demişdir. O, binanın uçma prosesini, yəni binanın Oruca aid hissəsinin yuxarıdan aşağıya uçduğunu görmüşdür. Birinci instansiya məhkəməsinin araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, Cavabdeh 2010-cu ildən tanıyır. İddiaçı da obyektin sahibi olduğu üçün tanıyır. O, Cavabdeh yaşadığı obyektdə 2010-cu ildə usta kimi işləmiş və “alçipan” işləri görmüşdür. Qəhrəman müəllim ona evin yuxarı hissəsində çatlar olduğunu və düzəltməyini demişdir. O, həmin çatları düzəltsə də, yenə yaranırdı. O, binanın ikinci mərtəbəsində Qəhrəman müəllimə aid olan hissədə “alçipan” və “malyar” işləri görmüşdür. O, təmir işlərini birinci dəfə 2010-cu ildə görmüş, ikinci dəfə isə 2019-cu ildə çatları düzəltmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, 1994-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi gələndə Qəhrəman müəllimin mərhum atası Səlim müəllim ona ailəsilə həmin binada yaşamağa icazə vermişdi. O, da ailəsi ilə birlikdə iki il həmin binada yaşamış, sonra isə birləşmiş məhəlləyə köçmüşdür. Oruc müəllimi sonradan tanımışdır. O, həmin binanın zalında idmanla məşğul olmuşdur. Binanın idman zalında “qruşa”lar, “trenojor”lar olmuşdur. “Qruşa”lar zaldakı atmaya keçirilmişdir. “Trenojor” zalı ikinci mərtəbədə idi, birinci mərtəbədə isə sex yerləşirdi. İş materialları və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, İddiaçı hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün 09 dekabr 2005-ci il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əldə etmiş və həmin VÖEN-in statusu hal-hazırda da aktivdir. Həmçinin, Cavabdeh da hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün 25 iyun 2004-cü il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əldə etmiş və həmin VÖEN-in statusu hal-hazırda aktivdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 1999-cu il tarixli 4/2-292 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı “birgə mülkiyyətdə pay bölgüsü və binadan çıxarılma tələbinə dair” iddiası qismən təmin edilmiş və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı binada yerləşən "xxxx" kiçik müəssisəsinə məxsus qeyri-yaşayış binasının 90%-nin İddiaçı, 10%-nin isə cavabdeh X7 verilməsi qət edilmişdir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktorudur. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti-292, 2 nömrəli qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin 110.4 kv.m sahəsi xüsusi mülkiyyət hüququ üzrə Ağazadə (Ağayev) Qəhrəman Səlim oğlunun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində 01 oktyabr 2010-cu ildə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi - **********, qeydiyyat tarixi - 01 oktyabr 2010-cu il). İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində 0,1220 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində 1086,56 kv.m ümumi sahədən (1034,26 kv.m əsas və 52,3 kv.m köməkçi sahə) ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 140 nömrəli vərəqində 01 noyabr 2007-cu ildə qeydiyyata alınmışdır (reyestr nömrəsi – **********58-06301; qeydiyyat nömrəsi–140711257; qeydiyyat tarixi – 01 noyabr 2007-cu il). İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində yerləşən 1086,56 kv.m ümumi sahədən (1034,26 kv.m əsas və 52,3 kv.m köməkçi sahə) ibarət qeyri-yaşayış sahəsi 10 sentyabr 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında 10 sentyabr 2021-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayit Ərazi İdarəsi tərəfindən ünvan 5 ünvanlanmış 02 dekabr 2022-ci il tarixli **********45 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi tərəfindən İddiaçı adına 04 dekabr 2000-ci il tarixli 295 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan vətəndaşın idarəyə müraciəti və müraciətinə əlavə edilmiş qeydiyyat vəsiqəsi, Sumqayıt şəhər bələdiyyəsinin 11 yanvar 2007-ci il tarixli 51 saylı icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində icarə hüququ olmaqla, qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq 01 noyabr 2007-ci il tarixli ********* qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarış verilmişdir. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 27 yanvar 2009-cu il tarixli 3M/25 reyestr nömrəli 200 saylı ipoteka müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi kredit verən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və bununla bağlı 28 yanvar 2009-cu il tarixli ********** qeydiyyat nömrəli Dövlət reyestrindən yüklülük çıxarışı verilmişdir. Kredit verən "xxxx" ASC-nin 08 fevral 2010-cu il tarixli məktubu əsasında mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. "xxxx" MMC-nin 10 sentyabr 2021-ci il tarixli hərracın yekunları barədə protokoluna və 10 sentyabr 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında sözügedən qeyriyaşayış sahəsi "xxxx" ASC-nin adına qeydiyyata alınmış və bununla bağlı 13 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 13 dekabr 2019-cu il tarixli 178-151 nömrəli məktubda Cavabdeh tikinti işlərinin aparılmasına dair Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən heç bir icazə verilmədiyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə və İddiaçı ünvanlanmış 07 yanvar 2020-ci il tarixli xx/xx-00034 nömrəli məktubda göstərilir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasında təmir və yenidənqurma işlərinin aparılmasının müşahidə edildiyi müəyyən olunmuş, lakin həmin işlərə müvafiq icazə sənədləri verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun 14 dekabr 2021-ci il tarixli rəyində göstərilir ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırkı texniki vəziyyəti qəzalıdır. Həmin qeyri-yaşayış binasının 2-ci mərtəbəsində orta hissədə təxminən 12 m x 13 m sahədən “boşluqlu yığma dəmir-beton” örtük tavaları çardaqda qanunsuz “yenidənqurma” işləri aparılarkən yükdaşıyan dəmir-beton konstruksiyalara - tirlərə müdaxilə nəticəsində uçmuş və mərtəbəarası örtük tavalarının üzərinə düşüb, həmin dəmir-beton konstruksiyaların da (tava və tirlərin) tamamilə dağılmasına səbəb olmuşdur. Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti, 10 ünvanda çardaq yükdaşıyan dəmir-beton konstruksiyalara “qanunsuz müdaxilə” səbəbindən uçmuşdur. Çardaq hissədə yükün artmasından qeyri-yaşayış binası bu şəkildə uça bilməz. Həmin qeyri-yaşayış binasında bünövrəyə yığılmış su nəticəsində də bu formada dağıntılar yarana bilməz. Dağıntıya səbəb insan faktorudur. Vizual texniki baxış zamanı çardaqda aparılan “yenidənqurma” işlərinin qalıqları aydın-aşkar müşahidə olunur. Çardaq hissədə kimin sahəsində aparılmasından asılı olmayaraq, “yenidənqurma” işləri aparan şəxslər tikinti norma və qaydalarını kobud surətdə pozmuş və qeyri-yaşayış obyektinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ümumilikdə binada təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavalar və digər dəmir-beton konstruksiyalar uçub dağılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/864 nömrəli rəyində göstərilir ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırkı texniki vəziyyəti qəzalıdır. Həmin qeyri-yaşayış binasının 2-ci mərtəbəsində orta hissədə təxminən 12 x 13 m sahədən “boşluqlu yığma dəmir-beton” örtük tavaları çardaqda qanunsuz “yenidənqurma” işləri aparılarkən yükdaşıyan dəmirbeton konstruksiyalara - tirlərə müdaxilə nəticəsində uçmuş və mərtəbəarası örtük tavalarının üzərinə düşüb, həmin dəmir-beton konstruksiyaların da (tava və tirlərin) tamamilə dağılmasına səbəb olmuşdur. Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti, 10 ünvanda çardaq yükdaşıyan dəmir-beton konstruksiyalara “qanunsuz müdaxilə” səbəbindən uçmuşdur. Çardaq hissədə yükün artmasından qeyri-yaşayış binası bu şəkildə uça bilməzdi. Həmin qeyri-yaşayış binasında bünövrəyə yığılmış su nəticəsində bu formada dağıntılar yarana bilməzdi. Dağıntıya səbəb insan faktorudur. Vizual texniki baxış zamanı çardaqda aparılan “yenidənqurma” işlərinin qalıqları aydın-aşkar müşahidə olunur. Çardaq hissədə kimin sahəsində aparılmasından asılı olmayaraq, “yenidənqurma” işləri aparan şəxslər tikinti norma və qaydalarını kobud surətdə pozmuş və qeyri-yaşayış obyektinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ümumilikdə binada təxminən 36 ədəd yığma “dəmir-beton boşluqlu” tavalar və digər dəmir-beton konstruksiyalar uçub dağılmışdır. İş materiallarında olan "Bizim Şəhər" Daşınmaz Əmlak Kompleksi tərəfindən İddiaçı ünvanlanmış 02 noyabr 2007-ci il tarixli 03 nömrəli məktubdan görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, yol qırağında yerləşən 0,1220 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 1086,56 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin təqribi bazar satış qiyməti oktyabr-noyabr ayları üçün 750-800 min manat təşkil edə bilər. İş materiallarında olan qiymətləndirici "xxxx" MMC tərəfindən tərtib edilmiş 29 oktyabr 2010-cu il tarixli "Əmlakın qiymətləndirilməsi barədə" rəydən görünür ki, "Ülvi-85” Firmasının girov qoyduğu İddiaçı məxsus Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 780000 (yeddi yüz səksən min) manat təşkil edir. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli 125 nömrəli hesabatından görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti ünvanında yerləşən ümumi sahəsi 1086,56 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 705000 (yeddi yüz beş min) manat və likvid dəyəri 634500 (altı yüz otuz dörd min beş yüz) manat müəyyən edilir. İş materiallarında olan, Cavabdeh müraciəti əsasında "X5" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 23 iyun 2023-cü il tarixli 100 nömrəli rəydə göstərilir ki, təqdim edilmiş müxtəlif tarixli qaimələr üzrə tikinti materiallarının, o cümlədən beton panellərin, özül blokların, sement və mişar daşlarının hazırkı bazar qiyməti ilə ümumi dəyəri 20915 (iyirmi min doqquz yüz on beş) manat məbləğində müəyyən edilir. İş materiallarında olan İddiaçı müraciəti əsasında "xxxx" MMC tərəfindən tərtib olunmuş 22 yanvar 2024-cü il tarixli 07-02/24 nömrəli rəydən görünür ki, 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsində təxminən 12 m x 13 m sahədə “boşluqlu yığma dəmir-beton” örtük tavalarının (2-ci mərtəbə ilə çardaq arasındakı) uçaraq mərtəbələrarası örtük tavalarının (1-ci və 2-ci mərtəbələrin arasındakı) üzərinə düşüb, ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavaların və digər dəmirbeton konstruksiyaların uçub-dağılması nəticəsində 08 sentyabr 2019-cu il tarixinə binaya 150615,69 manat (bir yüz əlli min altı yüz on beş manat 69 qəpik) məbləğdə zərər dəymişdir. İş materiallarından görünür ki, Cavabdeh 01 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə birinci instansiya məhkəməsinə "ekspert rəyinə" yazılı "Pretenziya" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq olunmuş “Smeta” təqdim edərək, 08 sentyabr 2019-cu ildə baş vermiş uçuntu nəticəsində Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 292 ünvanında yerləşən binaya yekun olaraq 25400 (iyirmi beş min dörd yüz) manat məbləğində zərər dəydiyini və həmin zərərin 22860 manat hissəsinin həmin dövrdə 90 % paya malik olan İddiaçı Calal oğluna, 2540 manat hissəsinin isə 10 % paya malik olan Cavabdeh aid olduğunu bildirmiş və həmin zərərin ödənməli olduğu subyektin isə "xxxx" ASC olduğunu qeyd etmişdir. İş materialları ilə müəyyən olunur ki, məhkəmə araşdırması zamanı 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsində təxminən 12 m x 13 m sahədə “boşluqlu yığma dəmir-beton” örtük tavalarının (2-ci mərtəbə ilə çardaq arasındakı) uçaraq mərtəbəarası örtük tavalarının (1-ci və 2-ci mərtəbələrin arasındakı) üzərinə düşüb, ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavaların və digər dəmirbeton konstruksiyaların uçub-dağılması nəticəsində həmin hadisənin baş verdiyi 08 sentyabr 2019-cu il tarixinə binaya hansı məbləğdə zərərin dəyməsinin müəyyən olunması məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və həmin qərardad əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2350 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azkommunlayihə” KLİnin 14 dekabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti, 10 ünvanında yerləşən dağılmış qeyri-yaşayış binasının hazırda texniki cəhətdən qəzalı vəziyyətdə olduğu müəyyən olunmuşdur. Lakin, qeyriyaşayış sahəsinə dəymiş ziyanın məbləği, həmin ev üzrə müvafiq təşkilatların mütəxəssiləri tərəfindən müayinə-tədqiqat işləri aparılaraq, bərpa işləri ilə əlaqədar yerinə yetirilməli söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir işlərinin ümumi həcmi dəqiqləşdirildikdən və həmin işlərə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1111.1-ci maddəsinə əsasən, binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, işin müəyyən olunmuş hallarından göründüyü kimi, 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyriyaşayış binasının 2-ci mərtəbəsinin 110,4 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh, 1-ci və 2-ci mərtəbələrində cəmi 1086,56 kv.m ümumi sahədən (1034,26 kv.m əsas və 52,3 kv.m köməkçi sahə) ibarət qeyri-yaşayış sahəsi isə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuşdur. 08 sentyabr 2019-cu il tarixinədək olan dövrdə Cavabdeh həmin binanın özünə aid hissəsində müvafiq dövlət orqanlarından lazımi qaydada icazə almadan təmir və yenidənqurma işləri apararaq, həmin qeyri-yaşayış sahəsini yaşayış sahəsi kimi kirayəçilərin istifadəsinə vermişdir. Lakin, 08 sentyabr 2019cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyriyaşayış binasının İddiaçı aid hissəsinin 2-ci mərtəbəsinin orta hissəsində, təxminən 12 m x 13 m sahədə “boşluqlu yığma dəmir-beton” örtük tavaları (2-ci mərtəbə ilə çardaq arasındakı) uçularaq mərtəbəarası örtük tavalarının (1-ci və 2-ci mərtəbələrin arasındakı) üzərinə düşüb, ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavaların və digər dəmir-beton konstruksiyaların uçulub-dağılmasına səbəb olmuşdur. Həmin uçuntu hadisəsindən sonra İddiaçı aidiyyəti dövlət orqanlarına müraciət edərək Cavabdeh müvafiq icazə olmadan təmir və yenidənqurma işlərini apardığını müəyyən edib, həmin təmir işlərinin məlum uçuntuya səbəb olması qənaətinə gələrək, hazırkı iddia ərizəsi ilə 06 fevral 2020-ci ildə Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 200000 (iki yüz min) manat, mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, bu iddia ərizəsi üzrə məhkəmə prosesinin aparıldığı dövrdə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri-yaşayış binasının uçuntu nəticəsində qəzalı vəziyyətə düşmüş İddiaçı (ipoteka qoyan) aid hissəsi kredit verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında alınmış kreditin təminatı olaraq 27 yanvar 2009-cu il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş olduğundan, müvafiq məhkəmə qətnaməsi əsasında keçirilmiş 10 sentyabr 2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi” əsasında 10 sentyabr 2021-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmişdir. Bununla belə, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və işin konkret halları ilə işin mübahisəsiz halı olaraq müəyyən edilir ki, məlum qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olduğu vaxt, yəni 08 sentyabr 2019-cu ildə 2-ci mərtəbənin orta hissəsində (təxminən 12 m x 13 m sahədə), yəni 2-ci mərtəbə ilə çardaq arasındakı “boşluqlu yığma dəmir-beton” örtük tavaları uçularaq 1-ci və 2-ci mərtəbələrin arasındakı mərtəbəarası örtük tavalarının üzərinə düşüb, ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavaların və digər dəmir-beton konstruksiyaların uçulub-dağılmasına səbəb olmuş və bu uçuntu nəticəsində həmin vaxt iddiaçıya məxsus olmaqla, ipoteka ilə yüklü edilmiş həmin qeyri-yaşayış sahəsi qəzalı vəziyyətə düşmüşdür. Lakin, həmin ipoteka predmeti təmir edilmədən, qəzalı vəziyyətdə də hərrac vasitəsi ilə əmlakın alqısatqı müqaviləsi əsasında 10 sentyabr 2021-ci ildə ödənilməyən kredit borcunun əvəzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmişdir. Qeyd etmək lazımdır ki, 08 sentyabr 2019-cu ildə baş vermiş məlum uçuntunun hərraca çıxarılan həmin daşınmaz əmlakın dəyərinin daha aşağı qiymətlə qiymətləndirilməsinə səbəb olması da mübahisə predmeti olmamışdır. Bununla da, halhazırda məlum daşınmaz əmlak iddiaçının deyil, 10 sentyabr 2021-ci ildən etibarən "xxxx" ASC-nin mülkiyyətində olsa da, 08 sentyabr 2019-cu ildə baş vermiş məlum uçuntu nəticəsində həmin vaxt uçmuş əmlakın mülkiyyətçisi olan İddiaçı maddi zərərin dəyməsi xüsusatı tam təsdiq olunur. Eyni zamanda, bu iş üzrə iddianı qəbul etməyən cavabdehin “uçuntunun baş verməsində onun təqsirinin olmaması” ilə bağlı etirazına cavab olaraq qeyd etmək lazim gəlir ki, məlum uçulma hadisəsinin baş verməsinə Cavabdeh tərəfindən həmin qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsinin özünə aid hissəsində və çardağında müvafiq icazə və layihə-smeta sənədləri olmadan yaşayış sahəsinə çevrilməsi üçün aparılan təmir və yenidənqurma işlərinin səbəb olması – məhkəmə araşdırması zamanı şahid ifadələri və iş materiallarında olan ekspertiza rəyi və digər sənədlərlə tam təsdiqini tapmışdır. Hazırkı iş üzrə iddia tələbində İddiaçı məlum hadisə nəticəsində ona “200000 (iki yüz min) manat məbləğində maddi zərərin” və “50000 (əlli min) manat məbləğində mənəvi zərərin” dəyməsini iddia etsə də, lakin məhkəmə kollegiyasının qənaətincə, bu tələb obyektiv reallığa əsaslanmır. Belə ki, iddiaçı sözügedən əmlakını hazırda 1.000.000 manat dəyərində qiymətləndirərək, məlum hadisə zamanı əmlakın 1/5 (20%) hissəsinin uçulubdağıldığını və həmin nisbətə uyğun olaraq ona 200.000 manat həcmində maddi zərər dəydiyini iddia edir. Halbuki, həmin qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olan hissəsi 2021-ci ildə 355.000 manat dəyərində ilkin satış qiyməti ilə hərraca çıxarılmış, hərrac prosedurlarına uyğun olaraq əmlakın satış qiyməti 226.250 manat məbləğinədək endirilsə də, real alıcı olmamış və nəticədə "xxxx" ASC həmin əmlakı 224.645 manat məbləğində kredit borcunun əvəzində qəbul edərək (alaraq) öz mülkiyyətinə keçirmişdir. Göründüyü kimi, iddiaçı sözügedən əmlakın dəyəri barəsində yanlış təsəvvürdə və əsassız olaraq çox yüksək fikirdədir, əslində həmin əmlakın real dəyəri iddiaçının nəzərdə tutduğu dəyərindən dəfələrlə (azı 4 dəfə) aşağıdır. Həm də nəzərə almaq lazımdır ki, sözügedən qeyri-yaşayış binası 1990-93-cü illərdə (azı 30 il əvvəl) inşa edilmiş, ötən müddətdə təbii aşınmaya, köhnəlməyə məruz qalmış və təbii olaraq dəyəri əhəmiyyətli dərəcədə azalmışdır. Qeyd etmək lazımdır ki, məlum uçuntu nəticəsində dəymiş zərərin məbləğinin müəyyən olunması üçün birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizalar təyin olunsa da, ekspertlər tərəfindən bununla bağlı rəy verilməsi mümkün olmamışdır. Ekspertlərin mövqeyinə görə, qeyri-yaşayış sahəsinə dəymiş ziyanın məbləği, həmin ev üzrə müvafiq təşkilatların mütəxəssisləri tərəfindən müayinə-tədqiqat işləri aparılaraq, bərpa işləri ilə əlaqədar yerinə yetirilməli söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir işlərinin ümumi həcmi dəqiqləşdirildikdən və həmin işlərə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər... Cavabdeh "xxxx" MMC-nin adından məhkəməyə təqdim etdiyi “smeta”da isə 08 sentyabr 2019-cu ildə baş vermiş məlum uçuntu nəticəsində iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinə 25400 (iyirmi beş min dörd yüz) manat məbləğində zərərin dəydiyi hesablanmışdır. Birinci instansiya məhkəməsi qeyd olunan məbləğin qeyri-yaşayış sahəsinə dəymiş maddi zərəri daha real əks etdirməsi qənaətinə gəlmiş və iddianı maddi zərərin əvəzi tələbinə dair hissədə həmin məbləğdə təmin etmişdir. Məhkəmə kollegiyası da bu qənaətdədir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddianı maddi zərərin əvəzinin ödənilməsi tələbinə aid hissədə qismən – 25400 manat həcmində təmin etməklə reallığa uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair hissədə təmin etməməkdə haqlı olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 2-ci bəndində göstərilir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarın 7-ci bəndinə əsasən, məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Həmin Qərarın 10-cu bəndinə əsasən, Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan meyarlar baxımından iddiaçı ona məxsus əmlaka ziyan dəyməsi nəticəsində mənəvi zərərə də məruz qalmasını, keçirdiyi mənəvi iztirab və sarsıntıların nədə ifadə olunmasını, onların xarakterini və ağırlıq həddini əsaslandıran sübutlara iddia ərizəsində istinad etməmiş, nə də belə sübutları sonradan məhkəməyə təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsaslılığı müəyyən edilmədiyindən və sübut olunmadığından iddianın “cavabdehdən mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat pulun tutulması” tələbinə dair hissəsi təmin olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, tərəflərin apellyasiya şikayətlərinin dəlilləri əsaslı deyildir və tərəflər həmin dəlilləri işə birinci instansiya məhkəməsində baxılarkən öz vəsatət və etirazlarında artıq dəfələrlə bildirmişlər, məhkəmə də qeyd edilən dəlilləri araşdıraraq müvafiq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətlərinə baxılması zamanı həmin dəlillərlə bağlı fərqli hüquqi mövqelər ortaya çıxmamışdır. Xüsusən də, cavabdehin apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş qəzanın (uçqun hadisəsinin) cavabdehin qeyri-yaşayış binasının özünə aid hissəsində görmüş olduğu təmir və yenidənqurma işləri ilə bilavasitə əlaqəli olması ekspert rəyi ilə təsdiqini tapmışdır. Həmin rəydə göstərilmişdir ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti, 10 ünvanında çardaq yükdaşıyan dəmir-beton konstruksiyalara “qanunsuz müdaxilə” səbəbindən uçmuşdur. Çardaq hissədə yükün artmasından qeyri-yaşayış binası bu şəkildə uça bilməzdi. Həmin qeyri-yaşayış binasında bünövrəyə yığılmış su nəticəsində bu formada dağıntılar yarana bilməzdi. Dağıntıya səbəb insan faktorudur. Vizual texniki baxış zamanı çardaqda aparılan “yenidənqurma” işlərinin qalıqları aydın-aşkar müşahidə olunur. Çardaq hissədə kimin sahəsində aparılmasından aslı olmayaraq, “yenidənqurma” işləri aparan şəxslər tikinti norma və qaydalarını kobud surətdə pozmuş və qeyri-yaşayış obyektinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ümumilikdə, binada təxminən 36 ədəd yığma “dəmir-beton boşluqlu” tavalar və digər dəmir-beton konstruksiyalar uçulub-dağılmışdır... Məlum uçulma hadisəsinin baş verməsinə Cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin özünə aid hissəsində və çardağında müvafiq icazə və layihə-smeta sənədləri olmadan yaşayış sahəsinə çevirməsi üçün aparılan təmir və yenidənqurma işlərinin səbəb olması – məhkəmə araşdırması zamanı şahid ifadələri və iş materiallarında olan ekspertiza rəyi və digər sübutlarla tam təsdiqini tapmışdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin, həmçinin iddiaçının apellyasiya şikayətlərinin əsassızlığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)- 22/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar