Məhkəmə qərarları › İş №2-2(105)-98/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-98/2025

11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-98/2025 11.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, İddiaçı2 Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsinin geri qaytarılması haqqında Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1237/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız iddia verilməsi və iş vaxtının itirilməsi ilə vurulmuş maddi zərərin əvəzi kimi 10.000 manat, mənəvi zərərin əvəzi olaraq 5.000 manat, habelə ekspertiza xərclərinə görə ödədiyi 1.900 manatın və vəkilə xidmət haqqı qismində ödədiyi 1840 manatın əvəzi olmaqla cəmi 18.740 (on səkkiz min yeddi yüz qırx) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1237/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim Fərman Həmidli). Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin cavabdeh tərəfindən alınması haqqında poçt xəbərnamələri iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilsə də, həmin sənədlərin cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada göndərilməsini (təqdim olunmasını), çatdırılmasını və cavabdeh tərəfindən alınmasını təsdiq edən müvafiq sübutlar iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Belə ki, hazırda Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli (təqdim edilməli) olması bu Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit olunmuşdur. Hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər isə cavabdehə Mülki Prosessual Məcəllənin 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Belə olduğu halda qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi (və ona əlavə olunmuş sənədlər) geri qaytarılmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin iddia ərizəsinin (və ona əlavə olunmuş sənədlərin) geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1237/2025 nömrəli qərardadından İddiaçı2 tərəfindən şikayət verilməmiş, Cavabdeh2 tərəfindən isə şikayət verilmişdir. Cavabdeh şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1237/2025 nömrəli qərardadının qismən ləğv edilməsi və hazırkı iddiaların (yəni həm də onun verdiyi qarşılıqlı iddianın) ümumi məhkəmənin icraatına aid olması izah olunmaqla müvafiq qərardadın qəbul edilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, e-2-2(119)-1237/2025 nömrəli iş üzrə qarşılıqlı iddia ərizəsini və məhkəmə aidiyyəti üzrə etirazını elektron kabinetə yerləşdirmişdir. Hazırkı şikayəti məhkəmə aidiyyətilə bağlıdır, qərardadda olan mövqedən hər hansı şikayəti yoxdur. Həmin qərardadda məhkəmə aidiyyəti və qarşılıqlı iddia barədə qeyd yoxdur. İlkin iddianın əsassız olması səbəbindən rədd olunacağını düşünür, lakin gələcəkdə qəbul ediləcək qətnamə aidiyyət pozuntusu səbəbindən yuxarı instansiya məhkəməsi tərəfindən ləğv olunacaqdır. Odur ki, prosessual qənaət baxımından məcburiyyət qarşısında hazırkı şikayəti verməli olmuşdur. İş materialında etirazı olmasına baxmayaraq, şikayət olunan qərardadda ilkin iddiaçıya səhvləri düzəldib təkrar ümumi qaydada kommersiya məhkəməsinə iddia vermək hüququ izah olunmuşdur. Halbuki, hazırkı işə ümumi məhkəmə tərəfindən baxılmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1237/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Cavabdeh2 Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1237/2025 nömrəli qərardadından verdiyi şikayətin baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1237/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalı olması barədə qənaəti və bu qənaətə gəlməsinin əsasları ilə razılaşaraq hesab edir ki, iddia ərizəsi prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət olunmaqla verilmədiyindən, bu isə qanunda həmin iddia ərizəsinin geri qaytarılması üçün əsas kimi nəzərdə tutulduğundan birinci instansiya məhkəməsi iddia ərizəsini qaytarmaqda düzgün qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia ərizəsi geri qaytarılan iddiaçı da bununla razılaşmış və həmin qərardaddan şikayət verməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1237/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin dəlillərinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 152.3-cü maddəsinə əsasən “iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilməsi” hüququ əslində iddiaçıya aiddir; iddiaçı onun iddia ərizəsinin icraata götürülməməsi ilə razılaşmaya və həmin ərizənin qaytarılması haqqında qərardaddan şikayət verə bilər. İddia ərizəsi icraata qəbul edilmədiyi halda həmin iddia üzrə cavabdehin də hüquqi mövcudluğu, habelə qarşılıqlı iddia tələbinin irəli sürülməsi imkanı istisna olunur. İddia ərizəsi icraata qəbul ediləndən sonra isə cavabdehin həmin iş üzrə məhkəmə və ərazi aidiyyətini mübahisələndirmək (MPM-in 32.1 və 45.1-ci maddələrinə əsasən), eləcə də qarşılıqlı iddia irəli sürmək (MPM-in 155.1-ci maddəsinə əsasən) hüquqları yaranır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kommersiya məhkəməsi və ya ümumi məhkəmə tərəfindən iddia ərizəsinin məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edilməsi sonradan müəyyən olunarsa, MPM-in 32.4-cü maddəsi ilə nəzərdə tutulduğu kimi, həmin işin bir məhkəmədən digərinə göndərilməsinə (iddia ərizəsi aidiyyəti üzrə məhkəməyə verilməsi üçün iddiaçıya qaytarılmadan) yol verilir. Məhkəməyə daxil olmuş iddia ərizəsinin mümkünlüyü məsələsi hakim tərəfindən yoxlanılarkən (MPM-in 151-ci maddəsinə əsasən) işə (iddiaya) ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmadığı müəyyən edildikdə isə, MPM-in 152.1.3-cü maddəsinə müvafiq olaraq, iddia ərizəsi icraata qəbul edilmədən qısa müddətdə iddiaçıya geri qaytarılır. Beləliklə də, qeyd edilən hallarda prosessual qənaət prinsipinə xələl gəlməsi istisna olunur. Odur ki, məhkəmə kollegiyasının qənaətincə, cavabdehin şikayətində ifadə etdiyi narahatlığa əsas yoxdur. İddiaçı yenidən eyni iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərsə, cavabdehin şikayətində qeyd etdiyi məsələlər prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında həll ediləcəkdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1237/2025 nömrəli qərardadı ilə İddiaçı2 Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən iddiaçıya geri qaytarılması qanuni və əsaslı olmuşdur. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi (və ya qismən ləğvi) üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 1237/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin ərizənin qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 150, 152, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1237/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar