Məhkəmə qərarları › İş №2-2(107)-3/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-3/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-3/2024 23.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: İcarə müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs - X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin ona məxsus olan Ağsu rayon İH-nin xx.xx.1999-cu il tarixli 45 saylı sərəncamı ilə Ağsu şəhərinin S.Vurğun küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişdiyi ərazidə ona ayrılmış 110 kv.m torpaq sahəsində inşa etdiyi eyni ölçülü mağaza binası/tikilisindən çıxarılaraq obyektin ona təhvil verilməsinə, 1100 manat icarə haqqı borcunun və 150 manat vurulmuş zərərin ödənilməsin tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2-2(117)-421/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Ağsu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 45 nömrəli Sərəncamından müəyyən edilir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ticarət obyekti açmaq məqsədi ilə Ağsu şəhəri, S.Vurğun küçəsindən mərkəzi Aptekin qərb tərəfindən yolun solunda 110 kv.m torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən 110 kv.m torpaq sahəsində tikdirəcəyi obyektin memarlıq və planlaşdırma tapşırığından görünür ki, 1 otaqdan ibarət ticarət obyektinin tikilməsi üçün sərhədlər müəyyən edilmiş və istifadə olunacaq inşaat materialları qeyd edilmişdir

3. Ağsu RİH-nin Memarlıq və Tikinti şöbəsinin “Ağsu şəhər sakini İddiaçı Ağsu şəhərində yerləşən ticarət obyektinin hüquqi qeydiyyata alınması barədə” 17 fevral 2014cü il tarixli 08 nömrəli rəyindən görünür ki, Ağsu RİH-nin xx.xx.1999-cu il tarixli 45 saylı sərəncamı ilə Ağsu şəhər sakini İddiaçı şəhərin S.Vurğun küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişdiyi ərazidən 110 kv.m torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. Sərəncama əsasən İddiaçı göstərilən ünvanda özünə məxsus, divarları mişar daşından, üst örtüyü çardaqlı olmaqla, döşəməsi tomet plitələrdən işlənmiş, dasad hissəsi suvaq və alkapan materialı ilə üzləndirilmişdir. Mağaza binasının ümumi sahəsi 110 kv.m olmaqla istismar üçün tam yararlıdır.

4. xx.xx.2014-cü il tarixli “Tikinti-Quraşdırma İşləri Başa X9 Qəbul Edilməsi haqqında Dövlət Qəbul Komissiyasının Aktı”ndan görünür ki, Ağsu şəhəri, S.Vurğun küçəsi və Ü.Hacıbəyov küçəsinin kəsişdiyi ərazidə yerləşən obyektin tikinti-quraşdırılma işləri xx.xx.2000-ci ildə başa çatdırılmışdır və hal-hazırda istismara yararlıdır. Həmin işlərin aparılmasına Ağsu RİHB-nın xx.xx.1999-cu il tarixli 45 saylı sərəncamı ilə icazə verilmişdir.

5. xx.xx.2009-cu il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən 110 kv.m olan ərzaq mağazasını 3 il müddətinə ayda 30 manat olmaqla X4 istifadəsinə vermişdir.

6. xx.xx.2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən, icarəyə verən İddiaçı Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən 45 kv.m olan obyektin 45 kv.m sahəsini icarəyə götürən Cavabdeh icarəyə verir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, aylıq icarə haqqı 50 manat müəyyən edilmişdir.Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, müqavilənin müddəti 5 ildir (xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü ilədək).

7. Həmin müqavilənin 2.8-ci bəndinə əsasən, müqaviləyə tərəflərin razılaşması əsasında 3 ay qabaqcadan xəbərdarlıq etməklə istənilən vaxt xitam verilə bilər.

8. “Elektrik enerjisinin alqı-satqısına dair” 033020 nömrəli Birtipli Müqavilədən görünür ki, həmin müqavilə X17 şəhəri, S.Vurğun küçəsində yerləşən 110 kv.m olan ərzaq mağazasında quraşdırılan sayğaca uyğun elektrik enerjisindən istifadə ilə əlaqədar bağlanmışdır.

9. X10 xx.xx.2018-ci il tarixli 33 nömrəli bildirişində qeyd edilmişdir ki, abonent Talışov Nadir qeyd edilmişdir və Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən 45 kv.m olan obyektdə quraşdırılmış elektrik enerjisi sayğacı həmin şəxsin adınadır.

10. “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun rəhbər və layihə mühəndislərin iştirakı ilə tərtib edilmiş qüsur aktına və smeta sənədlərindən görünür ki, Ağsu şəhəri Səməd Vurğun küçəsində X1 istifadəsində olan ticarət obyektinin tikintisi üçün 48744 manat məbləğində vəsait xərclənmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin ona məxsus olan Ağsu rayon İH-nin xx.xx.1999-cu il tarixli 45 saylı sərəncamı ilə Ağsu şəhərinin S.Vurğun küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişdiyi ərazidə ona ayrılmış 110 kv.m torpaq sahəsində inşa etdiyi eyni ölçülü mağaza binası/tikilisindən çıxarılaraq obyektin ona təhvil verilməsinə, 1100 manat icarə haqqı borcunun və 150 manat vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. İddia ərizəsi qətnamənin 1-6-cı bəndində göstərilənlərlə əsaslandırılmış, ərizədə əlavə olaraq göstərilmişdir ki, torpaq sahəsi və onun üzərində olan tikiliyə dair sənədlərin mövcudluğu iddiaçının həmin əmlaklar barəsində mülkiyyətlə bağlı “gözlənti hüququ”nun olduğunu təsdiq edir. İddiaçı artıq bir müddətdir ki, obyektə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyir, lakin cavabdeh obyekti təhvil verməkdən imtina edir və reyestr idarəsinin səlahiyyətliləri tərəfindən obyektdə inventarlaşdlırma işlərinin aparılmasına imkan verməyəcəyini bildirir. Ona görə də hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməli olmuşdur.

13. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli protokol qərardadı ilə X5 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, bildirmişdir ki, mağazanın icarəyə verilən sahəsi 45 kv.m olmuş, lakin sonradan icarəyə götürən şəxslər tərəfindən digər hissələr də zəbt edilmişdir. Ona görə də iddia ərizələrində 110 kv.m ərazini tələb edirlər.

15. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh verdiyi izahatında bildirmişdir ki, 10 ildir ki, mübahisə predmeti olan mağazanı işlədir və icarə pulunu da vaxtlı-vaxtında ödəmişdir. Mağazanı ona icarəyə verən Elşən Məmmədovdur. X11 birgə işləmişdir, sonradan isə bu mağazanı özü işlətmişdir. İcarə pulunu da ona ödəmişdir. Mağazanın bir hissəsini işlədir, bir hissəsində isə Elşən Məmmədova məxsus əşya və əmlaklar vardır. X12 birlikdə şərikli biznesləri var, lakin rəsmiləşmə üçün icarə müqaviləsi bağlamışlar, icarə haqqı olaraq heç bir borcu yoxdur. O, İddiaçıı da, Elşən Məmmədovu da tanıyır. Lakin mağazanın sahibi kimi Elşən Məmmədovu tanıyır. O, İddiaçıla dəfələrlə bir yerdə olmuş, ondan alver etmiş, lakin bir dəfə də olsun İddiaçı ondan icarə haqqı borcu tələb etməmişdir. Məhkəməyə qədər mağazanın İddiaçı adına olmasından xəbəri olmamışdır.

16. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs E.Məmmədov verdiyi izahatında bildirmişdir ki, Ağsu Rayon İcra Hakimiyyətinin 1993-2003-cü illərdə icra başçısı işləmiş Azər Səfərovun qardaşı onun dayısı qızının yoldaşı olub. O, həmin vaxtlar dövlət işində işlədiyinə görə mağazanı tikdirdiyi torpaq sahəsini öz adına qeydiyyata ala bilməmişdir. Onunla eyni vaxtda başqa şəxs də həmin torpaq sahəsini almaq istəmişdir. Ona görə də keçmiş icra başçısı mübahisəli torpaq sahəsini öz qardaşı olan İddiaçı adına rəsmiləşdirilməsini məsləhət görmüşdür. Buna baxmayaraq həmin torpaq sahəsinin alınması və sənədlərşməsi ilə bağlı bütün xərcləri özü çəkmişdir. Hətta İddiaçı 10 min ABŞ dolları məbləğində inşaat materialları vermiş, həmin pulu geri almamışdır. Qohumdur deyə ona etibar etmişdir. Həmin mağazanı o tikdirmişdir, mağazanı tikən bütün ustalar sağdır, dindirilə bilər. Həmçinin keçən məhkəmə iclasında təqdim etdiyi səs yazısında da İddiaçı etiraf edir ki, aralarında səmimi münasibət olub və mağazanın ona aid olduğunu etiraf edir. Lakin qohmları ilə söhbət edib aralarındakı mübahisənin həll edilməsinin zəruriliyini bildirmişdir. Mağaza binası tikildikdən sonra şəhərin görnüşünə uyğun olaraq fasad hissənin yenidən qurulması ilə bağlı onlara Rayon İcra Hakimiyyəti tərəfindən tövsiyənin icrası ilə bağlı müasir “Alkopon” üzlük vurdurmuş, bunun üçün 10 min manatdan çox pul xərcləmişdir. Əvvəllər mağaza Talışov Nadirdə icarədə olub, icarə haqqını özü almış, lakin bütün sənədləşmə İddiaçı adına olduğundan sənədlərdə onun adı qeyd edilmişdir. Hazırda Cavabdehla oranı işlədir, hətta şərikli biznes fəaliyyətləri vardır. Orada ona məxsus əşya və əmlaklar vardır. İcarə müqaviləsi mağaza binasının başqa şəxsin adına rəsmiləşdirildiyindən formal rəsmiyyət üçün bağlansa da, icarə haqqı həmişə onunla həll edilib Cavabdeh hər hansı icarə haqqı borcu mövcud deyildir.

17. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə Firidun oğlu verdiyi izahatında bildirmişdir ki, iddianı əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı icarə haqqını mağazanı işlədən Cavabdeh və Talışov Nadirdən tələb etməyib, mediasiyada da tələb etməyib, indi isə icarə haqqı tələb edir. Mağazaya məxsus su sayğacı Məmmədov Elşənin adınadır. Digər sayğaclar isə icarəyə götürən Talışov Nadirin adınadır. 10 il ərzində icarə pulunu İddiaçı tələb etməyib, indi isə icarə pulunu tələb edir. Torpaq sahəsi İddiaçı adına olsa da, mağazanı Məmmədov Elşən tikdirib. Məmmədov Elşən izahatında da bildirdi ki, torpaq sahəsi formal olaraq İddiaçı adına alınıb, torpaq sahəsinin real sahibi isə Məmmədov Elşəndir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı iddia ərizəsində mağazanın ümumi sahəsinin 110 kv.m olduğunu qeyd etsə də, müqavilədə mağazanın ümumi sahəsi 45 kv.m-dir.

18. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 25 sentyabr 2023cü il tarixli, e-2-2(117)-421/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

19. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iş materiallarında olan icarə müqavilələri (xx.xx.2009 və xx.xx.2019-cu il tarixli) də onu sübut edir ki, İddiaçı tərəfindən həmin qeyri-yaşayış binası istifadə olunmamış, əksinə əvvəlcə Talış Nadirova, sonra isə Cavabdeh icarəyə verilmişdir. Sonuncular isə üçüncü şəxs X3 mağazanın sahibi kimi tanımışlar. İddiaçı tərəfindən mübahisə yaranmamışdan əvvəl icarə haqqı borcu ilə hər hansı bir mübahisə baş verməmiş, onu heç vaxt mağazanın sahibi və ya istifadəçisi kimi tanımamış və iddiaçı da bu barədə cavabdehə hər hansı bir məlumat verməmişdir.

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya torpaq sahəsi ərzaq mağazası tikmək üçün ayrılsa da, obyekt Elşən Məmmədov tərəfindən tikdirilmiş, faktiki sahibi o olmuşdur. Bu baxımdan iddiaçı hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmir.

21. Birinci instansiya məhkəməsi icarə müqaviləsinin ləğv edilməsinə münasibətdə qeyd etmişdir ki, icarə haqqı borcu olaraq iddiaçı məhkəməyə qədər cavabdehdən icarə haqqı borcunun ödənilməsi ilə bağlı ona hər hansı bir məlumat, pretenziya təqdim etməmişdir. Yalnız xx.xx.2023-cü il tarixdə iddia ərizəsini və sənədləri cavabdehin Vergi Orqanında olan elektron kabineti vasitəsilə təqdim etmişdir. Lakin işdə müəyyən edilən odur ki, cavabdeh icarəyə götürdüyü obyektə görə icarə haqqı ilə bağlı razılaşmanı üçüncü şəxs Elşən Məmmədovla aparmış, ona ödəmiş və həmin şəxslər etiraf edir ki, icarə haqqı ilə bağlı aralarında hər hansı borc mövcud deyildir. İddiaçı 2019-cu ildən 2023cü il tarixədək icarə haqqı borcunu tələb etməsi ilə bağlı hər hansı bir etirazı və pretenziyasının olması müəyyən edilmir. Düzdür rəsmi icarə müqaviləsi Elşən Məmmədovla deyil, İddiaçıla cavabdeh arasında bağlanmışdır.

22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı icarə haqqında qanunvericiliyin müddəalarına əməl etməmiş, eyni zamanda qeyri-yaşayış binasının boşaldılmasını tələb etməklə həmin binanı inşa edən üçüncü şəxsin çəkdiyi xərclərlə bağlı məsələni həll etmədən iddiaçının tələbinin məhkəmə tərəfindən müdafiə edilməsi ədalətli, qanuni hesab edilə bilməz. Hazırkı iddianın məqsədi əslində üçüncü şəxsin həmin binanın tikintisinə çəkdiyi xərcləri nəzərə alınmadan onun hüquqlarına xitam verilməsi ilə bağlı presedent yarada biləcək məhkəmə qərarının qəbuludur, çünki cavabdehin həmin binadan çıxarılması, əslində üçüncü şəxs Elşn Məmmədovun da çıxarılmasıdır, tələb üçüncü şəxsə qarşı yönəlmiş və bu məhkəmə iclasında sübut olunduğu kimi üçüncü şəxsin də həmin binada olan əşya və əmlaklarının çıxarılması ilə nəticələnə bilər. Bu isə üçüncü şəxsin hüquqlarını və qanuni maraqlarını pozmaqla onun hüquqlarının bərpasını çətinləşdirə bilər ki, bu da qanunvericiliyin tələbi baxımından mümkün deyildir.

23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün formal hüququna istinadən üçüncü şəxsin vəsaiti ilə tikilmiş binanın boşaldılmasını tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.

24. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 135.4, 152.5, 157.2, 157.4, 560.1, 560.2, 560.3.4, 562.1, 689.1, 689.2, 704.1, 704.2, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. İddiaçının nümayəndəsi və vəkili Vəkil Şəki Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2-2(117)-421/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

26. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, işin mübahisələndirilməyən hallarındandır ki, mağazanın torpaq sahəsi iddiaçıya ayrılmışdır. Bu, o deməkdir ki, mağazanın torpaq sahəsi üzərində onun sahiblik və istifadə hüququm vardır. Həmçinin işin mübahisələndirilməyən hallarındandır ki, mağazanın tikintisi iddiaçı tərəfindən aparılmışdır. Bu, işdə olan aşağıdakı yazılı sübutlarla təsdiq olunur. 2011-ci il tarixdə mağazanın sənədləşdirilməsi işlərini tamamlamaq üçün eskiz layihəsi çəkilməsindən ötrü icra hakimiyyəti orqanına müraciət etmiş, müraciəti əsasında Ağsu RİH-nin Memarlıq və Tikinti şöbəsi tərəfindən tikintinin qanuna müvafiqliyi ilə bağlı rəy verilmişdir. Ağsu RİH-nin Memarlıq və Tikinti şöbəsinin “Ağsu şəhər sakini İddiaçı Ağsu şəhərində yerləşən ticarət obyektinin hüquqi qeydiyyata alınması barədə”17 fevral 2014cü il tarixli 08 nömrəli həmin rəyində göstərilmişdir ki, Ağsu rayon İH-nin xx.xx.1999-cu il tarixli 45 saylı sərəncamı ilə Ağsu şəhər sakini İddiaçı şəhərin S.Vurğun küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişdiyi ərazidən 110kv.m. torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. Sərəncama əsasən İddiaçı göstərilən ünvanda özünə məxsus, divarları mişar daşından, üst örtüyü çardaqlı, döşəməsi tomet plitələrdən işlənmiş, fasad hissəsi suvaq və alkapan materialı ilə üzləndirilmişdir. Görülən işlər inşaat normalarına uyğun aparılmış, konstruktiv elementlər memarlıq və şəhərsalma qaydalarına riayət olunmaqla seçilmişdir. Göründüyü kimi, həmin rəylə təsdiq olunur ki, torpaq sahəsi iddiaçıya ayrılmış, tikintiyə icazə ona verilmişdir. Eləcə də, təsdiq olunur ki, təmir-tikinti işləri də iddiaçı tərəfindən aparılmışdır və məhz buna görə də, binanın tərəfindən hüquqi qeydiyyata alınması məqsədə müvafiq hesab edilmişdir. Eyni zamanda da iddiaçının müraciəti əsasında Ağsu RİH tərəfindən sözügedən ticarət obyektinin adına eskiz layihəsi tərtib edilmiş və RİH-nin səlahiyyətliləri tərəfindən müvafiq möhür və imzalarla təsdiq olunmuş,eskiz layihəsində bunun razılaşdırılması ifadə edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə X6 Filialı tərəfindən mənə məxsus həmin sahibkarlıq obyektinin 2014-cü ildə tərtib edilmiş tikinti layihəsi Ağsu RİH-nin baş memarı tərəfindən təsdiqlənmiş,razılaşdırılması ifadə edilmişdir. Həmçinin, “Tikinti-Quraşdırma işləri başa X9 qəbul edilməsi haqqında” Dövlət Qəbul Komissiyasının adıma tərtib olunmuş 14 iyul 2014-cü il tarixli aktı ilə qərara alınmışdır ki, layihə əsasında Ağsu şəhəri, S.Vurğun küçəsi və Ü.Hacıbəyov küçəsinin kəsişdiyi ərazidə 2000-ci ildən istifadəmdə olan obyekt hal-hazırda istismara yararlıdır. Bu sübutlar məhkəmədə araşdırılmamış, qətnamədə əks olunmamış və qiymətləndirilməmişdir. Halbuki, bunlar iddiaçının tələb hüququnun əsasını təşkil edir. Mübahisəli obyektin guya Elşən Məmmədov tərəfindən tikilməsinə dair hakimin qənaəti iş materialları ilə ziddiyyət təşkil edir, eləcə də bu qənaət aid olmayan sübutlarla təsdiq olunmağa çalışılmışdır. Bu faktın sübut olunmasına dair hakimin qənaəti qanunla göstərilən sübutlarla təsdiq edilmədiyi halda, məhkəmə belə bir qənaətə gəlmiş, qeyrimötəbər sübut və dəlillərə əsaslanmışdır. Tələb hüququ müqavilənin ləğvidir və obyektin təhvil verilməsidir. Məhkəmə tələb hüququmun əsası olan subyektiv əmlak hüququnun mövcudluğuna əsaslanaraq, iddia tələbimin qanuniliyi və əsaslılığı nəticəsinə gəlməli olduğu halda, bunların heç birini aydınlaşdırmadığı və qətnamədə də məcmu halda qiymətləndirmədiyi üçün, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Qeyd olunanlara əsasən Şəki Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2-2(117)-421/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

28. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.

29. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X5 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 25 sentyabr 2023cü il tarixli, e-2-2(117)-421/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

30. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 25 sentyabr 2023cü il tarixli, e-2-2(117)-421/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

34. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

35. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

38. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: (....) 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları.

39. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

40. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...).

41. Maddə 157. Mülkiyyətin müdafiəsi (...). Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (...) Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...). 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

42. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

43. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

44. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

45. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

46. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları - 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

47. Maddə 689. Kirayə müddəti - 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. - 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər.

48. Maddə 704. İcarə müqaviləsinin ləğvi - 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. - 704.2. İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur.

Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:

49. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

50. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

51. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

54. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

55. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

56. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

57. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

58. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

59. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

60. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

61. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2-2(117)-421/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.

63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

64. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

65. Müəyyən edilmişdir ki, Ağsu RİH-nin xx.xx.1999-cu il tarixli 45 saylı sərəncamı ilə Ağsu şəhər sakini İddiaçı fərdi sahibkarlıqla məşğul olmaq üçün ticarət obyekti açmaq məqsədilə şəhərin S.Vurğun küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişdiyi ərazidən 110 kv.m torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. Həmin 110 kv.m torpaq sahəsində 1 otaqdan ibarət ticarət obyektinin-mağazanın tikilməsi üçün sərhədlər müəyyən edilmiş və istifadə olunacaq inşaat materialları qeyd edilmişdir. Sərəncama əsasən İddiaçı göstərilən ünvanda özünə məxsus, divarları mişar daşından, üst örtüyü çardaqlı olmaqla, döşəməsi tomet plitələrdən işlənmiş, fasad hissəsi suvaq və alkapan materialı ilə üzləndirilmişdir. Mağaza binasının ümumi sahəsi 110 kv.m olmaqla istismar üçün tam yararlıdır. İddiaçı xx.xx.2009-cu il tarixli icarə müqaviləsinə əsasən həmin ərzaq mağazasını 3 il müddətinə ayda 30 manat olmaqla X4, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən obyektin 45 kv.m sahəsini aylıq icarə haqqı 50 manat olmaqla Cavabdeh icarəsinə vermişdir. xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə tərəflər arasında mübahisə yarandığından iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin ona məxsus olan mağaza binası/tikilisindən çıxarılaraq obyektin ona təhvil verilməsi, 1100 manat icarə haqqı borcunun və 150 manat vurulmuş zərərin ödənilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. X5 hazırkı iş üzrə qəbul ediləcək qətnamənin onun hüquq və vəzifələrinə toxunduğunu bildirərək işdə iştirak etməyə cəlb edilməsi barədə vəsatət vermiş, birinci instansiya məhkəməsi tərəfindən vəsatət təmin olunaraq sonuncu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxararaq mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

66. İddianı təmin etməyən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, ...doğrudur mübahisə predmeti olan mağaza binasının sənədləşməsi iddiaçının adına aparılmış, lakin məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilən fakt odur ki, qeyd edilən mağaza binası üçüncü şəxs Elşən Məmmədov tərəfindən inşa edilmiş, hətta son dövrlərdə mağazanın üzlüyünü də vurdurmuşdur. Məhkəmə iddiaçının şəxsən iclasda iştirakının təmin edilməsini iddiaçının nümayəndəsinə bildirsə də, nümayəndnin iddiaçının məhkəmə iclasına gəlmək istəmədiyini bildirməsi bir daha məhkəmədə əminlik yaradır ki, mübahisə predmeti olan mağazanın formal sənədləşməsi iddiaçının adına olsa da, həmin mağaza binası üçüncü şəxs Elşən Məmmədov tərəfindən inşa edilmişdir. ...

67. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq ilk növbədə onu qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı mübahisəli mağaza binasının özü tərəfindən inşa edildiyini bildirmişdir. Həmçinin, apellyasiya şikayətində də mağaza binasının iddiaçı tərəfindən inşa edildiyi dönə-dönə vurğulanmışdır.

68. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnamədə göstərir ki, sözügedən obyektin torpaq sahəsi iddiaçıya ayrılmış və ona həmin torpaq sahəsində tikinti tikməyə icazə verilmiş, tikinti iddiaçı tərəfindən tikilmiş, sonradan təmir olunmuşdur. İddaiçı həmin obyekt barəsində əvvəl başqa şəxslə, sonra isə Cavabdeh oğlu ilə icarə müqaviləsi bağlamışdır.

69. Lakin məhkəmə sonra göstərir ki, qeyd edilən torpaq sahəsi iddiaçı İddiaçı ərzaq mağazası tikmək üçün ayrılsa da, həmin torpaq sahəsinin üzərində tikilən mağaza onun tərəfindən deyil, digər şəxs olan Elşən Məmmədov tərəfindən tikilmiş, inşaat materialları alınmışdır.

70. Daha sonra, birinci instansiya məhkəməsi göstərir ki, is materiallarında olan icarə müqavilələri (xx.xx.2009 və xx.xx.2019-cu il tarixli) də onu sübut edir ki, İddiaçı tərəfindən həmin qeyri-yaşayış binası istifadə olunmamış, əksinə əvvəlcə Talış Nadirova, sonra isə Cavabdeh oğluna icarəyə verilmişdir. Sonuncular isə üçüncü şəxs Məmmədov Elşən Məhəmməd oğlunu mağazanın sahibi kimi tanımışlar. İddiaçı tərəfindən mübahisə yaranmamışdan əvvəl icarə haqqı borcu ilə hər hansı bir mübahisə bas verməmiş, onu heç vaxt mağazanın sahibi və ya istifadəçisi kimi tanımamış və iddiaçı da bu barədə cavabdehə hər hansı bir məlumat verməmişdir.

71. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətinə tənqidi yanaşaraq qeyd edir ki, əğər obyekt iddiaçı tərəfindən icarəyə verilibsə, bu iddiaçının obyektin sahibinin olması anlamına gəlir. Obyekt məhz icarəyə verildiyinə görə, iddiaçı tərəfindən deyil, içarəçilər tərəfindən istifadə olunmuşdur.

72. İcarə müqaviləsinin icarəyə verən iddiaçı və icarəyə götürən cavabdeh tərəfindən imzalanması işin mübahisələndirilməyən halı olduğundan cavabdehin iddiaçını mağazanın sahibi kimi tanımaması ağlabatan və inandırıcı görünmür.

73. Məhkəmə kollegiyası Cavabdeh İddiaçı tanımaması, obyektin sahibinin Elşən Məmmədov olduğunu bilməsi barədə izahatını inandırıcı hesab etmir. Əks halda o, müqaviləni İddiaçıla deyil, Elşən Məmmədovla bağlayardı.

74. X2 həmin vaxtlar dövlət işində işlədiyinə görə mağazanı tikdirdiyi torpaq sahəsini öz adına qeydiyyata ala bilməməsi, onunla eyni vaxtda başqa şəxs də həmin torpaq sahəsini almaq istəməsi, ona görə də keçmiş icra başçısı mübahisəli torpaq sahəsini öz qardaşı olan İddiaçı (hazırkı iş üzrə iddiaçı) adına rəsmiləşdirilməsini məsləhət görməsi barədə izahatını da inandırıcı hesab etməyərək vurğulayır ki, əksinə icra başçısı başqa şəxsin də iddialı olduğu torpaq sahəsini üçüncü şəxsin deyil, öz qardaşının adına rəşmiləşdirilməsində maraqlı olması az ağlabatandır.

75. Kollegiya hesab edir ki, əgər, iddiaçının əmlakını icarəyə verməsi öz təsdiqini tapırsa, onda iddiaçının həmin əmlaka sahibliyi və onu icarəyə vermək, icarədən gəlir əldə etmək hüququnun olduğu fərz olunur.

76. Birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, təqdim edilən sübutlardan müəyyən edilir ki, iddiaçıya qeyd edilən torpaq sahəsini ərzaq mağazası tikmək üçün ayrılsa da, obyekt Məmmədov Elşən tərəfindən tikdirilmiş, faktiki sahibi o olmuşdur. İş üzrə cavabdeh isə həmin torpaq sahəsini icarəyə götürən şəxsdir və verdiyi izahatında bildirir ki, əmlakın mülkiyyətçisi kimi Elşəni tanımış və onunla münasibətdə olmuşdur.

77. Daha sonra birinci instansiya məhkəməsi qeyd edir ki, ....şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün formal hüququna istinadən üçüncü şəxsin vəsaiti ilə tikilmiş binanın boşaldılmasını tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. ... Hazırkı vəziyyətdə iddiaçı icarə haqqında qanunvericiliyin müddəalarına əməl etməmiş, eyni zamanda qeyri-yaşayış binasının boşaldılmasını tələb etməklə həmin binanı inşa edən üçüncü şəxsin çəkdiyi xərclərlə bağlı məsələni həll etmədən iddiaçının tələbinin məhkəmə tərəfindən müdafiə edilməsi ədalətli qanuni hesab edilə bilməz. Hazırkı iddianın məqsədi əslində üçüncü şəxsin həmin binanın tikintisinə çəkdiyi xərcləri nəzərə alınmadan onun hüquqlarına xitam verilməsi ilə bağlı presedent yarada biləcək məhkəmə qərarının qəbuludur, çünki cavabdehin həmin binadan çıxarılması, əslində üçüncü şəxs Elşn Məmmədovun da çıxarılmasıdır, tələb üçüncü şəxsə qarşı yönəlmiş və bu məhkəmə iclasında sübut olunduğu kimi üçüncü şəxsin də həmin binada olan əşya və əmlaklarının çıxarılması ilə nəticələnə bilər. Bu isə üçüncü şəxsin hüquqlarını və qanuni maraqlarını pozmaqla onun hüquqlarının bərpasını çətinləşdirə bilər ki, bu da qanunvericiliyin tələbi baxımından mümkün deyildir. Ona görə də iddiaçı ilk növbədə üçüncü şəxs Elşən Məmmədovun xərclərinə münasibətdə tərəflərin razılaşması və ya məhkəmə yolu ilə həmin xərclər ödənilmədən cavabdehin həmin sahədən çıxarılması mümkün deyildir. ...

78. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyini də əsaslı saymır. Belə ki, hazırkı məhkəmə mübahisəsinin predmeti icarə müqaviləsinin şərtlərini pozduğu ehtimal olunan cavabdehlə bağlanmış icarə müqaviləsinin ləğvi, icarə obyektindən çıxarılma və obyektin təhvil verilməsi, icarə haqqı və vurulmuş zərərin ödənilməsı tələblərindən ibarətdir. Mağazanın üçüncü şəxs Elşən Məmmədov tərəfindən tikilməsi məhkəmə baxışının predmeti olmamışdır.

79. Digər tərəfdən, iddiaçı da obyektin özü tərəfdən tikildiyini israr edir.

80. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələblərinin təmin olunması üçüncü şəxsin hüquqlarının və qanuni maraqlarını pozulması anlamına gəlmir. Belə ki, mübahisə predmeti olan mağazanın inşasına çəkilmiş xərclərin tələb edilməsi həmin mağazanın başqa şəxsin icarəsində olub-olmamasından asılı deyildir və üçüncü şəxs həmin xərcləri hazırkı iş üzrə iddiaçıdan tələb edə bilər.

81. Kollegiya qeyd edir ki, belə olan halda əsassız varlanmaya dair normalar da nəzərdən keçirilə bilər. Çünki mübahisə predmeti olan tikilinin üçüncü şəxsə məxsus olmayan torpaq sahəsində inşa edildiyi mübahisəsiz haldır.

82. Mülki Məcəlləyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir

83. Bütün bu göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı səlahiyyətli dövlət orqanlarının aktları əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə torpaq sahəsi ədə etmiş və həmin torpaq sahəsində ərzaq mağazası inşa etmişdir. Həmin mağaza istismara qəbul edilmiş və iddiaçı tərəfindən başqa şəxslərin icarəsinə verilmişdir.

84. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

85. İş materiallarında iddiaçının cababdehə göndərdiyi pretenziya, həm də mediasiya arayışı vardır. Lakin cavabdeh nə pretenziyanı cavablandırmış, nə də mediasiya prosesində iştirak etmişdir (iş vərəqələri 6, 28-30)

86. Məhkəmə kollegiyası qeyd edir ki, icarə haqqının ödənilməsini icarəyəverən deyil, icarəçi tərəf sübut etməlidir. İş materialları ilə iddiaçı tərəfindən obyektin icarəyə verilməsi təsdiq olunur. Lakin, icarə haqqının ödənilməsinə dair sübutlar iş materillarında yoxdur.

87. Belə olan halda iddiaçının icarə müqaviləsinin ləğvi, obyektin boşaldılması, icarə haqlarının ödənilməsi tələbləri əsaslıdır.

88. İş materiallarında iddiaçı tərəfindən icarə müqaviləsinin ləğv edilməsinə dair cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli bildiriş mövcuddur. İddiaçı, müqavilə öhdəliklərinin pozulmasına istinad edərək onun ləğvinə dair bildiriş göndərmişdir. Cavabdeh isə iddiaçı ilə icarə münasibətlərinin olmadığını, ona görə də müqavilənin ləğvinə əsasların olmadığını ifadə etmişdir.

89. Qeyd edilənlər müqavilənin birtərəfli iradə bəyanı ilə ləğvinin gerçəkləşibgerçəkləşmədiyinə dair tərəflər arasında mübahisənin olduğuna dəlalət edir.

90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”.

91. Bununla belə, həmin Qərarda mübahisə halında müqavilənin ləğvi ilə bağlı iddia qaldırmaq imkanı və məhkəmənin belə iddiaya baxmaq səlahiyyəti istisna edilməmişdir. Belə ki, müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir

92. Tərəflər arasında bağlanmış müqavilədə icarə müddəti müəyyən edildiyindən iddiaçı ən azı həmin müqavilə şərtində göstərilən müddəti gözləməlidir.

93. Müqavilənin şərtinə görə müqaviləyə tərəfi 3 ay qabaqcadan xəbərdarlıq etməklə istənilən vaxt xitam verilə bilər.

94. Həmçinin, iddiaçının cavabdehə müqavilənin ləğvinə dair bildiriş göndərdiyi vaxtdan (xx.xx.2022) 6 aydan çox müddət keçdiyindən tərəflər arsında bağlanmış müqavilə ləğv olunmuş hesab olunmalıdır.

95. İddiaçı 150 manat məbləğində zərər (əldən çıxmış fayda) barədə mötəbər sübutları təqdim etmədiyindən iddia tələbi həmin hissədə əsaslı sayıla bilməz.

96. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

97. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2-2(117)-421/2023 saylı qətnaməsi ləğv edilməli, iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2-2(117)-421/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv olunmuş hesab edilsin, Cavabdeh Ağsu rayon İcra hakimiyyətinin xx.xx.1999-cu il tarixli 45 saylı sərəncamı ilə Ağsu şəhərinin S.Vurğun küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişdiyi ərazidə İddiaçı ayrılmış 110 kv.m torpaq sahəsində inşa olunmuş eyni ölçülü mağaza binası-tikilisindən çıxarılsın və 1100 manat icarə haqqı borcu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar