Məhkəmə qərarları › İş №2-2(105)-97/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-97/2022

12.09.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-97/2022 12.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndələri Nümayəndə3 və Nümayəndə2 Seyid oğlunun iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(119)- 743/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5.725,15 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-da dəyəri 3.500 (üç min beş yüz manat) manat məbləğində qiymətləndirilən 1 ədəd “Dəmir böyük ölçü havalandırma sistemi”, dəyəri 3.000 (üç min) manat məbləğində qiymətləndirilən 1 ədəd “Dəmir orta ölçü havalandırma sistemi” avadanlığının ticarət şəbəkəsində satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(119)-743/2022 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi vergilər baş idarəsinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiasının təmin edilməsi, "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5.725,15 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-da dəyəri 3.500 (üç min beş yüz manat) manat məbləğində qiymətləndirilən 1 ədəd “Dəmir böyük ölçü havalandırma sistemi”, dəyəri 3.000 (üç min) manat məbləğində qiymətləndirilən 1 ədəd “Dəmir orta ölçü havalandırma sistemi” avadanlığının ticarət şəbəkəsində satılması, cavabdehdən 77,25 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Xəqani Tağıyev). Qətnamədən narazı qalan cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(119)- 743/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri mübahisənin mahiyyəti ilə bağlı olmuşdur. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsi cavabdehin pozulmuş hüquqlarını bərpa etməmişdir, ona görə də onun qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Həmin qətnamə faktlara əsaslanmır və qanunlara əsaslanaraq qəbul edilməmişdir. ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-nın tikdiyi yüksəkmərtəbəli yaşayış binası 2019-cu ilin mart ayında dövlət komissiyası tərəfindən istismara qəbul edilmiş və həmin binada yerləşən mənzillər sakinlər tərəfindən özəlləşdirilərək onların mülkiyyətinə verilmişdir. Faktiki olaraq həmin tarixdən adı çəkilən binanın mənzillərinin və yaşayışını təmin edən qurğuların, o cümlədən havalandırma sistemlərinin mülkiyyətçisi MTK deyil, həmin binada yaşayan sakinlərdir.Məhkəmə qətnamə qəbul edərkən binada yaşayan 121 sakinin xüsusi mülkiyyət hüquqlarını pozmuşdur.Digər tərəfdən həmin havalandırma sistemlərinin "xxxx" MTK-nın balansında, mülkiyyətində olmasını təsdiqləyən hər hansı sübut yoxdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndələri apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlama ilə müəyyən olunmuşdur ki:

1. Mübahisə tərəflərindən iddiaçı inzibati orqan, cavabdeh isə hüquqi şəxsdir. Belə ki, “İnzibati icraat haqqında” AR Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 15.2.1-ci bəndinə görə, ərazi vergilər departamentləri, 15.2.2-ci bəndinə görə isə ərazi vergilər idarələri inzibati orqandır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanının 1-3-cü hissələri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasnamələri təsdiq edilmiş, 4-cü hissəsi ilə müəyyən edilmişdir ki, bu Fərmanın 1-3-cü hissələri ilə əsasnamələri təsdiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, müvafiq olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə yuxarıda adları çəkilən dövlət xidmətlərinə keçir (4.1), bu Fərmanın 1-3-cü hissələri ilə əsasnamələri təsdiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hər birinin yeni strukturu və strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilənə qədər Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar fəaliyyətlərini davam etdirirlər və onların strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri bu Fərmanın 9.1-9.4-cü bəndləri icra olunanadək dəyişməz qalır (4.2). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə əsasən, vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Cavabdehə xx.xx.2006-cı il tarixli, ********** nömrəli VÖEN verilmişdir.

2. Mübahisənin predmeti ümumi (publik) hüquq sahəsinə aid olan məsələ - vergi öhdəliklərinin yerinə yetirilməməsinə görə Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcun dövlət büdcəsinə ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir; 1.4-cü maddəsinə görə, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur; 10.0-cı maddəsinə əsasən, vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır: 10.0.1. bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər; 10.0.3. Azərbaycan Respublikasının dövlət vergi orqanları; 11-ci maddəsinə görə, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir; 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.8-ci maddəsinə görə, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək, 23.1.15-1-ci maddəsinə əsasən isə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüququdur (xx.xx.2021 Azərbaycan Respublikasının Qanunu ilə 23.1.15-1-ci maddə yeni redaksiyada verilmişdir: 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək); 65.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir (xx.xx.2021 Azərbaycan Respublikasının Qanunu ilə 78.1-ci maddədə “vergi məbləğinin” sözləri “vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının” sözləri ilə əvəz edilmişdir); 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər (xx.xx.2021 Azərbaycan Respublikasının Qanunu ilə 90.1ci maddədə “ixtisaslaşdırılmış açıq hərracda” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Bu konstitusiya vəzifəsi Konstitusiyanın 7, 12 və 16-cı maddələrinin mənasına görə dövlət və dövlət hakimiyyətinin ictimai-hüquqi təbiəti ilə şərtləndirilən xüsusi hüquqi (mülki hüquqi) deyil, məhz ictimai-hüquqi xarakterə malikdir. Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir. Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin - vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin - vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Konstitusiyanın müddəalarına əsaslanan VM vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini tənzimləyir.” İddiaçı da iddia ərizəsində özünün inzibati orqan (vergi orqanı) səlahiyyətlərinə və Vergi Məcəlləsinin müvafiq müddəalarına istinad etmişdir.

3. Mübahisə iddiaçının inzibati orqan olaraq inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətlə bağlıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 2.0.2-ci maddəsinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi öhdəliklərinin icra edilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur.

4. Mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia öhdəliyin icrası haqqında iddianın xüsusi növü sayıldığından (İPM-in 34.1-ci maddəsinin ikinci cümləsi), öhdəliyin icrası haqqında iddiaya dair tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bundan əlavə, mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxılmalı olması o deməkdir ki, həmin mübahisənin predmeti ümumi (publik) hüquq sahəsi ilə bağlıdır və bu növdən iddiaların maddi hüquqi əsasını ümumi hüquq sahəsinə daxil olan qanunvericilik aktları təşkil edir.

5. Mübahisə kommersiya mübahisəsi deyil. Belə ki, MPM-in 26.1-ci maddəsinin mənasına görə, o mübahisələr kommersiya mübahisələri hesab edilə, o işlərə kommersiya mübahisələri qismində mülki mühakimə icraatı qaydasında baxıla bilər ki, həmin mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olsun. İddiaçının hazırkı mübahisə üzrə hərəkətləri (qərarları) mülki dövriyyənin bərabər hüquqlu subyekti qismində malların (işlərin və xidmətlərin və sair) dövlət vəsaiti hesabına alınması, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanması, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsi ilə də əlaqədar olmamışdır. MPM-in: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir; 262.3-cü maddəsinə görə, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 15.4-cü bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-lə nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Sumqayıt Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(119)-743/2022 nömrəli qətnaməsi ləğv edilsin. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, hazırkı iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar