Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-225/2024 23.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan maddi ziyan olaraq 200.000 manat, mənəvi ziyan olaraq 300.000 manat pulun və həmçinin ödədiyi 30 manat dövlət rüsumun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu. C.Hacıbəylı küçəsində yerləşən sahəsi 220,6 kv.m olan 152 C saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin qeyri-yaşayış sahəsi uzun müddətdir ki, tikiş fabriki kimi fəaliyyət göstərirdi. Lakin bir neçə ildir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yaxınlığında, tikilinin özülünə demək olar ki, bitişik şəkildə “Mahal" MTK tərəfindən hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Həmin hündürmərtəbəli yaşayış binasının inşasını həyata keçirmək üçün qazma və tikinti işləri nəticəsində iddiaçıya məxsus əmlak ciddi şəkildə ziyan görərək qəzalı vəziyyətə düşmüşdür. Belə ki, yan divarlarda geniş şəkildə çatlar yaranmış, qeyri-yaşayış sahəsinin dam örtüyü sıradan çıxmış, tikiliyə elektrik enerjisinin verilməsi dayandırılmış, orada fəaliyyət göstərən işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükədədir. Bu baxımdan fəaliyyətini məcburi şəkildə dayandırmalı olmuşlar. Dəfələrə Cavabdeh MTK rəhbərliyinə bu barədə müraciətlər ünvanlamışlar, lakin heç bir nəticə əldə olunmamışdır. Hazırki, şəraitdə orada fəaliyyət göstərmək mümkünsüz hala gəlmişdir. Bundan başqa orada çalışan işçilərdən başqa da ətrafda olan insanlarında həyat və sağlamlığı üçün böyük təhlükə yaranmışdır. Tikintidə X1 Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələblərı ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirir. Bu baxımdan iddiaçı həm Binəqədi rayon İcra Hakimiyyətinə və eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə yazılı şəkildə müraciət etmişdir. Ona vurulmuş maddi ziyan 200.000 manat təşkil edir. Cavabdeh MTK-nın rəhbərliyi hər dəfə iddiaçıya dəymiş ziyanın aradan qaldıracağına və ya əvəzi ödənilməklə qeyriyaşayış sahənin satın alınacağına söz versə də, bu günə kimi heç bir addım atılmamışdır. Bu neçə ildə onun işi dayanmış cavabdeh iddiaçıya maddi ziyan vurmaqla yanaşı mənəvi ziyan da vurmuşdur. Belə ki, hər dəfə cavabdeh tərəfindən aldadılaraq iddiaçıya bəhanələr uydurulması, əmlakının yararsız vəziyətə salınmasından irəli gələn stres və psixoloji basqı iddiaçıya mənəvi zərər yetirmiş, mənə həddindən çox iztirab vermişdir. İddiaçı hesab edir ki, mənəvi ziyan kimi ona 300.000 manat məbləğində ziyan dəymişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2022 saylı, 10 avqust 2022- ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 110.300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 110.330 manat pulun tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
4. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-96/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6911/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1496/2023 nömrəli xx.xx.2023cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-6911/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4100/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2022 saylı, 10 avqust 2022- ci il tarixli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
II. Tərəflərin mövqeləri:
9. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 iddianın məzmuna uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
12. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əassən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. İş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktından görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativinə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 174 saylı Sərəncamı ilə ünvan 1 ünvanında cizgidə göstərilən sərhədlər daxilində 2314,66 kv.m. torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisinə icazəyə dair akt tərtib edilmişdir. Ayrıc aktının qeydiyyat kitabında 05/17 sayla qeydiyyata alınmışdır.
13. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 220,6 kv.m. olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.
14. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 312 nömrəli Sərəncamın surətindən görünür ki, «Pilot layihə» çərçivəsində ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən mövcud yataqxananın qəzalı olması səbəbindən sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi «Azərdövlətlayihə» Dövlət Baş Layihə İnsitutunun tərtib etdiyi şəhərsalma əsaslandırılması təsdiq edilmişdir.
15. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3383 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbinin obyektin sağ yan fasad hissəsinin tikinti norma və qaydalarına əməl olunmadan inşa olunması və obyektə yaxın ərazidə Cavabdeh MTK tərəfindən tikintiquraşdırma işlərinin aparılması ilə əlaqədar olduğu müəyyən edilir: tədqiq olunan qeyri-yaşayış sahəsinə dəymiş ziyanın həcmi, həmin qeyriyaşayış sahəsi üzrə müvafiq təşkilatlar tərəfindən müayinə tədqiqat işləri aparıldıqdan, eləcə də ayrı-ayrı konstruktiv elementlərin gücləndirilməsi və tikililərin bərpa işlərinə dair layihəsmeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər.
16. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3101 saylı, 18 iyul 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 22 fevral 2021-ci il və 17 iyul 2022-ci il tarixli mütəxəssis rəylərində qeyd olunanları nəzərə alaraq Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbinin obyektin sağ yan fasad hissəsinin tikinti norma və qaydalarına əməl olunmadan inşa olunması və obyektə yaxın ərazidə Cavabdeh MTK tərəfindən tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar olduğu və iddiaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalı olmaqla Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpa-gücləndirilməsi məqsədəuyğun hesab olunmadığı müəyyən edilmişdir.
17. Həmin ekspertiza rəyinə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin «Azkommunlayihə» KLİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 4 ünvanda İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı» «Azkommunlayihə» KLİ-nin mühəndisi X2 bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalıdır. Qeyd: Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpa-gücləndirilməsi məqsədə uyğun hesab olunmur.
18. Məhkəmə qeyd edir ki, ekspert rəylərindən də, göründüyü kimi iddiaçıya məxsus sahəyə dəymiş zərər məhz cavabdehin aparmış olduğu tikinti işləri nəticəsində baş vermişdir.
19. Ona görə də, cavabdehə məxsus sahəyə dəymiş zərərin həcmi müəyyən edilməlidir.
20. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3101 saylı, 18 iyul 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sahəsinə aparılmış tikinti nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmır-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 110.300 manat məbləğində müəyyən olunmuşdur.
21. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qeyri-yşayış sahəsinin qiymətləndirilməsi haqqında LP-205/2021 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən 152C saylı qeyri-yaşayış sahəsi halhazırda istismara yararsız və qəzalı vəziyyətdədir. Qeyd olunan qeyri-yaşayış sahəsinin bərpası mümkün deyildir. Yeni tikintisi 1 kv.m.sahə üçün 400-450 manat arası,ümumilikdə isə 78.500 manat vəsait tələb olunur.
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, ekspertiza təyin edilmiş və "xxxx" MMC-yə həvalə edilmişdir.
23. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, C. Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sahəsinə dəymiş ziyan 211.200 manat təşkil edir.
24. Məhkəmə bu xüsusda qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10/3101 saylı, 18 iyul 2022-ci il tarixli rəyində qeyd edilmiş, 110.300 manat məbləğ daha ağalabatandır və ona görə də, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Məhkəmə iddianın mənəvi zərərin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
26. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”.
27. Hazırda da, görünür ki, cavabdehin hərəkətləri ilə iddiaçıya məxsus qeyriyaşayış sahəsi yarasız vəziyyətə düşmüş və ondan istifadə etmək imkanından məhrum olmaqla, iztirab keçirmişdir.
28. Ona görə də, dəymiş mənəvi ziyanın əvəzi olaraq 1.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Maddi ziyanın əvəzi olaraq 110.000 (bir yüz on min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Mənəvi ziyanın əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Ekspertizanın keçirilməsi xərcinin əvəzi olaraq 200 manat məbləğində pul Mahal” Mənzil-Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəməsinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov