Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-127/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsi Kommerisya Kolegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış 17709,10 manat məbləğdə borcun tutulması tələbinə dair tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-576/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ”Azəriqaz” İstehsalat Birliyi Cavabdeh Səttər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Səftər qızından istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 17709,10 manat əsas borc məbləğinin və mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” xx.xx.2019-cu il tarixli AMX-7664/19 nömrəli müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və iddiaçıya 17709,10 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcə də Mülki Məcəllənin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin MPM-in 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə xx.xx.2023-cü il tarixdə elektron portal vasitəsilə pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmiş, bu istiqamətdə heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. MPM-in 4.6-cı bəndinə əsasən cavabdehə mübahisənin həll olunması üçün ilkin mediasiya sesiyasında iştirak etmək üçün mediasiyaya dəvət məktubu göndərilmişdir. ”Azəriqaz” İB-nin və cavabdehin nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak etsədə razılıq əldə olunmadığı üçün ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişdir. Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli MŞS/MT-028/2023/0220K nömrəli ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-576/2024 saylı qətnaməsi ilə (hakim Zaur Abbasov) iddia təmin edilərək, Cavabdeh Səttər qızından “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli AMX-7664/19 nömrəli müqaviləyə əsasən istehlak edilmiş təbii qaza görə yaranmış 17709,10 manat məbləğində borc məbləği və 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 17909,10 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 143,13 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməsi və Cavabdeh Səttər qızından tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edilmişdir. Məhkəmə iddia müddətinin ötürülməməsini İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli AMX-7664/19 nömrəli müqavilənin 7.3-cü bəndi ilə əsaslandırmışdır. Qeyd olunan müqavilənin 7.3-cü bəndinə qeyd olunur ki, istehlakçı müqavilə müddətinin bitməsinə bir ay qalmış müqavilənin ləğv edilməsi barədə təşəbbüs göstərmədikdə və ya qanunvericilik aktlarına əsasən “Paylayıcı” tərəfindən təqdim edilən xidmətlər üzrə şərtlər dəyişmədikdə, müqavilənin müddəti hər növbəti il üçün uzadılmış hesab olunur və bu halda yeni müqavilənin bağlanılması tələb olunmur. Cavabdeh iddiaçı ilə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2019cu il tarixli AMX-7664/19 nömrəli müqavilə bağlamış və müqavilənin müddəti 1 il müəyyən edilmişdir. Cavabdeh tərəfindən 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin yanvar-aprel aylarında qazdan istifadə olunmuş və sonrakı müddətdə qazdan istifadə olunmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndinə əsaslanaraq iddia tələbini təmin etsə də, həmin müqavilənin 3.1-ci bəndinin tələblərini nəzərə almamışdır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli AMX- 7664/19 nömrəli müqavilənin 7.3-cü bəndində qeyd olunmuşdur ki, istehlakçı müqavilə müddətinin bitməsinə bir ay qalmış müqavilənin ləğv edilməsi barədə təşəbbüs göstərmədikdə və ya qanunvericilik aktlarına əsasən Paylayıcı tərəfindən təqdim edilən xidmətlər üzrə şərtlər dəyişmədikdə, müqavilənin müddəti hər növbəti il üçün uzadılmış hesab olunur və bu halda yeni müqavilənin bağlanılması tələb olunmur. Həmin müqavilənin 3.1-ci bəndində isə 1 m3 qazın qiymətinin 0.20 manat olması qeyd olunmuşdur. Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii qazın ölkədaxili tarifləri”nin 6.2.3-cü bəndində sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 m3 qazın qiymətinin 0.22 manat olması müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında şərtlər dəyişmişdir. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, istixanalarla İddiaçı arasında hər mövsüm üçün müqavilə bağlanması tələb olunur. Buna səbəb kimi istixanada quraşdırılmış qaz sayğacı və cihazlar əsas göstərilir. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Tarif Şurasının müvafiq qərarı 2021-ci ilin oktyabr ayında qəbul edilmiş, qazın qiyməti 0.22 qəpik olmuşdur. Şərtlər artıq dəyişmiş və buna görə də, həmin müqavilə qüvvədən düşmüş sayılmalıdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2020-ci ilin aprel ayında 0.80 qəpik miqdarında istehlak olunmuş, son ödəniş kimi 2000 manat məbləğində pul 2020-ci ilin mart ayında ödənilmişdir. Sonra heç bir ödəniş edilməmişdir. 2021-ci ilin oktyabr ayında qazın qiyməti 0.22 qəpik olmuşdur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-576/2024 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İ Ş İ N H A L L A R İ: Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli AMX-7664/19 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Səttər qızı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır. İş materiallarında olan Cavabdeh Səttər qızının abonent saldosunun surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh Səttər qızına 2020-ci ilin aprel ayına 17709,10 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli dəvəti ilə Salyan 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında Cavabdeh Səttər qızı işitrak etməmişdir. Həmin arayışdan və ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün Salyan 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam hissədə yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri davam etdiyinə görə həmin müqavilə üzrə yaranmış öhdəliyə dair tələblər üzrə iddia müddətinin axımının başlanmasından söhbət gedə bilməz. İddiaçının mediasiyaya dəvət təklifi müqavilədən imtina kimi qiymətləndirilsə belə, yenə də müddətin keçmədiyi müəyyən olunur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli AMX-7664/19 nömrəli müqavilənin 7.3-cü bəndində göstərilmişdir ki, istehlakçı müqavilə müddətinin bitməsinə bir ay qalmış müqavilənin ləğv edilməsi barədə təşəbbüs göstərmədikdə və ya qanunvericilik aktlarına əsasən Paylayıcı tərəfindən təqdim edilən xidmətlər üzrə şərtlər dəyişmədikdə, müqavilənin müddəti hər növbəti il üçün uzadılmış hesab olunur və bu halda yeni müqavilənin bağlanılması tələb olunmur. Adıçəkilən müqavilənin 3.1-ci bəndində isə 1 m3 qazın qiymətinin 0.20 manat olması qeyd olunmuşdur. Ancaq Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii qazın ölkədaxili tarifləri”nin 6.2.3-cü bəndində sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 m3 qazın qiymətinin 0.22 manat olması müəyyən edilmiş və beləliklə də, qazın qiyməti baxımından tərəflər arasında bağlanmış qeyd edilən müqavilənin şərtləri dəyişmişdir. Bu baxımdan nəzərə alınmalıdır ki, işdə olan abonent saldosuna əsasən İddiaçı tərəfindən Cavabdeh Səttər qızına hesablanmış 17709,10 manat məbləğində borc 2020-ci ilin aprel ayına olan borcdur. Habelə Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarından sonra - xx.xx.2021-ci ildən sonrakı tarixdə tərəflər arasında yenidən müqavilə bağlanmamış və bununla da, sözügedən müqavilə eyni müddətə uzadılmamışdır. Qeyd edilənlər baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla yanaşı, MM-in 551.2.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Belə ki, MM-in 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün MM ilə müəyyən edilmiş 3 illik iddia müddətində məhkəməyə müraciət etməmiş, iddia müddəti başa çatdıqdan sonra – 31 yanvar 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında izah edilmişdir ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. Qeyd edilməlidir ki, iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş” üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı iş” üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 576/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-576/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış 17709,10 manat məbləğdə borcun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-127/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-127/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver