Məhkəmə qərarları › İş №2-2(106)-52/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-52/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-52/2023 08.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 17 mart 2023-cü il tarixli e-2-2(121)-257/2023 saylı və 30 mart 2023-cü il tarixli e-2-2(121)-257/2023 saylı qərardadlarından (hakim E.Abdullayev) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “Fəxrəddin-K“ MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 285744.69 (iki yüz səksən beş min yeddi yüz qırx dörd manat, altmış doqquz qəpik) manat borcun və 175.74 manat ödənilmiş rüsum xərclərinin məcburi qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi elektron qaydada verilməklə 10 yanvar 2023-cü il tarixdə birinci instansiya məhkəməsində qeydiyyatdan keçmiş, məhkəmənin 11 yanvar 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilərək, məhkəmə baxışına hazırlıq iclası 15 fevral 2023-cü il tarixinə təyin olunmaqla, tərəflərə rəsmi qaydada məlumat verilmişdir. 15 fevral 2023-cü il tarixinə təyin olunmuş məhkəmə baxışına hazırlıq iclasında tərəflər nümayəndələri vasitəsilə təmsil olunmamışlar, növbəti hazırlıq iclası 15 mart 2023-cü il tarixinə saat 11:30-a təyin olunmaqla, tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2-2(121)-257/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə məhkəmə iclasında baxılması üçün kifayət qədər hazırlanmış hensab olunaraq, 12 aprel 2023-cü iil tarixinə saat 11:30-a məhkəmə baxışına təyin edilmişdir. 15 mart 2023-cü il tarixdə saat 10:45-də elektron kabinetə yüklənməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “əsassız hesablanmış 193927.14 manat borcun silinməsi” tələbi ilə qarşılıqlı iddia ərizəsi verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 17 mart 2023-cü il tarixli e-2-2(121)-257/2023 saylı qərardadı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 152.1.4 və 152.1.2-ci maddələrinə istinadla icraata qəbul edilmədən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Belə ki, məhkəməyə ünvanlanmış qarşılıqlı iddia ərizəsindən görünür ki, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin alınmasına dair sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı mövcud qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qarşılıqlı iddia ərizəsini cavabdehə göndərmədiyindən və qarşılıqlı iddia ərizəsinin həmin cavabdeh tərəfindən alınmasına dair sübut təqdim etmədiyindən, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil mövcud qarşılıqlı iddia ərizəsini imzalamağa hüququnun olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.1.3-cü maddəsinə əsasan, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qərardaddan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil şikayət verərək ləğv olunmasını, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini, məhkəmə baxış iclasının ləğv edilərək işin hazırlıq iclasına təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiadan yalnız prosesdən az müddət əvvəl vəkil və etibarnamə üzrə nümayəndə Vəkil ilə müqavilə bağlanmış və hüquqlarının müdafiəsi üçün müraciət edilmişdir. 15 mart 2023-cü ildə elektron kabineti qəbul edildikdən sonra dərhal qarşılıqlı iddia verilmişdir. Həmin vaxta qədər elektron kəbinetdən işlə tanış olmaq və iddianın olması məlum olmamışdır. Göründüyü kimi iddia ərizəsinin rəsmi qaydada "xxxx" MMC-nə göndərilməsi və alınması görünmür və yalnız 15 mart 2023-cü ildə elektron kabinetə daxil olduqdan sonra məlum olmuşdur ki, iddia ərizəsi var. Həmçinin qərardadda qeyd olunmuşdur ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil mövcud qarşılıqlı iddia ərizəsini imzalamağa hüququnun olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Etibarnamə tərəfindən verildikdən sonra elektron kabinetə daxil edilmişdir. Göründüyü kimi qarşılıqlı iddia dərhal elektron kabinetə daxil edildikdən sonra verilmiş və məhkəmə ərizəni qəbul etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 30 mart 2023-cü il tarixli e-2-2(121)-257/2023 saylı qərardadı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-257/2023 saylı 17 mart 2023-cü il tarixli qərardadından verdiyi şikayət, sonuncunun şikayəti imzalamaq səlahiyyətinin olmaması əsası ilə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayətə əlavə edilmiş 07 mart 2023-cü il tarixli 024 nömrəli etibarnaməyə əsasən "xxxx" MMC tərəfindən Vəkil Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Ali Məhkəmədə, Mediasiya təşkilatlarında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə uyğun olaraq bütün prosessual və digər hərəkətləri həyata keçirtmək etibar edilmişdir. Şikayətin əsasını təşkil edən etibarnamədən də göründüyü kimi Vəkil "xxxx" MMC tərəfindən Şirvan Kommersiya Məhkəməsində Azərbaycan Rüspublikasının Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə uyğun olaraq bütün prosessual və digər hərəkətləri həyata keçirmək etibar edilməmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil Şirvan Kommersiya Məhkəməsinin yuxarıda qeyd edilən hər iki qərardadından şikayət verərək ləğv olunmalarını, qarşlıqlı iddia ərizəsi icraata götürülməsini, ilk iddia üzrə iddiaçının iddia ərizəsinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 28 və 29-cu maddələrinin Azərbaycan Respublikası MPM-nin 149.2.2, 150.1.2, 150.1.4, 150.1.7, 150.2, 152.1.2 maddələrinin tələblərinə riayət edilib edilməməsi yoxlanılmaqla məhkəmə baxış iclası ləğv edilərək işin hazırlıq iclasına təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddiadan yalnız prosesdən az müddət əvvəl vəkil və etibarnamə üzrə nümayəndə Vəkil ilə müqavilə bağlanmış və hüquqlarının müdafiəsi üçün müraciət edilmişdir. 15 mart 2023-cü ildə elektron kabineti qəbul edildikdən sonra dərhal qarşılıqlı iddia verilmişdir. Həmin vaxta qədər elektron kabinetdən işlə tanış olmaq və iddianın olması məlum olmamışdır. İddia ərizəsinin rəsmi qaydada "xxxx" MMCnə göndərilməsi və alınması görünmür və yalnız 15 mart 2023-cü ildə elektron kabinetə daxil olduqdan sonra məlum olmuşdur ki, iddia ərizəsi var. Göründüyü kimi qarşılıqlı iddia dərhal elektron kabinetə daxil edildikdən sonra verilmiş və məhkəmə ərizəni qəbul etmişdir. Etibarnamə elektron məhkəmə sisteminə daxil edilərkən texniki səhv olaraq hesab edilən, Bakı Kommersiya və Bakı Apelyasiya Məhkəmələrinə etibarnamənin yazılması, cavabdeh "xxxx" MMC tərəfindən fəaliyyətin etibarnamənin alt hissəsində göründüyü kimi Bakı şəhəri ərazisində fəaliyyət göstərməsi və qaldırılan bəzi iddiaların Bakı şəhərində verildiyinə görədir və bu nöqsan aradan qaldırıla bilən nöqsandır. Hazırda yenidən düzəliş edilməklə bu nöqsan aradan qaldırılmış və geri qaytarılma üçün əsas artıq qalmamışdır. Qərardaddan verilmiş şikayətə baxılması üçün kifayət qədər əsaslar mövcuddur. İddiaçı İB internet vergi idarəsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kargüzarlığına bir cümlə “Salam iddia ərizəsinin surəti Sizə göndərilir” kifayətlənmiş və təkcə “WORD” formatında iddia ərizəsini cavabdehə göndərmişdir. Şirvan Kommersiya Məhkəməsinin 6 aprel 2023-cü il tarixli e-2-2(121)-257/2023 saylı qərardadı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil şikayəti təmin olunmamış, iş üzrə 17 mart 2023 və 30 mart 2023-cü il tarixli qərardadlar dəyişdirilmədən saxlanılaraq, iş materialları şikayətə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, şikayət əsassızdır, təmin oluna bilməz. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə qarşılıqlı iddia ərizəsinin iki əsasla icraata qəbul etmədən geri qaytarmışdır: 1) Mülki Prosessual Məcəllənin 155.3, 150.0.4 və 152.1.4-cü maddələrinə istinadla qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl qarşılıqlı iddia ərizəsinin cavabdehə göndərilməməsi və qarşılıqlı iddia ərizəsinin həmin cavabdeh tərəfindən alınmasına dair sübut təqdim edilməməsi, 2) Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə istinadla iddia ərizəsinin imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. Belə ki, hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır (Mülki Prosessual Məcəllənin 152.1., 152.1.1, 152.1.2, 152.1.3, 152.1.4, 152.1.5, 152.1.6, 162.1.6-1, 152.1.7, 152.1.8, 152.1.9 və 152.10-cu maddələri). Göründüyü kimi prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda geri qaytarıla bilməsi tam və müfəssəl göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin geri qaytarılmasının əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda geri qaytarılmanının mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin geri qaytarılması yol verilməzdir. Həmin halların olmaması iddia ərizəsinin icraata qəbul edilməsini qaçılmaz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin ; 155.1-ci maddəsineə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir, 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir, 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir, 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir, 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, kommersiya mübahisəsi üzrə iddia ərizəsi 11 yanvar 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, ilk dəfə məhkəmə baxışına hazırlıq iclası 15 fevral 2023-cü il tarixinə saat 10:30-a təyin olunaraq bildiriş elektron məhkəmə informasiya sistemi üzərindən tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir. 15 fevral 2023-cü il tarixində tərəflər məhkəmə hazırlıq iclasında nümayəndələri vasitəsilə təmsil olunmadıqlarından, məhkəmə baxışına hazırlıq iclası 15 mart 2023-cü il tarixinə saat 11:20-yə təxirə salınmış, eyni qaydada bildiriş elektron məhkəmə informasiya sistemi üzərindən tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə yalnız 15 mart 2023-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmiş, bununla Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinin pozuntusuna yol vermişdir. Bundan savayı kollegiya qarşılıqlı iddianı yuxarıda qeyd edilən əsaslarla icraata qəbul etmədən qaytaran birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iş materiallarından birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması məsələsinə baxılmasında prosessual pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 mart 2023-cü il tarixli e-2-2(121)-257/2023 saylı və 30 mart 2023-cü il tarixli e-2-2(121)-257/2023 saylı qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar