Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-292/2020 14.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, İbrahimov Vüsal Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək məhkəmədən, cavabdeh tərəfindən ona edilmiş haqsızlığa son qoyulması, ona kömək edilməsi və əsassız olaraq yazılmış 994 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh «xxxx» ASC tərəfindən ona cərimə kimi yazılmış 993.20 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, icarəyə verdiyi «Ekonom Univermaq» adı ilə işləyən icarəçi xx.xx.2019-cu il tarixdə işi dayandırmaq istəmiş və yalnız xx.xx.2019-cu il tarixindən “İstanbul Mall” adı altında mal gəldikcə gündəlik 1-2 saat olmaqla vitrinlərə mal düzməyə başlamışlar. Həmin mallar düzüləndə gəlib yoxlama aparmışlar və «xxxx» ASC-nin əməkdaşları sayğacın işləmədiyini demişlər. Həmin yük axınını yoxlayıb, işləməyən günləri hesablayıb 166 manat cərimə yazmışlar. Sayğacı laboratoriyaya aparmışlar və yoxlamada özü də iştirak etmişdir. Yoxlama zamanı sayğacın özünün və plombun normal qaydada olması müəyyən edilmişdir. Daha sonra ona 944 manat cərimə yazılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən həmin cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X6 iddia tələbi ilə razılaşmayaraq izahatında göstərdi ki, İddiaçı məxsus ünvandakı sayğaca xx xxxxxx 2019-cu il tarixdə baxış keçirilmiş, möhürlənərək laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyinə əsasən sayğac normal işləmişdir. Lakin sonradan yeni sayğac quraşdırılmış və bundan sonra sərfiyyat artmışdır. Belə ki, 2019-cu ilin iyul ayından avqust ayına qədər sayğacda 53 manat məbləğində borc qeydə alınmışdır. Müəyyən olunmudur ki, elektrik enerjisindən istifadə edilməsinə baxmayaraq sayğac hiss etmir. Ola bilsin ki, sayğac aralanmışdır. Abonent elektrik enerjisindən istifadə etmiş, lakin sayğac enerjini qeyd etməmişdir. Nəticədə 993.24 manat məbləğində borc yaranmışdır. İddia tələbinin rədd edilməsini xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İşdə olan vergi ödəyicilərinə dair məlumatlardan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və adına ********** saylı VÖEN vardır. İşdə olan X1, Quraşdırılması və Dəyişdirilməsi üzrə 190372 saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvanda olan sayğac yenisi ilə əvəzlənmişdir. İşdə olan Sayğacların və cərəyan transformatorların yoxlanılması haqqında 155608 saylı xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, İddiaçı məxsus sayğacın dövlət möhürü normaldır. İşdə olan xx.xx.2019-cu il tarixli 025662 saylı aktın surətindən görünür ki, İddiaçı məxsus sayğacın yoxlanması zamanı, sayğacın daxili qüsurdan işləməməsi və axan yükü qeyd etməməsi aşkar olunmamışdır. İşdə olan Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx xxxxxxx 2000-ci il tarixli 1583 saylı Sərəncamın surətindən görünür ki, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 724 saylı xx.xx.1993-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün X3 İzlivnoy qəsəbəsi ərazisində ayrılmış 600 kv.m torpaq sahəsi İddiaçı adına keçirilmiş və həmin sahədə layihə əsasında ticarət obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Alıyev X5 rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsində yerləşən 600 kv.m-dən ibarət obyekti X4 aylıq icarə haqqı 500 manat olmaqla icarəyə vermişdir. İşdə olan R seriyalı 025662 saylı, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İzlivnoy küçəsində yerləşən İstanbul Mall ticarət mərkəzinə yoxlama keçirilən zaman müəyyən olunmuşdur ki, 380041 saylı elektrik sayğacı daxili qüsurdan işləmir, sayğac axan yükü qeyd etmir.Ölçmə zamanı xətlərdən axan yüklər ampermasa vasitəsi ilə ölçülmüşdür. Yeni sayğac quraşdırılması, çıxarılan sayğacın laboratoriya şəraitində rəy verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, İzlivnoy küçəsində yerləşən İstanbul Mall ticarət mərkəzinə yoxlama keçirilən zaman müəyyən olunmuşdur ki, 380041 saylı elektrik sayğacı daxili qüsurdan işləmir, sayğac axan yükü qeyd etmir. Ölçmə zamanı xətlərdən axan yüklər ampermasa vasitəsi ilə ölçülmüşdür. Yeni sayğac quraşdırılması, çıxarılan sayğacın lobaratoriya şəraitində rəy verilməsi qərara alınaraq bu barədə R seriyalı 025662 saylı, xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya həmin akta əsasən 993.24 manat məbləğində borc hesablanmış, iddiaçı həmin borca görə 53 manat ödəniş etmiş, qalan məbləği ödəməmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə iddiaçı tələbində akt əsasında hesablanmış borcun silinməsini xahiş etsə də, iş materialları ilə müəyyən olunur ki, hazırda iddiaçının cavabdehə olan borcu 993.24 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc məbləğindən 993.24 manat məbləği silinməklə iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216,220,227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı barəsində tərtib olunmuş 025662 saylı, xx.xx.2019-cu il tarixli akt üzrə hesablanmış 993.20 manat məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İmran Burcayev
Məhkəmə qərarları › İş №2-2(113)-292/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-292/2020
14.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver