Məhkəmə qərarları › İş №2-2(106)-88/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-88/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-88/2023 19.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Şirvan Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 2-2(121)-880/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 24186,20 manat əsas borc məbləğinin və mediasiya sesiyası üçün ödənilmiş 200 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil 07 iyun 2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2021-ci il tarixli ******* saylı aktının etibarsız hesab edilməsini və həmin akt əsasında hesablanmış 23673,6 manat cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 2-2(121)-880/2023 saylı qərardadı ilə (hakim Elşən Abdullayev) İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması, Cavabdeh tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 162 manat məbləğində dövlət rüsumunun (qəbzin nömrəsi: **********) Cavabdeh geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhkəmə baxışından əvvəl əmələ gəlmişdir. Bundan əlavə, cavabdeh iddia ərizəsinin surətini 14 aprel 2023-cü il tarixdə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən qarşılıqlı iddia ərizəsi iddia ərizəsi alındıqdan sonra yəni, 14 aprel 2023-cü il tarixindən sonra 20 gün ərzində verilməli idi. Lakin, cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsini 07 iyun 2023-cü il tarixdə məhkəməyə vermişdir. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 2-2(121)- 880/2023 saylı qərardadından şikayət verərək, Şirvan Kommersiya Məhkəməsinin 09 iyun 2023-ci il tarixli 2-2(121)-880/2023 saylı qərardadının ləğv edilməsi, qarşlıqlı iddia ərizəsi icraata götürülməsi və məhkəmə baxış iclasının ləğv edilərək işin hazırlıq iclasına təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iddiadan yalnız prosesdən az müddət əvvəl vəkil və etibarnamə üzrə nümayəndə Vəkil ilə müqavilə bağlanmış və hüquqlarının müdafiəsi üçün müraciət edilmişdir. 09 iyun 2023-cü ildə elektron kabineti qəbul edildikdən sonra dərhal qarşılıqlı iddia verilmişdir. Həmin vaxta qədər Cavabdeh elektron kabinetdən istifadə edə bilmədiyindən qarşılıqlı iddianı göndərə bilməmişdir. Göründüyü kimi, iddia ərizəsi rəsmi qaydada elektron qaydada Cavabdeh göndərilməsi və alınması görünmür və yalnız vəkil və etibarnamə üzrə nümayəndə elektron kabinetə daxil olduqdan sonra məlum olmuşdur ki, iddia ərizəsi var. Həmçinin MPM-in 156.1.3-cü maddəsinə uyğun 20 gün müddətinə verilə bilərdi, lakin nəzərə almamışdır ki, Cavabdeh elektron kabinetdən və internet vergi idarəsində daxil olmaqla iddia vermək və sair işlər görmək qabiliyyəti yoxdur. Qarşılıqlı iddia dərhal elektron kabinetə daxil edildikdən sonra verilmiş və məhkəmə ərizəni qəbul etmişdir. Eyni zamanda iş hazırlıq iclasını təxirə salmaqla baxış iclası təyin edilməli deyildi. Şirvan Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 2-2(121)-880/2023 saylı qərardadından verilən şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası yazılı icraat qaydasında şikayətin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 2-2(121)-880/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. MPM-in 155.1-ci maddəsinin tələbinə görə isə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. MPM-in 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, “Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” Habelə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməklə düzgün nəticəyə gəlmişdir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Golder Birləşmiş Krallığa qarşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263-269, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 2-2(121)-880/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 2-2(121)-880/2023 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar