Məhkəmə qərarları › İş №2-2(107)-41/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-41/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-41/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “xxxxxxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixli 007204 nömrəli akt əsasında əsassız hesablanmış 2520 manat borcun silinməsi tələbinə dair komersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(117)-245/2020 saylı qətnaməsindən cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(117)-245/2020 saylı qətnaməsi ilə (hakim Mübariz Hüseynov) iddia qismən təmin edilmiş, “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli NDQ 007204 akt əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hesablanmış 2484,63 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxx” ASC tərəfindən xx.xx.2019cu il tarixli 007204 nömrəli akt əsasında əsassız hesablanmış 2520 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdikləri etiraza uyğun izahat verərək bildirmişdir ki, İddiaçı ASC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi (bazar ticarət) Şəki EŞ-nin enerji satış bazarında “Bazar” ATSC-nin adına **********9 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları B.Hacıyev, S.İbrahimov və Şimal-Qərb RETSİ-nin Şəki EŞ-nin aparıcı mühəndisi N.Məmmədkərimov tərəfindən İddiaçı ASC-nin elektrik xətlərinə, sayğac uçot transformatoruna baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının “C” fazasından keçən yükü qeyd etmədiyi, sayğac ekranında U cərəyanının 0 göstərdiyi, ölçmə zamanı axan yüklərin İA=130A, İB=138A, İC=145A, Pf=90 kVt, Psay=58 kVt olduğu, qoyulmuş güc cərəyan transformatorlarının nominalına əsasən Pqoy=99 kVt təşkil etdiyi aşkar olunmuşdur. Odur ki, borcun əsassız hesablanmadığını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdeh “xxxxxxxx” ASC tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi (bazar ticarət) Şəki EŞ-nin enerji satış bazarında “Bazar” ATSC-nin adına **********9 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları B.Hacıyev, S.İbrahimov və Şimal-Qərb RETSİ-nin Şəki EŞ-nin aparıcı mühəndisi N.Məmmədkərimov tərəfindən İddiaçı ASC-nin elektrik xətlərinə, sayğac uçot transformatoruna baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının “C” fazasından keçən yükü qeyd etmədiyi, sayğac ekranında U cərəyanının 0 göstərdiyi, ölçmə zamanı axan yüklərin İA=130A, İB=138A, İC=145A, Pf=90 kVt, Psay=58 kVt olduğu, qoyulmuş güc cərəyan transformatorlarının nominalına əsasən Pqoy=99 kVt təşkil etdiyi aşkar olunmuşdur. Aşkar olunmuş pozuntu ilə əlaqədar X2 qaydalarına uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən iddiaçı “xxxxxxxxxxx" ASC-nin nümayəndəsi U.Hacıağayevin iştirakı ilə xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş və göstərilən nöqsanlar aradan qaldırılmışdır. İddiaçının nümayəndəsi aktı imzalamaqdan imtina elmiş və tərtib olunmuş aktın bir nüsxəsi imzalanmaqla iddiaçının nümayəndasinə verilmişdir. xx.xx.2020-ci il tarixli akta asasan iddiaçının sayğac uçot dəstində aşkar olunmuş hamin faktla əlaqədar olaraq itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə abonentə qarşı “xxxxxxxx” ASC-nin akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə sayğacdan keçən yükə uyğun 110 gün üçün 27607 kvts. dəyəri 2484,63 manat məbləğində hesab aparılmışdır. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(117)-245/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 2(117)-245/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən fərmanlar qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra –yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar (Əsasnamənin 7.1-ci bəndi). Həmin Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Həmçinin sözügedən Əsasnamə cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərində aparılan yoxlamaları reyestrdə qeydiyyata alınmayan yoxlamaların dairəsinə aid etməmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları B.Hacıyev, S.İbrahimov və Şimal-Qərb RETSİnin Şəki EŞ-nin aparıcı mühəndisi N.Məmmədkərimov tərəfindən İddiaçı ASC-nin elektrik xətlərinə, sayğac uçot transformatoruna baxış keçirilmiş, baxış zamanı elektrik sayğacının “C” fazasından keçən yükü qeyd etmədiyi, sayğac ekranında U cərəyanının 0 göstərdiyi, ölçmə zamanı axan yüklərin İA=130A, İB=138A, İC=145A, Pf=90 kVt, Psay=58 kVt olduğu, qoyulmuş güc cərəyan transformatorlarının nominalına əsasən Pqoy=99 kVt təşkil etdiyi aşkar olunmuşdur. “xxxxxxxx” ASC-nin X3 Təchizatı və Satışı İdarəsinin “Abunə haqqında” arayışından məlum olur ki, xx.xx.2020-ci il tarixə NDQ 007204 nömrəli akta əsasən 2484,63 manat borc qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Cavabdehlərin nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixdə keçirdiyi baxış iddiaçıya xidmət edən elektrik təminatını həyata keçirən sayğacın göstəricilərinə keçirilən baxış olmamış və qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət reyestrində qeydə alınmalı olan baxış keçirilmisdir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı sübut işə baxan məhkəmələrə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisə predmeti olan akt tərtib edilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın tələblərinə riayət olunmadığından, habelə hesablanmış borc məbləği qanunsuz hesablandığından birinci instansiya məhkəməsi iddia tələbi qismən təmin edərək xx.xx.2020-ci il tarixdən aktın tərtib edildiyi tarixədək istehlak edilmiş elektrik enerjisinin dəyəri olan 35,37 manat borc çıxılmaqla akt əsasında iddiaçıya hesablanmış 2484,63 manat borcun silinməsi, iddia tələbinin qalan hissədə isə təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apelyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamışdır. Apelyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(117)-245/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh «xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(117)-245/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar