Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-131/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Acıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbində dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli e-2-2(121)-566/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 2022-ci ildə əsassız yazılmış 10259.02 manat borcun silinməsi və ödənilmiş 122 manat dövlət rüsumunun cavabdehdən tutularaq AZ69AİİB******************** saylı hesaba qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsasladırılmışdır ki, "xxxx" ASC 2008-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi ödəyicisi kimi 6 saylı Vergilər İdarəsində qeydiyyatdadır. Şirkətə qanuni əsaslarla qaz xətti çəkilmiş və şirkət sayğacla təmin olunmuşdur. Sayğac isə şirkətin ərazisində deyil Cavabdeh İB-nin Lənkəran şəhərində yerləşən qaz paylayıcının ərazisində yerləşir. 17 ilə yaxındır ki, şirkət işlətdiyi qazın pulunu günə-gün verir. Heç vaxt Cavabdeh İB-yə şirkətin borcu olmamışdır. Şirkətin aylıq ödənişlərinə də, abonentin saldosuna da baxmaq olar. Qış aylarında şirkət 20000-26000 manat aylıq ödənişlər etmiş, əvvəlki aylara heç vaxt borcu olmamışdır. Əsassız borc kimi 2022-ci ildə yazılmış 10259.02 manat borcun silinməsi barədə Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməyə məcbur qalmışdır. Borcun haradan yaranmasını Cavabdeh İB-nin əməkdaşlarından soruşduqda cavab verə bilmirlər. Şirkət yandırdığı qazın pulunu tam şəkildə ödəmişdir. Şirkətə hesablanmış borc qanunsuz və əsassızdır, heç bir qanuna istinad edilmədən yazılmış bir borcdur. Əsassız borcun silinməsi barədə Cavabdeh İB-nə dəfələrlə şifahi və yazılı pretenziya ilə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılır ki, iddiaçı "xxxx" ASC Cavabdeh İB-in 10259.02 manat borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. Belə ki, iddiaçı "xxxx" ASC Lənkəran şəhəri, M.Füzuli küçəsi ünvanında, X3 İstismar İdarəsinin Lənkəran Xidmət Sahəsində **********00000 saylı kodla abonent qeydiyyatındadır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.3-cü bəndinə əsasən, sənaye qaz qurğularından istifadə edən istehlakçılar əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziya) almaq şərtilə öz xidmət sahəsini yaratmağı və ya xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamağı yerinə yetirməlidirlər. İstehlakçılar tərəfindən bu tələblərin yerinə yetirilməməsi qaz sayğacının istismar müddəti ərzində mexaniki hissələrinin aşınması, ölçü elementlərinin çirklənməsi (texniki amillər) nəticəsində normadan artıq xətalara yol verildiyi səbəbindən real istehlak olunmuş qaz həcminin qaz sayğaclarında uçotunun pozulması ilə nəticələnir. Belə olan halda, “Qazdan istifadə Qaydaları"nın 3 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.1.6-cı yarımbəndinə əsasən, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq vəzifəsi paylayıcının və 2.3.5-ci yarımbəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək öhdəliyi istehlakçının üzərinə qoyulmuşdur. Bu məqsədlə, Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinin Sənaye qaz sayğaclarına xidmət mərkəzi tərəfindən əhali və qeyri-əhali abonentlərinin qaz xətti üzərində quraşdırılmış sənaye tipli qaz sayğaclarına texniki xidmət göstərilir. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız olaraq aparılmasını və rotorların (turbinin) sərbəst şəkildə işləməsini təmin etmək üçün sayğaclar xətdən çıxarılaraq rotor, turbin və süzgəc hissələri yuyularaq təmizlənir. Məlumdur ki, turbin TRZ və rotor RVG tipli qaz sayğacları təmizlənmiş qeyri-aqressiv və rəvan dəyişən axının kommersiya və ya texnoloji uçotu, o cümlədən qaz təchizatı sistemlərində, eləcə də sənaye qaz qurğularında istifadə edilən və ГОСТ 5542-2014 standartının tələblərinə cavab verən kimyəvi cəhətdən heterogen təbii qaz, həmçinin hava, azot və digər qeyri-aqressiv qazların həcminin ölçülməsi üçün nəzərdə tutulmuş ölçmə vasitəsidir. Bir çox hallarda layihəyə uyğun olaraq seçilmiş qaz sayğacı istehlakçılar tərəfindən layihə gücünə uyğun olmayaraq, həmçinin sayğacın minimal sərf ölçmə qabiliyyətindən aşağı həddə (səviyyədə) istifadə olunur ki, belə olan halda da qazın sərfi xəta ilə hesablanır və ya sayğacdan qaz keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. Digər tərəfdən, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Belə ki, ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən, təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəraitdə olan qazın sıxlığına görə 0.25%, qazın tərkibindəki azota görə 3.5% və karbon qazına görə 4.0% təşkil edir. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən qazdan istifadə qaydaları və qazın alqı-satqısı müqaviləsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsinə, eyni zamanda qaz sayğacının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə ölçmə metodikasına əsasən yerində texniki xidmət göstərilən sənaye tipli qaz sayğaclarının göstəricilərinə uyğun olaraq uçota alınmayan qaz həcminin hesablanması məqsədəuyğun hesab edilir. Göstərilənləri nəzərə alaraq, "xxxx" ASC-yə 46632 m3 uçota alınmayan qazın həcmi müəyyən edilmişdir. Bununda məbləği 10259.04 manat təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin müddəalarını rəhbər tutaraq, "xxxx" ASC-nin borcunun silinməsi barədə iddiasının rədd edilməsi xahiş olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmədə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, 14 mart 2024-cü il tarixli təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında razılaşma protokolunu məcburiyyət qarşısında imzalamışlar. Çünki imzalamayacağı təqdirdə onlara qaz verilməyəcəyi bildirilmişdir. Belə olan halda hesab edir ki, razılaşma protokolu qanunsuzdur. Məhkəmədə Cavabdeh İB-nin nümayəndəsi X2 iddiaya qarşı təqdim olunun yazılı etirazın yuxarıda şərh olunan məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçıya məxsus obyektə aparılan yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınmamışdır və tərəflərindən iddiaçı barəsində hesablanmış 10259.02 manat borca dair tərtib edilmiş hər hansı akt mövcud deyildir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının sorğusuna isə, sorğuda qeyd olunan sənədlər mövcud olmadığı üçün cavab verilməmişdir. İddiaçı ilə cavabdeh arasında “təbii qazdan istifadəyə görə borcun ödənilməsi haqqında” Razılaşma protokolu imzalanmışdır və həmin razılaşma protokolu ilə "xxxx" ASC təbii qazdan istifadəyə görə Cavabdehnə 10258.67 manat məbləğində debitor borcunun olmasını qəbul etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli e-2-2(121)-566/2025 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh İB tərəfindən 2022-ci ildə əsassız hesablanmış 10259.02 manat borcun "xxxx" ASC-nin abonent hesabından (abonent kodu **********00000) silinməsi və ödənilmiş dövlət rüsumuna görə 121.4 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq "xxxx" ASC-nin AZ69AİİB******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-yə cavabdeh Azəriqaz İB tərəfindən 2022-ci ilin dekabr ayında 10259.04 manat məbləğində borc hesablanmışdır. Borcun yaranma əsası odur ki, iddiaçı tərəf 11/2022-ci il tarixində qaz sayğacından istifadə etmiş, lakin qaz sayğacında xəta yaranmışdır. Yaranmış xəta nəticəsində qaz sayğacından təbii qaz keçmiş, iddiaçıya məxsus obyektdə təbii qazdan istifadə edilmiş, lakin sərf edilən təbii qazın həcmi abonentin ödəniş cədvəlində (saldosunda) qeydə alınmamışdır. İddiaçıya məxsus abonent saldosunda 11/2022-ci il tarixinə də diqqət etsək müəyyən olunur ki, həmin tarixdə iddiaçının qaz sərfi “0” və sərfin məbləği “0” kimi qeydə alınmışdır. Bu səbəbdən də, cavabdeh Azəriqaz İB tərəfindən iddiaçı "xxxx" ASC-yə 2022-ci ilin noyabr ayında uçota alınmayan 46632 m qazın həcminə görə 1 ay sonra 10259.04 manat məbləğində borc hesablanmışdır. İş materialarında olan xx.xx.2024-cü il tarixli “təbii qazdan istifadəyə görə borcun ödənilməsi haqqında” razılaşma protokolunun surətindən görünür ki, "xxxx" ASC təbii qazdan istifadəyə görə Cavabdeh İB-yə10258.67 manat məbləğində debitor borcunun olmasını qəbul etmişdir. Protokol iddiaçının nümayəndəsi tərəfindən imzalanmış, iddiaçıya məxsus möhürlə təsdiq edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında borcun qəbuluna dair yazılı razılaşma protokoluna əsasən iddiaçı ASC cavabdeh tərəfə 10258.67 manat məbləğində debitor borcunun olmasını qəbul etmişdir. Protokolun məzmunu iddiaçı tərəfin 10258.67 manat məbləğində borcu etiraf etməsi ilə bağlıdır. Protokolun 1.4-cü bəndindən müəyyən olunmuşdur ki, hər ay hesab faktura təqdim edildikdən sonra bu Razılaşma Protokolunun 1.2 və 1.3-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq iddiaçı ASC götürdüyü öhdəlikləri icra edir və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul edir və bununla bağlı Azəriqaz İB-yə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. Razılaşma protokolu “barışıq razılaşması haqqında müqavilə” xarakteri daşıyır və tərəflərin iradə ifadəsini özündə əks etdirmişdir. Razılaşma protokolu əsasında, iddiaçı və cavabdeh tərəf öz aralarında sonrakı hüquqlar və ya iddialar barəsində mübahisəni qarşılıqlı güzəştlər yolu ilə öncədən həll etmişdir. Razılaşma protokolunun hüquqi qüvvəsinə və statusuna görə, xx.xx.2024-cü il tarixindən sonra iştirakçılar üçün yalnız razılaşma protokolunda təsbit edilənlər etibarlıdır. Lakin, borclu iddiaçı CavabdehİB-yə qarşı etibarsızlıq nümayiş etdirmiş, razılaşma protokoluna sadiq qalmamış və vaxtilə etiraf etmiş olduğu borcun silinməsi tələbi ilə bağlı məhkəməyə haqsız müraciət etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin və birinci instansiya məhkəməsində verdiyi izahatın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh İB məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır, kollegiya MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan iddiaçı "xxxx" ASC-yə məxsus abonent saldosundan görünür ki, Cavabdeh tərəfindən iddiaçı "xxxx" ASC-yə (abonent kodu **********00000) akt əsasında 2022-ci ilin dekabr ayında 10259.04 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etirazdan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən uçota alınmayan qazın həcmi 46632 m3 olması müəyyən edilmişdir. İş materiallaarında olan 14 mart 2024-cü il tarixli “təbii qazdan istifadəyə görə borcun ödənilməsi haqqında” Razılaşma protokolunun surətindən görünür ki, "xxxx" ASC təbii qazdan istifadəyə görə Cavabdehnə 10258.67 (on min iki yüz əlli səkkiz manat altmış yeddi qəpik) manat məbləğində debitor borcunun olmasını qəbul edir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, "xxxx" ASC Cavabdeh İB-yə müraciət edərək, hesablanmış 10258.67 manat məbləğində borcun hüquqi əsasının olmadığını bildirmiş və quraşdırılmış qaz sayğacına görə **********00000 saylı abonent koduna əsassız hesablanmış borcun silinməsinə dair göstəriş verilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Lənkəran şəhərində yerləşən ASC X3 İstismarı İdarəsinin abonent bazasında **********00000 nömrəli kodla qeydiyyata alınmışdır. Təqdim edilən abonent saldosuna əsasən məlum olmuşdur ki, ASC-nin qaz təchizatı üçün xx.xx.2020-ci il tarixdə Elster tipli, G-650 markalı, 83043477 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Abonent saldosunun “Qalıq və Aktlar” hissəsinə əsasən 2022-ci ilin dekabr ayında 10259.04 manat məbləğində (46632 m3 ) təbii qazın hesabatı aparılmış və ASC-nin abonent saldosuna daxil edilmişdir. Təqdim olunan sənədlərdə qeyd olunan və ödənilməsi tələb olunan 10259.04 manat məbləğində uçotu pozulmuş qazın hesablanması ilə bağlı tərtib edilmiş müvafiq sənədlərin (“Qazdan istifadə Qaydaları”nın pozulması barədə tərtib edilmiş akt və digər əhəmiyyətli sayılan halların) olmadığı nəzərə alınaraq filiala təqdim olunması ilə bağlı RQİİ-ə sorğu göndərilmiş, lakin RQİİ tərəfindən bu günə qədər hər hansı bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən sözügedən məsələ ilə bağlı mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. Reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Həmin Qaydaların 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmib Qaydaların 2.11-2-ci bəndinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qaydaların 4.3 və 4.4-cü bəndlərinə əsasən, qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin Qaydaların 4.8 və 4.9-cu bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borcun hesablanması və dəyərinin ödənilməsinin iddiaçıdan tələb edilməsi “Qazdan istifadə Qaydaları”nın 2.10, 2.11-2, 4.3, 4.8, 4.9-cu bəndlərinin, həmçinin tərəflər arasında bağlanmış müqavilənin 2.1.11 və 3.5-ci bəndlərinin tələblərinə ziddir və pozuntudur. Əvvəla ona görə ki, iş materiallarından qazpaylayıcı tərəfindən yoxlama tədbirinin (baxış, müayinə, nəzarət, xronometraj və s.) sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparması müəyyən olunmur. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan başqa tərəflər arasında bağlanmış AMX-5668/20 saylı, xx.xx.2020-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.1.11-ci bəndinə əsasən, istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək qaz paylayıcısının vəzifələrindəndir. İşin müəyyən olunan hallarına əsasən qazpaylayıcı iddiaçının obyektini qazla təmin edən xətt üzərində quraşdırdığı sayğacı dövlət yoxlamasına göndərilməli olduğu halda, bu vəzifəsini icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci yarımbəndinin tələblərinə əsasən, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5- 3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Bunlardan savayı cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinə verdiyi izahatdan və işdə olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, “Qazdan istifadə Qaydaları”nın pozulması barədə tərtib edilmiş akt və digər əhəmiyyətli sayılan hallar mövcud olmamışdır. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 80 saylı, xx.xx.2011-ci il tarixli qərarının və digər normativ aktların tələblərinə riayət etmək cavabdehin vəzifəsidir. Kollegiya həmçinin iddiaçının nümayəndəsinin “borcun ödənilməsi haqqında razılaşma protokolunu məcburiyyət qarşısında imzalanmışdır, çünki imzalamayacağı təqdirdə qaz verilməyəcəyi bildirilmişdir” sözlərini inandırıcı hesab edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, həmin 14 mart 2024-cü il tarixli “Təbii qazdan istifadəyə görə borcun ödənilməsi haqqında” Razılaşma protokolunun 1.4-cü bəndində iddiaçının götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmacağı ifadəsi yer alır. Cavabdehin təbii inhisar subyekti olaraq iddiaçıya qazın veriləcəyinin dayandırılacağını bildirməsi ilə sonununun iradə ifadəsini zədələmiş olduğu da, istisna edilmir. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin iş materiallarından yuxarıda qeyd olunan halların heç biri müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2, 217.2, 372, 385.2, 386, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli e-2-2(121)-566/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2-2(106)-131/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-131/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver