Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-194/2022 21.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh2 nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasından onun payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində yaşayış sahəsinə görə 16.775.900 manat, qeyri-yaşayış sahəsinə görə 12.500.000 manat, qaraj sahəsinə görə 675.000 manat, cəmi 29.950.900 manat məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər "xxxx" mənzil tikinti kooperativinə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasından onun payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində cavabdehlərdən yaşayış sahəsinə görə 16.775.900 manat, qeyri-yaşayış sahəsinə görə 12.500.000 manat, qaraj sahəsinə görə 675.000 manat, cəmi 29.950.900 manat məbləğinin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasından onun payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində yaşayış sahəsinə görə 16.775.900 manat, qeyri-yaşayış sahəsinə görə 12.500.000 manat, qaraj sahəsinə görə 675.000 manat, cəmi 29.950.900 manat məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə "xxxx" Mənzil Tikinti Kooperativi, X15 və X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2002-ci ildə böyük qardaşları Cavabdeh2, Aydın Hüseynov və iddiaçı çox mərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək məqsədilə bir kooperativ yaratmaq qərarına gəlmişlər. Razılaşmışlar ki, kooperativin fəaliyyətinə böyük qardaşı Cavabdeh2 rəhbərlik edəcəkdir. Beləliklə, Cavabdeh1, X11, Cavabdeh3, X13, X1, X3, X4, X5, X8, X15 və İddiaçı arasında "xxxx" MTK-nın yaradılmasına dair 22 iyul 2002-ci il tarixdə təsis müqaviləsi bağlanmışdır. 25 iyul 2002-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnaməsi dövlət qeydiyyatına alındıqdan sonra MTK fəaliyyətə başlamışdır. MTK təsis edilərkən iddiaçı 17.08.1999-cu il tarixdə özəlləşdirdiyi Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişməsində yerləşən «Dostluq» Avtomotoservis müəssisəsinin 28.09.2000-ci il tarixdən xüsusi mülkiyyətində olan 1173,4 kv.metr ölçüsündə torpaq sahəsini üzərində çoxmərtəbəli yaşayış binalarının inşa edilməsi məqsədilə MTK-ya vermişdir. Sonradan MTK tərəfindən inşa edilən 2 ədəd çoxmərtəbəli yaşayış binası da məhz həmin torpaq sahəsinin üzərində, yəni Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa edilmişdir. "xxxx" MTK-nın bütün fəaliyyəti dövründə Cavabdeh2 faktiki rəhbər olmuşdur. Belə ki, MTK-nın sədrləri, iddiaçı da daxil olmaqla müxtəlif müddətlərdə ayrı-ayrı kooperativ üzvləri olsa da, faktiki rəhbərliyi həmişə Cavabdeh2 həyata keçirmişdir. Yəni, MTK-nın fəaliyyətindən əldə edilən bütün vəsaitə Cavabdeh2 nəzarət edir, MTK-nın inşa etdiyi binalardan yaşayış və qeyri-yaşayış sahələri (qarajlar da daxil olmaqla) onun nəzarəti altında satılır, satışdan mədaxil olunan vəsait isə Cavabdeh2 nəzarətində və sərancamında olurdu. Bir müddət əvvəl MTK-nın üzvlərindən X1 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, Cavabdeh2, İddiaçı, Cavabdeh1, X9 və Cavabdeh3 qarşı «protokolun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin tutulması tələbinə dair» iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək məhkəmədən "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 17.07.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsinə, "xxxx" Mənzil Tikinti Kooperativinin bölüşdürülmüş mənfəətindən onun payına düşən hissənin əvəzi olaraq cavabdehlərdən 3.500.000 manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra həmin mülki iş üzrə digər kooperativ üzvü X15 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, Cavabdeh1, X9, Cavabdeh3, İddiaçı, Cavabdeh2 qarşı «protokolun etibarsız hesab edilməsi və pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 17.07.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsinə və "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasından onun payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində cavabdehlərdən yaşayış sahəsinə görə 13.392.000 manat, qeyri-yaşayış sahəsinə görə 15.160.000 manat, cəmi 28.552.000 manat məbləğinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı kooperativ üzvlərinin ümumi yığıncağının 16 iyul 2014-cü il tarixli qərarı ilə MTK-nın sədri seçilmiş, 13.08.2014-cü il tarixdən isə MTK-nın qanuni təmsilçisi olmuşdur. Lakin yuxarıda da qeyd etdiyi kimi MTK-nın təsis edilməsindən başlayaraq binaların inşa edildiyi, habelə binaların yaşayış və qeyri-yaşayış sahələrinin (qarajlar da daxil olmaqla) satıldığı və satışdan əldə edilən vəsaitin mədaxil olunduğu bütün dövrlərdə MTK-nın fəaliyyətinə faktiki rəhbərliyi Cavabdeh2 həyata keçirmişdir, MTK-nın bütün fəaliyyəti yalnız onun sərəncamları əsasında idarə edilmiş, binaların yaşayış və qeyri-yaşayış sahələrinin (qarajlar da daxil olmaqla) satışından mədaxil edilmiş bütün pul vəsaiti də onun sərəncamında olmuşdur. Hazırda iddiaçı, "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalında 1698 payla təsisçilərindən biridir və nizamnamə kapitalının 45 %-nin sahibidir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə 2 ədəd çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Həmin yaşayış binasının ümumi sahəsi 42000 kv.metrdir. Həmin sahənin 38000 kv.metri yaşayış, 2500 kv.metri qeyri-yaşayış, 1500 kv.metri isə qaraj yerləridir. Binanın inşa edildiyi 2002-ci ildən başlayaraq yaşayış, qeyriyaşayış və qaraj yerlərinin qiymətləri müxtəlif illərdə müxtəlif qiymətlərdə olmuşdur. Sözügedən mülki iş üzrə kooperativ üzvlərindən X10 iddia ərizəsindən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə yerləşən çoxmərtəbəli binalardan hər birindəki yaşayış sahəsinin hər bir kv.metrinin orta bazar dəyərinin təxminən 1000 manat, qeyri-yaşayış sahəsinin hər bir kv.metrinin orta bazar dəyərinin isə təxminən 5000 manat təşkil etdiyini göstərmişdir. İddiaçının kooperativin nizamnamə kapitalında 45 % paya malik olduğunu nəzərə aldıqda asanlıqla müəyyən etmək olar ki, kooperativin inşa etdiyi binalardan onun payına düşən yaşayış sahəsinin ümumi sahəsi 17.100 kv.metr, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1.125 kv.metr, qaraj sahəsinin isə ümumi sahəsi 675 kv.metr təşkil etməli idi. Lakin iddiaçıya kooperativin bütün fəaliyyətindən yalnız ümumi sahəsi 324,1 kv.metr olan 5 otaqlı 45a saylı bir ədəd yaşayış sahəsi verilmişdir. Belə çıxır ki, onun payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin verilməmiş hissələri cavabdehlər tərəfindən başqa-başqa şəxslərə satılmış, satışdan əldə edilmiş vəsait isə cavabdehlər tərəfindən mənimsənilmişdir. Beləliklə, məlum olur ki, iddiaçının payına düşən 17.100 kv.metr yaşayış sahəsindən verilməmiş 16.775,90 kv.metr yaşayış sahəsi, 2.500 kv.metr qeyri-yaşayış sahəsindən 2.500 kv.metr qeyri-yaşayış sahəsi, 1.500 kv.metr qaraj sahəsindən isə ümumi sahəsi 675 kv.metr qaraj sahəsi cavabdehlər tərəfindən başqa-başqa şəxslərə satılmış, satışdan əldə edilmiş vəsait isə iddiaçıya ödənilməmişdir. Odur ki, hesab edir ona verilməli olan, lakin verilməyib qanunsuz olaraq başqa-başqa şəxslərə satılmış yaşayış və qeyri-yaşayş sahələrinin (qaraj sahəsi də daxil olmaqla) pulu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəylə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iş üzrə iddia müddəti ötürüldüyündən hazırkı ərizəsi əsasında mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 375-ci maddəsinin tələbinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İstinad olunan Məcəllənin 377-ci maddəsinin tələbinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələb etmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti ondan ibarətdir ki, birinci, o, hüquq münasibəti iştirakçılarını intizamlandırır, onları öz hüqüqlarım vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyni aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliliyinin yoxlanılması çətin və qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Sonda cavabdeh iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, 25 iyul 2002-ci il tarixində "xxxx" MTK qeydiyyata alınmışdır. Lakin bununla belə Cavabdeh2 həmin MTK -ya heç bir adiyyatı olmamışdır. "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə 2002-ci il tarixdə iki ədəd çoxmərtəbəli yaşayış binası tikilmiş, həmin tikinti işləri 2004-cü il tarixində başa çatdırılmış və həmin binalarda olan yaşyış və qeyri-yaşayış sahələrinin satışı 2006-cı ildə tam başa çatdırılmışdır. Hesab edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia əsassız olmaqla yanaşı iddia müddətinin keçməsi ilə təqdim olunmuşdur. Sonda iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil5 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, izahatında bildirdi ki, xərclər müəyyən olunmaqla, satışdan əldə olunan gəlir hesablanıb müvafiq qayda da cavabdehlərdən həmin pullar tutulmalıdır. MTK üzrə külli miqdarda pul mənimsənilmişdir. Mənfəət təsisçilər arasında bölünməli idi, lakin bölünməmiş və ortada da həmin vəsaitlər yoxdur. Həmin müddətlər ərzində MTK-ya faktiki rəhbərliyi Cavabdeh2 etmişdir. Sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 vəkili X7 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi 25.07.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 24.07.2020-ci il tarixli **********738200 saylı məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təqdim edilmiş 01.01.2006-cı il tarixdən 30.06.2008-ci il tarəxədək əlavə dəyər vergi bəyannamələrinə əsasən dövriyyəsi 140025,53 manat, sadələşdirilmiş vergi bəyannamələrinə əsasən isə 01.07.2008-ci il tarixdən 30.09.2019-cu il tarixədək dövriyyəsi 970463,19 manat təşkil etmişdir. Eyni zamanda, 01.01.2006-cı il tarixədək uçot məlumatlarına əsasən dövriyyənin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 25.07.2002-ci il tarixdən 23.07.2020-ci il tarixədək dövlət büdcəsinə 192611,68 manat vergi məbləği ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, Cavabdeh2 nümayəndələri və vəkillərinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 110-2.1-ci maddəsinə əsasən kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-2.2-ci maddəsinə əsasən kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. Həmin Məcəllənin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə 2002-ci il tarixdə iki ədəd çoxmərtəbəli yaşayış binası tikilmiş, həmin tikinti işləri 2004-cü il tarixində başa çatdırılmış və həmin binalarda olan yaşyış və qeyri-yaşayış sahələrinin satışı 2006-cı ildə başa çatdırılmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı tələbində yaşayış sahəsinə görə 16.775.900 manat, qeyri-yaşayış sahəsinə görə 12.500.000 manat, qaraj sahəsinə görə 675.000 manat, cəmi 29.950.900 manat məbləğin ödənilməsini tələb etsə də, bu məbləğləri, o cümlədən iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən pulun ödənilməsi "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçilərindən tələb edilir ki, bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı maddəsinin tələblərinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra məsuliyyət daşımadığından iddia təmin oluna bilməz. Belə ki, göstərilən maddədə hüquqi şəxsin təsisçilərinin məhz onun yaradılması ilə bağlı məsuliyyəti nəzərdə tutulmuşdur. Nə qədər ki, hüquqi şəxsin təsisçilərinin onun yaradılması ilə bağlı fəaliyyəti hüquqi şəxsin dövlət qeydiyyatına alınana qədər həyata keçirilir, onların məsuliyyəti də bu dövrlə məhdudlaşır. Belə ki, yaradılmış hüquqi şəxs öz hərəkətləri üçün özü məsuliyyət daşıyacaq. Təsisçilərin hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyətləri nəzərdə tutulmuşdur. Birgə məsuliyyət mülki hüquq məsuliyyəti növləri arasında daha sərt olduğundan ancaq qanunda və ya müqavilədə nəzərdə tutulduqda tətbiq olunur. Ümumi qaydaya görə birgə məsuliyyəti birlikdə ziyan vurmuş şəxslər daşıyırlar. Nə qədər ki, hüquqi şəxsin yaradılmasında bərabərhüquqlu və birgə vəzifəli bir neçə təsisçi iştirak edir, onlar yaranmış öhdəliklər üçün birgə məsuliyyət daşıyırlar. Bundan başqa, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi tərəflər arasında mübahisə 2002-2006-cı illərdə olmuş münasibətlərdən yaranmışdır ki, iddia müddətinin axımı həmin tarixlərdən başlanmışdır. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə 26.05.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddətinin on il təşkil etməsini nəzərə aldıqda, hazırki tələb üzrə iddia müddəti keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1.maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq olunması barədə ərizələr məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasından onun payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində yaşayış sahəsinə görə 16.775.900 manat, qeyri-yaşayış sahəsinə görə 12.500.000 manat, qaraj sahəsinə görə 675.000 manat, cəmi 29.950.900 manat məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-194/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-194/2022
21.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver