Məhkəmə qərarları › İş №2-2(107)-33/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-33/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-33/2023 23.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh1nə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1n nümayəndəsi Cavabdeh2 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - iddiaçı) Cavabdeh1nə (bundan sonra- Birlik) qarşı “əsassız hesablanmış debitor borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 22 dekabr 2022-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2021-ci il tarixli, SS- 29/1640-00483 nömrəli aktdan görünür ki, yoxlama zamanı iddiaçıya məxsus kərpic zavoduna quraşdırılmış G250 markalı, 80109643 nömrəli turbin tipli “ELSTER” qaz sayğacı xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış və xx.xx.2021-ci il tarixində laboratoriyada sayğaca baxış keçirilmiş və sayğacın impuls ötürücüsünün nasazlığı səbəbindən elektron göstəricinin mexaniki göstəricidən 23.866 m3 az olması aşkar edilmişdir. Birlik tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=2,06 bar qaz həcmi qeydə alınmamışdır. Birliyin xx.xx.2021-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədən görünür ki, mexaniki hissədən keçən qaz həcminin 23.866 m3, əmsal 2,19 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. 23.866 x 2,19= 52.268 m3. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 52.268 m3 və onun dəyəri olan 10.453 manat debitor abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı şəhəri 16-ci kvartalda yerləşən "xxxx" MMC artıq bir neçə ildir ki, kərpic istehsalı ilə məşğuldur. İstifadə olunan sayğac göstəricilərinə uyğun olaraq hər ay təqdim olunan bildiriş əsasında qaz sərfiyyatına görə yaranmış borc vaxtında ödənilmişdir. Cavabdehlə aralarında qaz təchizatı ilə bağlı və qaz pulunun ödənilməsi ilə bağlı heç bir problem olmamışdır. "xxxx" MMC-nin istifadəsində olmuş və qaz xətti üzərinə quraşdırılmış G250 markalı, 80109643 nömrəli turbin tipli “ELSTER” qaz sayğacı xx.xx.2021-ci il tarixdə xətdən çıxarılmış və xx.xx.2021ci tarixdə Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlamasına göndərilmişdir. Qaz sayğacı çıxarılarkən sayğacın bütövlülüyü pozulmamış, bütün möhürlər üzərində olmuşdur. Eyni zamanda qaz sayğacı cavabdeh təşkilatın mühafizə olunduğu xüsusi ərazidə yerləşir. Cavabdeh təşkilat tərəfindən dövlət yoxlamasının rəyinə əsasən Metrologiya Departamenti sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanması barədə xx.xx.2021-ci il tarixli, 29/1640- 00483 nömrəli aktına əsasən G-250 markalı 80109643 nömrəli sayğacda guya korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 23866 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı göstərilmişdır. Beləliklə, uçotu aparılmayan təbii qazın həcmi hesablanaraq istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə təzyiq 1,01325 bar və temperatur 293.15 (20*C) olmaqla hesablanmışdır. ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 23866 m3 x 2.19=52267+1 (göstərici fərqi) = 52268 m3 itirilmiş qaz və həmin miqdarda təbii qazın dəyəri olan 10453,60 manat müəssisənin **********0180 saylı abonent hesabına əsassız olaraq işlənmişdir. Hesab edir ki, qaz sayğacının elektron hissəsinin keçən qazın həcminin düzgün qeyd etməməsi müəssisənin günahı deyildir. Sayğacın o vəziyyətdə işləməsi barədə hər hansı məlumatı olmamışdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyət bütövlükdə cavabdehin üzərindədir. Bundan başqa nəzərə alınmalıdır ki, qaz sayğacı xüsusi mühafizə olunan ərazidə yerləşir və həmin əraziyə yalnız cavabdehin əməkdaşları daxil ola bilirlər. Bundan başqa, cavabdehin nümayəndələri hər sayğac göstəricilərini götürüb müəssisəyə hesab təqdim etmişlər və o hesaba uyğun ödənişlər aparılmışdır. Əgər sayğacda nasazlıq olsaydı dərhal məlumatları olmalı idi. Sonuncu hesab təqdim edildikdən bir neçə ay sonra müəssisəyə bildirmişlər ki, sayğac düz hesablamamış və əlavə olaraq 10453,60 manat pul ödənilməlidir. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi cavabdeh təşkilat 2019-cu ildən istifadədə olan G250 markalı 80109643 nömrəli turbin tipli ELSTER qaz sayğacının xx.xx.2019xx.xx.2021 ci il ərzində hesabladığı qaz həcmini təkrarən özlərinin müəyyən etdiyi əmsala vuraraq müəsissəyə əlavə 10453,60 manat manat məbləğində borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququ hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Bununla da kiçik sahibkarların müflisləşməsinə səbəb olurlar. Aktlar müəsissənin iştirakı olmadan tərtib olunmuşdur. Halbuki, aktlar tərtib olunarkən müəssənin iştirakı təmin edilməmişdir. Digər bir məsələ isə, hər ay qaz paylayıcının nümayəndəsi kərpic zavodun qaz sayğacına və daşıyıcı qaz xəttinə baxış keçirərək 1 aylıq qaz sərfiyyatının məbləği barədə bildirişi müəsissəyə verir. Qaz paylayıcının nümayəndəsi hər ay ardıcıl olaraq bu işi gördüyü halda necə olur ki, müəsissənin istifadəsində olan sayğacda qüsuru görmür. Hesablanma qaydasının bu cür aparılmasının hansı normativ hüquqi aktda öz əksini tapdığı dəymiş ziyanın bərpasına dair tələbnamədə öz əksini tapmamışdır. Təbii ki, heç bir hüquqi sənədə əsaslanmayan subyektiv mülahizələrə əsaslanan hesablanma qaydası şişirdilmiş qanunsuz borcun hesablanmasına şərait yaratmışdır. Abonent saldosuna nəzər salanda 2021-ci ildən ilk akt yazılan dövrə qədər, yəni xx.xx.2021-ci ilə kimi istifadələrində iki qaz sayğacı olmuş və qazdan istifadəyə görə yaranmış borc demək olar ki, əvvəlki illərin müvafiq ayları ilə münasibətdə eyniyyət təşkil edir. Bu da dolayısı ilə onu göstərir ki, istifadədə olan sayğac tam saz vəziyyətdə olmuşdur. Bundan başqa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Cavabdeh Birlik tərəfindən iddia tələbinə verilmiş etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Cavabdeh1 İB-nə xx.xx.2022-ci il tarixə 36904,56 manat borcu vardır. İddiaçı cəmiyyət tərəfindən mübahisə edilən məbləğ isə 10453,60 manat təşkil edir. Həmin məbləğin silinməsi ilə bağlı "xxxx" MMC-nin iddia tələbində göstərilən hallar tamamilə əsassızdır. Həmin məbləğ real təbii qazdan istifadə borcudur və tam şəkildə ödənilməlidir. xx.xx.2021-ci il tarixində ”Azəriqaz” X1 RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin əməkdaşları "xxxx" MMC-nin qaz sayğacını onların özlərinin nümayəndəsinin iştirakı ilə dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Müəssisədən açılmış Turbo-G 250 markalı, 80109643 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2022-ci il tarixli, SS 29/1640-00483 nömrəli akta əsasən sayğacın daxilinin çirkli olduğu, göstəricilər arasında fərq olduğu, xx.xx.2020 - xx.xx.2021-cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=2.06 bar qaz həcminin qeydə alınmadığı göstərilmişdir.Təzyiq borusunda sızma olmadığı, temperatur və təzyiq çeviricilərinin normal olduğu, impuls ötürücünün nasazlığı səbəbindən elektron göstəricinin mexaniki göstəricidən 23.866 m3 az olduğu qeyd edilmişdir. Cavabdeh1 İB tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında akta əsasən xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh1 İB-nə göndərilmişdir. Həmin akta əsasən Cavabdeh1 İB –nin istehlakçılara satılan qaza nəzarət şöbəsində 30 iyun 2021-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək iddiaçı cəmiyyətin İsmayıllı XS-nin abonent bazasındakı **********00180 nömrəli abonent koduna 52268 m3 – 10453,60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. "xxxx" MMC-nin abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi səbəbindən itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-1434/2022 nömrəli iş üzrə qəbul etdiyi 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. İddiaçıya xidmət edən qaz sayğaçının iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən təqribən 5 km aralıda Qaz İxrac İdarəsinə aid ərazidə yerləşməsi iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilmir və hər iki tərəfin izahatı ilə təsdiq olunaraq işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydalara 3 nömrəli əlavə ilə müəyyən olunmuş müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Birinci instansiyası məhkəməsi mövqeyini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına,, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına,sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir,quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması,texniki baxışdan keçirilməsi,dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır.İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məlum olduğu kimi,Cavabdeh əməkdaşları tərəfindən İsmayıllı şəhəri,16-cı kvartalda yerləşən "xxxx" MMC-yə məxsus kərpic istehsalşı zavoduna aid sayğacın daxilində baza temperaturu standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsi keçən qazın həcmini düzgün qeyd etməməsi aşkar olunaraq xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən cavabdeh tərəfindən Kərpiç İstehsalı zavoduna 23866 x 2.19=52267+ 1(göstərici fərqi)=522268 kub metr itirilmiş qaz və həmin miqdarda təbii qazın dəyəri olan 10.453.6 manat məbləğində borc hesablanmış həmin borc müəssisənin **********0180 saylı abonent hesabına əsasız olaraq işlənmişdir. İşin mübahisələndirilən halı 2019-cı ildən sonra cavabdehlə aramızda yaranmış münasibətin xarakteridir,belə ki,güya sayğacda korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğunu,mexanik hissədən keçən qazın həcmi elektron hissədə qeydə alınmadığını əsas gətirməklə əsasız iddialar irəli sürməsi və uçotu aparilmayan təbii qazın həcmi qazın dəyəri olan məbləğin hesablanması və abonent hesabımıza işlənməsi olmuşdur. Cavabdeh xx.xx.2019-ci il tarixdə də eyni qaydada güya uçotu aparılmayan təbii qazın həcminin 21634 kub metr olduğunu və təbii qazın dəyəri 17183 manat məbləğ bizdən tələb edilmişdir.Ölkəmizdə itirilmiş qazın bərpası üçün yaratdıqları şəbəkə vasitəsilə ən müxtəlif usullarla müxtəlif vasitələrlə qanundan kənar hərəkətlər edirlər. Cavabdeh öz qaydalarl ilə fəaliyyət göstərir və bu gündə əməllərindən əl çəkmək istəmirlər. Belə olan halda heç bir ədalətdən, insanlıqdan danışmaq mümkün deyil. Cavabdehin bu qanunsuz hərəkətlərindən məhkəməyə müraciət olunsa da məhkəmədə bu məsələyə hüquqi qiymət verilməmişdir. Hazırki iş üzrə Şəki Kommersiya məhkəməsi işin qeyd edilən hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmiş və mübahisənin maddi-hüquqi əsası ümumiyyətlə düzgün müəyyən edilməmiş,heç bir hüquqi sənədə əsaslanmayan subyektiv mülahizələrə əsaslanan cavabdehin fikrini əsas gətirərək səhv nəticəyə gələrək iddia tələbimizin rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh Birlik apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh Birliyin nümayəndəsi Cavabdeh2 iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Maddə 4.2. Qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Maddə 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Maddə 5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. İşdə olan sənədlərdən və tərəflərin verdikləri məlumatlardan işin mübahisə edilməyən halı kimi müəyyən edilir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə (kərpic zavoduna) xidmət edən qaz sayğacının qeyri-yaşayış sahəsindən kənarda (təxminən 5 km aralıda) Qaz İxrac İdarəsinə aid ərazidə yerləşir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə (kərpic zavoduna) xidmət edən qaz sayğacı qeyri-yaşayış sahəsindən kənarda Qaz İxrac İdarəsinə aid ərazidə yerləşdiyindən ona keçirilmiş baxış və ya yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxil deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydalara 3 nömrəli əlavə ilə müəyyən olunmuş müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixidə cavabdeh Birliyin Ağsu RQİİ-nin İsmayıllı XS-nin əməkdaşları iddiaçı MMC-nin Turbo-G 250 markalı 80109643 nömrəli qaz sayğacını cəmiyyətin nümayəndəsinin iştirakı ilə dövlət yoxlamasına göndərmək məqsədilə açaraq götürmüş, bununla bağlı xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2022-ci il tarixli, SS 29/1640-00483 nömrəli akta əsasən sayğacın daxilinin çirkli olduğu, göstəricilər arasında fərq olduğu, xx.xx.2020- xx.xx.2021cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütlləq təzyiq P=2.06 bar qaz həcminin qeydə alınmadığı göstərilmişdir. Təzyiq borusunda sızma olmadığı, temperatur və təzyiq çeviricilərinin normal olduğu, impuls ötürücünün nasazlığı səbəbindən elektron göstəricinin mexaniki göstəricidən 23866 m3 az olduğu qeyd edilmişdir. Cavabdeh Birlik tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında akta əsasən xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Birliyə göndərilmiş, həmin akta əsasən Birliyin istehlakçılara satılan qaza nəzarət şöbəsində 30 iyun 2021-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək iddiaçı cəmiyyətin İsmayıllı XS-nin abonent bazasındakı **********00180 nömrəli abonent koduna 52268 m3 – 10453,60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Göründüyü kimi, iddiaçı MMC-yə xidmət edən sayğacın işlək vəziyyətdə saxlanılmasına MMC-nin özünün cavabdehlik daşımasına baxmayaraq, həmin sayğacda qüsur aşkar edilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı MMC-yə hesablanmış həmin borc aktlə bağlı tətbiq edilən cərimə deyil, iddiaçının istehlak etdiyi qazın dəyəridir. Məhkəmə baş vermiş qüsurda iddiaçı MMC-nin təqsirli olub-olmamasına münasibətdə isə qeyd edir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, sayğacın işlək vəziyyətdə saxlanılmasına görə sayağacın kənarda yerləşməsinə baxmayaraq hüquqi şəxs birbaşa cavabdehlik daşıyır və bu səbəbdən sayğacda baş verən xətalara, nöqsanlara görə məsuliyyət də məhz iddiaçının üzərinə düşür, sayğacın müəssisənin ərazisindən kənarda yerləşməsi onu bu məsuliyyətdən azad etmir. Bundan başqa Məhkəmə bildirir ki, uçotu aparılmayan qazın həcmi barədə hesablama ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsilə ölçmələrin aparılması metodikasına uyğun olaraq aparılmış və mexaniki hissədən qaz həcminin 23866 m3 , əmsal 2,19 qəbul edilməklə 23866 x 2.19 = 52267 + 1 (göstərici fərq) = 52268 m3 (10453,60 manat) olması müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, sözügedən hesablama cavabdeh Birlik tərəfindən deyil, qaz sayğacına baxış keçirməklə yoxlamanı aparmış müvafiq laboratoriya tərəfindən aparılmışdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama zamanı iddiaçı MMC-nin hüquqi şəxs olaraq cavabdehlik daşıdığı qaz sayğacında qüsur aşkar edilməklə həmin qüsurla bağlı tərtib edilmiş akt əsasında borcun hesablanması əsaslıdır və bu borxun silinməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 22 dekabr 2022-ci il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar