Məhkəmə qərarları › İş №2-2(106)-115/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-115/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-115/2023 15.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbində dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 1 avqust 2023-cü il tarixli e-2-2(121)-1086/2023 saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin ******* nömrəli xx.xx.2023-cü il tarixli aktı əsasında hesablanmış 2668.38 manat borcun silinməsi, mediasiya xərci kimi ödənilmiş 55 manat vəsaitin cavabdehdən alınaraq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsasladırılmışdır ki, Cavabdeh İB-nin X9 İstismar İdarəsinin nümayəndələri tərəfindən istifədəsində olan çörəkbişirmə sexində xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt yazılmış və həmin akta əsasən 2668.38 manat borc hesablanmışdır. Cavabdeh İB-nin X9 İstismar İdarəsinin nümayəndələri tərəfindən çörəkbişirmə sexinə qaz şəbəkəsi üzərinə quraşdırlmış “Elster G-65 RVG EK-220” markalı, 75117622 nömrəli qaz sayğacına 12129 kub/metr uçota alınmayan qaz həcmi üzrə hesablanmış borc qanunsuzdur. Lənkəran rayonu Moğonojoba kəndində yerləşən çörəkbişirmə sexinə qaydalara uyğun şəkildə qaz sayğacı quraşdırılmışdır. Çörəkbişirmə sexində çörək bişirmək üçün qazdan istifadə edilir və istifadə elədiyi qazın pulunu sayğaca əsasən vaxtında ödəmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları gələrək istifadə etdiyi qaz cihazlarına, qaz sayğacına baxış keçirmişlər. Onlara heç bir maneəçilik etməmişdir. Onlar qaz xəttinə, işlətdiyi qaz cihazlarına, sayğaca baxış keçirmişlər və qeydiyyat apararaq qaz sayğaclarına xidmət mərkəzi tərəfindən əhali və qeyri-əhali abonentlərinin qaz xətti üzərində quraşdırılmış sənaye tipli qaz sayğacına texniki xidmət göstərilməsini bildirmişlər. Quraşdırlan və istifadə olunan qaz sayğaclarına xidmət mərkəzi tərəfindən əhali və qeyriəhali abonentlərinin qaz xətti üzərində quraşdırılmış sənaye tipli qaz sayğacına texniki xidmət göstərilməsinə etiraz etmişdir. Qaz sayğaclarına texniki xidmət göstərilməsindən sonra ******* nömrəli xx.xx.2023-cü il tarixli akt yazılmışdır. Lakin sonradan ödənişlə bağlı müraciət etdikdə 2668.38 manat borc hesablanmışdır. Borcun əsassız olaraq hesablanması və ləğv edilməsi ilə əlaqədar müraciət etdikdə, cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.3-cü bəndinə əsasən, sənaye qaz qurğularından istifadə edən istehlakçılar əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziya) almaq şərtilə öz xidmət sahəsini yaratmağı və ya xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamağı yerinə yetirməlidirlər. İstehlakçılar tərəfindən bu tələblərin yerinə yetırilməməsı qaz sayğacının istismar müddəti ərzində mexaniki hissələrinin aşınması, ölçü elementlərinin çirklənməsi (texniki amillər) nəticəsində normadan artıq xətalara yol verildiyi səbəbindən real istehlak olunmuş qaz həcminin qaz sayğaclarında uçotunun pozulması ilə nəticələnir. Belə olan halda “Qazdan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsi olan qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndınə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq vəzifəsi paylayıcının və 2.3.5-ci yarımbəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək öhdəliyi istehlakçının üzərinə qoyulmuşdur. Bu məqsədlə Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinin Sənaye qaz sayğaclarına xidmət mərkəzi tərəfindən əhali və qeyri-əhali abonentlərinin qaz xətti üzərində quraşdırılmış sənaye tipli qaz sayğaclarına texniki xidmət göstərilir. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə habelə qazın hesabatının xətasız olaraq aparılmasını və rotorların (turbinin) sərbəst şəkildə işləməsini təmin etmək üçün sayğaclar xətdən çıxarılaraq rotor, turbin və süzgəc hissələri yuyularaq təmizlənir. Məlumdur ki, turbin “TRZ” və rotor “RVG” tipli qaz sayğacları təmizlənmiş qeyrı-aqressiv və rəvan dəyişən axının kommersiya və ya texnoloji uçotu, o cümlədən qaz təchizatı sistemlərində, eləcə də sənaye qaz qurğularında istifadə edilən və “TOCT 5542-2014” standartının tələblərinə cavab verən kimyəvi cəhətdən heterogen təbii qaz, həmçinin hava azot və digər qeyri-aqressiv qazların həcminin ölçülməsi üçun nəzərdə tutulmuş ölçmə vasitəsidir. Bir çox hallarda layihəyə uyğun olaraq seçilmiş qaz sayğacı istehlakçılar tərəfindən layihə gücünə uyğun olmayaraq, həmçinin sayğacın minimal sərfölçmə qabiliyyətindən aşağı həddə (səviyyədə) istifadə olunur ki, belə olan halda da qazın sərfi xəta ilə hesablanır və ya sayğacdan qaz keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. Digər tərəfdən “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Belə ki, TİP 50 2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəraitdə olan qazın sıxlığına görə 0.25%, qazın tərkibindəki azota görə 3.5% və karbon qazına görə 4.0% təşkil edir. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən qazdan istifadə qaydaları və qazın alqı-satqısı müqaviləsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsinə, eyni zamanda qaz sayğacının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə ölçmə metodikasına əsasən yerində texniki xidmət göstərilən sənaye tipli qaz sayğaclarının göstəricilərinə uyğun olaraq uçota alınmayan qaz həcminin hesablanması məqsədəuyğun hesab edilir. Göstərilənləri nəzərə alaraq ona məxsus “Elster G-65 RVG EK-220” markalı, 75117622 nömrəli qaz sayğacına 12129 kub/metr uçota alınmayan qaz həcmi müəyyən edilmişdir. Cavabdeh təşkilatın müraciətinə bu qaydada yanaşması hesab edir ki, qətiyyən düzgün deyildir. Belə ki, istehlakçı olaraq təqsiri olmadığı halda, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində cavabdehə heç bir zərər vurulmamışdır. Cavabdeh təşkilatın məsul şəxsləri onun qazdan qanunsuz işlətməyini təsdiq edən heç bir sübut göstərə bilməmişlər, borcun sistemə düşdüyünü, ancaq məhkəmə qərarı ilə silinə biləcəyini bildirmişlər. X9 İdarəsinin öz qanunsuz yazdıqları aktı və cəriməni ləğv etməyəcəklərini başa düşdüyü üçün məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Cavabdehin nümayəndələri qanunsuz yazdıqları borcu tələb edir, ödənilməzsə qaz təminatının dayandırılması bildirilir. Məhkəməyə müraciət etmək məcburiyyətindədir. Çörəkbişirmə sexinə çörək bişirmək üçün qazdan istifadə edilir, qaz sayğacı küçədə, gözlə görünən yerdə quraşdırılıb, istənilən şəxs istədiyi vaxt sayğaca baxa bilir. İstifadə edilən qazın sərfiyyatı vaxtında və dəqiq ödənilmişdir. Dövr ərzində qaz təminatında və ödənişlərdə ciddi dəyişiklik olmamışdır. Akt cavabdehin nümayəndələri tərəfindən yazılmış, cavabdehin maraqlarına xidmət göstərir. Qeyd olunanlardan əlavə cavabdehin nümayəndələri xx.xx.2023-cü il tarixdə onun çörəkbişirmə sexinə baxış keçirərkən və akt tərtib edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdehin nümayəndələri ona texniki baxış keçiriləcəyi barədə heç bir rəsmi bildiriş təqdim etməmişdir. Bundan əlavə, cavabdeh ona məxsus çörəkbişirmə sexinə baxış keçirərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərini pozmuşdur. Qeyd edilən normativ aktların tələbləri cavabdeh tərəfindən təmin olunmamışdır. Qeyd olunanlar Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli aktının və 2668.38 cərimənin qanunsuz yazılmasının sübutudur. Mübahisənin məhkəməyədək həll olunması üçün cavabdehə pretenziya qaydasında müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, Cavabdeh İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktının və həmin akt əsasında hesablanmış 2668.38 manat cərimənin məhkəmə qaydasında ləğv olunması üçün əsaslar yaranmışdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını xahiş etmişdir. Etiraz belə əsaslandırılır ki, iddiaçı Mahmudov X6 rayonu, Moğonojoba kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, X9 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində **********00000 kodla abonent qeydiyyatındadır. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə AMX-5131/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si bağlanmışdır. Bu məqsədlə “Azəriqaz" İB-nin Təmir Tikinti İdarəsinin Sənaye qaz sayğaclarına xidmət mərkəzi tərəfindən əhali və qeyri-əhali abonentlərinin qaz xətti üzərində quraşdırılmış sənaye tipli qaz sayğaclarına texniki xidmət göstərilir. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız olaraq aparılmasını və rotorların (turbinin) sərbəst şəkildə işləməsini təmin etmək üçün sayğaclar xətdən çıxarılaraq rotor, turbin və süzgəc hissələri yuyularaq təmizlənir. Məlumdur ki, turbin TRZ və rotor RVG tipli qaz sayğacları təmizlənmiş qeyriaqressiv və rəvan dəyişən axının kommersiya və ya texnoloji uçotu, o cümlədən qaz təchizatı sistemlərində, eləcə də sənaye qaz qurğularında istifadə edilən və TOCT 5542- 2014 standartının tələblərinə cavab verən kimyəvi cəhətdən heterogen təbii qaz, həmçinin hava, azot və digər qeyri-aqressiv qazların həcminin ölçülməsi üçün nəzərdə tutulmuş ölçmə vasitəsidir. Bir çox hallarda layihəyə uyğun olaraq seçilmiş qaz sayğacı istehlakçılar tərəfindən layihə gücünə uyğun olmayaraq, həmçinin sayğacın minimal sərfölçmə qabilyyətindən aşağı həddə (səviyyədə) istifadə olunur ki, belə olan halda da qazın sərfi xəta ilə hesablanır və ya sayğacdan qaz keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. Digər tərəfdən, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Belə ki, ПP 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən, təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəraitdə olan qazın sıxlığına görə 0.25%, qazın tərkibindəki azota görə 3.5% və karbon qazına görə 4.0% təşkil edir. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən qazdan istifadə qaydaları və qazın alqı-satqı müqaviləsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsinə, eyni zamanda qaz sayğacının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə ölçmə metodikasına əsasən yerində texniki xidmət göstərilən sənaye tipli qaz sayğaclarının göstəricilərinə uyğun olaraq uçota alınmayan qaz həcminin hesablanması məqsədəuyğun hesab edilir. Göstərilənləri nəzərə alaraq İddiaçı məxsus Lənkəran rayonu, Moğonojoba kəndində yerləşən çörəkbişirmə sexində Elster G-65 RVG EK-220 markalı 75117622 nömrəli qaz sayğacına xx.xx.2022-ci il tarixdə yerində texniki xidmət göstərilən zaman 22129 kub/metr uçota alınmayan təbii qazın həcmi və 2668.38 manat məbləğində dəyəri müəyyənləşdirilmişdir. Elster G-65 RVG EK-220 markalı 75117622 nömrəli qaz sayğacı iddiaçının vəsaiti hesabına alınmış və təsərrüfat sahəsində quraşdırılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın tələblərinə əsasən istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Qeyd olunan normativ aktların tələblərindən müəyyən olunur ki, İddiaçı çörəkbişirmə sexində istismarda olan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı vəkili və eyni zamanda nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirib, iddiaya qarşı təqdim olunan yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, rədd olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 1 avqust 2023-cü il tarixli e-2-2(121)-1086/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya qarşı təqdim olunan yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il Qanunun 4-cü maddəsinin 2-ci bəndində əsasən istehlakçi bu Qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaların”nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-ci tarixli 180 nömrəli qərarının 2.12-ci bəndində əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Həmin qaydaların 4.8-ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəcisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya təqdim edildikdə (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəsifəsidir. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqununa malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmçinin, 30 noyabr 2020-ci il tarixli AMX-5131/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.1.6-cı yarımbəndi ilə istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifələrinə aid edilmişdir. Eyni zamanda, ”Enerji resuslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda istifadə olunan enerji resuslarının uçotu məcburidir. Enerji resuslarından istifadənin ucotunun düzgün aparılmasına idarə və təşkilat rəhbərləri cavabdehdirlər. Enerji resuslarından istifadənin uçotu ölçü üsullarının və cihazlarının dəqiqliyi normalarına və dövlət starndartlarına uyğun həyata keçirilir. Belə ki, Respublikada qüvvədə olan ГОСТ- 2939-63 standartının tələblərinə əsasən istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə təzyiq 1.01325 bar və tempertur 293.15( 20 C) olmaqla hesablanır. Bunun üçün də turbin və rotor tipli qaz sayğacları elektron həcm korrektorları ilə təchiz edilir. Qanunvericiliyin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı halda Cavabdeh İB ilə İddiaçı arasında 30 noyabr 2020-ci il tarixli AMX-5131/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə Müqavilə bağlanmış və həmin müqaviləyə əsasən paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Hazırkı halda işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İB tərəfindən İddiaçı üçün qaz sayğacı quraşdırılmış və fasiləsiz olaraq istehlakçını keyfiyyətli qazla təmin etmişdir. Məhkəmə qətnamədə iddia tələbinin təmin edilməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əsaslandırmışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, Cavabdeh İB-yi tərəfindən iddiaçıya məxsus müəssisədə aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Bildirilir ki, məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin Cavabdeh İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.3-cü bəndinə əsasən, sənaye qaz cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziyası) olan təşkilatla və qaz paylayıcı ilə texniki xidmət müqaviləsi bağlamağı yerinə yetirilməlidir. Lakin istehlakçı tərəfindən qanunvericiliyin həmin tələbi icra edilməmişdir və məhkəmə tərəfindən həmin hal araşdırılmamışdır. Qanunvericiliyin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh İB üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və qazın nəqlini dayandırmamış və İddiaçı da təbii qazdan istifadə etmişdir. Qanunvericiliyin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin hazırkı iş üzrə iddiaçı məhkəməyə Cavabdeh İBnə qarşı verdiyi iddia tələbi ilə bağlı iddia ərizəsində qeyd etdiklərinin mövcudluğunu təsdiq edən hər hansı bir sübut təqdim etmədiyi halda, məhkəmə Cavabdeh İB-nin iddiaçıya qaza görə ödəmədiyi qazın borcunu tam şəkildə silmişdir. Hesab edilir ki, məhkəmənin gəldiyi bu nəticə əsassızdır. Çünki, iddiaçı istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmir, lakin tərəflərindən lazımi qədər sübut təqdim edildiyi, qaz sayğacında yaranmış nasazlığa görə istehlakçıya əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh bu hesablamanın qanuni əsasını göstərə bilməmişdir. Hazırki, iş üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və əsas halı iddiaçı və cavabdeh arasında müqavilənin mövcud olması və cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.3-cü bəndinə əsasən, sənaye qaz cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziyası) olan təşkilatla və qaz paylayıcı ilə texniki xidmət müqaviləsi bağlamağı yerinə yetirməlidir. Lakin istehlakçı tərəfindən qanunvericiliyin həmin tələbi icra edilməmişdir və məhkəmə tərəfindəm həmin hal araşdırılmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məmzunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh "Azəriqaz" İB apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mütəxəsis qismində cəlb edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialının aparıcı müfəttişi X5 mübahisə predmeti ilə bağlı izahat verərək göstərmişdir ki, iddia ərizəsində qeyd edilən Lənkəran rayonu, Moğonojoba kəndində yerləşən fiziki şəxs İddiaçı məxsus çörək bişirmə sexi X9 İstismarı İdarəsinin abonent bazasında **********00000 nömrəli kodla qeydiyyata alınmışdır. Çörək bişirmə sexində xx.xx.2018-ci il tarixdə Elster tipli, G-65 markalı, 75117622 zavod nömrəli qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Akt və ona əlavə edilmiş sonuncu 29/1640-0440 nömrəli, xx.xx.2018-ci il tarixli, “SOCAR” İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin “Sayğacın istismara yararlığı haqqında” arayışda bildirilir ki, sözügedən qaz sayğacı istismara yararlıdır və xx.xx.2021-ci il tarixdə növbəti dövlət yoxlamasına göndərilməsi təmin olunmalıdır. İstehlakçının iddia ərizəsində qeyd olunan və ödənilməsi tələb olunan 2668.38 manat məbləğində uçotu pozulmuş qazın hesablanması ilə bağlı tərtib edilmiş müvafiq sənədlərin, eyni zamanda həmin sənədlərin tərtibatında istinad edilən normativ-hüquqi aktlar barədə məlumatların filiala təqdim olunması ilə bağlı RQİİ-yə göndərilən sorğuya cavab məktubundan məlum olmuşdur ki, istehlakçıya məxsus qaz sayğacının növbəti dövlət yoxlanılmasına göndərilməsi vaxtında təmin edilməmiş və Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə sayğac yerində sökülərək daxili hissələri və süzgəci təmizlənmiş, yerinə quraşdırılaraq istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmiş və normativ-hüquqi sənədlərə istinad edilmədən bu akt əsasında istehlakçıya borc hesablanmışdır. Məktuba normativ-hüquqi sənəd qismində sayğac vasitəsi ilə ölçmənin aparılması metodikası əlavə edilsə də, borcun hesablanması ilə bağlı sənəd əlavə edilməmişdir. Həmçinin, müəyyən edilmişdir ki, hər il, o cümlədən 2022-ci ildə sayğac göstəricisinə əsasən, qaz sərfi və dəyəri barədə istehlakçıya təqdim edilən üzləşmə aktları heç bir istisnalar olmadan RQİİ-nin və istehlakçının möhürləri ilə iki tərəfli təsdiq edilmiş və bunun əsasında ödənişlər həyata keçirilmişdir. Bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydalan”nın 1.1-ci yarımbəndinə əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Qaydaların 1.3-cü yarımbəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir və qaz paylayıcısı ilə istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqısatqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. İstehlakçı ilə qazpaylayıcısı arasında Qaydalara əlavə edilmiş 3 nömrəli formaya uyğun bağlanmış AMX-5131/20 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilənin (Müqavilə) 2.1.11-ci və 2.2.4-ci yarımbəndinin tələblərinə əsasən, qaz paylayıcısı istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirməli, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərməlidir. Bu Müqavilənin 3.5-ci yarımbəndinin tələblərinə əsasən, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 4.8-ci bəndinin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.3-cü yarımbəndinə əsasən, qaz sayğacları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaydaların 4.9-cu bəndinin tələbinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin, Qaydaların 2.11-2-ci yarımbəndində qeyd edilir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Araşdırmanın nəticələrindən məlum olmuşdur ki, borcun hesablanması və həmçinin, dəyərinin ödənilməsinin istehlakçıdan tələb edilməsi “Qazdan istifadə Qaydaları”nın 4.3, 4.8, 4.9-cu, həmçinin Müqavilənin 2.1.11, 2.2.4-ci və 3.5-ci yarımbəndlərinin tələbləri ilə ziddiyyət təşkil edir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan ******* nömrəli, xx.xx.2023-cü il tarixli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, İddiaçı məxsus sayğacı sökülərək, qaz xəttindən ayrılmış, sayğacın daxili hissələri və süzgəci təmizlənərək quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, İddiaçı akt əsasında 2668.88 manat məbləğində borc hesablanmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. Reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Həmin Qaydaların 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmib Qaydaların 2.11-2-ci bəndinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qaydaların 4.3 və 4.4-cü bəndlərinə əsasən, qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin Qaydaların 4.8 və 4.9-cu bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borcun hesablanması və dəyərinin ödənilməsinin iddiaçıdan tələb edilməsi “Qazdan istifadə Qaydaları”nın 2.10, 2.11-2, 4.3, 4.8, 4.9-cu bəndlərinin, həmçinin tərəflər arasında bağlanmış müqavilənin 2.1.11 və 3.5-ci bəndlərinin tələblərinə ziddir və pozuntudur. Əvvəla ona görə ki, iş materiallarından qazpaylayıcı tərəfindən yoxlama tədbirinin (baxış, müayinə, nəzarət, xronometraj və s.) sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparması müəyyən olunmur. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan başqa tərəflər arasında bağlanmış AMX-5131/20 saylı, xx.xx.2020-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.1.11-ci bəndinə əsasən, istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək qaz paylayıcısının vəzifələrindəndir. İşin müəyyən olunan hallarına əsasən qazpaylayıcı iddiaçının obyektini qazla təmin edən xətt üzərində quraşdırdığı sayğacı xx.xx.2021-ci il tarixdə növbəti dövlət yoxlamasına göndərilməli olduğu halda, bu vəzifəsini icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci yarımbəndinin tələblərinə əsasən, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5- 3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İş materiallarından müəyyən olunur ki, Lənkəran rayonu, Moğonojoba kəndində yerləşən iddiaçıya məxsus çörək bişirmə sexi X9 İstismarı İdarəsinin abonent bazasında **********00000 nömrəli kodla qeydiyyata alınmışdır. Çörək bişirmə sexində xx.xx.2018-ci il tarixdə Elster tipli, G-65 markalı, 75117622 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçıya məxsus qaz sayğacının növbəti dövlət yoxlanılmasına göndərilməsi vaxtında təmin edilməmiş və Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə sayğac yerində sökülərək daxili hissələri və süzgəci təmizlənmiş, yerinə quraşdırılaraq istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmiş və normativ-hüquqi sənədlərə istinad edilmədən bu akt əsasında iddiaçıya 2668.38 manat məbləğində borc hesablanmışdır. Həmçinin, müəyyən edilmişdir ki, hər il, o cümlədən 2022-ci ildə sayğac göstəricisinə əsasən, qaz sərfi və dəyəri iddiaçı tərəfindən heç bir istisnalar olmadan ödənilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulduğundan, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2, 217.2, 372, 385.2, 386, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 1 avqust 2023-cü il tarixli e-2-2(121)-1086/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar