Məhkəmə qərarları › İş №2-2(113)-1732/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1732/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1732/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı-nin Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış pulun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış pulun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 3937,69 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.10.2016-cı il tarixli 2-2-(81)- 1633/2016-cı il tarixli qərardadı ilə iddiaə ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə 01.01.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. İddiaçı 01.03.2021-ci il tarixə şikayət ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.10.2016-cı il tarixli 2-2- (81)-1633/2016-cı il tarixli qərardadı ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.03.2021-ci il tarixli 2-2-(113)-1732/2021 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.10.2016-cı il tarixli 2-2-(81)- 1633/2016-cı il tarixli qərardadı ləğv edilmişmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Nəsimi Sukanal İdarəsi tərəfindən 26.07.2016-cı il tarixli məktubunla 053681 saylı müqavilə üzrə 3927,69 manat borc məbləğinin olmasını və həmin borc məbləğinin 5 iş günü müddətinə ödənilməsini tələb edilmişdir. Əks təqdirdə su təchizatı birtərəfli qaydada dayandırılacağı bildirilmişdir. Qeyd olunan borcla iddia tərəf razı olmayaraq borcu məhkəmə qaydasında mübahisələndirilməsinə qərar verilmişdir. Cavabdeh ASC-nin Nəsimi Sukanal İdarəsi heç bir əsas olmadan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli “Sudan istifadə qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı qərarının 4 saylı əlavəsinə yəni su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni həcminin müəyyən edilməsi cədvəlindən istifadə etməklə iddiaçıya borc hesablamışdır. Qeyd olunan qaydalarda qeyri qanuni istifadə su xəttinə qanunsuz qoşulma hesab olunur. Lakin iddiaçı tərəfindən ümumi su xəttinə cavabdehin qabacadan razılığı və bir başa iştirakı ilə qoşulmuş və bundan irəli gələrək uzun müddətdir ki, Cavabdeh ASC-nin Nəsimi Sukanal İdarəsinin daimi nəzarəti altında istifadə edilmiş və aylıq sudan istifadə edilməsinə görə iddiaçıya cavabdeh tərəfindən invoyslar təqdim edilmişdir. Qeyd olunan invoyslarda göstərilən məbləğlər tam həcmdə ödənilmişdir. Belə olan halda cavabdehə ödənilməmiş borcunun qalması həqiqətə uyğun deyildir. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş məktubda qeyri qanuni istifadə ilə bağlı məqamlar göstərilməsinə baxmayaraq cavabdeh həmin məktubda borcun tərəflər arasında bağlanmış müqavilə üzrə hesablandığını göstərmişdir. Belə olan halda tərəflər arasında olan münasibətlər və iddiaçının sudan istifadə etməsi bağlanmış müqaviləyə əsasən qanuni olmuşdur. İddiaçının Cavabdeh ASC-nin abonenti olması cavabdeh tərəfindən tərtib edilmiş 2013-2016-cı illər üzrə abonent haqqında məlumatda göstərilmişdir. Eyni zamanda cavabdeh tərəfindən hər-hansı xəbərdarlıq etmədən aylıq su sərfiyyatını 6 dəfə 171 kub.m- dən 1026 kub.m-ə qaldırılmışdır. Belə olan halda obyektin aylıq sudan istifadəyə görə ödənişi 342 manatdan 2052 manata qalxmışdır. Bundan irəli gələrək cəmiyyətə sudan istifadəyə görə 2911,69 manat, kanalizasiya xidmətinə görə isə 1026 manat olmaqla cəmi 3937,69 manat borc hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, hesablanmış borcun əsasılı olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış “ Suölçən cihazla bağlı mal, iş və xidmətlərin alqı-satqısına dair 053681 nömrəli 29.07.2016-cı il tarixli müqavilədən görünür ki, icraçı sifarişçini DN-50 su ölçən cihazla təmin etməli, Sifarişçi isə cihazın işlək vəziyyətdə saxlamağı, o cümlədən üzərindəki plomlarının toxunulmazlığını təmin etməlidir. Su ölçən cihazın sərfiyyat yükləmə kartı itirildikdə və zədələndikdə kartın yenisi ilə əvəz olunması istehlakçının hesabına aparılmalıdır. İş materiallarına əlavə edilmiş 26.07.2016-cı il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı sudan istifadəyə görə yaranmış 2911,69 manat, kanalizasiya xidmətinə görə 1026 manat olmaqla 01.07.2016-cı il tarixinə 3937,69 manat borcunun 3 iş günü müddətinə ödənilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 19106174:053681 nömrəli 10.06.2021-ci il tarixli “Abonent haqqında məlumat” dan görünür ki, müqavilənin tarixi 01.11.2000, abonent kodu: 51737, müəssisə İddiaçı, 01.01.2011-ci il tarixdən 01.01.2017-ci il tarixədək içməli sudan istifadə və çirkab suları axıdılması üzrə cəmi qalıq borcu 3595,69 manat olması qeyd edilmişdir. 01.01.2017-ci il tarixdən 01.06.2021-ci il tarixədək çirkab suların axıdılması üzrə borcu 1675 manat, içməli sudan istifadə 1920,19 manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması barədə müqavilə olmuşdur. Cavabdeh ASC tərəfindən xidmət göstərilmiş və İddiaçı tərəfindən göstərilən xidmət üzrə 2017-ci ilə qədər ödənişlər edilmişdir. 19106174:053681 nömrəli 10.06.2021-ci il tarixli abonent kodu üzrə abonent haqqında məlumatla da müəyyən olunur ki, İddiaçı, 01.01.2011-ci il tarixdən 01.01.2017-ci il tarixədək əhatə olunan dövrdə adi qaydada sayğac göstəricisini nəticəsinə uyğun olaraq sudan istifadə etmişdir. Lakin tərəflər arasında bağlanmış 29.07.2016-cı il tarixli müqavilədən sonra istehlakçı istifadə edəcəyi içməli suyun dəyərini əvvəlcədən ödəməklə kart vasitəsi ilə həyata keçirimişdir. Yalnız çirkab sularının axıdılması prosesi əvvəlki qaydada həyata keçirilmişdir. İddiaçıya xəbərdarlıq edilərək yaranmış borcun ödənilməsi xahiş olunmuşdur. İddiaçı qeyd olunan borcun əsassız hesablanmasını əsas gətirərərk məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinə əsasən, Bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən, Sudan istifadə edənlərin sudan təkrar istifadə etmək; su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək; istifadəyə verilən suyun və tullantı sularının kəmiyyət və keyfiyyətini yoxlamaq; qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək; Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək hüquqları vardır. Su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc məbləğinin tərkib hissəsinin yalnız iddiaçının sərfiyyat göstəriciləri olmuşdur. Yəni cavabdeh tərəfindən iddiaçıya hər hansı akt və cərimə tətbiqi üzrə borc hesablanmamışdır. Belə olan halda məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən borcun yalnız sərfiyyat üzrə hesablandığını müəyyən etmiş olur. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Məhkəmə qeyd edir ki, mübahisələndirilən dövr üçün Cavabdeh ASC tərəfindən İddiaçı-dən 3937,69 manat borc tələb edilir, həmin borc məbləği tərəflər arasında bağlanmış 29.07.2016-cı il tarixli yeni tipli smart kart sayğacının quraşdırıldığı dövrdən əvvəlki dövrü əhatə edir. Hazırki iddia üzrə iddiaçı isə həmin məbləğin əsassız olduğunu və silinməsini tələb edir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, qeyd edilən dövrdə orta aylıq sərfiyyatla hesablandıqda İddiaçı tərəfindən 3937,69 manat məbləğində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, 3937,69 manat pul İddiaçı-dən əsaslı olaraq tələb edildiyindən silinməməlidir. İddiaçının iddia tələbinə dair əsaslandığı əsas hal cavabdehdən borcun yaranmasına dair sübutların olmamasından ibarət olmuşdur. Lakin məhkəmə qeyd olunan əsasla razılaşmayaraq bildirirki, tərəflər arasında müqavilə əsasında yaranan münasibətlər içməli suyun və çirkab suyun axıdılması olmuşdur. Belə olan halda istehlakçının istifadə etdiyi suyun miqdarına dair sayğac göstəricisi, habelə çirkab suların axıdılması müəssisənin fəaliyyəti üzrə təyin edilmiş norması əsasında müəyyən edildiyindən cavabdeh tərəfindən bu göstəricilərin məcmusuna dair müvafiq abonent haqqında məlumatın təqdim edilməsi kifayətdir. Göründüyü kimi hazırki mübahisə predmeti üzrə cavabdehdən hər hansı əlavə sübutun təqdim edilməsi tərəflərin arasında olan münasibət növündə yolverilməzdir. Beləliklə iddiaçı hesablanmış borcun əsassız olması üzrə məhkəməyə hər hansı sübut təqdim etmədən bu hallara dair sübutların cavabdeh tərəfindən təqdim edilməsinə əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə tələb edilən hallara dair sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan, İddiaçı-nin Cavabdeh ASC-yə qarşı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 3937,69 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı-nin Cavabdeh ASC-yə qarşı əsassız olaraq hesablanmış 3937,69 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar