Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-169/2020 11.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, Hüseynov Xəqani Füzuli oğlunun katibliyi, iddiaçının nümayəndəsi Əsgərov Fuad Qulam oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin Sultanov Ruslan Amil oğluna qarşı təbiətə dəymiş zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamenti iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Sultanov Ruslan Amil oğlundan təbiətə dəymiş zərərin əvəzi olaraq 12526,36 manat məbləğində pul vəsaitinin tutularaq departamentin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(002)-2418/2019 saylı qərardadına əsasən, mülki iş məhkəmə aidiyyəti üzrə 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, mübahisə hüquqi şəxslə fərdi sahibkar statusu olan fiziki şəxs arasında sonuncunun iqtisadi fəaliyyəti ilə əlaqədar yarandığından mülki işə müvafiq inzibati – iqtisadi məhkəmə tərəfindən baxılmalıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(002)-2418/2019 saylı qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə (01 yanvar 2020-ci il tarixə kimi olan redaksiyada) istinad edilmişdir. Həmin maddənin tələbinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) həmin Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin yeni redaksiyada olan 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Qərardadda cavabdeh Cavabdeh fərdi sahibkar statusu olması qeyd olunsa da, bu xüsusatı, yəni, sonuncunun vergi ödəyicisi kimi qeydə alınmasını təsdiq edən hər hansı bir sübut iş materiallarına əlavə olunmamışdır. Elektron məhkəmə sisteminin “vergi ödəyicilərinin məlumatları” bölməsindən çıxarışda və Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytından çıxarılmış məlumatda cavabdeh Cavabdeh vergi ödəyicisi kimi qeydə alınmadığı müəyyən olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin məlumatından da görünür ki, cavabdeh Cavabdeh həmin agentlikdə qeydiyyata götürülməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, cavabdeh Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirməsi və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu olması halı mövcud olmadığına görə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından hazırkı işə kommersiya məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; - 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Hesab edirəm ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin Sultanov Ruslan Amil oğluna qarşı təbiətə dəymiş zərərin əvəzinin ödənilməsi barədə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin Sultanov Ruslan Amil oğluna qarşı təbiətə dəymiş zərərin əvəzinin ödənilməsi barədə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-169/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-169/2020
11.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver