Məhkəmə qərarları › İş №2-2(113)-28/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-28/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-28/2021 20.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Mənzil-tikinti kooperativləri” və kommersiya yönümlü istehsalatçılar kateqoriyasına aid olan Cavabdeh MMC-nin hesabından su təchizatı və kanalizasiya xidmətlərinə görə 70299,57 manat, penya 1405,99 manat, 30 manat dövlət rüsumu üzrə xərclərin, cəmi 71735,56 manat məbəğində borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı ASC-nin Abşeron Sukanal İdarəsi arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” 19378567/130808 və 19434603/132066 saylı, 24.11.2016-cı il tarixli müqavilələrə əsasən cavabdeh müəssisəyə iddiaçı tərəfindən su əchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh tərəfindən ötən illər ərzində su təchitı sistemindən suyun buraxılmasına və kanalizasiya xidmətlərinə görə az bir məbləğ ödənilsə də, 21.09.2018-ci il tarixinə əhali və qeyri-əhali abonentləri üzrə İddiaçı ASC-nin Abşeron Sukanal İdarəsinə 40062,79 manat və 30236,78 manat cəmi 70299,57 manat təşkil edir. Ötən illər ərzində İddiaçı ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdeh mənzil tikinti şirkəti kimi fəaliyyət göstərən müəssisəyə müraciətlər, o cümlədən yazılı şəkldə edilsə də, əsas borcun tam ödənilməsi təmin edilməmişdir. Borcun könüllü ödənilməsi tələbi barədə cavabdehə müraciət edilsə də, müraciətlər müsbət nəticə verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddia tələbinin qanunsuz və əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - 01.08.2014-cü il tarixində İddiaçı ASC ilə Cavabdeh MMC arasında içməli və istehsalat məqsədilə suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar müqavilə bağlanmışdır. - Abonent haqqında məlumata əsasən 19378567/130808 saylı müqavilə üzrə Cavabdeh MMC-nin 40062,79 manat və 19434603/132066 saylı müqavilə üzrə 30236,78 manat borcu olduğu qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in 23.12.2019-cu il tarixli, 22857 saylı rəyində qeyd olunmuşdur ki, Sənayecihaz EİM tərəfindən tərtib olunmuş laborator göstəricilərinə əsasən, STV-100X markalı 16048515 nömrəli sənaye su sayğacının ötürmə rəqəmlri arasındakı dişli çarx ötürməsi qüsurlu olmaqla 4 və 5-ci rəqəmləri arasında əlaqənin pozularaq birlidkə fırlandığını nəzərə aldıqda, nasazlığı yaranmış olduğu müddətdə sayğacın göstəricisinin 10 dəfə artıq olduğu müəyyən edilir. “Sudan istifadə qaydaları”nın tələblərinə gör, suöçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi əvvəlki 12 ayda (istehlak dövrü) istifadə edilən orta istehlak normasına əsasən hesablanır ki, mülki iş materillarında sayğacda nasazlığın yaranma tarixi və sayğacda nasazlığın mövcud olması iddia edilən müddətdən əvvəlki dövr üçün hesabat saldoları olmadığına görə, suyun və çirkab suyun həcmini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Cihaz” istehsalat birliyi, “Sənayecihaz” EİM tərəfindən tərtib olunmuş laborator göstəricilərinə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı Cavabdeh şirkətinə məxsus STV-100X markalı 16048515 nömrəli sənaye su sayğacı yararsız olmaqla, texniki şərtlərə cavab vermir. - MEM-in 18.12.2020-ci il tarixi 10/3633 saylı rəyinə əsasən “Sənayecihaz” EİM tərəfindən tərtib olunmuş laborator göstəricilərinə əsasən, STV-100X markalı 16048515 nömrəli sənaye su sayğacının ötürmə rəqəmləri arasındakı dişli çarx ötürməsi qüsurlu olmaqla 4 və 5-ci rəqəmləri arasında əlaqənin pozularaq birlikdə fırlandığı nəzərə aldıqda, nasazlıq yaranmış olduğu müddətdə sayğacın göstəricisinin 10 dəfə artıq olduğu müəyyən edilir. “Sudan istifadə qaydaları”nın tələblərinə görə su ölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadəl istifadə olunan suyun həcmi əvvəlki 12 ayda (istehlak dövru) istifadə edilən orta istehlak normasına əsasən hesablanır. Mülki iş materiallarında olan məlumatlara əsasən 13066 nömrəli müqavilə üzrə sayğacda nasazlığın müəyyən edildiyi tarixdən (14.07.2017-ci ildən) əvvəlki 12 ay üzrə 21330 kub.m. suyun istifadə edilməsini nəzərə aldıqda, sərf olunmuş suyun orta aylıq sərfi həcminin 1777.5 (21330/12=1777.5) kub.m. olduğu müəyyən edilir. 130808 nömrəli müqavilə üzrə sayğacda nasazlığın müəyyən edildiyi tarixdən (14 iyul 2017-ci ildən) əvvəlki 12 ay üzrə istifadə edilmiş suyun sərfiyyatı haqqında məlumat olmadığından, həmin müqavilə üzrə sərf olunmuş suyun orta aylıq sərfi həcmini müəyyən etmək mümkün olmadı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cu il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: - 7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin; - 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. - 2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə ekspert rəyinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən cavabdeh cəmiyyətə borc hesbalanarkən pozuntulara yol verilmişdir. Belə ki, STV-100X markalı 16048515 nömrəli sənaye su sayğacının ötürmə rəqəmləri arasındakı dişli çarx ötürməsi qüsurlu olmaqla 4 və 5-ci rəqəmləri arasında əlaqənin pozularaq birlikdə fırlandığı nəzərə aldıqda, nasazlıq yaranmış olduğu müddətdə sayğacın göstəricisinin 10 dəfə artıq olduğu müəyyən edilmişdir. Buna görə də sudan istifadəyə görə cavabdeh cəmiyyətin borcu ekspert rəyinə əsasən 7030 manat müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyinə görə 7030 manat borcu yarandığından həmin məbləğ iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. İddia ərizəsində tələbin dəbbə pulu ilə bağlı hissəsi tərəflər arasında bağlanmış müqavilənin 2.2.8-ci bəndi ilə əsaslandırılmışdır. Lakin nəinki müqavilənin həmin bəndində, ümumiyyətlə hər hansı bəndində dəbbə pulunun ödənilməsi barədə hər hansı bənd nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 3 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühəndis – texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi iddiaçıdan, 180 manat məbləğində hissəsi cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 7030 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiası qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 3 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ödənilsin. Məhkəmə mühəndis – texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi Cavabdehndən, 180 manat məbləğində hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar