Məhkəmə qərarları › İş №2-2(107)-8/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-8/2022

28.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-8/2022 28.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə Şəki Kommersiya Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli e-2-2(117)-587/2021 nömrəli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları İddiaçı X8 cavabdeh X4 qarşı “cavabdeh tərəfindən iddiaçıya məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazidə ona məxsus qeyri-yaşayış binasının yan divarına və çardağına bitişik tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, iddiaçıya məxsus olan həmin qeyri-yaşayış binasının çardağının və həmin qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazinin tikinti materiallarından təmizlənərək əvvəlki vəziyyətlərinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, qeyd etmişdir ki, qeyd edilən ərazi iddiaçıya məxsusdur, orada aparılmış tikinti işlərini qanunsuz hesab edirlər və tikinti norma və qaydalarına uyğun olaraq həmin tikintinin cavabdehin öz vəsaiti hesabına sökülməsini tələb edirlər. Cavabdeh birinci instansiya məhkəməsinin əvvəlki iclasında iddia tələbinin əsassız olması səbəbindən qəbul etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Kommersiya Məhkəməsinin (hаkim Mübariz Hüseynov) 4 oktyabr 2021-ci il tarixli e-2-2(117)-587/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı X8 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 2(107)-8/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 14 iyun 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat iş materialları ilə birlikdə məhkəmə kollegiyasına daxil olmuş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 2(107)-8/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2 həvalə edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi məhkəmə kollegiyasına daxil olmuş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(107)-8/2022 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Аpellyаsiyа şikаyətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X6 yuxarıda qeyd edilən qeyri-qanuni tikinti işlərini apararkən heç bir tikinti norma və qaydalarına əməl etməmiş, nəticədə isə cavabdeh tərəfindən Dövlət Şəhərsalma Norma və Qaydalarının tələbləri kobud surətdə pozulmuşdur. Bundan başqa, cavabdeh X3 hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya məxsus qeyri-yaşayış binasının yan divarı havalanmır və divara günəş işığı dəymir, bu da öz növbəsində divarda nəmliyin artmasına səbəb olur. Bundan başqa, ona məxsus qeyri-yaşayış binasının çardağının ondan icazəsiz cavabdeh tərəfindən sökülməsi, onun qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Birinci instansiya məhkəməsi isə qətnaməsinin əsaslandırma hissəsində göstərmişdir ki, "tərəflərin məhkəmədə təqdim ediyi sübutlardan müəyyən edilir ki, iddiaçının təmizlənməsini tələb etdiyi torpaq sahəsi ona məxsus deyil, yalnız tərəflərin ortaq razılığı əsasında həmin boşluq ərazinin çardaq hissəsi hər iki mülkiyyətçiyə məxsus daşınmaz əmlaka birləşdirilmişdir. İddiaçı qeyd edilən çardağın da söküntüsünü tələb etsə də, bunun onun hansı hüququnun və qanuni mənafelərinin pozuntusuna səbəb olmasını əsaslandıra bilməmişdir. Belə ki, həmin çardaq hissənin birləşdiyi hissənin söküntüsü iddiaçıya hər hansı bir üstünlük vermir, əksinə təbii təsirlərin (yağış suları və.s) nəticəsində iddiaçının əmlakı daha çox zərər çəkə bilər. Bu baxımdan iddiaçı hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmir." Cavabdehlə onun arasında heç bir ortaq razılıq olmamış, cavabdeh onun mülkiyyət hüququnu pozmaqla ona məxsus qeyri-yaşayış binasının çardağının bir hissəsini sökərək, boşluq ərazinin üzərinə yeni çardaq quraşdırıb bu yeni çardağı da iddiaçıdan icazəsiz ona məxsus qeyri-yaşayış binasının çardağına birləşdirmişdir. Bundan başqa, çardaqların birləşdiyi hissənin söküntüsünün iddiaçıya hər hansı bir üstünlük verib-verməməsi, təbii təsirlərin (yağış suları və.s) nəticəsində iddiaçının əmlakının daha çox zərər çəkib-çəkməyəcəyi ilə bağlı iş materiallarında heç bir mütəxəssis və ya ekspert rəyi də yoxdur. Bir sözlə iddiaçı hesab etmişdir ki, cavabdeh tərəfindən onun mülkiyyət hüququ pozulmuş, cavabdeh özbaşınalıq etməklə onun qanuni mənafelərinə toxunmuşdur Ona görə də Şəki Kommersiya Məhkəməsinin 4 oktyabr 2021ci il tarixli e-2-2(117)-587/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X8 аpellyаsiyа şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli e-2-2(117)- 587/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. İddiaçı Şəki Kommersiya Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli e-2-2(117)-587/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə ünvanladığı rəyindən görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 C ünvanında yerləşən X7 məxsus qeyri-yaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 V ünvanında yerləşən X4 məxsus qeyri-yaşayış binasının torpaq sahəsinin bir hissəsidir. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 166V ünvanında 0,0211 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tam mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə X3 adına dövlət qeydiyyatına alınmışdır. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 166C ünvanında 0,0045 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tam mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə X5 adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara çıxarışlar, texniki pasportlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçı X7 məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 166C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə cavabdeh X4 məxsus olan “Şəki Store” ticarət mərkəzinin yan divarı arasında boşluq torpaq sahəsi vardır. Bu boşluğun sahəsi 14.6 kv.m-dir. Həmin torpaq sahəsi **********57- 06301 reyestr nömrəsi ilə qeydiyyatdan keçən X4 məxsus qeyri-yaşayış binasının torpağının bir hissəsidir. Həmin sahənin üstü dəmir şiferlə örtülmüşdür. Qərb tərəfdəki açıq sərhəddi isə şüşəli qapısı olan aliminiumla bağlanmışdır. xx.xx.2022-ci il tarixli 10/4416 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı X7 məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 166C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə cavabdeh X4 məxsus olan “Şəki Store” ticarət mərkəzinin yan divarı arasında boşluq torpaq sahəsi vardır. Torpaq sahəsi 14.6 kv.m təşkil edir. Həmin torpaq sahəsinin **********57-06301 reyestr nömrəsi ilə qeydiyyatdan keçən X4 məxsus qeyri-yaşayış binasının torpağının bir hissəsi olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin divarına bitişik şəkildə inşa edildiyini və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.3-cü bəndinə əsasən, ara məsafəsi 0.77 m (3,10mx0,25 hissəsi) müəyyən edildiyini nəzərə alaraq, tədqiq olunan ünvanda cavabdeh X6 tərəfindən iddiaçı X5 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin divarına bitişik şəkildə inşa etdiyi tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təmizlənməsini tələb etdiyi torpaq sahəsi ona məxsus deyil, yalnız tərəflərin ortaq razılığı əsasında həmin boşluq ərazinin çardaq hissəsi hər iki mülkiyyətçiyə məxsus daşınmaz əmlaka birləşdirilmişdir. İddiaçı qeyd edilən çardağın da söküntüsünü tələb etsə də, bunun onun hansı hüququnun və qanuni mənafelərinin pozuntusuna səbəb olmasını əsaslandıra bilməmişdir. Belə ki, həmin çardaq hissənin birləşdiyi hissənin söküntüsü iddiaçıya hər hansı bir üstünlük vermir, əksinə təbii təsirlərin (yağış suları və.s) nəticəsində iddiaçının əmlakı daha çox zərər çəkə bilər. Bu baxımdan iddiaçı hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun tikilib-tikilməməsi araşdırılmamışdır. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı X7 məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 166C ünvanında yerləşən qeyriyaşayış binasının yan divarı ilə cavabdeh X4 məxsus olan “Şəki Store” ticarət mərkəzinin yan divarı arasında boşluq torpaq sahəsi vardır. Bu boşluğun sahəsi 14.6 kv.m-dir. Həmin torpaq sahəsi **********57-06301 reyestr nömrəsi ilə qeydiyyatdan keçən X4 məxsus qeyriyaşayış binasının torpağının bir hissəsidir. Həmin sahənin üstü dəmir şiferlə örtülmüşdür. Qərb tərəfdəki açıq sərhəddi isə şüşəli qapısı olan aliminiumla bağlanmışdır. xx.xx.2022-ci il tarixli 10/4416 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı X7 məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 166C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə cavabdeh X4 məxsus olan “Şəki Store” ticarət mərkəzinin yan divarı arasında boşluq torpaq sahəsi vardır. Torpaq sahəsi 14.6 kv.m təşkil edir. Həmin torpaq sahəsinin **********57-06301 reyestr nömrəsi ilə qeydiyyatdan keçən X4 məxsus qeyri-yaşayış binasının torpağının bir hissəsi olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin divarına bitişik şəkildə inşa edildiyini və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.3-cü bəndinə əsasən, ara məsafəsi 0.77 m (3,10mx0,25 hissəsi) müəyyən edildiyini nəzərə alaraq, tədqiq olunan ünvanda cavabdeh X6 tərəfindən iddiaçı X5 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin divarına bitişik şəkildə inşa etdiyi tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, göründüyü kimi, iddiaçı X7 məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 166C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə cavabdeh X4 məxsus olan “Şəki Store” ticarət mərkəzinin yan divarı arasında boşluq torpaq sahəsində inşa edilmiş tikili iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin divarına bitişik şəkildə inşa edilmiş və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bundan əlavə məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 izahatında bildirdi ki, həmin tikilini öz istəyi ilə tikməmişdir. Belə ki, şəhərin abadlaşdırılması məqsədilə icra nümayəndəliyinin istəyinə əsasən həmin yeri tikmişdir. Mübahisə predmeti olan tikilinin sökülməsinə etiraz etmir. Məhkəmə kollegiyasından qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan suiistifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli e-2-2(117)-587/2021 nömrəlı qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, iş üzrə mütəxəssis rəyinin xərci kimi iddiaçı X8 tərəfindən ödənilmiş 95 (doxsan beş) manat iddiaçının özünə aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat cavabdeh X1 tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: İddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli e-2-2(117)-587/2021 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən iddiaçıya məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazidə iddiaçıya məxsus qeyri-yaşayış binasının yan divarına və çardağına bitişik tikilmiş tikililər cavabdehin öz vəsaiti hesabına sökülsün, iddiaçıya məxsus olan həmin qeyri-yaşayış binasının çardağı və həmin qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazi tikinti materiallarından təmizlənərək əvvəlki vəziyyətlərinə qaytarılsın. İş üzrə mütəxəssis rəyinin xərci kimi iddiaçı X8 tərəfindən ödənilmiş 95 (doxsan beş) manat iddiaçının özünə aid edilsin, məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat cavabdeh X1 tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar